0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Cəfər Cabbarlı- Ölkəm

Cəfər Cabbarlı- Ölkəm…


Lirik və satirik şeirləri. Hekayələri və ilk dram əsərləri


Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərdə tutaraq deyə bilərik ki, Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən, yüksəliş və tərəqqi yolu olmuşdur.

Azərbaycan demokratik-realist klassik ədəbiyyatına, zəngin xalq yaradıcılığına əsaslanan Cabbarlı, başlıca olaraq, Mirzə Fətəli Axundov realizmindən qidalanırdı. Mirzə Fətəli Axundovun maarifçi-demokratik fikirlərini, həyatla dərindən bağlı olan realizmini Cabbarlı ümumiyyətlə Azərbaycan ədəbiyyatı üçün, xüsusən özü üçün ən düzgün bir yaradıcılıq yolu hesab edirdi.

Cabbarlının əsaslandığı realizm xalq həyatı ilə, Azərbaycan zəhmətkeşlərinin azad və gözəl həyat haqqındakı arzuları ilə, xalqın irəliyə, işığa və sədaqətə doğru coşqun meylləri ilə bağlı idi.

Qeyd edildiyi kimi, Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə "Həqiqəti-Əfkar" qəzetində dərc olunmuşdu. 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində onun "Bahar" adlı şeiri nəşr olunmuşdu. "Məktəb" jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. Deməli, C.Cabbarlının yaradıcılığa başlamasında "Məktəb" jurnalının da müəyyən rolu olmuşdur.[6] 1915-ci ildə "Qurtuluş" jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının "Qürub çağı bir yetim" şeiri bəyənilmiş və o, birincilik qazanaraq Sabirin "Hophopnamə"si və "Qurtuluş" jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı.

Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, birincilərin ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışır. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürür. O, düşündüklərini "Boranlı qış gecəsi" ("Qurtuluş" jurnalı, 1915), "Bayram saxlayanlara", "Dilənçi" ("Bəsirət" qəzeti, 8 iyul 1917) və "Novruz bayramına hazırlaşan müsəlmana töhfə" ("Bəsirət" qəzeti, 25 fevral 1917) kimi şeirlərində əks etdirmişdir.

Cabbarlı yaradıcılığının ilk dövründə mühüm yer tutan satira ədibin bir realist, bir demokrat kimi yetişməsində mühüm rol oynamışdır. Onun ilk satirik şeirlərində həm mövzu, həm də forma cəhətdən Sabir ruhu duyulmaqdadır. XX əsrin əvvəllərində Azərbaycanda yetişən realist satirik şairlərin hamısı bu və ya başqa şəkildə Sabir satirasının qüvvətli təsirini hiss etmişlər. Gənc Cabbarlı da ilk satirik şeirlərini bu böyük satirikin təsiri altında yazmışdır.

Sabirdən öyrənmək, onun demokratik fikirlərindən mütəəssir olmaq, satirik üsullarından istifadə etmək Cabbarlının müsbət cəhətidir. Sabir yaradıcılığı onun üçün ilk realizm məktəbi, vətəndaş poeziyası məktəbi, cəmiyyətə, xalqa xidmət məktəbi idi.
 
 
Yüklə:

Çox oxunanlar

Şərhlər