0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Əli Kərim. “Qaytar ana borcunu” şeiri

Əli Kərim. “Qaytar ana borcunu” şeiri…

Əli Kərim 1931-ci il martın 22-də Göyçay şəhərində fəhlə ailəsində doğulub. Orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində üç il təhsil alıb (1949-1951). Sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa göndərilib. Buranı fərqlənmə diplomu ilə bitirib (1951-1955). Əmək fəaliyyətinə “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi kimi başlayıb. Sonra ömrünün sonunadək poeziya şöbəsinə rəhbərlik edib. Bədii yaradıcılığa 1948-ci ildən “Azərbaycan pioneri” qəzetində çap etdirdiyi “Təzə müəllim” şerilə başlayıb. Sonra dövri mətbuatda müntəzəm çıxış edib. 1957-ci ildə Moskvada keçirilən gənclərin və tələbələrin VI ümumdünya festivalında “İlk simfoniya” poeması mükafata layiq görülüb. 1969-cu il iyunun 30-da Bakıda vəfat edib, Göyçayda dəfn olunub. Əli Kərim XX əsr Azərbaycan poeziyasının ən parlaq nümayəndələrindən biri hesab olunur. Onun romantik üslübda yazdıgı şeirlərin əsas mövzusu sevgi, insan, humanizm, zəhmət və s. kimi bəşəri dəyərlərdir.

Əli Kərim

Qaytar ana borcunu

Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd,uğursuz günü-ərinin öldüyünü
Bildirmədi heç ona.

Kədəri dalğa-dalğa doldusa da ürəyə
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.

Ürəyində ağlayıb,gülmək öyrətdi ona,
Dözərək davanın da dərdinə,bəlasına,
Öz boğazından kəsib yedirdi balasına…

Bir oğul böyütdü ki,gur ,çatmaqaş,gensinə.
Bir oğul böyütdü ki,oğul deyirəm sənə:

Atlını atdan salıb,küləklərlə ötüşür.
Baxışından qızların ürəyinə od düşür.

Bir oğul böyütdü ki,oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.

Ana fikirləşdi ki:«Gör neçə aya getdi?!»
Ana yuxularında tez -tez Bakıya getdi,

Ana məktub yazdı ki:«Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən ,göndərərəm canımı».

Nə zaman ki,oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi,gəlmədi tətil oldu,

Ananı fikir aldı,ananın əsdi dizi
Ana müqəssir etdi tramvayı,dənizi.

O yenə dözdü,durdu…O yolmadı saçını,
Səslədi qonşuları Əsmər ,Çiçək bacını.

Yenə də azalmadı ürəkdən bala dərdi
Onlar oğul vermədi,onlar təsəlli verdi.

Məktub məktub dalınca axdı, Bakıya axdı
Ana da məktubların dalınca baxdı, baxdı….

Məktublarsa Bakını dolandı,gəzdi,gəldi,
Məktublar əzik-üzük,məktublar bezdi gəldi,

Ana yenə də baxdı gah dolama yollara,
Gaha da oğul boyuna həsrət qalan qollara.

Ana oğul böyütdü gur, çatmaqaş,gensinə,
Ana oğul böyütdü,özgəyə qismət oldu.
Ana fikirləşdi ki,mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?

Oğul böyütdümü o,büzmədodaq bir qıza?
Oğul böyütdümü o min işvəyə,min naza?

Ana bilsəydi əgər böyütməzdi oğlunu,
Yox,bunu yandım dedim,yenə atmazdı onu.
Bir gözəl,bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb,gülmək öyrətdi ona.

Oğul!Nədir etdiyin bəs bu haq-say üçün?
Qaytar onun ömrünə neçə gecə,neçə gün!

Qaytar onun saçının qaralığın geri.
Qaytar o dilindəki şirin -şirin sözləri!

O sözü,o söhbəti,gülüşü anan verib,
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən oğul, ayaqlarına
Yerişi anan verib.

Qaytarsan o sözləri,sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi,yerindəcə qalarsan.

Qaytarsan o gülüşü hırıldamazsan daha.
Qaytar,qaytar onları,qaytar qoyma sabaha!

Sən ki dərd verdin,oğul,sənə gülüş verənə.
Oğul demərəm sənə!

Deyirəm ki,o boyu,buxunu qaytar geri!
Deyirəm ki,varını ,yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü,adını ,sözünü qaytar geri!
Qaytar ana borcunu,
O borc sənin özünsən,özünü qaytar geri!

Çox oxunanlar

Şərhlər