0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


İlyas Əfəndiyev. “Yasəmən ağacı”

İlyas Əfəndiyev. “Yasəmən ağacı”…

Görkəmli yazıçı-dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) anadan olmuşdur. Yazıçının atası Məhəmməd Əfəndiyev ticarətlə məşğul olmuşdur. O, Rusiyanın müxtəlif şəhərlərilə, Təbrizlə, İstanbulla ticarət əlaqələrinə girmiş, bir neçə həmkarı ilə birlikdə mal gətirib satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət qazanmışdır. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Məhəmməd kişi müxtəlif təsərrüfat idarələrində çalışmışdır.

Bu ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında sona yetmişdir. Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri «xalq düşməni» kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur. Yazıçının atası Məhəmməd Əfəndiyevə «kulak» damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, «səs hüququndan» məhrum olunmuşdur. 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərə dözməyən yazıçının atası Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir.

Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmişdir. Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə kifayətlənməyən İ.Əfəndiyev dərsdən əlavə, müstəqil mütaliə yolu ilə çoxlu bədii kitablar, o cümlədən rus ədəbiyyatı klassiklərindən A.S.Puşkin, M.Y.Lermontov, A.P.Çexov, İ.Turgenev, M.Qorki kimi sənətkarların dilimizə tərcümə olunmuş əsərlərini mütaliə etmiş, eyni zamanda riyaziyyat və fizika elmlərinə böyük maraq göstərmiş, coğrafiyanı həvəslə öyrənmişdir.

Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev 1935-1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğrafiya müəllimi işləmiş, eyni zamanda gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərmişdir.

İlyas Əfəndiyev bədii yaradıcılığa nəsrlə – hekayə yazmaqla başlamış, “Kənddən məktublar” adlı ilk kitabını nəşr etdirmişdir. Psixoloji-lirik dram, povest və romanlar, romantik hekayələr onun yaradıcılığının əsas janrlarını təşkil etmişdir.

İkinci dünya müharibəsi başlayarkən o, Mehdi Hüseynlə birlikdə ilk pyesini – “İntizar” əsərini yazmışdır.

İ. Əfəndiyevin tarixi mövzulardan və müasir həyatdan bəhs edən pyesləri – “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Mahnı dağlarda qaldı”, “Xurşidbanu natəvan” və başqaları tamaşaçıların böyük rəğbətini qazanmışdır.

60-cı illərdən başlayaraq, İ. Əfəndiyev irihəcmli nəsr əsərləri – “Söyüdlü arx”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca” romanlarını yazmışdır.

İlyas Əfəndiyev 1996-cı ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

ƏSƏRİ BURADAN YÜKLƏ:

“Yasəmən ağacı”

Çox oxunanlar

Şərhlər