0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Məhəmmədhüseyn Şəhriyar- Türkün dili...

Məhəmmədhüseyn Şəhriyar- Türkün dili...…

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. Məhkəmədə vəkillik etməklə ailəsini dolandıran atası şeiri və musiqini çox sevən bir ziyalı idi. Anası Kövkəb xanım da şifahi xalq yaradıcılığından, klassik irsimizdən, xüsusən, Seyid Əzim Şirvaninin qəzəllərindən bəzi nümunələri tez-tez oğlu Şəhriyar üçün oxuyardı. Şəhriyar Təbrizdə orta təhsil alıb, Tehran Universitetinin tibb fakültəsini bitirsə də 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlamışdı. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünyanın, həyatın mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələr, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olmuşdur. Şəhriyar klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Hansı üslubda yazmasından asılı olmayaraq onun bir mövzusu var idi - Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək. Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü:
Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan...
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!

Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Dar-ül-fünununda, sonra isə Tibb fakültəsində ali təhsil almağa başlamışdır. Lakin fakültənin sonuncu kursunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna girməyə məcbur olmuşdur.
Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məliküşşüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunmuşdur.
 
Yüklə:
Türkün dili

Çox oxunanlar

Şərhlər