0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Qasım bəy Zakir. “Sədaqətli dostlar haqqında” təmsil

Qasım bəy Zakir. “Sədaqətli dostlar haqqında” təmsil…

Qasım bəy Əli oğlu Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Pənah xanın doğma qardaşıdır. İlk təhsilini mollaxanada almış, ərəb, fars dillərini öyrənmişdir. Firdovsi, Nizami, Sədi, Hafiz kimi sənətkarların əsərləri ilə tanış olmuşdur. Qacarın Qarabağa hücumu, şuşalıların müdafiəsi, Qacarın qətli, Vaqifin oğlu ilə birlikdə öldürülməsi, İbrahim xanın vəhşicəsinə güllələnməsi onun dünyagörüşünün formalaşmasına təsir etmişdir.

Zakir çar ordusunun könüllü atlı dəstəsinə qoşulumuş, 1813, 1826-1828-ci il Rus-İran müharibələrində iştirak etmişdir. Döyüşdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir. 1829-cu ildə Zakirin oğlu xəstələnib vəfat edir. Bu hadisə şairi dərindən kədərləndirir, onun şax qəddini əyir. Bu münasibətlə yazdığı bir şerində Zakir oğlunun ölümündən doğan iztirablarını təsvir edərək bildirir ki, həmişə Yaqub kimi qəm çəkirəm, Yusifin gedişindən dəli kimiyəm. Şam kimi yanıram, təkcə gecələr yox, gündüzlər də yanıram.

İlin yay fəslini Şuşada, qalan fəsillərini Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirirdi. Tarxan-Mouravov Zakiri qaçaq düşmüş qardaşı oğlu Behbud bəy Cavanşiri evində saxladığına görə günahlandırıb onu həbs etdirir. Şair bir il Şuşada saxlanıldıqdan sonra məhkəməsiz Bakıya sürgün edilir.

Zakir dostları: Axundzadə, M.Kolyubakin, Qutqaşınlı və Orbelianinin köməyi ilə həbsdən azad olur, ancaq ömrünün sonuna qədər nəzarətdə yaşayır. Nəzarət altında yaşamaq şairin ömrünün son aylarında fərəhsiz ömür sürməsinin səbəblərindən biridir. Bunlardan biri də maddi ehtiyac içində yaşamışdır. Dostlarının səyi ilə onun fəaliyyəti nəzərə alınaraq «Rus dövlətinə göstərdiyi xidmətlərinə görə» 1857-ci ildən başlayaraq 36 manat təqaüd təyin edilmişdir. Lakin təqaüd kağızı Şuşaya çatanda artıq qoca şair dünyasını dəyişmişdi. Şair Mirzə Həsən qəbiristanlığında dəfn olunmuşdur.

Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənmir, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirir.

Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət və dözümlülük, vəfada möhkəmlik bu hekayələrin bir qismində əsas məzmunu təşkil edir. Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş “Əsərləri”ndə : “Aslan, Qurd və Çaqqal”, “Dəvə və Eşşək”, “Tülkü və Qurd”, “Xain yoldaşlar haqqında” (“İlan, Dəvə, Tısbağa”), “Tülkü və Şir”, “Sədaqətli dostlar haqqında” (“Tısbağa, Qarğa, Kəsəyən, Ahu”) adları ilə altı təmsili çap olunmuşdur.

Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi “Kəlilə və Dimnə” əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli-təmsillərindən də istifadə etmişdir.

ƏSƏRİ BURADAN YÜKLƏ:

“Sədaqətli dostlar haqqında” təmsil

Çox oxunanlar

Şərhlər