0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Səid Nəfisi. “Babək Xürrəmi”

Səid Nəfisi. “Babək Xürrəmi”…

AZƏRBAYCAN QƏHRƏMANI BABƏK XÜRRƏMDİN


Babək Xürrəmi


Böyük şəxsiyyətlərin ata-analarının kim olduğunu və dudmanlarının mənşəyini bilməyə bir o qədər də ehtiyac yoxdur. Bizim vəzifəmiz xalqı
yalnız onların öz fəaliyyətləri ilə tanış etməkdən ibarət olmalıdır. Məhz buna görə də xürrəmdin Babəkin əsl-nəsəbi haqqında düzgün məlumatın gəlib
bizə çatmaması onun şəxsiyyətinin əzəmətinə heç də xələl yetirmir.


Təbərinin dediyinə görə Babək, Nuşirəvan dövründə zühür etmiş məzdəki icmasından idi.


İbn-ən-Nədim "Kitab-əl-Fehrist” adlı əsərində yazır: "Babək haqqında məlumat toplamış olan Vaqid ibn-Əmr Təmimi yazır ki, onun
(Babəkin) atası mədainli, yağsatan bir şəxs idi. O, Azərbaycana gedib, Miməd nahiyəsinin Bilalabad kəndində yaşamağa başladı. Tuluğa yağ dolduraraq
dalına atar və Miməd nahiyəsinin kəndlərində gəzərdi. Bu vaxtlarda o, taygöz bir qadına vuruldu.


Bu qadın Babəkin anası idi. O, bu qadınla bir müddət kəbinsiz yaşadı. Bir gün o, bu qadınla kəndin ətrafına çıxmışdı. Onlar təkcə oturub
şərab içirdilər. Kənd qadınlarının bir dəstəsi su gətirmək üçün "nəbəti” ahəngində mahnı oxuya-oxuya kənddən çıxıb bulaq başına çatdılar və onları bir
yerdə görərək, üzərlərinə atıldılar. Abdullah (Babəkin atası) qaçdı, anasının isə saçlarından tutub, darta-darta kəndə gətirib rüsvay etdilər.


Vaqid deyir ki, həmin yağsatan kişi o qadının atasının yanına getdi. Atası qızı ona ərə verdi. Ondan Babək dünyaya gəldi. Sabalan dağına
etdiyi səfərlərin birində bir nəfər ona (Babəkin atasına) arxadan hücum edərək yaraladı. O da onu yaraladı, lakin özü də öldü. Onu yaralayan adam da bir
neçə müddətdən sonra öldü.


(Babəkin atası) öləndən sonra anası, Babək on yeddi yaşına çatana qədər, xalqın uşaqlarına süd verərək muzd alardı. Belə rəvayət edirlər ki,
bir gün Babəkin anası kənddən çıxıb oğlunun dalınca getdi. Babək o zaman camaatın mal-qarasını otarırdı. Anası onu bir ağacın altında çılpaq halda
yatmış gördü. Onun sinə və baş tüklərinin dibindən qan axırdı. Babək yuxudan ayılıb, ayağa qalxdıqda isə qandan bir əsər də görmədi. O, başa düşdü
ki, oğlu bu yaxınlarda böyüyüb yüksələcəkdir.


Vaqid öz məlumatına davam edərək yazır ki, Babək dağ başında yerləşən bir kənddə Şabl ibn-Mənqi Əzdi adlı bir şəxsə qulluq edərək,
heyvanlarına baxdığı zaman onun nökərlərindən tənbur çalmağı öyrəndi. Sonra oradan Azərbaycan nahiyələrindən biri olan Təbrizə getdi və iki il
Məhəmməd ibn-Rəvvad Əzdinin yanında qaldı. Sonra anasının yanına qayıdaraq onun yanında yaşadı. Bu zaman (Babək) 18 yaşında idi. Yenə Vaqid
ibn-Əmr deyir: Bəzz dağlarında və ona yaxın dağlıq yerlərdə iki nəfər varlı və qukdur kafir yaşayırdı. Onlar Bəzz dağlarında yaşayan xürrəmilər
dəstəsinə rəhbərlik etmək üstündə biri-birilə tez-tez vuruşurdular; birisinin adı Şəhrək oğlu Cavidan, o birisi isə yalnız Əbu İmran künyəsi ilə məşhur idi.


Bu iki şəxs yayda bir-birilə döyüşər, qış çatanda isə qar yağıb, yollar kəsildiyinə görə davadan əl çəkərdilər. Babəkin ustadı olan Cavidan iki min
qoyunla öz şəhərindən çıxıb Qəzvin hüdudunda olan Zəncan şəhərinə tərəf yola düşdü. O şəhərə gəlib, qoyunları satdı. Bəzz dağına qayıdarkən yolda
Miməd nahiyəsində qar və qaranlığa düşdüyündən Bilalabad kəndinə getdi. O kəndin böyüyü onu evinə qonaq çağırıb, lakin ona qarşə hörmətsizlik
göstərdiyi üçün Cavidan Babəkin anasının evinə getdi. Babəkin anası ağır vəziyyətdə yaşamasına və yoxsul olduğuna baxmayaraq, onu qəbul etdi.
Babəkin anası ayağa durdu ki, od yandırsın, çünki bundan başqa heç bir şeyə gücü çatmırdı. Babək isə qonağın nökərlərinə və heyvanlarına qulluq
etməyə başladı; su gətirdi. Cavidan Babəki yeməli-içməli şeylər və yem almağa göndərdi. Babək qayıtdıqdan sonra Cavidan onunla söhbət etməyə
başladı və (söhbət əsnasında) hiss etdi ki, Babək pis gün keçirməsinə baxmayaraq, çox fərasətli gəncdir. O, gördü ki, Babək dili tutula-tutula
danışmağına baxmayaraq, İran dilini yaxşı bilir və zirək, qanacaqlı bir adamdır. O, Babəkin anasına dedi: "Mən Bəzz dağında yaşayıram, orada çoxlu
mal-dövlətim vardır. Mən istəyirəm ki, sən bu oğlanı mənə verəsən. Onu aparıb öz mal, mülkümə gözətçi qoyaram və zəhmət haqqı hesabına hər ay
sənə əlli dirhəm göndərərəm”.


Babəkin anası dedi: "Sən yaxşı adama bənzəyirsən, sənin üzündən alicənablıq yağır. Mən sənin sözlərinə inanıram”. Cavidan yola düşəndə
anası Babəki ona qoşdu.


Sonra Əbu imran yaşadığı dağdan Cavidana hücum edərək, onunla dava etdi və məğlub oldu. Cavidan Əbu İmranı öldürərək, öz dağına
qayıtdı. Lakin döyüşdə nizə ilə yaralandığından, üç gün evində qaldıqdan sonra öldü.


Cavidanın arvadı Babəkə vurulmuşdu; onlar bir-birilə görüşürdülər. Cavidan öləndən sonra qadın Babəkə dedi: "Sən böyük və igid bir
insansan. Bu kişi indi öldü, mən ərimin ölümü barədə səs-küy salmayacağam və onun adamlarını çağırmayacağam. Sən hazır ol, sabah onları buraya
toplayıb deyəcəyəm ki, Cavidan dünən gecə dedi: "Mən bu gecə öləcəyəm, mənim ruhum bədənimdən çıxıb, Babəkin ruhuna qovuşacaq”. Yenə mən
onlara deyəcəyəm ki, çox çəkməz ki, Babək sizi indiyədək kimsənin nail ola bilmədiyi və ola bilməyəcəyi dərəcəyə çatdıracaq. Babək isə yer üzünün
sahibi olacaq, ona tabe olmayanları yıxacaq. Məzdəkin dinini yenidən dirildəcəkdir. Babəkin əli ilə ən alçağınız əzizlənib, aciziniz yüksələcəkdir”.
Bu sözlər Babəki tamaha saldı, bu sözləri bir xeyir xəbər kimi qəbul edərək işə hazırlaşdı. Səhər açıldıqda Cavidanın qoşunu toplaşıb
soruşdu: nə üçün (Cavidan) bizi yanına çağırıb vəsiyyət etmədi”.


Qadın dedi: "Cavidanı bu işdən saxlayan yeganə səbəb o idi ki, siz kəndlərdə, öz evlərinizdə dağınıq bir halda idiniz. Cavidan qorxdu ki,
sizin dalınızca adam göndərib çağırarsa, ərəblər bu işdən xəbərdar olar və sizə zərər yetirərlər. Buna görə də Cavidan sizə söyləyəcəyi sözləri mənə
demişdir. O, ümid edirdi ki, siz onun dediklərini qəbul edərək həyata keçirəcəksiniz”.


Onlar dedilər: "Söylə görək, Cavidan sənə nə vəsiyyət etmişdir. O, sağ ikən biz onun heç bir əmrindən boyun qaçırmadıq, onun ölümündən
sonra da ona sadiq qalacağıq”. Qadın dedi: "Cavidan mənə dedi ki, bu gecə mən öləcəyəm, canım bədənimdən çıxıb bu cavanın bədəninə daxil
olacaq. Mənim iradəm budur ki, onu öz adamlarıma başçı təyin edim. Mən öləndən sonra bu sözləri onlara dönə-dönə təkrar et. Hər kəs etiraz edib
mənim vəsiyyətimə əməl etməsə o dinsizdi”.


Cavidanın adamları belə cavab verdilər: "Biz onun bu cavan haqqında dediklərini qəbul edirik. Sonra o qadın bir öküz gətirtdi, əmr elədi
öküzün başını kəsdilər, dərisini soydular və yerə sərdilər. Şərabla dolu bir təşti onun üstünə qoydular, sonra çörəyi doğrayıb öküz dərisinin dövrəsinə
düzdülər. Sonra camaatı bir-bir çağırıb dedi: "Dərini ayaq altında tapdalayın, bu çörəkdən bir tikə götürüb, şəraba batırıb yeyin və deyin: ey Babəkin
ruhu, sənə inanıram, necə ki, Cavidanın ruhuna inanırdım. Sonra Babəkin əlindən tutub öpün”.
Camaat o deyən kimi etdi. Elə ki, yemək hazır oldu, onları yeyib-içməyə dəvət etdi.


Sonra qadın öz yatağında oturub, Babəki öz yanında oturtdu, arxasını camaata çevirdi. Hərə üç qədəh badə içəndən sonra qadın bir dəstə
reyhan götürüb Babəkə sarı atdı. Babək reyhan dəstəsini tutdu. Onların evlənmə mərasimi belə idi. Camaat ayağa qalxıb onlara əl verdi. Onlar Babəkin o
qadınla evlənməsinə çox sevindilər.


Məhəmməd Üvfi "Cavame-əl-hekayət və ləvame-ər-rəvayət” adlı əsərində (birinci hissəsinin 5-ci fəslində) yuxarıdakı məlumatı azacıq
dəyişikliklə belə qeyd edir:


"Mötəsim dövründə baş verən ən böyük hadisələrdən biri Babək hərəkatı idi. O zındıq idi, əziz və böyük allahı danırdı, halal-harama
inanmazdı. Əmr və nəhyi tanımaq istəməzdi. Deyirlər ki, onun atasının kim olduğu məlum deyildi; anası isə Azərbaycan kəndlərinin birində yaşayan
taygöz bir qadın idi. Belə deyirlər ki, İraq ətrafında olan bir nəfər nəbətli bu qadınla kəbinsiz yaşamış və ondan Babək olmuşdur. Anası Babəki dilənçilik
ilə böyütmüşdü.


O, həddi-buluğa çatdıqda kənd əhalisindən birisi onu muzdurluğa götürdü. Babək o şəxsin yük heyvanlarını otarırdı. Deyirlər ki, günlərin
birində anası ona yemək aparmışdı. Onu bir ağacın altında yatmış gördü. Bədəninin tükləri biz-biz olmuş və hər tükün dibindən qan axırdı.
O dağlıq yerdə xürrəmilərdən və zəndiqələrdən ibarət bir tayfa yaşayırdı. Onların iki başçıları var idi. Bu başçılar bir-birilə düşmənçilik
edirdilər. Bunlardan birisinin adı Cavidan, digərinin isə İmran idi.


Günlərin birində Cavidan Babəkin yaşadığı kəndə gəldi və Babəki gördü; onun igidliyi, cəsarəti, xasiyyəti Cavidanın diqqətini özünə cəlb etdi.
Onu anasından istədi və özü ilə götürüb apardı.


Babək Cavidanın qadını ilə eşqbazlığa başladı. Qadın Babəkə vuruldu. Qadın öz ərinin bütün sirrlərini açıb ona dedi, var-yoxunu,
xəzinələrini ona göstərdi. Beləliklə. Babəkin işi tutdu. Bir müddətdən sonra Cavidanla o camaat arasında müharibə oldu və Cavidan o müharibədə öldü.
Cavidanın arvadı camaata dedi: "Cavidan Babəki özünə canişin etmişdi. O, ölərkən vəsiyyət etmişdir ki, bu yerlərin əhalisi ona tabe olsunlar. Cavidanın
ruhu Babəkə keçmişdir. Babəkin rəhbərliyilə bütün düşmənlərə qələbə çalacağınıza söz verin”.


Camaat Babəkə tabe olmağa razılıq verdi. Babək sayı-hesabı olmayan dostlarını toplayıb, onların hamısını silahlandırdı və dedi: hazırlaşın,
gecənin üçdən biri keçdikdə bayıra tökülüb, nərə çəkin və bizim dində olmayanları, istər qadın, kişi və istərsə uşaq, hamısını qılıncdan keçirin.
Onların hamısı qərarlaşıb, evlərinə qayıtdılar. Gecə qalxışıb kənddə yaşayan bütün müsəlmanları öldürdülər. Kimsə bilmədi ki, onlara bu
əmri kim vermişdir. Camaat qorxuya düşdü. (Babək) yubanmadan onları uzaq yerlərə göndərdi. Onlar da tapdıqlarını öldürdülər. Bu adamlar döyüş və
müharibənin nə olduğunu bilməyən kəndlilər idi, amma bu iki müharibədə hərbə artıq alışdılar, cürətləndilər. Oğru, dinsiz, əxlaqca pozğun adamlar onun
başına yığıldılar. Beləliklə, Babəkin başına iyirmi min atlı toplandı. Bunlar harada piyada və müsəlman görürdülər, burun-qulağını, əl-qolunu kəsir və
sonra odda yandırırdılar. O, elə bir cinayətlərə yol verdi ki, nə ondan qabaq və nə ondan sonra gələnlərin heç biri buna bənzər iş görməmişdi. O, heçə
dəfə sultanın qoşununu məğlub etdi. Onun fitnəsi iyirmi il davam etdi.


"Mücmələttəvarix və-l-qisəs”in müəllifi Babək haqqında belə yazır: "Xürrəmdin Babək Azərbaycandan baş qaldırdı və hərəkatı son dərəcə
böyüdü. Onun əsl-nəsəbi Qubad dövründən, daha doğrusu möbidlərin möcidi Məzdək ibn-Bamdadandan başlayır. Yuxarıda qeyd etdiyimiz kimi,
Nuşirəvan onları məğlub etdi, sonra Məzdəkin Xürrəmə adlı bir arvadı var idi ki, Fadənin qızı idi. O, Rey kəndinə gedərək, xalqı Məzdəkin dininə
çağırdı.


Bundan sonra onlara xürrəmdin dedilər. Onlar Məzdəkin təriqətini tərk etdilər. Bu arada Babək onların başçısı oldu. Bir çoxunu öldürdülər.
Harun-ər-Rəşidin zamanında qüvvətləndilər. Babəkin hərəkatı uzun müddət davam etdi…”


Əbu Hənifə Dinəvari özünün "Əxbar-ət-tival” adlı əsərində yazır: "Bir çoxları Babəkin əsl-nəsəbi və məsləki haqqında müxtəlif fikirlər irəli
sürür. Mənə məlum olan budur ki, o, Əbu-Müslümün qızı Fatimənin oğlu Mütəhərrin övladından biridir və xürrəmiyədən olan Fatimiyyə qəbiləsi də ona
mənsubdur”.


Səmani "Kitab-əl-ənsab” adlı əsərində "Babəki” sözü haqqında belə yazır: "İki” "b” arasındakı "əlif” və sonundakı "ki”, – babəkilər
deməkdir. Onlar Mərdəsin oğlu Babəkin adamlarından bir dəstə idi. Babək Məmun dövründə Azərbaycan şəhərlərində qiyam etdi. Mötəsim zamanı
onların hərəkatı genişləndi. Onlar dəfələrlə müsəlmanların qoşununu məğlub etdilər, nəhayət, allah onların bəlasını aradan qaldırdı. Mötəsimin qoşun
başçısı olan Əfşin ona qalib gələrək, Samirəyə apardı. Mötəsimin əmri ilə onu diri-diri dara çəkdilər… Samirənin alimləri onu nifrin etdilər. Bu günə qədər
də babəkilərdən bir dəstə Bəzzeyi adlı dağlıq bir yerdə yaşamaqdadır ki, bunlar da Azərbaycan əmirlərinin əlaltıları hesab olunurlar. Bunlar haman
xürrəmilərdir. İldə bir dəfə kişili-qadınlı bir yerə toplaşır və işığı söndürürlər. Hər kişi əlinə keçdiyi qadını tutub o gecəni onunla keçirir. Bu qədər bəddin
olduqları halda islamdan qabaq yaşamış hökmdarlardan Şərvin adlı birisini özləri üçün peyğəmbər sanır və elə güman edirlər ki, bu şəxs
Məhəmməddən, allah ondan razı qalsın və ona rəhmət etsin, habelə indiyə kimi gələn başqa peyğəmbərlərin hamısından daha yüksək imiş.
Yığıncaqlarında onu yada salıb, ağlar və nəğmə oxuyarlar. Həmədan dağlarında olan Şərvin adlı şəhər ona mənsubdur”.


"Xürrəmi” ilə əlaqədar olaraq başqa bir yerdə deyir: "xürrəmdinlilər” də deyilir. Onların dini, istəkləri və arzularından ibarətdir. Bu adı onun
üçün vermişlər ki, onlar haram nə olduğunu bilməz, şərabı, naməhrəm qadınla yaşamağı və hər bir ləzzət və mənfəət aldıqları şeyi halal bilirlər və bu işdə
Qubad dövründə zühur etmiş məcus məzdəkiləri kimidirlər. (Məzdəkilər) bütün qadınları, eləcə də başqa haram şeyləri özləri üçün halal bilirdilər. Buna
görə də Qubadın oğlu Ənuşirəvan onları qırdı. Bu mənada onlara Məzdəkiyə deyildiyi kimi, bunlara da "Xürrəmdiniyyə” demişlər.
İbn-əl-Əsir, Səmaninin kitabının xülasəsi hesab olunan "Əl-lübab fi təhzib-ənsab” adlı əsərində Babəkin atası Mərdəsin adını atmışdır. Necə
olursa-olsun, Səmaninin bu izahı göstərir ki, 506-ci (1112-1113) ildən 652-ci (1166-1167) ilə qədər, yəni onun yaşadığı dövrdə, daha doğrusu, hicri 6-cı
əsrin ortalarına qədər, xürrəmdinlər Azərbaycanda, həmin Bəzzdağlığında yaşamaqda idilər. Aydındır ki, İbn-əl-Əsirin buna bənzər yazdığı sözlərdən
məqsədi, başqa ərəb yazıçıları kimi, bu xalqa böhtan atmaq idi.


Ərəb və fars kitablarında Babəkin adının "Babək xürrəmi”, ya "Xürrəmdin Babək” şəklində yazılmasının səbəbi ondan ibarətdir ki, Babək,
"Xürrəmdin” və ya "Xürrəmilər”, yaxud da "Xürrəmdinlər” məzhəbini yaymağa çalışmış ən böyük simalardan biridir. Bu dinin tarixi haqqında kafi
dərəcədə məlumat bizə gəlib çatmamışdır. Kitablarda onların məsləki haqqında yazılanlar də qərəz və böhtan xarakteri daşıyır.
Yalnız bir şey aydındır ki, "xürrəmi” dini "məzdəki” budaqlarından biri imiş. Bu mənada xürrəmilər yeni məzdəkilər və ya islamdan sonrakı
məzdəkilər kimi tanınmalıdırlar. Kitablarda məzdəkilər haqqında yazılmış böhtanlar bunların haqqında da deyilmişdir.


Babək hərəkatı


İbn-əl-İbri "Müxtəsər-əd-düvəl” adlı əsərində yazır: "Babəkin adamları, piyada dəstələrindən başqa, iyirmi min nəfər idi. Bu adamlar
müsəlman olan hər bir kişi, qadın, cavan və uşaqları harada görürdülərsə, parça-parça doğrayıb öldürürdülər. Onların əlilə öldürülənlərin sayı əlli beş
min beş yüzə çatır”.


Üvfi "Cəvame-əl-hekayət” kitabında deyir: "Müqəddəsi öz "Tarix” kitabında göstərmişdir ki, onun (Babəkin) əlilə öldürülənlərin sayını hesab
etmişlər. O, min kərrə min (bir milyon) müsəlman öldürmüşdür”.


Əbu Mənsur Bağdadi "Əl-fərq beyn-əl-firəq” adlı kitabında yazır: "Babəkin azərbaycanlı və deyləmilərdən ibarət olan damlarının sayı üç yüz

min nəfərə çatırdı”.


Nizam-əl-Mülk Tusi "Siyasətnamə” adlı kitabında yazır: "Onun cəlladlarından biri tutulmuşdu. Ondan soruşdular: sən neçə nəfər
öldürmüşsən?


Dedi: onun çox cəlladı var idi, mənim öldürdüyüm müsəlmanların sayı, başqa cəlladların öldürdüklərini və müharibədə ölənləri hesaba
almamaq şərtilə otuz altı min nəfərdir”.


Həm dullah Mustovfi "Tarixi-qozide”də və Qazi Əhməd Ğəffari "Nigaristanda” yazmışlar: "Həmin cəllad göstərdi ki, biz on nəfər idik. Təkcə
mən iyirmi min nəfər öıdürmüşəm”.


"Rövzət-səfa” kitabının müəllifi də bu rəvayəti təkrar edərək yazır: "Bəzi rəvayətə görə, vəbali deyənin boynuna, Babək tərəfindən müharibə
meydanlarında və başqa yerlərdə öldürülən adamların sayı min minə (bir milyona) çatdı”.


"Nigaristan” və "Mücməli-fəsihi”nin müəllifləri bu cəlladın adını Novzər, – deyə qeyd etmişlər.
"Zinət-əl-məcalis”in müəllifi cəlladların sayını on və onlardan birisinin əlilə öldürülənlərin sayını isə iyirmi min qeyd etmişdir. Füzuni
Astarabadi "Kitabi-Büheyrə” adlı əsərində cəlladların sayını iyirmi göstərərək yazır: "O, (onlardan biri) dedi: "Biz iyirmi cəllad idik, lakin mənə onlardan
daha az iş tapşırırdı. Mənim əlimlə öldürülənlərin sayı gərək ki, iyirmi min nəfərdən artıq olsun; başqalarından xəbərim yoxdur”.


Etimad-əs-Səltənə "Münitəzəmi-Nasiri” adlı əsərdə deyir: "İyirmi il ərzində Babəkin adamlarının əlilə öldürülənlərin sayı iki yüz əlli min beş
yüz nəfər idi”. İbn Xəldun yazır: "Babəkin iyirmi ildə öldürdüyü adamların sayı yüz əlli beş min idi. Babəkin məğlub edilməsi nəticəsində təkcə yeddi
min altı yüz qadın və uşaq onun pəncəsindən xilas oldu”. Məsudi "Əttənbih və-l-işraf” adlı kitabında yazır: "Babəkin iyirmi il ərzində Məmun və
Mötəsimin qoşunlarından əsirlər, qoşun başçıları və başqa təbəqələrin nümayəndələrindən öldürtdüyü adamların sayı, ən azı, beş yüz min nəfərdir.
Bundan daha çox öldürüldüyünü qeyd edənlər də olmuşdur ki, hər halda bunu hesablamaq mümkün deyildir”.


Təbəri və İbn-əl-Əsir Babəkin öz qiyamı müddətində öldürdüyü adamların miqdarını iki yüz əlli beş min beş yüz göstərmişlər. Fəsihin Xəvafi
139-cu ilin hadisələri ilə əlaqədar olaraq, Əbu Müslüm Xorasani haqqında yazır: "İslam dövründə dörd adam olmuşdur ki, bunların hər birinin əlilə min
min (bir milyon) və daha da çox insan öldürülmüşdür. Bu dörd adamdan birincisi Əbu Müslüm, ikincisi Həccac ibn-Yusif, üçüncüsü Babəki-xürrəmi,
dördüncüsü isə Bürqəi (burada məruf sahib-əl zənc nəzərdə tutulur) idi”.


Xürrəmilər hərəkatının başlanğıcı


Xürrəmilər dininin zühura gəlməsinin tarixi məlum deyildir. Bu dinin Babək tərəfindən yayıldığı və ya Babəkdən qabaqda olub, Babəkin ona
qoşulması barədə müxtəlif fikirlər söyləyirlər. Lakin təqribən doğru nəzərə gələn budur ki, Babəkdən qabaq da bu din olmuşdur və Babək yalnız onu
xalq arasında yaymağa çalışmış və onu son inkişaf dərəcəsinə yüksəltmişdir.
Tarixdə ilk dəfə olaraq xürrəmilərdən hicri 162-ci (778/779) ildə bəhs olunmuşdur. Nizam-əl-Mülk "Siyasətnamə”də göstərir ki, "Xəlifə Mehdi
zamanında "Qızıl bayraqlılar” deyilən Qorqan batiniləri xürrəmilərlə birləşdilər və dedilər: Əbu Müslüm diridir… Gəliniz məmləkəti tutaq. Onlar Əbu
Müslümün oğlu Əbul-Əzzi özlərinə rəhbər seçdilər və Reyə qədər gəldilər, halalı harama qatdılar, naməhrən qadınları məhrəm etdilər. Mehdi hər yana,
Təbəristan valisi Əmr ibn-Əlaya məkrub yazdı ki, "Əl-ələ verib birləşin, onların döyüşünə gediniz, onlar getdilər və o camaatı dağıtdılar”. İkinci dəfə
Harun-ər-Rəşid Xorasanda olanda (yəni 192-193-cü (807-808-809) illərdə) xürrəmilər yenə İsfahan, Tərmədeyi, Kapulə, Fayek və başqa kəndlərdə üsyün
etdilər. Rey, Həmədan, Dəstə və Girədən də çoxlu adam gəlib onlara qoşuldu. Onların sayı yüz mindən artıq idi. Harun Xorasandan Abdullah ibn-
Mübarəki iyirmi min atlı ilə onların müharibəsinə göndərdi. Onlar qorxdular və hər dəstə öz yerinə qayıtdı. Abdullah Mübarək aşağıdakı məzmunda bir
məktub yazdı: "Buduləfsiz bizim işimiz keçməz O da, büsbütün doğrudur, – deyə cavab verdi. Onlar birləşdilər. Xürrəmilərlə batinilərin sayı çoxaldı,
yenidən çalıb-çapmağa başladılar. Buduləf İcli və Abdullah Mübarək qəflətən hücum etdilər, onlardan bir çoxunu öldürdülər və uşaqlarını Bağdada
aparıb satdılar”.


Bu hadisədən 9 il sonra, Məmun zamanında, Babək Azərbaycandan baş qaldırdı. "Mücməli fəsih”də 162-ci (778-779) ilin hadisələrindən
bəhs edilərkən yuxarıdakı əhvalat barəsində belə deyilir: "İlk dəfə xürrəmilər İsfahanda qiyam etdilər, batinilər də onlarla birləşdilər və bu tarixdən 300-cü
(912-913) ilə qədər çox adam öıdürdülər”.


Buradan aydın olur ki, 300-cü (912-913) ilə qədər də bəzi hadisələr baş vermişdir.


Nizam-əl-Mülk də "Siyasətnamə”də 162-ci (778-779) ilin hadisəsini qeyd etdikdən sonra yazır: "Bu hadisədən 9 il keçəndən sonra Babək
Azərbaycanda qiyam etdi. Bu adamlar istədilər ona qoşulsunlar, ancaq eşitdilər ki, qoşun onların yolunu kəsmişdir (odur ki), qorxub qaçdılar.
Xürrəmdinlər hicri 212-ci (827-828) ildə, Məmun dövründə, qiyam etdikdə İsfahan nahiyəsinin batinilərindən bir dəstə onlara qoşuldu. Məmun
Məhəmməd ibn, Həmid ət-Taini xürrəmdinlərlə müharibə etmək üçün Babəkin meydanına göndərdi və buyurdu ki, Zəriq ibn-Əli Sədəqə ilə müharibəyə
girişsin, çünki o, Məmuna qarşı üsyan edərək, İran dağlarında gəzişir, qarət və karvan soymaqla məşğul olurdu. Məhəmməd ibn-Həmid tələsik yola
düşdü; o, Məmunun xəzinəsindən heç bir şey almayıb, qoşunun xərcini öz xəzinəsindən verdi. Zəriq ilə müharibə etdi. Zəriqi əsir etdi, qoşununu isə
qırdı. Bunun müqabilində Məmun Qəzvin, Marağa və Azərbaycanın mühüm hissəsini ona verdi. Sonra o, Babəklə müharibə etmək üçün yola düşdü.
Onunla Babək arasında altı dəfə böyük vuruşma oldu, nəticədə Məhəmməd ibn-Həmid öldürüldü. Babəkin işi yüksəldi. Xürrəmdinlər də İsfahana
qayıtdılar. Məmun Məhəmmədin ölməsindən çox qəmgin oldu. O, dərhal Xorasan valisi Abdullah Tahiri Babəkin döyüşünə təyin edərək, bütün dağlıq
vilayətini, Azərbaycanı və fəth olunan yerləri ona verdi. Abdullah Azərbaycana getdi. Babək Abdullahın qarşısında müqavimət göstərə bilmədi və
möhkəm bir qalaya qaçdı. Onun qoşunu və bütün xürrəmilər dağıldı. 218-ci (833) il çatdıqda, yenidən xürrəmilər İsfahanda, Farsda, Azərbaycanda və
bütün dağlıq yerlərdə qiyam etdilər. O zaman Məmun Ruma getmişdi. Hamı yığılıb, üsyan üçün bir gecəni vədələşdilər. Bütün şəhər və vilayətlərdə
hazırlıq görmüşdülər. Gecə ikən qalxıb şəhəri qarət etdilər, Farsda isə çoxlu müsəlman qırdılar, arvad-uşaqları da əsir apardılar. İsfahanda Əli Məzdək
adlı bir şəxs onlara başçılıq edirdi. O, şəhər qapısından iyirmi min nəgərlik qoşun götürüb, qardaşı ilə birlikdə dağa sarı yürüş etdi. Buduləf orada yox
idi. Onun qardaşı Məğil isə dağda idi. O, beş yüz atlı ilə müqavimət göstərə bilmədiyindən, qaçıb Bağdada getdi. Əli Məzdək dağı aldı və qarət etdi.
Harada müsəlman gördü, öldürdü. Əcəlilərin arvad-uşaqlarını da əsir etdi və Babəklə birləşmək üçün Azərbaycana qayıtdı.
Xürrəmilər ətraf vilayətlərdən Babəkin başına toplandılar. Əvvəllər on min nəfər idilər, iyirmi beş min oldular. Dağlar içində Şəhristan adlı kiçik
bir şəhər var, ora toplaşdılar. Babək də onlara qovuşdu”.
Buradan aydın olur ki, xürrəmilər 162-ci (778-779) ildəki çıxışlarından 9 il sonra, yəni 171-ci (787-788) ildə yenə də qiyam etmişlər. Bundan
sonra bir neçə dəfə 200-ci (815-816) və 212-ci (827-828) və 218-ci (833) illərdə də bir sıra qiyamlar etmişlər. Nəhayət, 223-cü (837-838) ilə qədər böyük
və uzunsürən bir qiyama iqdam etmişlər. Onların bu son qiyamı iyirmi il davam etmişdir.


Xürrəmilər hərəkatının sonu


Xürrəmilər hərəkatının sonu düzgün surətdə məlum deyildir. Söz yox ki, Babək öləndən və Azərbaycanda onun təşkilatı pozulduqdan sonra
onlar büsbütün yox olmamışlar. Bəlkə sonralar belə hərdən bir qiyamlar etmişlər. Belə ki, Vasiq Billah (227-232=841/42-846/47) zamanında bir dəfə
çıxış etmişlər. Nizam-əl-Mülk bu xüsusda "Siyasətnamə”də yazır: "Vasiq zamanında cəmi bir dəfə üsyan etdilər. Xürrəmilər İsfahan nahiyəsində pis işlər
gördülər. 300-cü (912-913) ilədək üsyan edərək, İsafan dağlarında yaşayırdılar, kəndləri talayıb, qoca, cavan, qadın və uşaqları öldürüdülər. Beləliklə,
onların fitnəsi 30 ildən artıq davam etdi.Heç bir ordu onların öhdəsindən gələ bilmirdi, çünki möhkəm yerlərdə yaşayırdılar. Axırda məğlub oldular,
başları İsfahanda dara çəkildi. Belə bir qələbədən sonra bütün islam şəhərlərinə məktub yazdılar. Hamısını göstərsək uzun çəkər. Batinilərin nələr etdiyini
bilmək istəyənlər "Tarixi Təbəri” və "Tarixi İsfahan”a müraciət etsinlər”.


Buradan aydın olur ki, Babəkin öldürülməsindən 70 ildən artıq bir müddət keçdikdən sonra belə, yəni 300-cü (912-913) illərədək İranda
böyük xalq hərəkatı davam etmiş və xürrəmilər, yuxarıda qeyd olunduğu kimi, VI (XII) əsrin ortalarına qədər Azərbaycanda olmuşlar. Onların bu arada
etdikləri ikinci mühüm qiyam VI əsrin əvvəllərində olmuşdur. Çünki Məhəmməd Üvfi "Cavame-əl-hekayət” adlı əsərində Müstərşid-billahın zamanında
(512-529) baş verən xürrəmdinlər üsyanına işarə edərək yazır: "Müstərşidin zamanında xürrəmilərdən bir dəstə Azərbaycanda yaşayaraq fitnəkarlıq
edirdi. Müstərşid bunlara qarşı müqəddəs müharibə aparmaq və fitnələrin kökünü kəsmək məqsədilə müntəzəm ordu götürüb, Azərbaycana hərəkət etdi.
Kafirlərdən bir dəstə ona hücum etdilər, onu tutub bıçaqladılar və öldürdülər. 529-cu (1134-1135) il zilqədə ayının 17-də, cümə axşamı onun həyatının
bayrağı yıxıldı və buna görə bütün dövlət adamları qan ağladılar. O, 17 il 6 ay 20 gün xəlifəlik etdi. O, 436-ci (1044-1045) ildə şəvval ayının 17-də,
bazar ertəsi xəlifəlik taxtına çıxmışdı”.


Bu hadisədən bəhs edərək Məhəmməd Üvfinin buraxdığı yeganə səhv ondan ibarətdir ki, o, Üvfinin dediyi kimi, 436-cı (1044-1045) ildə,
şəvval ayının 17-də, bazar ertəsi günü yox, 512-ci (1118-1119) ildə rəbiüssani ayının 16-da taxta çıxmışdır.
Bundan əlavə, əgər o 436-cı (1044-1045) ildə taxta çıxıb və 529-cu (1134-1135) ildə öldürülsəydi, o halda 73 il xəlifəlik etmiş olurdu. Halbuki
Üvfi özü yazır: "17 il 6 ay 20 gün xəlifəlik etmişdir. Bu hesabla, o, 512-ci (1118-1119) ildə taxta çıxmış olmalıdır. O, bütün etibarlı mənbələrin göstərdiyi
kimi 512-ci (1118-1119) ildə rəbiüssani ayının 16-da taxta çıxmış və 529-cu (1134-1135) ildə zilqədə ayının 17-də ölmüşdür. Beləliklə, o, düz 17 il 7 ay
və 1 gün xəlifəlik etmişdir”.

 

Xürrəmdinlər


Bir sıra tarixçilər "xürrəmi”, "xürrəmdini” və "xürrəmdinlər” sözlərini yalnış başa düşmüş və bu sözləri işlədərkən yalnız Babəkin izi ilə
gedənləri nəzərdə tutmuşlar. Halbuki anlaşıldığına görə, "xürrəmi” ya "xürrəmdin” adı İranda II əsrdə meydana gəlmiş olan yeni dinin tərəfdarlarına
verilmiş ümumi bir addır. Ola bilsin ki, sasanilər zamanından bəri İranın ucqar nahiyələrində, İranın mərkəzi, qərbi və şimal-qərbi dağlarında gizli
yaşayan və yalnız bu zamanda öz dinlərini aşkar çıxara bilən Sasani dövrü məzdəkilərinin xələflərini islam dövründə bu adla çağırmışlar. Həm də ola
bilər ki, onlar Məzdək dinində bəzi dəyişikliklər əmələ gətirdiklərindən özləri üçün yeni ad seçmiş və bu yeni məzhəbə "xürrəmdin” adı qoymuşlar,
həmçinin nəzərə belə gəlir ki, "xürrəmdin” tərkibi Zərdüşt dini haqqında deyilən "beh-din” tərkibindən təqlid edilmişdir.
Bəzilərinin fikrincə, "xürrəmdin” istilahının meydana gəlməsinin səbəbi budur ki, onlar guya bütün ləzzətləri halal bilirmişlər. Lakin bu da
müxaliflərin onlara atdıqları bir çox böhtan və iftiralardan biridir.
Bəzi sənədlərdə ismaililər batinilər (tayfasından) hesab olunduğu kimi, xürrəmdinlərə də batinilər və ya batiniyyə adı verilmişdir.
"Batini” sözü, mənasından anlaşıldığı kimi, öz nəzəriyyəsini gizli olaraq pərdə altında saxlayan və onu düşmənin qorxusundan açıq surətdə
təbliğ edə bilməyən hər bir firqəyə verilən ümuni istilahdır. Qeyd etmək lazımdır ki, bu istilahı o firqələrin müxalifləri işlətmişlər.
Müəlliflərdən bəzisi "xürrəmiləri” "ibahiyyə” qəbilindən hesab etmişlər, bu da yenə haman müxaliflərin işlətdikləri böhtanlı sözlərdən biridir.
Çünki onlar belə güman edirdilər ki, xürrəmilər hər şeyi özlərinə halal bilirlər və buna görə də onlara "ibahiyyə” və farsca "ibahətiyyan” adını vermişdilər.
Xürrəmilər iki dəstəyə bölünürdülər: birincisi, "cavidanilər” və ya "cavidaniyyə”dir ki, ona mənsub olanlar Babəkin sələfi hesab olunan
Şəhrəkin oğlu Cavidanın tərəfdarları idilər, ikincisi isə Babəkin tərəfdarları olan babəkilər və ya babəkiyyələr idi. Qətiyyətlə demək olar ki, xürrəmilər
məsləki və onun təfərrüatı barədə bizə düzgün məlumat gəlib çatmamışdır, əgər dini kitabları varmışsa, məhv olub getmişdir. Onların haqqında
bildiyimiz şey yalnız tarixçilərin və xalqların kitab və əsərlərində qərəz və böhtanla dolu olan qısa məlumatlardan ibarətdir. Hətta bu yazıların özündə
belə, dolaşıqlıq vardır. Belə ki, bəziləri onları məzdəkilərdən, bəzisi isə ismaili və batinilərdən hesab etmiş, bir qismi də Əbu-Müslüm Xorasaninin
tərəfdarları sayılan Müslümiyyə və Əbu müslümiyyə təriqətinin bir şöbəsi kimi qeyd etmişlər. Hətta bir paraları onları ibahiyyə sufiləri adlandırıb
göstərmişlər ki, onlar tənasüx (metempsixoz) nəzəriyyəsi tərəfdarıdır, islam dinində qadağan olunmuş işləri, hətta məhrəmlərlə evlənməyi halal bilirlər.
Bəziləri də onların ğullat ya qaliya (ifratçılar) sırasına daxil etmişlər.
Amma bu deyilən sözlərin içərisində həqiqətə bənzər bir şey varsa, o da bundan ibarətdir ki, onlar tənəsüxə və ya ruhların qayıtması
nəzəriyyəsinə inanırdılar. Məzdəkilər kimi bir para şeylərin ümumiləşdirilməsini lazım və halal bilirdilər. Eyni zamanda din və məsləklərini yaymaq üçün
adam öldürməkdən, qan tökməkdən çəkinməzdilər. Öz düşmənlərinə və müxaliflərinə rəhm etməzdilər. Xüsusilə ərəblərin və ərəb dininin qatı düşməni
idilər. Buna görə də onlar Qorqan və Təbəristandakı mühəmmirə və ya "qızıl bayraqlılar”, Mavəraünnəhrdəki mübəyizzə, yaxud "ağpaltarlılar” və
müqneilər, yəni qənaətkarlarla həməqidə və həmrəy olmuşlar. Ola bilsin ki, onların arasında, xüsusilə Azərbaycandakı xürrəmdinlərin başçısı Babək ilə
Təbəristan qızılbayraqlılarının başçısı Qarunun oğlu Mazyar arasında ittifaq və birlik varmış.
Bütün şüubiyyə, xüsusilə ismailiyyənin amansız düşməni olan xürrəmdinlərin əqidələri haqqında Nizam-əl-Mülk "Siyasətnamə”də yazır:
"Onların dini qaydaları isə belədir: onlar can əziyyət verməyi bir yana tullayıb, şəiəti, yəni namazı, orucu, həcci və zəkatı rədd edirlər. Şərabı,
başqalarının malını və qadınını özləri üçün halal bilirlər. Dini vəzifələrə yaxın durmazlar. Məclis qurub yığıncaq çağırdıqda, hər şeydən əvvəl, Əbu
Müslümün öldürülməsi münasibətilə təəssüf edərək, onu öıdürənə lənət yağdırırlar. Mehdi Firuzə və Əbu Müslümün qız nəvəsi, Fatimənin oğlu Haruna
dua oxuyurlar. Ona bilikli uşaq və ərəbcə "əl-fəti-əl-alim” (gənc alim) deyirlər. Buradan məlum olur ki, istər Məzdəkin, istərsə xürrəmdinlərin və batinilərin
dini və məsləki birdir və onların yeganə arzuları islamı məhv etməkdən ibarətdir. Xalqı öz tərəflərinə cəlb etmək üçün əvvəlcə, özlərini doğru, pəhrizkar
və peyğəmbərin övladını sevən adamlar kimi göstərirlər. Elə ki, gücləndilər, Məhəmməd ümmətini məhv etməyə və dininə zərər verməyə çalışırlar.
Kafirlər bu tayfaya nisbətən müsəlmanlara daha rəhmlidirlər. Biz onların hal və hərəkətinə aid olan bu qədər sözü yalnız ibrət üçün yazdıq. Onlar saman
altından su yeridəndirlər. Hər kəs onların dəvətini qəbul etsə, ona özləri kimi tərbiyə (kömək) edirlər. Bütün dünya xüdavəndi-aləmindir. Bu kafirlər xalqı
mal-dövlət yığmağa təhrik edirlər. Köməyə müstəhəqq (layiq) olanların var-yoxunu alırlar və elə göstərirlər ki, guya bu, onlar üçün artıq imiş. Ətəkdən
kəsib qola tikməklə köynək olmaz. Bunların məzhəbindən bu qədər danışmaqdan məqsədimiz hamıya məlum etməkdir ki, o camaat nə haramzadə
itlərmiş və nə işin sahibi imişlər. Böyük və uca allah bütün müsəlmanları onların bəla və şərrindən saxlasın və hamını onların yaramaz söhbətindən
qorusun!”


Əbülfərəc Covzi "Nəqd-əl-elm və-l-üləma ov təlbisin iblisin” adlı əsərində bu adamlar haqqında belə deyir: "xürrəmiyan” və "xürrəm”
yabançı sözdür. O, insanı cəlb edən ləzzətli və maraqlı şeylər haqqında işlədilir. Bu sözün mənası insanın hər növ ləzzətə uyması və şəhvət düşkünü
olması, habelə cəmiyyətdə əxlaq qaydaları, dini qanunları ortadan qaldırmaq deməkdir. Bu ad bir ləqəb olaraq məzdəkilərə verilmişdi. Məzdəkilər isə
Qubad dövründə meydana gəlmiş məcuslar idi ki, məhrəm qadınları və hər bir haram işi özləri üçün halal bilərdilər. Xürrəmilərin işi ilə bu məzhəbin
məramı arasında, bir sıra məsələlərdən başqa, uyğunluq olduğuna görə onlara bu adı vermişlər”.


Əşərilərin məşhur rəhbəri olan İmam Əbülhəsən Əşəri "Məqalat-əl-islamiyyin və ixtilaf-əl-müsəllin” adlı kitabında yazır: "Bəziləri deyirlər ki,
baş imamlar möcüzələrdən xəbərdardırlar: onların yanına (guya) göydən mələklər enib gəlir. Bu isə rafizi təriqətinə mənsub bir dəstənin sözüdür. Hətta
onlardan bəzisi bu xüsusda işi bir yerə çatdırmışlar ki, deyirlər şəriət qanunlarını pozub ləğv etmək mümkündür. Bu dəstəyə mənsub olan xürrəmdinlər o
yerə gəlib çatdılar ki, dedilər Məhəmməd peyğəmbərdən (allahın ona salamı olsun) sonra yenə də peyğəmbərlər gələcək və onların ardı
kəsilməyəcəkdir”.


Əbül-Müzəffəri İsfərayini "Ət-təbsir fi-d-din və təmyiz-əl-firqət-əl-naçiyyəti ən əl-firəq-il-halikin” adlı kitabının bir yerində deyir: "xürrəmilər

iki dəstəyə bölünürlər: onlardan biri islam dövlətindən qabaq yaşamış məzdəkilərdir ki, haram işləri halal bilirdilər və deyirdilər ki, qadınlara və mal-
dövlətə hamı şərikdir. Ənuşirəvan öz padşahlığı dövründə onları öldürdü. İkinci dəstə islam dövründə meydana gəlmiş xürrəmilərdir ki, bunlara da
babəkilər və mazyarlılar kimi mühəmmirə adı verdilər. Lakin babəkilər Babək xürrəminin tərəfdarları idilər. O, Azərbaycanda meydana gəlmişdi və
tərəfdarları olduqca çox idi. O, haram edilmiş bütün işləri halal bilirdi. O, iyirmi il ərzində Bəni Abbasın qoşunundan çoxlu adam qırdı və nəhayət,
qardaşı ilə birlikdə tutulub Mötəsim Zamanı Sürrə-mənrəada (Samirədə) dara çəkildi. Mazyarilər isə Mazyarın tərəfdarları idi. Mazyar da xalqın
mühəmmərə dininə çağırırdı. Təbəristanın dağlıq yerlərində bir çoxları ona tərəfdar çıxdılar. Qorqandakı Mühəmmirə körpüsü də onlardan qalmışdır.
Mazyar da Mötəsimin zamanında tutuldu və Samirədə Babək xürrəmi ilə üzbəüz dara çəkildi. Bu dağlarda yaşayan babəkilər müəyyən bir gecədə bir yerə
toplaşaraq, şərab içməyə, mahnı oxumağa və bu kimi eyş-işrətlə məşğul olurlar. Sonra, kişilərdən və qadınlardan ibarət olan bu yığıncaqlarda işığı
söndürür və əllərinə keçən qadınlarla oturur və yaxınlıq edirlər. Bu xürrəmilər iddia edirlər ki, qədim zamanlarda onların Şərvin adlı bir şahları varmış.
Onlar Şərvini peyğəmbərlərdən də üstün tuturlar. Bunlar bəzən ölülərinə ağladıqları zaman onu yad edər və ağlarlar”.


Başqa bir yerdə deyir: "Tarixçilər göstərir ki, batinilər Məmun zamanında təbliğata başladılar və onların məramı Mötəsim zamanında çox
yayıldı. Mötəsimin adamlarından Əfşin adlı bir nəfər onların dəvətini qəbul etdi və buna görə də o, Babək xürrəmi ilə yaxşı rəftar edirdi. Bunun
nəticəsində islam qoşununun bir hissəsi məğlub oldu. Nəhayət, Budüləf İcli ilə Abdullah ibn-Tahirin sərkərdələri birləşərək Babək xürrəmini məğlub
etdilər; onu tutub 223-cü (837-838) ildə Sürrə-mənrəa şəhərində dara çəkdilər”.


İmam Fəxri Razi "Etiqadatu firəq-il-müslimin və-l-müşrikin” adlı kitabında yazır: "Babəkilər Babəkin tərəfdarları idilər. Babəkin özü isə
azərbaycanlı idi. Onun qüdrəti uzun müddət artmaqda idi. O, küfrün yolunu açdı. Bir çox adam onun başına toplandı. Bu iş isə Mötəsimin zamanında
oldu. Bir çox şiddətli vuruşmalardan sonra onu tutdular və beləliklə də onun bəlası aradan qaldırıldı”.


Seyid Mürtəza ibn-Dan Həsən Razi "Təbsirət-əl-əvam fi mərifəti məqalat-əl-ənam” adlı kitabında Əbu Müslümiyyə firqələri haqqında belə
yazır: "Onların ikinci bir firqəsinin adı Rizamiyyə idi. Onlar deyirdilər ki, Məhəmməd ibn-Əli öz oğlu İbrahimə vəsiyyət etdi ki, Əbu Müslüm qiyam
etdikdə onunla olsun. Əbu Müslüm isə çalışırdı ki, ona qoşulsun. Onlar deyirdilər ki, Əbu Müslüm dəlillər və möcüzələr sahibidir. Bu tayfaya xürrəmiyə
də deyirlər. Onlar ölkənin hər yerinə yayılmışdır. Onların sələfi və başçıları Rizam adlı bir şəxs idi. Buna görə də onları rizamiyyə adlandırırlar. Əl-
Müqənnə də bunlardan idi. O, iddia edirdi ki, Əbu Müslümün ruhu onun bədəninə keçmişdir, o, allahdır. O, öz iddiasına Mavəraünnəhrdə, Kəş
şəhərində başlamışdır”.


Başqa bir yerdə (həmin müəllif) deyir: "Bil ki, bu xalqı hər yerdə bir adla çağırırlar. Onlara İsfahan və onun nahiyələrində xürrəmiyə, Qəzvin
və Reydə məzdəki və sümbadi, Maheyndə mühəmmirə, Azərbaycanda qovliyyə, Orta Asiyada isə muğlar deyirlər”.
Maheyn dedikdə xəlifələr zamanındakı (qədim) İranın qərbində yerləşən iki nahiyə nəzərdə tutulur. Bu nahiyələrdən birinə Mahkufə deyərdilər.
Onun iki iqamətgahı (mərkəzi şəhəri) var idi – Kirmanşah və Dinəvar. Nahiyələrdən ikincisinin adı Mahbəsrə idi. Onun isə hakimnişin şəhərləri Nəhavənd
və Brucird idi. Burada təsniə – ikilik şəklində işlədilmiş "mah” sözü "mad” sözünün yeni variantıdır. "Mad” isə vətənimizin ilk dövrlərində yaşamış olan
iki böyük iranlı qəbilələrindən birinin adıdır.


Bundan sonra müəllif deyir: "İsmaililərə batiniyyə, qəramitə, xürrəmiyyə, səbiyyə, babəkiyyə və mühəmmirə də deyirlər. Batiniyyə
adlanmalarının səbəbi budur ki, onların fikrincə, quranın və Məhəmmədə aid hədislərin zahiri və batini mənaları vardır. Zahir qabıq, batin isə onun məğzi
deməkdir, badamın qabığı və içi kimi. Bu fikri irəli sürənlər aşağıdakı ayəni əldə əsas tuturlar:


"Onun bir qapısı var ki, batinində (içərisində) mərhəmət var, amma zahiri əzaba (əziyyətə) tərəf açılır”.


Onların dediklərinə görə, allah nə vardır, nə yox, nə diridir, nə də, ölü nə qadirdir, nə aciz, nə alimdir, nə cahil, nə dillidir nə dilsiz, nə gözü
vardır, nə də kordur, nə eşidir və nə də kardır. Onlar allahın bütün xüsusiyyətlərini bu nöqteyi-nəzərdən izah edirlər.


Deyirlər ki, allahı ancaq həqiqi bir müəllimin sözü ilə tanımaq olar. Yenə deyirlər ki, İsa nəccar (dülgər) Yusifin oğlu idi: hərçənd quranda
deyilir ki, "İsanın atası yox idi ki, ondan təlim ala bilsin”, əslində isə İsa elmi həqiqi müəllimdən deyil, nəqiblərdən (başçılardan) öyrənmişdi. İsanın
ölüləri diriltmək məsələsinin mənası budur ki, o, xalqın könlünü elmin vasitəsilə dirildir, onları ruhlandırır, doğru yola dəvət edirdi. Beləliklə, onlar belə
sözlərlə bütün dini qanunları – şəriəti ləğv etmək istəyirdilər. Onların fikrincə, zahiri dini vəzifələri yerinə yetirmək xalq üçün heç də vacib deyildir;
movlana (başçı) adlanan adama itaət etmək, namaz qılmaq deməkdir; sənin və əyalının ehtiyacından artıq qalan hər şeyi ona (mövlaya) vermək – zəkat
vermək deməkdir, xalqı başçılara itaət etməyə çağırmaq – ucadan namaz qılmaq deməkdir. Mövliyanın gördüyü işlər qarşısında susmaq, onun eybini
tutmamaq – oruc tutmaq deməkdir. O, nalayiq işlər görsə də, onu düzgün bilməli və heç vaxt etiraz etməməlisən. Bir sözlə, ona o dərəcədə itaət
etməlisən ki, əgər o "öl” desə, dərhal tərəddüd etmədən özünü öldürməlisən. Onların dediklərinə görə, həccə getmək – imamın yanına getmək deməkdir.
İmkanı olan hər bir şəxs mütləq onun xidmətinə getməli və onu görməlidir. Onlar bütün haram sayılan şeyləri halal bilirlər və deyirlər ki, haram elə bir
tayfadır ki, ona qarşı gərək düşmənçilik edəsən, ona nifrət bəsləyib lənət oxuyasan. Onların dediklərinə görə, dini fərizələr (vəzifələr) ondan ibarətdir ki,
dost bildiyin bir xalq ilə yaxşı rəftar edəsən.


Deyirlər: allahın – "şeytan insanın ən qəddar düşmənidir” ayəsindəki şeytan – Ömər, insan isə Əbubəkrdir. Onlar deyirlər ki, quranın hər hansı
bir ayəsində Ömər, Firon və Hamanın adı çəkilirsə, orada Firondan məqsəd Ömər, Hamandan isə Əbubəkrdir.
Beləliklə, onlar bütün quranı və peyğəmbər haqqında olan hədislərin hamısını bu tərzdə təfsir edirlər. Hürrəmidiniyyə də bu tayfaya
mənsubdur. Bu xalq Azərbaycan ölkəsinin Bəzz adlanan dağlıq nahiyəsində yaşayır. Onlar deyirlər ki, islamdan əvvəl Şərvin adlı bir hökmdar özünü
peyğəmbər elan etdi. O, Məhəmməddən və bütün başqa peyğəmbərlərdən fəzilətli və üstün idi. Onların dediyinə görə, vüzu – təsis etdikləri dinin
əsasıdır: namaz – fəsahətli natiq deməkdir; dai – gözəl və ucaboylu olmalıdır ki, xalqı onların dininə çağıra bilsin. Allahın dediyi – "salavat asi və
(allahı) inkar edənlərə qadağandır” – ayə üçün elə bir natiq lazımdır ki, salavatı xalqa qadağan edə bilsin, çünki salavat əməlin zahiridir və əməli qadağan
etmək təsəvvürə gələn şey deyil, bəlkə bu əməli tutan adama nəhy tələb etmək olar”.


Bu sözlərdən sonra başqa bir yerdə yazır: "Babəkiyyə – Babəkin tərəfdarları deməkdir. Bu məlun azərbaycanlı idi. Bir çoxları onun başına
toplaşaraq, dinə böyük xələl yetirdilər. Saysız-hesabsız tərəfdarı olan bu adam üsyan etdi. Mötəsim zamanında, bir neçə döyüşdən sonra onu tutub
öldürdülər”.


Söz yox ki, babəkilər və ya xürrəmilər Babəkin təkcə Azərbaycandakı tərəfdarlarından ibarət olmayıb, İranın başqa nahiyələrində, xüsusilə
mərkəzdə, İsfahan ətrafında, Azərbaycanın, Təbəristanın, Xorasanın, Bağdadın, Farsın, Kirmanın və Xuzistanın bütün dağlıq hissələrində və eləcə də
Nəhavənd, Həmədan, Rey, İsfahan, Kaşan, Qum, Semnan, Damğan və Qəzvinə baxan dağlıqlarda xürrəmilər olmuşlar. Onların mühüm mərkəzlərindən
biri Həmədan idi. Onlar ən çox kəndlərdə və dağlıq yerlərdə yaşayırdılar və fürsət tapdıqca üsyan edərək öz müxaliflərini istər gizlində və istərsə döyüş
meydanlarında öldürərdilər. Bu cəhətdən həm də onların fəaliyyət göstərdikləri yerlər V və VI əsrlərdəki batinilər və ismaililərin yaşadığı yerlər olduğuna
görə, onları batinilər və ismaililərdən hesab etmişlər.


Bəzi əlamətlərə əsasən ehtimal etmək olar ki, xürrəmdin məzhəbi iki əsas ünsürdən ibarət imiş: Birincisi, islamdan əvvəl İranın ariya ünsürü.
Ola bilsin ki, məzdəkilərin bəzi əqidələri bu məzhəbə daxil imiş. İkincisi, islamdan sonrakı dövrlərdə iranlılara məxsus irticaçı və milli ünsür. Bu ünsür
İranda ərəblərin qüdrətini sarsıtmaq və ərəb xəlifələrinin zülm və ədalətsizliyinin qarşısını almaq məqsədilə vətənpərəst iranlıların qıraq-bucaqda
yaratdıqları bir sıra azadlıq hərəkatının bir növüdür. Cavidan və Babəkin yaratdıqları bu hərəkat da Əbu Müslüm, Beha-Fərid, Müqənnə, Sunbad,
Estazsis,Azərək oğlu Həmzə, Rəvənd oğlu Abdullah, Mazyar, Sahibzənc hərəkatı, habelə qərmətilər, giramilər, İran xəzaricinin (dindən xaric olanların)
başqa şöbələri və İranın şüubiyyə hərəkatı, o cümlədən qızılbayraqlılar, ağköynəklilər və əsb-novəbti səhabələrinin cərəyanı kimi bir hərəkat olmuşdur.
Sonralar ismaililər də bunların işini davam etdirmişlər. Məhz buna görə də xürrəmilər haqqında yazan tarixçilər və başqa yazıçılar məsələnin kökünü
düzgün təyin edə bilmədiklərindən bütün bu müxtəlif dəstə və təriqətləri bir-birinə qarışdırmışlar.


Əbu Mənsur Bağdadi "Əl-fərq beyn əl-firəq” adlı əsərində məzdəkilər haqqında belə yazır: "İbahə tayfasının ilk dəstəsi məzdəkilər, ikincisi
isə islam dövləti zamanında meydana gələn xürrəmdinlər idi. Onlar da iki dəstəyə – babəkilərə və mazyarlara bölünür; hər ikisi "Mühəmmirə” adı ilə
məşhurdurlar. Babəkilər Babək xürrəminin tərəfdarları idi. Babək Azərbaycanın Bəzzeyn adlı dağlıq bir nahiyəsində meydana çıxaraq, başına çoxlu
tərəfdar topladı. O, haram işləri halal bilirdi; çoxlu müsəlman qırdı. Bəni Abbas xəlifələri Əfşin Haçib, Məhəmməd ibn Yusif Səğəri, Əbudülaf İcli və
başqalarının sərkərdəliyi altında çoxlu qoşun göndərdilər. Həmin qoşun hissələri onlarla iyirmi il döyüşdükdən sonra Babəki, qardaşı İshaq ibn-İbrahim
ilə birlikdə əsir etdilər və Mötəsim zamanında Samirədə dara çəkdilər”.


Həmin müəllif başqa bir yerdə batinilər haqqında deyir: "Batinilər öz təriqətlərini ilk dəfə Məmun zamanında təbliğ etməyə başladılar. Mötəsim
zamanında isə bu təriqət daha geniş surətdə yayıldı. Deyirlər ki, Mötəsim qoşununun başçısı olan Əfşin Babəkə uymuş və onun dəvətini qəbul etmişdi.
Həmin xürrəmi Bəzzeyn adlı yerdə meydana gəlmişdi. O dağlıq yerin əhalisi Məzdək dinində olan xürrəmilər idi. Xürrəmilərlə batinilər əlbir idilər. Xəlifə o
zamana qədər müsəlmanların dostu kimi tanınmış olan Əfşini onun müharibəsinə göndərdi. Halbuki o, qəlbində Babəklə dost idi. Camaatı qırmaqda və
qadınların namusuna təcavüz etməkdə onunla əlbir idi. Sonra Əfşinə kömək göndərildi. Məhəmməd ibn-Yusif Səğəri və Əbudüləf Qasim ibn-İsa Əcəli
də ona qoşuldular. Abdullah ibn-Tahirin döyüşçüləri də onlara kömək etdilər. Babəkilərin və qərmətilərin qüvvəsi müsəlmanların qüvvəsinə üstün gəldi.
Onlar babəkilərin qorxusundan özləri üçün Bərzənd adlı məşhur bir şəhər saldılar. Beləliklə, müharibə bir neçə il davam etdi. Nəhayət, allah
müsəlmanlara kömək etdi. Babək əsir düşdü və 223-cü (hicri tarixi ilə) ildə Samirədə dara çəkildi. Babəkin qardaşı İshaq da tutuldu; onu da Qorqan və
Təbəristan qızılbayraqlılarının başçısı Mazyar ilə bir yerdə Bağdadda dara çəkdilər.


Bu kitabın yazılışında və birinci çapında gedən səhvlərdən, habelə əsl mətndə bir çox ərəb sözlərinin təhrif olunduğundan başqa, bu sözləri
yazan müəllif iki böyük səhv buraxmışdır. Birincisi odur ki, Babəkin qardaşının adını İshaq ibn-İbrahim, – deyə göstərmiş, Halbuki aşağıda
göstərəcəyimiz kimi, bütün başqa mənbələr "Abdullah” yazmışlar. Lakin İbn-ən-Nədim "Əl-Fehrist” kitabında Babəkin atasının adını Abdullah, – deyə
qeyd etmişdir.


Bu hadisələrdə adı çəkilən İshaq ibn-İbrahim Tahiri – Tahir zül-Yəmineynin (Tahir ibn-Hüseyn ibn-Məsəbin) əmisi oğludur. İranın məşhur
sərkərdəsi Tahiri xanədanın adlı-sanlı adamlarından olan bu şəxs Bağdadın əmiri idi. Babəkin qardaşı Abdullahı Samirədən onun yanına göndərmişdilər,
o da Bağdadda onu dara çəkmişdi.


Həmin müəllifin başqa bir səhvi ondan ibarətdir ki, o deyir: "Babəkin qardaşını Bağdadda Mazyar ilə birlikdə dara çəkmişlər. Babəkin qardaşı
Abdullahı 223-cü (837-838) ildə Bağdadda dara çəkdilər. Mazyarı isə 225-ci (839-840) ildə, yəni Babəkdən iki il sonra Samirənin xaricində, haqqında
sonralar bəhs edəcəyimiz "Keniseyi-Babək” deyilən məşhur bir təpənin üstündə, vaxtilə Babəkin və Əmuriyyə patriarxı rumlu Yatisin dara çəkildiyi iki
dar ağacının yanında, başqa bir dar ağacından asdılar”.
Yuxarıda dediklərimizdən başqa Nizam-əl-Mülk "Siyasətnamə”nin ayrı bir yerində yazır: "Xürrəmdinlər üsyan etdikləri zaman batinilər onlarla
əlbir olaraq onlara qüvvət vermişlər. Hər iki məzhəbin əsli birdir”.
Yaqut Həməvi "Möcəm-əl-büldan” adlı əsərində "Bəzz” sözünü izah edərrək yazır: "Orada Xürrəmiyə adı ilə məşhur olan Mühəmmirə
(təriqəti) meydana çıxdı. Babək də o yerdəən idi. Onlar (imam) Mehdinin zühurunu gözləyirdilər”.
İbn-əl-Əsir 201-ci ildə (816-817) ilin hadisələrindən bəhs edərkən yazır: "Bu ildə Babək xürrəmi cavidaniyyə məzhəbi adından çıxış etdi.
Cavidanilər isə Bəzz (adlı yerin) sahibi Cavidan ibn-Səhlin tərəfdarları idi. O (Babək), iddia edirdi ki, Cavidanın ruhu ona köçmüşdür. Onlar məcus
tayfasının bir dəstəsidirlər. Kişiləri öz ana, bacı və qızları ilə ər-arvad kimi yaşayırlar və buna görə də onlara xürrəmi adı verilmişdir. Onlar tənasüx
(metempsixoz) məzhəbinə inanıb, deyirdilər ki, ruh bir canlının bədənindən başqasına keçir”.
Etimad-əs-Səltənə "Müntəzəmi-nasiri” adlı əsərində bu xüsusda belə yazır: "Əvvəlcə Babəki xürrəmi tənasüx nəzəriyyəsinə inanan
cavidaniyyə təriqəti tərəfdarları arasında meydana gəlmişdir, onlar deyirdilər ki, ruhlar bədənlərə köçür”.
Məhəmməd-ibn-Əbdül Kərim Şəhristani "Kitab-əl-miləl və n-nihəl” adlı əsərində haşimiyyə haqqında belə deyir: " İbn Haşim ibn-Hənəfinin
müridləri və imam Abdullah ibn-Müaviyyə ibn-Abdullah ibn-Cəfər ibn-Əbu Talibin tərəfdarları, habelə İraqdakı xürrəmilər və məzdəkilər də
onlardandırlar”. Yenə başqa bir yerdə də qullat haqqında danışarkən yazır: "Ğaliyənin müxtəlif ləğəbi vardır. Bulara İsfahanda xürrəmiyyə və kudəkiyyə.
Reydə məzdəkiyyə və sünbadiyyə, Azərbaycanda züquliyyə, başqa yerdə mühəmmirə və Orta Asiyada – mübəyyizə deyirlər”.
Yuxarıda qeyd edildiyi kimi, Səmaninin "Kitab-əl-ənsab” adlı əsərində irəli sürdüyü mülahizələrindən görünür ki, xürrəmdinlər Səmaninin
yaşadığı VI əsrin yarısınadək haqqında sonralar bəhs edəcəyimiz Babəkin vətənində yaşamışlar. Çünki Səmani Mərv şəhərində 506-cı (1112-1113) ildə
şəban ayının 21-də düşənbə günü anadan olmuş və 562-ci (1166-1167) il rəbi-əl-əvvəl ayının birinci gecəsi həmin şəhərdə vəfat etmişdir.

 
Şəhrəkin oğlu Cavidan


Babəkin müəllim və rəhbəri olan Cavidan Babəkdən qabaqkı xürrəmdinlərin rəhbəri idi. Yanlış olaraq onun atasının adını bəzən Səhlənəzən
Şəhrək və ya Səhrək yazmışlar. Bizcə, onun atasının adı Şəhrək imiş. "Səhl” və "Səhrək” isə farsca "Şəhrək” sözünün təhrif olunmuş şəklidir ki,, bu da
katiblərin xətası üzündən əmələ gəlmişdir.


İbn-Vazeh Yəqubi "Kitab-əl-büldan” adlı əsərində yazır: "Azərbaycan şəhərlərinin əhalisi Babəkin vətəni olan Bəzz şəhərində yaşayan azərilər
və cavidanilərdən mürəkkəb bir xalqdır”.


Təbəri 201-ci ilin hadisələrindən danışarkən yazır: "Həmin il cavidanilər təriqətində olan Babək xürrəmi meydana gəldi. Onlar da Bəzzin sahibi
Cavidan ibn-Səhlin tərəfdarları idilər.


Babək iddia edirdi ki, Cavidanın ruhu onun bədəninə köçmüşdür. O, fitnəkarlığa başladı”.
Xürrəmilərin vətəni


Demək olar ki, başdan-başa bütün İran xürrəmilərin və iranlılara məxsus olan bu məzhəbin tərəfdarlarının vətəni olmuşdur. Onların vətəni bir
tərəfdən Təbəristana çatırdı. Məsələn, Mazyar haqqında belə yazmışlar: "Mazyar Mötəsimə qarşı üsyan etdikdə bütün müsəlmanları işdən çıxarıb,
onların yerinə zərdüştiləri və xürrəmiləri təyin etdi. Onları müsəlmanlara hakim edərək tapşırdı ki, məscidləri dağıdıb, islamdan bir əsər belə
qoymasınlar”.


O biri tərəfdən Bəlxə qovuşurdu, necə ki, İbn-ən-Nədim "Kitab-əl-Fehrist” adlı əsərində deyir: "Bu Müslümiyyə tərəfdarlarının bir parasını
xürrəmdiniyyə adlandırırlar və deyirlər ki, onların bir hissəsi Bəlxdə yaşayır”.


Bir tərəfdən də xürrəmilər Azərbaycanda və İsfahan torpaqlarında, habelə Kərəc, Luristan, Xuzistan, Həmədan, Bəsrə, Qum, Kaşan, Rey və

Xorasanda da yaşamışlar. Necə ki, Məsudi "Kitab-ət-tənbih və l-əşraf” adlı əsərində yazır: "Babəkin müəllimi Cavidan ibn-Şəhrəkin tərəfdarları hesab
olunan Cavidanilər barəsində "Fil-məqalət fi-l-üsul-əd-dəyanət” və "Sirr-əl-həyat” adlı kitablarında qeyd etdiyi kimi, xürrəmiyyə, kudəkiyyə, kudək-
şahiyyə təriqətləri və onun şöbələri İsfahanda, Bücdə, Kərəci, Əbudüləfdə, Zəzeynidə, yəni Zəzi-möqəl və Zəzi-Əbudüləfdə, Mehrəcan Qazəq
nahiyəsinin Seymərə kəndlərindən olan Vərsəncan, Qəsəm və Kuzəştdə, Masobzan nahiyəsinin şəhərlərindən olan Sirvan, Ayruçan qəsəbələrində,
Həmədan, Məhkufə, Mah Bəsrə, Azərbaycan, Qum, Kaşan, Rey, Xorasan və habelə İranın başqa nahiyələrində də olmuşlar”.


Bürc İsfahanın qəsəbələrindəndir. Kərəc (farsca isə Kərəh) Həmədandan İsfahana gedən yolun ortasında, İsfahanın qərbində, Brucirdin (10
ağaclığında, Bürcün 12 ağaclığında və Novböncanın 10 ağaclığında yerləşən bir şəhərdir ki, oradan da İsfahana 30 ağacdır. Kərəcdən Həmədana da 30
ağaclıq yol var.


Əbu düləf asim ibn-İsa ibn-İdria ibn-Məqil İcli Bəni Abbas sarayının görkəmli xadimlərindən olub, 226-cı ildə ölmüşdür. O, Kərəc şəhərində
anadan olduğuna görə, Kərəci başqa şəhərlərdən fərqləndirmək üçün ona Kərəci-Əbudüləf deyirdilər.


Bürc və Kərəc iki ayrı-ayrı müstəqil nahiyələrdir. Bu nahiyələrin adına ikilik bildirən "eyn” şəkilçisi əlavə etməklə İqareyn və ya İqaran da
deyirdilər. İqar isə o, zamanın istilahına görə, elə bir nahiyəyə deyilirdi ki, onun vergiləri müqatiə şəklində müəyyən bir şəxsə verilsin. Bu söz, demək olar
ki, "iqta” və ya monqol dilindəki "incu”, habelə türk dilindəki "tiyul” sözlərinin qarşılığıdır.
Bu iki nahiyədən alınacaq vergi və xərac həmin Əbudüləfin oğulları İsa və Məqilə müqatiəyə verildiyinə görə, onlara bu adı qoymuşdular.
Kərəcin qədim adı olan Kərəh indiki Kərəhrudun üstündə qalmışdır.


İkilik bildirən "eyn” şəkilçisi ilə işlədilən "Zezeyn”də biri İsfahan ilə Luristanın dağlıq hissəsi arasında olan Lalistanda, digəri isə Həmədan
nahiyəsində yerləşən və bir-birinə bitişik iki kəndin adıdır. Bu kəndlərin də vergisi müqatiə şəklində Məqilə və onun atası Əbudüləfə verildiyindən birinə
Zəzi-Məqil, digərinə isə Zəzi-Əbudüləf deyirdilər.
Kitablarda Vərsincan, Qəsəm və Güzəşt adlı yaşayış məntəqələri haqqında heç bir şey yazılmamışdır. Lakin anlaşıldığına görə bu üç
yaşayış məntəqəsi İsfahan ilə Seymərə arasında yerləşmışdır. Müəllifin özü də Xürrəmabadı "Seymərə” torpağı deyə izah etmişdir. Tehran nahiyəsində
Kuhdəşt adında bir qəsəbə vardır. Ola bilsin ki, elə bu həmin qədim Güzəştdir.


Seymərə dağlıq hissə ilə Xuzistan arasında bu günkü Luristanın Mehrcan Qəzəq ərazisində yerləşən bir şəhər imiş. İndi bu şəhərin yerində
kiçik bir kənd vardır. Bu şəhər ilə bügünkü Tehran arasında bir körpü çəkilmişdir ki, onun da qalıqları indi durur və keçmişdə ona böyük əhəmiyyət
verirmişlər.


Sirvan dağlıq hissədə yerləşən bir şəhər imiş. Masobzan ölkəsinin hakimi orada oturardı. Ərivcan da, mətndən anlaşıldığı kimi, həmin
nahiyədə imiş. Masobzan-Mehrcan Qəzəq, Sirvan və Seymərə ilə qonşu bir nahiyə imiş, Ərivcan da onun şəhərlərindən bir idi. Ərivcan Hülvandan
Həmədana gedən yolun üstündə, düzənlikdə yerləşmişdi. Mah-Kufə İranın qərb nahiyələrindən biri idi. Mah-Kufənin iki hakimnişin şəhəri var idi: biri
Dinəvər şəhəri, digərisə indiki Kirmanşah imiş ki, onun adını Qərəmsin, Qərmasin və bəzən də Qərmisin şəklində yazmışlar.
Mah-Bəsrə onun cənubunda yerləşən bir nahiyə imiş. Nəhavənd və Brucird şəhərləri bu nahiyənin iki ayrı-ayrı hakimnişin şəhəri hesab
olunurdu.

Çox oxunanlar

Şərhlər