0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Seyid Əzim Şirvani. “Qaz və durna” təmsili

Seyid Əzim Şirvani. “Qaz və durna” təmsili…

Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 9-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur.

 

Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır.

 

1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir.

 

Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar. Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir.

 

Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur. Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir. Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri”, "Dəli şeytan”, "Məkri-zənan”, "Bəlx qazisi və xarrat”, "Müctəhidin təhsildən qayıtması”, "Elmsiz alim”, "Alim oğul ilə avam ata” və s. satiralarıdır. Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat etmişdir.


ƏSƏRİ BURADAN YÜKLƏ:


"Qaz və durna” təmsili

Çox oxunanlar

Şərhlər