QAFQAZ SƏFƏRİ Dərbənd Biz sübh çağı yola düşdük. Hava çox yaxşı idi. Buralarda nə şaxta, nə də qar vardı. Bu, Dərbəndə yaxışlaşdığımızı xəbər verirdi. Elli kəndini keçdik. Baqration bizi müşayiət edən polislərin başçısı İman Qazalyevlə azərbaycanca bir neçə kəlmə danışdı. Hiss olunurdu ki, onun cavabı Baqrationu qane etmışdı. Söhbət mənim silahəmdan getsə də, dinib-danışmırdım. Qarabakənddə səhər yeməyinə dayandıq. Faytonumuzda yemək üçün hər şey vardı. Moyne fürsətdən istifadə edib üç tablonun eskizni çəkdi. Biz gözəlliklər ölkəsinə daxil olmuşduq. Odur ki, hər addımbaşı faytonu saxlayıb bu əfsunedici mənzərəki seyr etməli olurduq. Buynakda Baqrationun qulluqçusu bir neçə atla bizi gözləyirdi. Mən Baqrationla onun faytonuna, Moyne ilə Kalino isə mənim faytonuma mindilər. Beş dəqiqə keçməmiş atları qoşdular və yola düşdük. Kənddən iki yüz metr aralanmışdıq ki, bir dəstə kəklik bizi görüb havaya qalxdı və uçduğu yerdən əlli metr aralıda təzədən yerə endi. Faytonları saxladıq və onlara yaxınlaşdıq. Kəkliklər yenidən havaya qalxdılar. Mən onlardan birini vurdum. Qalanları başımızın üstündən uçub getdilər. Təpənin o tərəfində gözdən itincəyə qədər onları müşayiət etdim. Təpəyə tərəf getdik. Təpənin başına çatanda artıq kəklikləri unutmuşdum. Çünki Xəzər dənizi ilə üz-üzə dayanmışdım. Ucsuz-bucaqsız hamar səhranı andıran bu ümman göy yaquta bənzəyirdi. Qədimdə İrkani adlandırılan, Herodota qədər, demək olar ki, əfsanəvi hesab olunan dəniz mənə çox əzəmətli və məhzun göründü. İlk dəfə Herodot tərəfindən təsvir edilən, sahəsi haqqında məlumat verilən bu dəniz, əski zamanlarda olduğu kimi, indi də az bəllidir. Qədim tarixçilər onun gözəlliyindən ilhamla söz açmış və onu “sehrli möcüzə” adlandırmışlar. Ehtimal ki, gələcəkdə nəhayətsiz qum gölünə və ya sadəcə olaraq qırğız və noqay çöllərində batalıqlara bənzər bataqlığa çevriləcəkdir. Suyu insanın heç vaxt dərk edə bilməyəcəyi hansı yeraltı yollarlasa axıb gedən, yoxa çıxan, yavaş-yavaş azalan, heç bir şey verməyən bu sehrli dəniz şərqdən qum, şimal, cənub və qərb tərəfdən bütün çayların suyunu udur. Yol boyu Dərbəndə qədər biz bu “sehrli möcüzəni” seyr edəcəyik. Təpədən enən faytonlara mindik və yolumuza davam etdik. Çətin yoxuş və enişlər bir-bir arxada qalırdı. Yerli olan faytonçular atları dördnala çaplr, bu eniş-yoxuşların arasından axıb gedən iti dağ çayalrından belə ehtiyat etmirdilər. Doğrudur, ilin altı ayında bu çaylarda su az olur. Bununla belə daşqın vaxtı suyun gətirdiyi daşlar təhlükə törədir. Faytonumuz atılıb-düşür, böyük taqqıltı salırdı. Bizdə belə yollara rast gəlinmir. Şübhəsiz ki, buralarda Fayton düzəldərkən bu çətinliklər nəzərə alınır. İnsan oğlu həmişə çətinliklərə sinə gərir, onun üzərində zəfər çalır. Belə yolda faytonun sıradan çıxması hər dəqiqə gözlənə bilər. Lakin tezliklə onu düzəldir və yollarına davam edirlər. Biz də yolumuza davam etdik və günortadan sonra saat dörd radələrində Qarakəndə çatdıq. Azuqəmizi faytondan götürüb nahar etdik. Yeri gəlmişkən deyim ki, səyahət vaxtı, xüsusilə də belə səfərlərdə yemək məsələsi böyük problemə çevrilir. Odur ki, gələcəkdə bu yolla səyahətə çıxanların nəzərinə çatdırıram: Həştərxandan Qızlara qədər özünüzlə hər şey götürün. Qızlardan Dərbəndə yola düşəndə bir daha yaxşıca bazarlıq edin. Çünki yolda bir şey ala bilməyəcəksiniz. İtaliyalılar pis yeyirlər. İspanlar az yeyirlər. Düzənliklərdə məskən salanlar isə elə bil heç bir şey yemirlər. Rusiyada yaşayanlar da yemək-içmək qayğısında olan xalqlara bənzəmirlər. Bunlarda günün hansı vaxtı nə yemək məsələsi adət-ənənəyəçevrilməyibdir. Təki samovar qaynasın, stəkanlarda çay buğlansın. Fərq etməz, istər o Çin imperatorunun sarı çayından, istərsə də Kalmık şahzadəsi Tümenin çayından dəmlənsin. Əsas məsələ budur ki, samovar həmişə dızıldasın, dəmdə olsun. Bir yana səfərə çıxanda da azuqə barədə o qədər fikirləşməzlər. Bu məsələdə onlar ərəblər kimi hərəkət edirlər. Elə bil ərəblərin bir xurmanı səhər, birini də axşam yeməklə günü başa vurmaları bunlara da sirayət edib. Bir yana gedəndə kəmərlərini və xəncərlərini bərk bağlayıb yola düşər, zarafat edə-edə, deyib-gülə gəlib mənzil başına çatarlar. Biz isə azuqə tədarük görmədən yola çıxmırıq. Doğrudur, Fransad yaşamış, onun nemətlərini qiymətləndirən, bitkilərinə, heyvanat aləminə və insanlarına bələd olan knyaz Baqrationla bir yerdə aclıq və ehtiyacdan qorxmağa dəyməz. Mən hələ də özüm özümdən sual edirəm: “Görəsən, Qarakənddən Dərbəndə qədər yol boyu yediyimiz ciyərdən hazırlanmış o dadlı və yağlı piroqları Baqration haradan əldə etmişdi? Axı, bura Strasburqdan azı min iki yüz mil aralı idi”. Çin sərhədlərindən uzaqda olsaq da, bizə pürrəngi Çin çayı dəmləmişdilər. Bir məsələni də qeyd etmək yerinə düşərdi. Bu yerlərdə çarpayı da, fayton kimi, küknar və palıd ağaclarından çəkilmiş taxtadan düzəldilir. Bu çarpayının üstünlüyü ondan ibarətdir ki, onun üstündə yatan ən tənbəl adamlar belə “tənbəllik xəstəliyi”ndən yaxa qurtara bilirlər. Məsələ burasındadır ki, yuxudan oyanandan sonra yataqda eşələnmək, qollarını açaraq dərindən nəfəs almaq, “oxay” demək, o yana-bu yana çevrilərək xoşhallanmaq, yuxunu dağıtmaq və s. bu yataqda mümkün deyil. Çünki adamın sümükləri ağrıyır. Heç bir tülü, pərdəsi olmayan pəncərələrdən düşən Günəş şüaları adamın gözlərini qamaşdırır, yataqda xoşhallanmağa qoymur. Belə hallarda adamın xarakterindən asılı olaraq o, ufuldansa da, dodaqaltı donquldansa da, qalxıb yuyunub-geyinməkdən başqa çarəsi qalmır. Biz də səhər tezdən durmuşduq. Yeri gəlmişkən deyim ki, Qazan şəhərindən üç ədəd mis ləyən almışdıq. Hər dəfə biz onları faytondan düşürəndə hamı təəccüb edirdi: - Görəsən bunlar nəyə lazımdır? Lakin onlar bizim çox köməyimizə çatırdılar. Fransa yollarında dayanacaqlarda su ilə dolu bardaqlar, ləyənlər olduğu halda, buralarda yoxdur. Odur ki, mis qablar həmişə köməyimizə gəlirdi. Lakin Qarakənddə buna ehtiyac yox idi. Çünki knyaz Baqrationun rahatlıq üçün hər şeyi vardı. Qarakənd dumanla örtülmüşdü. Kəndin bizə yazın hissəsi açıq, bir az aralı hissəsi çəhrayı və bənpvşəyi rəngə çalırdı. O yanda – uzaqlarda isə göy rəngə çalan heyranedici bir mənzərə vardı. Boş vaxtımız olduğundan Moyne bu mənzərənin eskizini və hətta bir akvarel də çəkdi. Əgər yolda bir hadisə baş verməsə, elə bu gün Dərbəndə çatarıq. Çünki Qarakənddən Dərbəndə cəmisi 50 verstdir. Yolda, xüsusən də Qafqaz yollarında hər cür hadisə gözlənilə bilər. Belə hadisələrdən yaxa qurtara bilməzsən. Dərbəndin on səkkiz kilometrliyində Xan Məmməd Kalınski kəndindəki dayanacaqda bizi də belə bir hadisə gözləyirmiş. Dərbəndə getmək üçün at yox idi. Lakin Baqration üçün bu böyük bir məsələ deyilmiş. O, yolun tən ortasında dayanaraq keçən arabaları saxladı. Əlində bir çəngə pul tutub şirin dilini azərbaycanca işə saldı. Yarızarafat, yarı hədə-qorxu ilə faytonçuları da, yorulmuş atları da dəyişdirdi. Yenidən yola düşdük. Yol uzunu imkan düşdükcə arabaçıları və poçt atlarını yeniləri ilə əvəz edirdik. Bu, bizim daha sürətlə irəliləməyimizə kömək edirdi. Günün ikinci yarısında bir müsəlmsn- azərbaycanlı qəbiristanlığının yanından keçdik. Bu, dağın arxasında yerləşən Dərbənd şəhərinə yaxınlaşdığımızdan xəbər verirdi. Bir verstdən də uzun olan amfiteatrı andıran təpə üzü Şərqə baxan qəbir daşları ilə tamamilə örtülmüşdü. Buradan dəniz aydın görünürdü. Bu baş daşları meşəsinin ortasında Baqration mənə çəhrayı və yaşıl rənglərlə səliqə ilə bəzədilmiş çox da böyük olmayan bir abidə göstərdi: - Bu, məşhur xanımın məzarıdır. Mən, öz sualımdan xəcalət çəksəm də, soruşdum: - Axı, kim olub o xanım? - O xanım şamxal Tarkovskinin aşnasımı, arvadımı olub deyim, bilmirəm. Necə istəyirsiniz, elə də qəbul edin. Bu onun qəbridir. Bu haqda bir hekayət də var. - Deyirsiniz, onların aşıq-məşuqluğu haqqında bir hekayət və ya əfsanə də vardır? - Ondan da yaxşı. Bu böyük bir tarixdir. O barədə sizə Dərbənddə danışarlar. Burada isə bir onu deyə bilərəm ki, bu ən gözəl romantik bir hekayətdir. - Çox gözəl. Mən bunun haqqında bir əsər yazaram. - Yəni güman edirsiniz ki, parisli oxucuları bir avar xan qızının və ya (o, İran xəlifələrinin nəvə-nəticələrindən ols da) bir azərbaycanlı bəyin məhəbbəti maraqlandıracaq? - Niyə də yox? Ürək bütün dünyada elə ürəkdir. - Elə olmağına elədir. Lakin hisslər özünü müxtəlif tərzdə göstərir. Polkovnik Verkovski bir vaxt bu xanımın məşuqu Ammalatbəyi asılmaqdan xilas etmiş, bir qədərdən sonra isə Ammalatbəy Verkovskinin başını kəsib Əhməd xana aparmışdır. Əhməd xan də bunu lazımınca qiymətləndirmişdir. Öz qızını ona ərə vermişdir. Çox çətin ki, Parisin Müqəddəs Jermen və Breda küçələrinin xanımları, eləcə də Monblan küçəsinin bankirləri bunu başa düşsünlər. - Bu, yeni bir şey olacaq, mənim əzizim. Mən həmişə yeniliyə can atıram. Bura bax, Baqration, o gördüyüm nədir? – deyə dilləndim. – İlahi! Bu ki, Dərbənddir! Çox-çox qədimlərdə Pelasgilər dövründə əsası qoyulmuş qala divarları dağın zirvəsindən dənizin sahilinə qədər uzanaraq yolumuzun üstündə durmuşdu. Hələ mən tağlı şəhər qapılarını demirəm. Yalnız insanları deyil, zamanın özünü də heyrətə gətirən Şərq memarlıq üslubunda tikilmiş bu möhtəşəm, tağlı qapılar açılır, gediş-gəliş başlanır. O dəqiqə də şəhər gələnləri qoynuna alırdı. Şəhərə qədəm qoyduq. Güman ki, Pelasgilər dövründə tikilmiş bulağın başında çoxlu çadralı, al-əlvan geyimli azərbaycanlı qadınları toplaşaraq su götürürdülər. Qala divarlarının dibində isə biri-birilə danışmayan, qadınlara məhəl qoymayan, dişlərinə qədər silahlanmış əsgərlər heykəl kimi lal və hərəkətsiz dayanaraq, elə bil fikrə dalmışdılar. Yolun o biri tərəfində isə Şərq şəhərlərində tez-tez müşahidə olunan uçuq divarlar görünürdü. Elə bil bu uçuq divarlar adama daha çox təsit bağışlamaq üçün beləcə saxlanmışdı. Divarların arasında bir vaxt mənzillər olan yerdə isə nəhəng palıd və qoz ağacları səmaya yüksəlirdi. Faytonu saxlayaraq, ətrafa nəzər saldıq. Qədim hadisələrin şahidi və zəngin tarixi olan şəhərləri barnmaqla saymaq olar. Onlardan biri də Dəmir Qapı Dərbənddir. Asiya ilə Avropanın ayrıldığı yerdə yerləşən bu qədim şəhəri skiflərin hücumundan və keçmişin başqa bəlalarından qala divarları xilas etmişdir. İki qitənin birləşdiyi yerdə inşa edilən Dərbənd qismən Şərq, qismən də Avropa şəhəridir. Şəhərin yuxarı hissəsində məscid, bazarlar, yastı damlı evlər görünürdü. Dolama yol dağın başındakı Qalaya qədər gedib çıxırdı. Aşağıda isə əsgərlər üçün taxtadan tikilmiş baraklar, damı bişirilmiş yaşıl kərpicli binalar, faytonların şütüyərək getdiyi küçələr diqqəti cəlb edirdi. Ətrafımıza milli geyimli çoxlu adam – farslar, azərbaycanlılar, çərkəzlər, ermənilər, gürcülər toplaşmışdılar. Onların arasında sifətindən soyuqluq yağan, bənizi qaçmış, uzun, ağ çadraya bürünmüş, qədim mirası andıran bir erməni qadını da vardı. Müxtəlif geyimli adamlar gözəl bir mənzərə yaratmışdılar. - Mənim yazıq, zavallı Bulanjem, əziz Jirom, siz hardasınız? Heyf ki, bizimlə deyilsiniz! Moyne ilə bu qeyri-adi mənzərəni görmək üçün sizi nə qədər arzuladıq. Bu deyilməmiş gözəl mənzərədən könülsüz də olsa ayrılaraq, faytonlarımızı valinin iqamətgahına çatana qədər heç yerdə saxlmadıq. General Akseyev Tiflisə getmişdi. Xidmətçilər isə evin astanasında durub bizi gözləyirdilər. Yemək hazır idi. Hələ Teymurxanşurada (indiki Buunaksk – red.) ikən Baqration öz sehrli çubuğunu işə salıbmış ki, burada hər şey hazır olsun. Tələm-tələsik nahar edib iki-üç yüz addımlıqdakı dəniz sahilinə endik. Günün batmağına yarım saat qalırdı.Dərbənd doğma şəhəri olduğundan Baqration bələdçiliyi öz üzrinə götürdü. Hamı onu tanıyır, görən kimi təbəssüm və ehtiramla salam verirdi.Aydın görünürdü ki, Baqrationu özbaşına axan şır-şır bulağı və ya kölgəsində istirahət etdikləri barlı-bəhrəli meyvə ağacını sevdikləri qədər sevirlər. Səlahiyyətli, mötəbər vəzifəli şəxsin yaxşılığa can atması nə böyük qismət imiş! Hər şeydən əvvəl diqqətimizi cəlb edən çiy kərpicdən tikilmiş kiçik ev, iki top və evin ətrafına çəkilmiş zəncir oldu. İki böyük daşın üzərində ruslar 1722 və 1848 rəqəmlərini həkk eləmişdilər. Birinci rəqəm göstərir ki, 1722-ci ildə Böyük Pyotr Dərbəndə gələrkən bu evdə qalıb. İkinci rəqəmdən isə məlum olur ki, tarixi abidə kimi bu evin ətrafına 1848-ci ildə zəncir çəkilmişdir. Dəniz tərəfdən binanı qoruyan üçüncü bir top da diqqətimizi cəlb etdi. Hər üç topu Dərbəndə Böyük Pyotrun gəlişi zamanı gətiriblər. Toplar Birinici Pyotrun göstərişi ilə Don çayı üzərində Voronejdə 1715-ci ildə hazırlanmışdır. Birinci Pyotrun ölümündən 150 il keçsə də, ruslar onunla əlaqədar olan, onun ayağı dəyən hər yeri böyük hökmdarın adı ilə bağlayır, əbədiləşdirirlər. Böyük Pyotr Dərbəndə onu gələcəkdə liman şəhəri kimi görmək arzusu ilə gəlmişdi. Lakin qayalıqların çoxluğu və dənizin həddən artıq dayaz olması onu məyus etdi. Burada qayıqların belə sahilə yan alması qorxuludur. Sahilə yalnız 15 fut enliyində girişlə yaxınlaşmaq olar. Dəniz coşanda dənizçilər qayıqlarını zədə almadan bu dar keçidlə sahilə çıxmaq üçün suya girirlər. Su burada çox dayazdır, ancaq adamın qurşağına qədər çıxır, qayığın qayaya toxunub zədə almaq qorxusu olur. Qalan yerlərdə isə ləpələr aramsız olaraq uca qayalara çırpılır. Gəmilərin yan alaraq yüklərini boşaltması üçün əlli qədəmə qədər dənizin içinə uzanan ləpədöyəndən də keçən bənd vardı. Dəniz suyunun onun səhtinə çatmasına az qalırdı. Şəhəri müdafiə məqsədilə tikilmiş divar bəndin o yanından uzanıb gedir. Dəniz coşanda, dalğalar şahə qalxanda zərbənin gücünü azaltmaq üçün divarda su keçidləri qoyulmuşdu. “Dəniz coşanda” sözünü işlətdim. Mən fırtınanı nəzərdə tuturam. Suyun enib-qalxmasını demirəm. Xəzər dənizində qabarma və çəkilmə olmur. Dəniz sahilindən bütövlükdə şəhərin gözəl mənzərəsi açılır. Dağ başından başlayaraq sahilə qədər səpələnmiş binaların düzülüşü şəlaləni andırır. Yuxarıda - dağın döşündə azərbaycanlıların yaşayış məhəllələri, aşağıda isə rusların ordugahı yerləşir. Şəhər bizə ortadan qatlanmış xalı təsiri bağışladı. Qala divarlarının cənub tərəfi əzəmətlidir. Sanki heç kimə baş əyməyən bu məğrur şəhərə qala divarları səcdə qılır. Qalanın salamat qalmış yerlərindən onun qədim Pelasgi üsulunda tikildiyi görünür. Bəzən qala divarları əyilmiş, bəzən isə divarın dağılıb-sökülmüş yerlərini əllərinə keçən adi daşlarla müasir hörgüçülük üsulunda bərpa etmişlər. Mən qala divarlarının ən qədimdən qalan hissəsinin də pelasgilər dövründə tikildiyi fikrinə şübhə ilə yanaşıram. Əgər cürət edib bu incə məsələ barədə fikir söyləməli olsaydım, deyərdim ki, Birinci Xosrov kimi tanınan Böyük Xosrov 562-ci ildə yustinianlara qarşı müharibə dövründə qalanı ənənəvi pelasgilər üslubundə bərpa etdirmişdir. Bunu Cənub darvazası da təsdiq edir. Onun üzərində həkk olunmuş şir heraldikası Xosrovun rəmz kimi qəbul etdiyi məşhur şirdən fərqlənmir. Bu heraldika başının yastıvari olması ilə fərqlənir. Həmin heraldikanın aşağı hissəsində indiyə qədər heç kəsin oxuya bilmədiyi qədim fars yazısı vardır. Baqration söz verib ki, onun üzünü köçürtdürsün. Mən də onu alim dostum Solsiyə göstərim. Əgər dostum onu oxuya bilsə, tərcüməni mütləq Baqrationa göndərəcəyəm. Yalnız qaranlığın düşməsi bizi gecələcəyimiz evə, daha doğrusu, çoz qəşəng və təmtəraqlı imarətə dönməyə məcbur etdi. Toranlıqda Dərbənd məftunedici görkəm almışdı. Arzu etdik ki, bu gecə yay gecəsi kimi qısa olsun. Biz Dərbənddə daha çox yer görməyə can atırdıq. Odur ki, səhərisi gün dan yeri ağaranda artıq qalxmışdıq. Qapıda bizi kiçik bir fayton gözləyirdi. Başqa küçələri nəzərə almasaq, Dərbəndi iki ana xətt – iki mühüm nəqliyyat yolu çarpaz bölür. Bu yollardan biri dəniz sahilindən başlayaraq fars və azərbaycanlılar məhəlləsinə, ikinci yol isə şəhərin cənub darvazasından şimal darvazasına, yəni Şir darvazasından Bulaq darvazasına qədər uzanıb gedir. Yuxarı qalxdıqca küçə boyu hər iki tərəfdə dükanlar vardır. Burada dəmirçilər və misgərlər işləyirlər. Hər dükanın arxa divarında iç tərəfdən taxçaya bənzər qəfəs düzəldilmişdir. Bu qəfəslərdə dükan sahibləri məğrur və vahiməli qırğılar saxlayırlar. Bayram günlərində və ya işləri az olanda dükandarlar qırğıları torağayların və ya başqa quşların arxasınca buraxaraq əylənirlər. Bazarı gəzdikdən sonra məscidə getdik. Məscidi göstərmək üçün bizi molla gözləyirdi. Şərq adət-ənənəsinə görə mən ayaqqablarımı çıxartmaq istəyirdim. Lakin molla buna heç cür imkan vermədi. Yerə sərilmiş müqəddəs xalçanı qatlayaraq kənara qoydular və biz məqrəbəyə tərəf yollandıq. Məsciddən çıxanda bayırda başdaşına bənzər bir şey diqqətimizi cəlb etdi. Onun nə olduğunu soruşdum. Güman edirdim ki, bi bir Şərq əfsanəsindən söz açar. Lakin yanılmışdım. Bu əfsanə deyil, tarixin bir səhifəsi imiş. Təqribən yuz otuz il əvvəl - Dərbənd İrana tabe olanda Nadir şahın təyin etdiyi, təbiətən çox mülayim və həlim xasiyyətli Dərbənd xanını dərbəndlilər üsyan edərək şəhərdən çıxarırlar. Nadir şah Avropa qapılarının onun üzünə bağlanması ilə barışa bilməzdi. Qəzəblənmiş şah dərbəndlilərdən intiqam almaq üçün zalım sərkərdələrindən birini Dərbəndə xan təyin edir. Onu böyük ordu ilə Dərbəndə yola salır ki, nəyin bahasına olursa-olsun, şəhəri tutsun və dərbəndlilərə istədiyi cəzanı versin. Yeni xan Dərbənd üzərinə yeriyir. Zorla qapıları açdırır və şəhəri tutur. Səhərisi gün başqalarına görk olmaq üçün qiyamda iştirak edənlərə cəza verilir. Yeni xanın əmri ilə hamını məscidə ibadətə dəvət edirlər. Məscidə gələnlərin bir gözünü, ibadətdən imtina edib evdə qalanların isə hər iki gözünü çıxardırlar. Farsların çəkisi ilə yeddi batman, rus çəkisi ilə üç pud yarım, fransız çəkisi ilə yüz on girvənkə gələn “qəniməti” məscidin həyətindəki qoşa çinarın arasındakı daş sütunun altında basdırırlar. Həqiqətdən daha çox “Min bir gecə” nağıllarını andıran bu hadisəyə qulaq asarkən iyirmi bir nəfərin bizə tərəf gəldiyini gördüm. Ağlıma da gəlməzdi ki, onlar məni axtarırlar. Lakin bir neçə saniyədən sonra buna heç bir şübhəm qalmadı. Çünki düz bizim üstümüzə gəlirdilər. Mən Baqrationdan soruşdum: - Bu adamlar kimlərdir? - Deyəsən nümayəndə heyətinə oxşayır, - Baqration cavab verdi. Siz əminsinizmi ki, onlar gözümün birini çıxarmağa gəlməyiblər? bu işdən heç gözüm su içmir. Mən korlar dünyasının padşahı olmaq fikrində deyiləm, - dedim. - Siz heç narahat olmayın. – Baqration güldü. – Sizi müdafiə edərik. Hər halda əminəm ki, heç kəs cürətlənib dağlıların fəxri qonağına hücum etməz. Özü də mən onların başçısını tanıyıram. O, çox igid insandır. Vaxtilə şəhər qapılarının açarını rus imperatoruna təqdim etmiş adamın oğludur. Onu Əli oğlu Kavus bəy çağırırlar. Bu dəqiqə onun mətləbini öyrənərəm. Bir-iki dəqiqədən sonra Baqration geri dönərək onların xoş məramla gəldiklərini bildirdi: - Dəstənin başçısı rusca bilir və sizin rus dilinə tərcümə olunmuş bəzi əsərlərinizi oxuyub. İranlıların anadangəlmə gözəl nağıl danişan olduqlarını bilirsiniz. O, yoldaşlarına sizin “Üç müşketyor”, “Kraliçə Marqo”, “Qraf Monte-Kristo” əsərləniz haqqında danışıb. İndi bunlar sizə təşəkkür etməyə gəliblər. - Bura bax, Baqration. Mən Parisdən Dərbəndə saqqızımı oğurtlatmağa gəlməmişəm. Düzünü de, onlar nə istəyirlər? - Vicdanıma and olsun, düzünü deyirəm. Bilsələr ki, inanmırsınız, məhkəm inciyərlər. Budur, gəlirlər. Onlara diqqətlə qulaq asın, görün nə deyirlər. Dəstənin başçısı irəli çıxdı. Əlini köksünün üstünə qoyub rusca danışmağa başladı. Baqration onun dediklərini sözbəsöz tərcümə etdi: - Ey adlı-sanlı səyyah! – (Dedikdə bacardığım qədər başımı aşağı əydim). – Sizi rus dilinə tərcümə edilmiş əsərlərinizdən tanıyırdıq. Xeyli əvvəl qəzetlər xəbər vermişdilər ki, bizim şəhərə gələcəksiniz. O vaxtdan bəri bu günü – sizi gördüyümüz bu xoşbəxt günü gözləyirdik. İcazə verin, ey hörmətli qonaq, bu gəlişinizə görə dərbəndlilər adından sizə minnətdarlığımızı və təşəkkürümüzü bildirək. Şəhərimizə gəlişinizi heç vaxt unutmayacağıq. Arzu edərdik ki, siz də bizim şəhəri heç vaxt yaddan çıxarmayasınız! Mən dönə-dönə baş əydim və dedim: - Ömrüboyu Sədinin yolu ilə getmək arzusunda olan, lakin heç vaxt onunla rəqabətə girmək fikrinə düşməyən bir adamın ürəkdən gələn səmimi təşəkkürlərini qəbul edin! Baqration dediklərimi tərcümə etdikdə cavabım onların xoşuna gəldi. Sözlərimi bir-birinə təkrar edərək təbəssümlə və başlarının hərəkətləri ilə razılıqlarını bildirdilər. Elə bu vaxt Baqration təklif etdi: - Məncə dəstənin başçısını nahara dəvət etmək yerinə düşərdi. - Bu lap ağ olar ki! Bəyəm mən öz evindəyəm ki, qonaq da çağırım? Bəlkə onu Parisə kafeyə dəvət edim? - Nə qədər ki, burdasınız, general Akseyevin iqamətgahını öz eviniz bilin. Əgər özünüzü sərbəst hiss etməsəniz, istədiyiniz adamı çağırmasanız, general ürəkdən inciyər. Eşidin və yadınızda saxlayın6 Azərbaycanda, eləcə də bütün Qafqazda hər hansı bir qapını döyüb desəniz ki, mən əcnəbiyəm, gecələməyə yerim yoxdur, ev sahibi o saat ən böyük otağını sizə verəcəkdir. Özü isə ailəsi ilə kiçik otaqda yerləşəcək. Üstəlik, onun evində qaldığınız, deyək ki, bir həftə, iki həftə, bir ay müddətində sizə qayğı göstərəcək, korluq çəkməyə qoymayacaq. Siz çıxıb gedəndə isə qapının ağzında dayanıb deyəcək: “Lütfən bir gün də qalıb bizi şad edin, sabah gedərsiniz.” - Lap yaxşı, indi ki, belədir, mənim adımdan onu dəvət edin. Ancaq bir şərtlə. Qoy burada dediklərini fars dilində bir kağıza köçürüb gətirsin. Onu çərçivəyə alıb saxlayacağam. - Bu onun üçün ən şərəfli bir iş olar və nahara gələndə dediklərini mütləq kağıza köçürüb gətirər. Baqration mənim arzuçu Kavus bəyə çatdırdı. Kavus bəy təklifimi böyük məmnuniyyətlə qəbul etdi. Elə bu vaxt mehtərlər bizə dörd yəhərli at gətirdilər. - Bəs bu nədir? Bəlkə bu da başqa bir nümayəndə heyətidir? Bu atlar mənim əsərlərimi oxumuş təhsilli atlar deyillərki? – Zarafatla Baqrationa müraciət etdim. - Əsla, - deyə Baqration cavab verdi. – Bunlar sadəcə olaraq dörd minik atıdır. Qalaya faytonla getmək mümkün olmadığından atları gətiriblər. - Biz oraya piyada gedə bilməzdikmi? - Əgər ayaqqabılarınızın, corablarınızın palçığa batıb qalmasına razısınızsa, niyə olmur? Yox, əgər qala rəisinin, onun arvadının və qızının görüşünə, eləcə də nahara təmiz paltarda getmək istəyirsinizsə, minin atın belinə. - Necə? Qalanın rəisi məni nahara gözləyir? - O, məktub göndərmişdi. Əgər münasib bilmirsinizsə, boyun qaçıra bilərsiniz. Hər şey sizin özünüzdən asılıdır. - Burda nəsə bir anlaşılmazlıq var. Baqration, necə bilirsən, bəlkə bunlar məni kiminləsə qarışıq salırlar? Deyək ki, məni Makedoniyalı İskəndərin törəmələrindən kiməsə oxşadırlar. - Bu daha yaxşı. Qoy onlar sizi lap Arbelini fəth edən Böyük İsləndərin özü hesab etsinlər. Bunun fərqi yoxdur. Bax, bu da sizin Busəfalınız . Buyurun, atlanın. Yəhərə oturanda Baqrationdan xahiş etdim ki, qabaqda o getsin. Mən isə onun arxasınca sürdüm. Görünür, hörmətli polkovnik bizi durbinlə müşahidə edirmiş. Biz qalaya çatanda polkovnik və onun yavəri qala qapısının ağzında gözləyirdilər. Salam-kəlamdan, xoş sözlərdən sonra üzr istəyib geri döndüm və zirvədən şəhəri seyr etdim. Həmin gün səhər-səhər dəniz sahilindən şəhərə baxmışdım. İndi isə əks tərəfdən gözəl bir mənzərənin şahidi oldum. Dağın döşüaşağı eni kilometr yarımdan artıq, uzunluğu isə üç kilometrə qədər olan bir sahədə saysız-hesabsız evlər cərgələnmişdi. Bizim dayandığımız yerdən yalnız damları görünən bu evlərin sırasını ancaq mühüm nəqliyyat yolları pozurdu. Şəhərdə yalnız iki yerdə yaşıllıq görünürdü. Biri ictimai park, digəri isə məscidin yanında Nadir şahın qeyzinə gələn dərbəndlilərin çıxarılmış gözlərinin basdırıldığı çinarlıq idi. Moyne tez Dərbəndin son dərəcə kiçik eskizini çəkdi. Şübhəsiz ki, o bunu sonralar böyük tabloya çevirəcəkdi. Belə ecazkar və sehrli mənzərənin şahidi olmaq mənə nadir hallarda qismət olub! Baqrationun məsləhəti ilə birbaşa səhər yeməyinə getdik. Rəisin gözəl ailəsi vardı. Onun arvadı, qızı və bacısı bizi salamladılar. Onların hamısı fransızca danışırdı. Təsəvvür edin, burada – Xəzər dənizi sahilində bir ailənin bütün üzvləri fransızca danışır! Nahar vaxtı qalanın rəisi söhbər əsnasında, Bestujev-Marlinskinin Sibirdən qayıtdıqdan sonra Dərbənd qalasında məskən saldığından söz açdı. Onun arvadı isə dedi: - Xəbəriniz varmı ki, Olqa Nestersovanın qəbri beşcə yüz addımlıqdadır? - Xeyr, mənim bundan xəbərim yoxdur... Yaxşı bilirdim ki, Bestujev-Marlinski Peterburqda 14 Dekabr üsyanında iştirak etdiyinə görə Pestel, Kaxovski, Rıleev və Muravyovla birlikdə dar ağacından asılan Bestujevin qardaşıdır. Bu Bestujev də ölüm cəzasına məhkum olunmuş, lakin çar Nikolay ölüm hökmünü Sibir mədənlərinə sürgünlə əvəz etmişdi. İki ildən sonra İran-Rus müharibəsində sıravi əsgər kimi iştirak etmək üçün ona geri qayıtmağa icazə vermişdilər. Bestujev-Marlinski Dərbəndə gəlmiş, burada leytenant rütbəsinə qədər yüksəlmişdi. “Qılınc oynadanların müəllimi” adlı romanımın qəhrəmanları – dekabr ayında Sibirə sürgün edilmiş, oradan yenicə geri qayıtmış Annenkov və onun arvadından Nijni-Novqorodda Bestujev-Marlinski haqqında çox şey eşitmişdim. Hətta qrafinya Annenkova mənə Bestujev-Marlinskinin öz əli düzəltdiyi qolbağı, həmyerlimiz Polin Ksavye isə xaçı göstərdi. İki dəmir parçasə onun əlində qiymətli qaş-daşa çevrilmişdi! Beləliklə, mən Bestujev-Marlinskini bir dekabrist, sürgün olunmuş bir şəxs, zərgər, şair və yazıçı kimi tanıyırdım. Lakin bunlar məzarı Dərbənd qalasının beşcə yüz addımlığında olan Olqa Nestersova haqqında heç nə demirdi. Mən onun kim olduğunu soruşanda evin xanımı: - Gərək əvvəlcə onun məzarını görəsiniz, sonra isə onun taleyi haqqında sizə danışarıq, - dedi. Elə o dəqiqədən yeməyin tez qurtarmasını səbirsizliklə gözlədim. Düzünü deyim ki, yaxşı yeməkdən ləzzət alıram. Lakin maraqlı hadisələr mənə daha çox ləzzət verir. Nahar qurtardıqdan sonra qadınlarla birgə arxa divarların yanı ilə dağın zirvəsinə tərəf qalxdıq. Dar bir keçiddən adlayaraq bir yanı dərin yarğan, o biri yanı sıldırım qaya olan kiçik bir düzənliyə çatdıq. Qala divarlarında 1831-ci ildə Molla Qazının hücumları zamanı divarlara dəyən mərmilərin yeri indi də qalır. Sonralar qala Molla Qazının davamçıları tərəfindən tutulubmuş. İndi sökülüb-dağılmış həmin qüllə vaxtilə böyük qala divarlarına qədər uzanıb gələn müdafia səddinin ayrılmaz hissəsi olmuşdur. Məşhur Çin səddi ilə pəqabətə layiq Böyük qala divarları isə bəzi tarixçilərin göstərdiyinə görə Dərbənddən Tamana qədər uzanıb getmiş və Asiyanı Avropadan ayırmışdır. Neçə-neçə alimin tədqiqat mənbəyi olan bu qala divarları haqqında müfəssəl söz aşmayacaq, ancaq görüb-bildiklərimizi deyəcəyik. Biz atlarla birinci qala divarları ilə ikinci qala divarlarını biri-birindən ayıran keçilməz uçuruma qədər altı verstlik yolu qət edəndə uçurumun o tərəfində yenə də qala divarları göründü. Divar boyu atların üstündə iyirmi verst də getdik. Elmə ehtiramımız bu oldu. Sonralar Bakıda tanış olduğumuz azərbaycanlı Xasay xan bizdən də iyirmi verst o yana getmiş, qala divarlarının davam etdiyini görmüşdü. Yerli adamlar onu inandırmışdılar ki, qala divarları nəhayətsiz olaraq uzanıb gedir. Bilirəm ki, mənim məşhur alim dostum M. Jomar bu məsələ ilə məşğul olub. Arzum budur ki, Parisə qayıdanda onu sağ-salamat görüm. Belə olsa ona bu məşhur divarlar haqqında istədiyi məlumatı verəcəyəm. lakin bu divarlar nə qədər qədim, nə qədər əzəmətli, nə qədər uzun olsa da, indi məni düşündürən onlar deyil, Olqa Nestersovanın taleyi və məzarı idi. Qala qapısından çıxıb sola döndük. Düzənlikdə üzü Xəzər dənizinə baxan kiçik bir xristian qəbiristanlığı vardı. Sadə bir qəbir daşı üzərində aşağıdakı yazını oxuduq: Burada gənc Olqa Nestersova əbədi yuxuya getmişdir. 1814-1833. Qəbir daşının o biri üzündə isə saplaqdan qoparılmış, ləçəklərini acı rüzgar tökmüş qönçə gül şəkli həkk olunmuşdu. Üst tərəfdə isə rus dilində Tale sözü yazılmışdı. O bədbəxtin taleyi haqqında mənə aşağıdakıları nəql etdilər: Olqa Bestujevin məşuqəsi olmuş və bir ilə yaxın xoşbəxt yaşamışdılar. Lakin bir ildən sonra qara buludlar onların başının üstünü almışdır. Bir axşam Bestujev üç nəfərlə şərab içərkən, necə olursa, söhbət zavallı olqadan düşür. Bestujev ona əmin olduğundan – Olqanın sədaqətindən ağız dolusu danışır. Şairin şərab dostlarından biri: “Bütün qadınlar səbatsız olurlar, - deyir. – Sənə elə gəlir ki, Olqa sədaqətlidir. Mərc gələrəm ki, istəsəm, onu ələ gətirə bilərəm.” Bestujev mərc gəlir. Adam öz xoşbəxtliyini necə də asanlıqla təhlükə altında qoya bilərmiş! Deyilənə görə, Olqa səbatsız çıxıb, bestujevə bu barədə dəlillər də təqdim edilibmiş. Bilən yoxdur ki, bir neçə gün sonra Olqa Bestujevin otağına gedəndə həqiqətən nə baş verib. Otaqdan güllə səsi, sonra isə qışqırıq eşidilib. Bestujev rəngi ağarmış halda, dəli kimi bayıra atılıb. Qana bələnmiş Olqa son anlarını yaşayırmış. Onun əlinin yanında tapança varmış. Hələ bayılmayan Olqa keşiş dalınca adam göndərib. İki saatdan sonra Olqa artıq canını tapşırıb. Sonralar keşiş and içərək Olqa tapançanı Bestujevin əlindən almaq istəyərkən güllənin təsadüfən ona dəydiyini deyib və bunu qalanın rəisinə bildirməsini ondan xahiş edib. Hadisə təsadüfən baş verdiyinə görə Olqa ğlərkən Bestujevi bağışlayıb. Bestujev Olqanı öldürmək üstündə məhkəməyə verilib. Lakin keşişin şahidliyinə və təsdiqinə əsasən onu azadlıqdan məhrum etməyiblər. Qəbrin üstünü götüzdürən də, baş daşında budaqdan qoparılmış qönçəni həkk etdirən də Bestujev olub. Ürək ağrıları ilə acı həyat sürən Bestujev-Marlinski bundan sonra tamam dəyişibmiş. O, sərgərdan həyat sürür, könüllü olaraq bütün ekspedisiyalara və hara gəldi gedirmiş. Qəribə burasındadır ki, odun, güllənin qabağına birinci gedib, axırıncı qayıdan Bestujev heç yaralanmazmış da... Lakin 1838-ci ildə Adler yaxınlığında meşədə pusquda duran dağlılarla atışma vaxtı bu cəsur adamın da həyatı sona yetib. Doğrudur, Adlerə yaxınlaşanda meşədə böyük bir dağlı dəstəsinin pusquda durduğunu əvvəlcədən onlara xəbər vermişdilər. Polkovnik cəng çaldırmış və onları geri çağırmışdı. Bestujev və Albran adlı kapitan isə geri dönmək əvəzinə bir dəstə ilə dağlıların arxasınca meşənin dərinliyinə tərəf irəliləmişdilər. Kapitan Albran qayıdıb gəlmiş, Bestujevi isə gördüm deyən olmamışdı. Sonralar bu hekayəti mənə danəşan knyaz Tarkanov kapitan Albranı və əlli nəfər yerli minqrelli atıcını meşəyə Bestujevi axtarmağa göndərmiş, onlar da çeşədə Bestujevin ancaq saatını tapmışlar. Nə bir başqa xəbər öyrənə bilib, nə də bir əşyayi-dəlil tapıblar. Sonra Bestujev haqqında heç bir vaxt heç nə eşidilməyib. Mən Baqrationa dörd misralıq bir şeir verdim ki, onu mənim adımdan biçarə Olqanın başdaşına yazdırsınlar: O, iyirmi yaşlı sevən gözəli Budaqdan qoparmaq çox asan idi. İnsan udan torpaq, sıxma o gülü, O, zərif, çox qəşəng bir insan idi. Qafqazın nəhəng qalası Bütün bu məsələlər barədə qeydlərimi saf-çürük edib qurtarmaq üzrə idim. Birdən yadıma düşdü ki, sonralar Nuxada qonağı olduğumuz knyaz Tarkanov mənə Bestujev-Marlinskinin öz əilə ona yazdığı bir məktubunu təqdim etmişdi. Həmin məktubda onun iyirmi il bundan əvvəl, mənim indi keçdiyim yolu keçməsi bütün təfərrüatı ilə təsvir edilmişdir. Bestujev-Marlinski Qafqazda məndən fərqli olaraq üç ay deyil, beş il yaşayıb. Odur ki, onun məktubu maraq doğurur. Budur, o başıbəlalının məktubu: “Mənim əziz polkovnikim qədim Dərbənd qalasını gəzib təzəcə qayıtmışam. Paltarımı dəyişməmiş, yuyunmamış, rahatlanmamış Sizə məktub yazmağa tələsirəm. Bu möhtəşəm qalanı və onun Asiyanl Avropadan ayıran ecazkar divarlarını indicə ziyarət edib qurtarmışam. Yadellilərin basqınlarından müdafiə olunmaq məqsədilə ucaldılan bu qalanı ya farslar, ya da midiyalılar tikmişlər. Əziz polkovnikim, əfv ediniz. Əslində elə işğalçılar da, geri qalan da biz olmuşuq. Üzr istəyirəm. Mən Sizin əcdadlarınız dünyanın inkişaf etmiş mədəni adamlarından olan gürcü knyazlarını demirəm. İşə baxın! Nə qədər böyük təzad! Olub keənlər necə də biri-birindən fərqlənir! Əziz polkovnik, əgər Siz qalaq-qalaq qədim və lazımsız kitabları toz uda-uda, öskürə-öskürə vərəqləyib oxumaq həvəskarısınızsa, bunu etməyin. Mən Sizə Azərbaycan dilini öyrənməyi məsləhət görürəm. Lap yadımdan çıxmışdı. Siz ki, onu öz ana diliniz kimi gözəl bilirsiniz! Məsləhət görürəm “Dərbəndnamə”ni oxuyasınız. Orada maraqlı məsələlər çoxdur. Təəssüf ki, Klaprot Dərbənd qalası haqqında heç nə yaza bilməmişdir. Qambanın da onun haqqında yazdığı boş şeydir, cəfəngiyyatdır. Hər halda Siz mənim tanımadıqlarım, oxumadıqlarım, adlarını belə unutduqlarım müəlliflərin yazdıqlarını müqayisə edin, tutuşdurun. Həmin müəlliflər Qafqaz qalasını görmüş, tədqiqat aparmış və onun haqqında yazmışlar. Birincisi: daha qədim mənbələrə müraciət edərkən görəcəksiniz ki, bu qalanın əsasının qoyulduğu tarix Sizə bəlli deyildir. İkincisi: biləcəksiniz ki, onu ya İskəndər, ya Xosrov, ya da Ənuşirəvan tikdirmişdir. Üçüncüsü: əldə olan materialları götür-qoy etdikdən sonra əmin olacaqsınız ki, bu, tarixi çox uzaqlara gedib çıxan qaranlıq məsələdir. Aydın olan yalnız budur ki, qala divarları Xəzər dənizindən başlayıb Evksin dənizinə qədər uzanır və Asiyanı Avropadan ayırır. Əziz polkovnik, qorxuram ki, bizim bütün arxeoloqların, alimlərin və hətta bütün şüurlu gələcək nəsillərin ciddi cəhdlərinə baxmayaraq, bu məsələ elə beləcə qaranlıq qalsın. Əsl həqiqət, inkaredilməz həqiqət budur ki, o mövcud olmuşdur, indi də durur! Lakin bu divarların əsasını qoyan, onu tikən, müdafiə və bərpa edən, xarabazara çevirən adlı-sanlı, məşhur adamlar bu gün adsız-sansız, baş daşı yerlə yeksan olmuş məzarlarda uyuyurlar. Nə danışanları görür, nə də özləri haqqında gedən danışıqları eşidirlər. Mən Sizi Dərbənd qalasının divarlarını görməyə dəvət edərkən nə o mərhumların ruhunu narahat etmək, nə də Sizin istirahətinizi pozmaq fikrindəyəm. Mən Sizi keçmişdə zülmət gecədə olduğu kimi küpə və ya bardaq axtarmağa təhrik etməyəcəyəm. Əsla yox. Fəqət, Sizi bu il iyun ayının gözəl bir səhərində mənimlə gəzintiyə çıxmağa, Qafqazın bu möhtəşəm qala divarlarının qalıqlarını öz gözlərinizlə görməyə dəvət edirəm. Qılıncınızı belinizə bağlayın, azərbaycanlıların düzəltdiyi tüfənginizi çiyninizə aşırın, “ya mədət” deyib atlanın, atı qamçılayaraq dağlara sarı irəliləyin! Dərbəndin dəmir qapıları bu gün sübh çağı açıldı və biz şəhəri tərk etdik. Mənim bu ecazkar səyahətdə yol yoldaşım, yeriniz məlum, əziz polkovnik, Dərbəndin komendantı mayor Kristnikov oldu. Kurenski polkunun bir kapitanı da bizimlə idi. İşə bax ki, bizimlə gedən və bu qala divarları ilə maraqlanan ruslar elə bunlardan ibarət idi. Qafqaz qalası adlandırılan, dünyanın səkkizinci möcüzəsi olan bu möhtəşəm qalaya, görün, Böyük Pyotrun hakimiyyətindən bəri ruslar neçə dəfə təşrif gətirmişlər? Hələ mən Böyük Pyotrun hakimiyyətindən bəri dedim, onun hakimiyyəti də daxil olmaqla cəmi üç dəfə. Birinci dəfə 1722-ci ildə Böyük Pyotr; ikinci dəfə 1819-cu ildə polkovnik Verkovski, Ammalat bəyin əli ilə xaincəsinə öldürülən polkovnik Verkovskini deyirəm. Üçüncü dəfə 1832-ci ildə biz. Bəlkə də Siz ölçüb-biçirsiniz ki, səyahət çətindir, çox uzaqdır, təhlükəlidir. Qətiyyən yox, mənim əziz polkovnikim. Ürəkli olun. On nəfər silahlı azərbaycanlı atlı götürün, atlanın, Siz də bizim kimi düşün yola. Çox gözəl bir səhər idi. Bir göz qırpımında duman üstümüzü aldı; lakin bu duman örtüyü yavaş-yavaş çəkilib getdi və bir azdan Günəş şüaları yenə bizi öz işığına qərq etdi. Yöndəmsiz yol gah dağların təpəsinə qalxır, gah qorxulu yarğanlardan, gah uçurum qayaların dibindən keçərək sanki qayğılı Qafqazın qoynuna soxulurdu. Azərbaycanlıların qarabuğdayı sifətləri, böyük papaqları, qızıl və gümüş suyuna çəkilmiş parıldayan silahları, gözəl dağ otları və nəhayət başımızın üstündə yol boyu uzanan yaşıllıqlar, ayaqlarımızın altında dəniz və s. və i.a. Bütün bunlar o qədər təzə, yeni, o qədər qeyri-adi gözəlliyə malik, o qədər sehrli idi ki, hər addımbaşı dayanıb, heyran-heyran baxmalı və təəccüb etməli olurduq. Biz gəzintiyə Dərbəndin beş kilometrliyində olan, dibi görünməyən Ruhlar və ya Divlər mağarasından başladıq. Daşkəsən kəndinin yaxınlığında sel rahat bir yol açmışdır. Bu yolun ortası ilə çox cazibədar bir çay axır. Bu çay Ruhlar-Divlər və ya Nəhənglər mağarasına qədər baş alıb gedir. Bildiyiniz kimi, divlər mələklərdən və insanlardan yaranmış nəhənglərdir. Fikir verin. Mən qadınlar deyil, mələklər sözünü işlədirəm. Şərq ilahiyyat elminə görə qədimlərdə mələklər qadın olublar. Odur ki, şairlər, yazarlar onları məlakə kimi göstərmişlər. Sonralar Məhəmməd Peyğəmbər bu inama qarşı çıxsa da, bu sözün əvəzində buna bənzər başqa söz işlətsə də, elə onun uydurduqları da mələklərdən fərqlənmirlər. O, öz behiştində həmişə təmiz, bakirə olan, yaşıl, mavi, çəhrayı geyimli hürilərin olduğunu göstərirdi. Hansını istəyirsən, onu da seç! Yəqin “Könül sevən göyçək olar” məsəli bununla əlaqədar yaranmışdır. Əsatirin yarandığı gündən bəri, görün, hind və fars poeziyasında neçə-neçə pərilər sarayı uydurulmuşdur. Bu poeziya özünü fəthi ağıla sığmayan ümmanın qoynuna atmış, yoxdan möhtəşəm və füsünkar bir aləm yaratmışdır. Miltonun şeytanı bir qanadının ucu ilə cəhənnəmə, o biri qanadının ucu ilə isə səmaya toxuna bildiyi kimi, Əli də yer üzündə cənnətlə cəhənnəmi birləşdirir və orada bu gözəl, adamı heyrətə gətirən xilqətləri yerləşdirir. Bu poeziyadakı sadəlik uşaq sadəliyindən fərqlənmir, sevgi, məhəbbət sanki göylərə qaldırılır, qəddarlıq isə vəhşiliyə gətirib çıxarır. Burada eyni zamanda pak, sadə, saf, lakin qüvvətli bir təbiətin nəfəsi duyulur. Bunun nə demək olduğunu izah edə bilərsinizmi? Axı, bu haradan gəlir? Məncə bizlər əsrlər keçdikcə Terek çayının daşları kimi yuyulmuş, şumallaşmışıq. Deyirəm: bəyəm hamar olmayan qranit parçası gözəl deyil? Bizdə forma və məzmunda qüsur yoxdur, məntiq və riyazi dəqiqlik vardır. Buna görə də biz hind və fars poeziyasındakı gözəllik aləmini duyub, görə bilmirik. Şimalda saqalar, küpəgirən qarılar, əfsanəvi cəngavərlər yalnız maraq doğuran karikatura təsiri bağışlayır. Bizdə gözəlliyə inam qalmayıb. Hər hansı bir sehrli nağılda keçmiş dövrə aid olan gözəlliyi mənasız bir şey hesab edirik. Buradakı aləm bizə anatomiya dərsini andırır. Bizim təəccübümüz də qeyri-təbiidir. Qeyri-təbii təəccüb isə heç vaxt o ehtiraslı məftunluğu əvəz edə bilməyəcək. Elə bir coşqun məftunluq ki, bir vaxt insanın qəlbini də, beynini də bir amala xidmət etməyə yönəldirdi. Onda elm özü də ilham mənbəyi yox, bu coşğunluğun məhsulu hesab olunurdu. Pərvərdigar insan oğluna həqiqi və gözəl olan hər şeyi duymaq qabiliyyəti bəxş etmişdir. Biz isə nədənsə, keçmişə nəzər salsaq, inam və etiqadlara kefimiz istədiyi kimi çulğalanmaq hisslərindən məhrum olmuşuq. Bununla belə xəyal və təxəyyülün izi itib getməmişdir. İnsan çalışır ki, heç olmasa xəyalında nəsə yaratsın və onu yaşatsın. O özünü aldatsa da, qəlbində cah-calallı saraqlar qurur. Əziz polkovnik, dəstədən geri qalmışdım. Sıldırımlı qayanın kənarı ilə gedərkən belə hisslər keçirirdim. Başımın üstündəki ənginliklərdə qartal dövrə vurur, aşağıda bulaq şırhaşır axırdı. Şərq tərəfdə dumana qərq olmuş ucsuz-bucaqsız mavi Xəzər görünürdü. Nəhayət, yaşıllığa qərq olmuş, qardan başına tac qoymuş, od rəngli gül-çiçəklərlə bəzənmiş Qafqaz sıra dağları adamı valeh edirdi... Nə gözəl mənzərələrdi bunlar! Görəsən keçmişin bu diqqətəlayiq guşələrinə qarşı azərbaycanlılar niyə bu qədər etinasız və laqeyddirlər! Kol-kosun arasından atla keçdikcə paltarlarımız ilişib didilirdi. Bu vurhavura ancaq ləzgi drapı davam gətirə bilər. Atla getməkdən cana gəldik və enib piyada getdik. Tezliklə mağaranın dərinliyinə, lap çayın yatağına çıxdıq. Bu, Divlər mağarasına – iranlıların hansı bir yürüşü zamanısa öldürülən və oradaca basdırılan bir vəzirin qəbrinə gedən yeganə yol idi. Biz ağacların kölgəsində daşların üstü ilə irəliləyirdik. Bir də gördük ki, mağaranın girəcəyindəyik. Mağaranın önündə çay genişlənmiş, haçansa dağın başından düşmüş nəhəng qaya keşikçi kimi girəcəyin ağzını kəsmişdi. Tüstüdən qapqara qaralmış girəcəyin eni iki, hündürlüyü isə dörd-beş metrdən artıqdır. Mağaranın ağzında atlar üçün daldanacaq düzəldilmişdir. İçərisindən genişlənən bu mağara qaçaqların sığınacaq yerinə çevrilmişdir. Qaçaqlar özlərindən sonra çoxlu sür-sümük qoyduqlarından mağaranın ətrafı saysız-hesabsız heyvanların məskəni olmuşdur. Bizə bələdçilik edən azərbaycanlılardan biri dedi ki, keçən il burada kaftar öldürüb. Bütün bunlarla bərabər gözlədiyimizin əksinə, Ruhlar mağarası nəinki böyük heyvanların, kiçik canlıların belə yaşaması üçün dar və bürkülüdür. Mağaraya çatana qədər təbiətin bəxş etdiyi gözəlliklərə məftun olduğun halda, burada adamın diqqətini yalnız sarmaşıq və cır üzüm tənəkləri ilə örtülmüş giriş cəlb edir. Yolumuza davam etdik. Dağ kəndinin və Divlər mağarasının yaxınlığında Əmcəklər piri yerləşir. Ora getməkdən ötrü biz yenidən kol-koslara ilişə-ilişə eniş-yoxuşları dəf etməli olduq. Gəlib dərin bir dərənin kənarına çatdıq. Bizə bir qübbə göstərdilər. Onun tavanından həqiqətən də qadın döşlərinə oxşayan ərplər sallanır və “döşlərin” hər birinin ucundan su damcılayırdı. Qonşu kəndlərin qadınları bu damcıların şəfaverici qüdrətinə inanırlar. Belə ki, südəmər uşağı olan qadın süddən kəsiləndə pirə gəlir və qurban kəsirlər. Qadın bir az torpaq götürüb damcılardan yığılmış suyun içərisinə atır və onu böyük inamla başına çəkir. İnam o qədər qüvvətlidir ki, ananın südü tez bir zamanda bərpa olunmasa belə, yenə də özünü yüngülləşmiş hesab edir. Biz içinə torpaq atmadan bu sudan içdik. Sonra isə suyu yerdən çıxan bir bulağı görmək üçün qərbə tərəf gedib bir qayanın lap başına çıxdıq. Bələdçimiz saqqallı azərbaycanlı bəy üzəngidə ayaqları üstünə qalxaraq, papağını çıxarıb: Baxın, Rus bulağı odur,- dedi. – Dünyanın ən qüvvətli padşahlarından biri, böyük sərkərdə, - nadir keyfiyyətlərə malik, dünyaya özü kimisi gəlməyən, Rus hökmdarı Birinci Pyotr Dərbəndə fəth edəndə bu bulaqdan su içib sərinləmişdir. Atlardan yerə tökülüşdük. Bu bulağın suyundan doyunca içdik. Bulaq həmuşə bir yerdən qaynayıb axır. Əfsuslar olsun ki, yüz il ərzində heç kim onun başına gəlməmişdir. Nə isə. Biz bulaq qaynayan sıldırım qayaya söykənmiş Qafqazın qala divarlarına yaxınlaşdıq. Gözlərimiz önündə əzəmətli və eyni zamanda acınacaqlı bir mənzərə canlandı. Təbiətin sənət əsəri ilə, zamanın insan əməyi ilə mübarizəsi göz qabağına gəldi. Fıstıq ağacının toxumu divarın oyuğuna düşmüş, bir az münbit torpağa rast gəlib göyərmiş, boy atmış, kökləri Qala divarlarını dağıtmışdı. Bitkilərə həyat verən yağış da, divarların sökülməyə başladığı yerlərdən içəri soxulan külək də öz işini görürdü. Yalnız bir şəfqətli sarmaşıq şair və müğənni kimi keçmişin bu qalıqlarına heyfsilənir, qalanın sökülüb-tökülmüş və hələ uçulub-dağılmamış daşlarını birləşdirirdi. Elə bil keçmişlə indinin vəhdətinə çalışırdı. Palıd, qoz, tut və çinar ağacları aşağıda divarlar boyu uçulub-dağılmış yerlərdə külək əsdikcə xışıldayırdılar. Ağcaqovaqlar qala divarları kimi uca və əzəmətli idilər. Dağlar, yarğanlar keçən, biri digərindən böyüklüyünə görə fərqlənən, qeyri-bərabər ölçülü, qeyri-bərabər məsafələrdə qoyulmuş dörd, bəzən də altı qülləli bu divar Narın Qaladan, düz Qərbə tərəf uzanıb gedirdi. Divara bitişik istehkamlar, güman ki, keşikçilər üçün nəzərdə tutulmuşdu. Burada həm də silah saxlanılır və eyni zamanda komandirlər yaşayırmış. Müharibə təhlükəsi olanda əsgərləri oraya toplayarlarmış. Bu qala divarı nə yüksəkliyinə, nə qalınlığına və nə də tikilmə üslubuna görə Dərbənd Qala divarlarından fərqlənmir. Dərbənddən uzaqlaşdıqca da bu Qala divarları öz formasını saxlayır. Hündürlüyü isə yerin səthindən asılı olaraq dəyişir. Divarların orta hissəsi çay daşı, daş qırıntıları, əhəng və palçıqla hörülmüşdür. Burada əsas məsələ bu Qala divarlarının qədimliyidir. Denonun Misirin Firon ehramlarından bəhs edərkən göstərdiyi vacib bir məsələ - Misir ehramları kimi, burada da giriş-çıxışın olmaması qalanın qədimliyinə sübutdur. Mən bu qalanın bütün yeraltı keçidlərinə, bulaqlara,si ehtiyatı olan yerlərə gedən yollarına baxdım və heç yerdə tağa rast gəlmədim. Mənim fikrimə görə, bu nəhəng sənət əsərini yaradan memarların tağlar haqqında heç təsəvvürləri belə olmayıb. Düzdür, Dərbənd qalasında ərəb memarlıq üslubundanfərqli olaraq şiş yox, dəyirmi tağlar tapmaq olar. Lakin, tam yəqin etmək olar ki, bu tağlı qapılar sonralar Xosrov Pərvizin tikdirdiyi qapılardır. Mənə elə gəlir ki, qala VI əsrdən qabaq ucaldılmışdır. Ərəb memarlıq ənənələrinin əksinə olaraq, Dərbəndin qapıları içəridən tağ şəklindədir. Dəhlizlər yastı daşlarla sıx şəkildə, damın üstü kirəmitlə örtülən kimi örtülmüşdür. Yəqin ki, daşları bu gün unudulmuş və yeri itirilmiş qonşu daş karxanasından çıxarırmışlar. Deyilənə görə, guya bu daşları dənizin qırağından gətirirmişlər. Mən buna heç cür inana bilmirəm. Çünki dəniz daşlarının içərisində belələrinə rast gəlməmişəm. Bir də ki, ətraf dağlar daşla dolu ikən gedib dənizdən daş gətirən kim idi? Yol yox, ətraf dağlıq, təpəlik – bu şəraitdə belə çətin işin həyata keçirilməsini qeyri-mümkün sayıram. Dərbəndin iyirmi kilometrliyində kiçik Getqal qalasını gəzdik. Dağlıların müasir imamı keçən il Dərbənddən qovulduqdan sonra özünə başqa yerdə sığınacaq tapana kimi Getqal qalasına pənah gətirmişdi. Lakin orada çox qala bilməmişdi. Biz dağ başında yerləşən Misdağı kəndində nahar edib Dərbəndə yola düşdük. Dərbənd yaxınlığında ən hündür təpəliklərin birinin döşündə yerləşən, tarixi şəhər olan Kamaklın qüllələrinə tamaşaya dayandıq. Şəhər yerlə yeksan olmuşdu. Əsrlərin kəşməkəşi onu ayaqlar altında toz-torpağa döndərmişdi. Yalnız onun adı qalmışdır: Kamaklı. Bu da şəhərdə yaşayan adam mənasını verir. Kamaklı eyni zamanda “axmaq” sözünün sinonimidir. Kəmağıllılardan, qədim Abderitənlərdə olduğu kimi, bir nəfər də ağıllı adam çıxmamışdır. Bəs indi qalanı gəzməyə necə başlayaq? O haradan başlayır, hara qədər uzanıb gedir? Görəsən, o, qarşımızdakı bu qalıqlardanmı başlayır? Güman ki, bu və ya buna bənzər suallar əbədi olaraq cavabsız qalacaqdır. Əziz polkovnik, təəccüblü olsa da, bizi müşayiət edən azərbaycanlılardan biri nəql edirdi ki, keçmişdə hər hansı bir yeni xəbəri bir dənizdən digərinə çatdırmaq üçün altı saat kifayət edirmiş. Bu gün bizim ağlımıza gətirə bilmədiyimiz əlaqə vasitələri keçmişdə mövcud olmuşdurmu? Qədim xalqların və ya qədim dövlətlərin qeyri-adi gücə, qüvvətə, qüdrətə malik olması bu gün bizi təəccübləndirirsə, deməli, belə əlaqə vasitələri varmış. Onlar bizi – müasir cılız insanları həm əqli, həm də işgörmə qabiliyyətləri ilə təəccübləndirirlər. Mən sizdən soruşuram: bu qoca Qafqazın sakinləri necə olmalıydı? Əgər Skandinaviyanın daşlı-kəsəkli çölləri millətlər yığnağı adlandırılırsa, onda niyə də Qafqaz bəşəriyyətin beşiyi adlandırılmasın? Bu dağların qoynunda dünyanın ilk insanları gəzmişlər. Onlar bu mağaralardan, dağlardan yaylalara enib orada məskən salmışlar. Dəniz suları yavaş-yavaş geri çəkilmiş, axırıncı dalğalar yox olan yerdən başlayan münbit torpaq sahələrində insanlar məskən salmışlar. Bir vaxt Qafqaz sıra dağları, onun zirvələri sadəcə olaraq, ümmanda ucalan adalardan başqa bir şey olmamışdır. Məhz buna görə də dağlıların ən qədimi hesab olunan kabardinlər bu gün də adige adlandırılırlar. Adige sözü ada sakini, adada yaşayan mənasını verir. Əziz polkovnik, indi də bu qala divarları haqqında son sözümü deyim. Bağışlayın, məktub bir az uzun və usandırıcı oldu. Hər halda, qala divarları tikilmişdir. Fərz edək ki, İran və ya Midiya şahlarınn hökmü ilə bu divarları xalq ucaltmışdır. Lakin camaatın bir neçə il əkilib-biçilməyən bəmboş səhrada yaşaya bilməsi ağlabatandırmı? Qalaları və qala divarlarını tikdirən hökmdarın onu mühafizə edən qüvvəsi də olmalı idi. Qalalarda yerləşən qoşunun, qala keşikçilərinin İrandan gətirilən ərzaqla təmin olunduğunu ehtimal etmək doğrudurmu? O vaxt hələ meşələrlə az örtülmüş bu yerlərdə çoxlu adam yaşayan kəndlərin və əkin-biçinin olması, bol məhsul götürülməsi ehtimalı daha inandırıcı deyilmi? Yadellilərin hücumlarından müdafiə məqsədi güdən bu qala divarlarının tikintisində yerli əhalidən istifadə edilməsi ehtimalı həqiqətə daha çox oxşamırmı? Bununla belə biz həqiqəti bilmədiyimiz halda, həqiqətə oxşarlıqdan necə danışa bilərik? Nə isə... Məktubumu bitirirəm. Bestujev-Marlinski.” Düz iyirmi altı il sonra biz Bestujevin keçdiyi həmin yolu keçdik. Hətta bir qədər, yəni yeddi kilometr uzağa getdik. Biz də onun kimi Div mağarasını, Əmcəklər pirini ziyarət etdik. Onun kimi biz də qalanı mühafizə edən əsgərlər üçün yerin dərinliyində düzəldilmiş ehtiyat su anbarlarının olduğunu gördük. Bestujevin məktubundakı təsvirləri yenidən oxuduqdan sonra, onun yazdıqlarının dəqiqliyi məni o qədər tutdu ki, öz qeydlərimin əvəzinə onun yazısını vermək qərarına gəldim. Əminəm ki, oxucu buna görə heç nə itirməyəcəkdir. Şah Abbas karvansarası Ayrılıq vaxtı çatmışdı. Səyahət zamanı insanın ən ağır dəqiqələri ayrılmaq məqamıdır. Dörd gün idi ki, biz Baqrationla səyahət edirdik. Günün bir saatını belə biri-birimizdən ayrılmamışdıq. O mənim üçün həm bələdçi, həm tərcüməçi, həm də ev sahibi idi. Hamının adını və hər şeyin yerini-yatağını bilirdi. O, qızılquş görən kimi cinsini, xəncərə baxan kimi keyfiyyətini müəyyən etməyi bacarırdı. Ən kiçik arzularımızı belə yerinə yetirməyə səy göstərir və həmişə bir cavab verirdi, “Oldu, baş üstə, hər şey hazır olacaq...” Axırda belə olmuşdu ki, onun yanında ağzımızı açıb bircə söz deməyə də cürət etmirdik. O, qonaqpərvər, mərd, dəqiq, şair təbiətli bir gürcü knyazı idi. - Həmişə olduğu kimi, yola düşmək ərəfəsində ehtiyat üçün bir az bazarlıq etmək istədim. Lakin Baqration: - Faytonunuza tiyuq, qırqovul, soyutma yumurta, çörək, şərab, duz və istiot qoyulmuşdur, - dedi. – Bundan əlavə, sizə Bakıya çatana qədər yol boyugündəlik nahar və şam yeməyi də verəcəklər? - Bəs Bakıda? – deyə mən gülə-gülə soruşdum. - Bakıda siz qəza rəisi Piqulevskinin qonağı olacaqsınız. Onun arvadı və özü çox gözəl insanlardırlar. Heyranedici bir qızları da var. - Cürət edib soruşa bilərəmmi, bəs sonra, bəs oradan o yana? – deyə zarafata saldım. - Sonra siz Şamaxıda əla bir sarayda əla bir adama – şəhər komendantına qonaq olacaqsınız. Nuxada isə sizin Fransada, əgər səhv etmirəmsə, cəsur gənc adlandırdığınız knyaz Tarkanovu görəcəksiniz. Qoy o sizə iyirmi iki qaçağın başını kəsdiyi üçün imperatorun ona bağışladığı üzüyü göstərsin. Onun oğlunu mənim yerimə öpərsiniz. On iki yaşlı o oğlan fransızca sizin kimi danışır. Onun nə qədər qəşəng, ağıllı və suyuşirin olduğunu öz gözlərinizlə görəcəksiniz. Sarsko-Kolodsedə siz knyaz Melikov və qraf Tollun ixtiyarında olacaqsınız. Tamaranın şahlığı dövründə və sonralar dağıdılmış yüzlərcə saraydan birinə baxmağa getmək üçün onlar sizə at verəcəklər. Nəhayət, Tiflisdə siz fransız konsulu baron Finoya qonaq olacaqsınız. Lakin onun birinci səfir olub-olmadığını bilmirəm. Gərək ki, o, təkdir. Orada siz özünüzü böyük Qan bulvarındakı kimi hiss edəcəksiniz. Elə ki, Tiflisi keçdiniz, deməli, mənim səlahiyyətim çatan ərazidən çıxırsınız. Oradan o yana yol boyu böyük məmnuniyyətlə sizin qeydinizə başqaları qalacaqlar. - Deməli, bütün bu adamlara xəbərdarlıq edilib? - Artıq üç gündür ki, bir çapar yola düşmüşdür. Bundan əlavə, bakıya qədər yolda heç bir şeydən korluq çəkməyəcəksiniz. Qulluqçu sizinlə gedəcək. Bakıdan Şamaxıya və Şamaxıdan Nuxaya qədər isə onu başqaları əvəz edəcək. Doğrudan da, adam belə qayğıya görə öz minnətdarlığını sözlə ifadə edə bilmir. Bizim dostumuz Nestor müdrikcəsinə demişdir: “Belə halda naşükür olmaqdan başqa adamın əlindən bir şey gəlmir...” Görünür, bu məsləhətdən istifadə etmək üçün mən başqa bir təsadüfi gözləməli olacağam. İndilikdə isə səmimiyyətlə biri-birimizin əlini sıxıb ayrıldıq. Uzaqlaşdıqca dediyimiz sözləri eşitmirdik, papaqlarımız isə uzun zaman biri-birinə “əlvida, əlvida” deyirdi. - Görəsən, biz bir də görüşəcəyikmi? - Onu bir allah bilər! Nəhayət, tini burulduq və mən küçələrə və Böyük Xosrov tərəfədindən ucaldılmış Dərbəndin möhtəşəm Şərq qapısına ehtimal ki, axırıncı dəfə baxdım. Asiyanın qapısı! Biz dünyanın başqa bir hissəsinə ayaq basırdıq. Dilmancımız Kalino digər qitəyə keçməyimizin romantikasını, şairanəliyini duymurdu. O, böyük diqqətlə kiçik bir kitab oxuyurdu. Yol kələ-kötür olduğundan faytonumuz atılıb-düşürdü. - Belə vurhavurda necə oxuya bilirsən? O nədir elə? - Heç nə, - deyə Kalino cavab verdi. - Necə yəni heç nə? - Bir əfsanədir. - Nə haqqındadır o əfsanə? - Məşhur bir qaçaq haqqında. - Necə? Məşhur qaçaq haqqında əfsanə? Siz bunu heç bir şey adlandırırsınız? - Eh, bu ölkədə onlar o qədərdir ki! - Əfsanələr? - Xeyr, qaçaqlar. - Dostum, qaçaq çoxdur, əfsanə isə az. Mən isə əfsanə vurğunuyam. Qaçaqlar məni az maraqlandırır. Üstəlik əminəm ki, onlara həmişə rast gələ bilərəm. Bəs oxuduğum bu əfsanə kitabının adı nədir? - “Şah dağın qarları”. - Şah dağın qarları nə deməkdir? - Əvvəl-əvvəl siz məndən soruşmalıydınız ki, Şah dağ özü nə olan şeydir? - Haqlısınız. Yaxşı, siz deyən olsun. Başa salın görüm. Şah dağ nə deməkdir? - Qafqazın bir hissəsini təşkil edən məhəl qoyulmayan bu kiçik dağ Mon Blandan bir az hündürdür. Qubaya gedərkən biz onu görəcəyik. Du dağ Qusar bulaqlarından tutmuş qudyalçaya qədər uzanıb gedir. Hündürlüyü dörd kilometrdən artıqdır. - Bəs onun üstünü örtmüş o qar? - Bu başqa bir şeydir. Əfsanəyə görə bu dağ və onun başındakı daimi qar bir səhər möcüzə nəticəsində yaranmışdır. Azərbaycanlılar Şah dağın qarını hər barədə xeyirli sayırlar. Yayın istisi torpağın bağrını cadar-cadar edəndə, il həddindən artıq quraq keçəndə, torpaq bir damla yağış həsrətilə alışıb-yananda Azərbaycan igidlərinin ən şücaətlisi seçilir və mis bardaqda qar gətirmək üçün Şah dağın zirvəsinə göndərilir. Bir yandan yolun çətinliyi, sıldırım qayalardan, uçurumlardan aşmaq, o biri yandan qaçaq-quldurla rastlaşmaq ehtimalı igidi qorxutmur, o camaatın xahişini yerinə salmır. İgid dağdan qayıdıb Dərbəndə çatan kimi camaat məscidə yığışır, dua oxuyur, sonra qarı götürüb küçələrdən keçir və böyük dəstə ilə sahilə gəlib qarı Xəzər dənizinə tökürlər. - Bəs sonra nə baş verir? - Yağış yağmağa başlayır. - Avamlar! Nə axmaq işdir, - deyə Miyne sözə qarışdı. - Dostum, bu Sənt Jenevyevdəki ov ilə müqayisədə o qədər də axmaq iş deyildir. - Kitab elə qarın gətirilməsi haqqındadırmı? - Xeyr. Bu kitab qar dalınca göndərilən, təhlükəli, qorxulu hadisələrlə qarşılaşan bir gəncin hekayətidir. - Bəs bu kitabı sizə kim vermişdir? - Knyaz Baqration. O mənə tapşırıb: “Bu kitabı götür və Dümaya tərcümə et. Əminəm ki, o bundan bəhrələnəcəkdir.” - Əziz knyaz! Bizim yemək-içməyimizlə, yatıb-durmağımızla, yol qayğılarımızla məşğul olmaq bəs deyilmiş kimi, beynimizin qidalanması qayğısına da qalıbsan... Oxu, Kalino! Xahiş edirəm, gözünü kitabdan ayırmadan oxu və bacardıqca tez tərcümə elə. Mən də ətrafa baxım, nəzəri cəlb edən bir mənzərə olsa, sənə xəbər verəcəyəm. Əgər baqration deyibsə bu yaxşıdır, deməli, yaxşıdır. - Bəli, pis deyil. - Siz də razısınızmı? - Razıyam. - Mənə də elə bu kifayətdir. Ey arabaçı, haydı, haydı, sür, sür görək! Yolumuz düzənliklərdən və dağların arasından keçirdi. Gözəl mənzərələr göz oxşayırdı. Böyük bir qutan dəstəsi Xəzərin sularında oynaşır və ona xüsusi gözəllik verirdi. Birən onlar adətləri üzrə dənizə cummaq əvəzinə təlaş içində hara gəldi uçub dağılışdılar. Quşların bu hərəkəti diqqətimizi cəlb etdi. Mən öz ovçu gözlərimlə onlar qaynaşan tərəfə baxanda uzaqda demək olar ki, zorla sezilən iki və ya üç qara nöqtə gördüm. Sən demə, qutanların təlaşına səbəb olan da elə bu qara nöqtələr – qartallar imiş. Hücum edib qutanları ovlayırlarmış. Qutanlar açıq dənizdə pərən-pərən olub Şərqə tərəf uçdular və tezliklə gözdən itdilər. İndi üfüqlə dəniz arasında yalnız və yalnız ağ ləkələr görünürdü. Bir az sonra onlar da göydə oynaşan qar lopaları kimi əriyib yoxa çıxdılar. Bizi müşayiət edən fəxri keşikçi dəstəsi də qutanlar kimi dağılışmağa başlamışdı. Dərbənddən çıxanda bizi əlli nəfər polis və altı nəfər kazak müşayiət edirdi. İkinci dayanacaqdan, yəni Kulazdan sonra müşayiətçilərin sayı daha da azaldı. İndi dəstə on beş polis və üç kazakdan ibarət idi. Azərbaycanlılar silaha çox fikir verirlər. Maraqlıdır ki, bizi müşayiət edən azərbaycanlı polislərin bəziləri forma deyil, çox qəribə paltar geymişdilər. Həm də onların üstündə əlli manatlıq kəmər, yüz manatlıq xəncər və qılınc, iyirmi beş manatlıq ptarondaş və s. vardı. Doğrudur, Dərbənd-Bakı yolu ləzgilər yaşayan yerlərdən də keçir. Xüsusilə, Andreyevo kəndinin yanındakı enişi enəndə həmişə ehtiyatlı olmaq lazım gəlir. Ətraf camaatın özü də buradan keçəndə təpədən-dırnağa silahlanırlar. Xarici səyyahlar isə, əgər onları fəxri keşikçi dəstəsi müşayiət etmirsə, hər cür hadisə ilə qarşılaşa bilərlər. Lakin hiss olunur ki, təhlükə arxada qalıb. Üçüncü dayanacaqdan sonra Samur çayına çatdıq. May ayında – böyük daşqınlar vaxtı iti axan, eni beş yüz metrə yaxın, dərinliyi isə üç metrdən artıq olan bu çay indi eninə görə adi bir çaydan fərqlənməsə də, sərt və coşqun idi. Biz çayı keçərkən, onun çox sərt və hündürlüyü iyirmi-iyirmi beş fut olan o biri sahilinə çıxmaq üçün faytonçularımız tez-tez atlara qışqırır və qamçılarını işə salırdılar. Yoxuşda və ya enişdə atlar bir balaca büdrəsəydi o dünyalıq olardıq. Nə yaxşı ki, atlar büdrəmirlər! Yoxsa onsuz da insan həyatı az qiymətləndirilən bu yerlərdə - Şərqdə adam bir göz qırpımında məhv olardı. Konstantinopolda mənə deyirdilər ki, insan həyatı hər şeydən ucuzdur. Toran düşəndə Qubaya yaxınlaşdıq. Şəhərə bitişik cuhud kəndinə çatanda şər qarışmışdı. Bu cuhudlar başqa yerlərdəki cuhudlardan fərqli olaraq ticarətlə deyil, bağçılıqla məşğuldurlar. Buradakı hərbcil Ləzistan cuhudları Senaheribin əsirlərinin törəmələridirlər. Cuhud kəndi iti axan Qudyalçay üzərindəki körpüyədək uzanır. Quba şəhəri isə körpünün üç yüz metrliyində, dağın döşündə yerləşir. Şəhərə gedən ensiz yol hasarsız, çəpərsizdir. Qaranlıqda bu yolla getmək qorxulu idi. Buna baxmayaraq ensiz bir darvazadan keçib şəhərə sağ-salamat daxil olduq. Əvvəlcə bizə elə gəldi ki, Quba göllərdən ibarətdir. Evlər isə göllərin içərisində tikilib. Küçələr Venetsiya kanallarını andırırdı. Faytonların təkərləri oxuna qədər palçığa batırdı. Bu palçıqdan keçmək iti və hay-haraylı axan Samur çayını keçməkdən betər idi. Göz yaşı kimi duru olan Samur çayının dibində, heç olmasa, yuvarlanıb gedən xırda çay daşlarını görürdük. Müşayiətçi dəstənin başçısı bizi düz gecələyəcəyimiz evə apardı. Şam yeməyi hazır idi. Dağıstanın bu mühüm xanlığında altmış min əhalisi olan on minə yaxın ailə yaşayır. Səhhət üçün zərərli havası ilə pis ad çıxarmış şəhərin özündə isə beş mindən çox üzvü olan minə yaxın ailə vardır. Deyilənlərə görə, burada hava rütubətli və zəhərlidir. Bu yer Xəzər dənizinin keçmiş yatağıdır. Düzəngahdan bura hərbi xidmətə göndərilən rus əsgərləri üç il ərzində ağ ciyər, böyrək xəstəliklərindən və bataqlıq qızdırmasından da ölürlər. Burada elmi cəhətdən aydınlaşdırılmamış bir məsələ vardır. Dərənin dibində cuhudlar yaşayan yerdə hava pis olmalı halda – cuhudlar arasında bu xəstəlikdən şikayət edən azdır. Qubada ticarətin əsasını yerli mallar təşkil edir. Qadınların toxuduqları xalçalar, silah ustalarının düzəltdikləri bıçaq və xəncərlər məşhurdur. Kolleksiyamı zənginləşdirmək məqsədilə bir-iki xəncər almaq istədim. Sonra fikrimdən vaz keçdim. Çünki o xəncərlər Baqration və Əli Sultanın səxavəti sayəsində əldə etdiyim xəncərlərlə həm qəşəngliyi, həm də qədimliyi ilə müqayisəyə gəlmirdi. Qubadan Qafqazın bir neçə dağ zirvəsi görünürdü. O cümlədən də Baqrationun tövsiyəsi ilə Kalinonun mənim üçün tərcümə etməkdə oduğu əsərdə söhbət gedən, daim başı qarlı möhtəşəm Şah dağın zirvəsi. Səhər saat səkkizdə atlar artıq faytonlara qoşulmuş, müşayiətçilər faytonların yanında hazır dayanmışdılar. Quba əyalətinin rəisi M. Xlizenski axşam bizi gözəl və rahat bir mənzildə yatırtmış, indi də bizi faytonumuza mindirməmiş, onun qapısını öz əlləri ilə örtməmiş arxayınlaşıb yanımızdan aralanmırdı. Yola düşəndə bir qız uşağı utancaqlıqla, gizlənə-gizlənə, evlərin üstü ilə əlli addıma qədər qaçaraq, bizi yola saldı. Yəqin bir yana gedərkən Qubada evlərin üstü adamın ayağı palçığa, suya batmayan, quru qalan yeganə yerdir. Qubadan çıxandan sonra uzun müddət dağların döşü ilə irəlilədik. Eniş-yoxuşlarda faytonçular atlara hədə-qorxu gəlir, onları qamçılayırdılar. Bu müddət ərzində üç çay vadisini keçdik. Bunlar Qara çay, Ağ çay və Vəlvələçayın vadiləri idi. Hər kilometrdən sonra bizə elə gəlirdi ki, indicə düz yola çıxacağıq. Lakin irəlilədikcə daha yüksək təpələrə rast gəlirdik. Nəhayət, Abşeron yarımadasına çatdıq. Göz işlədikcə uzanıb gedən Xəzəri və onun sahillərini seyrə daldıq. Hava çox gözəl idi. Payız olsa da, yay yay fəslini andırırdı. Bütün günü yol gedib gecə Sumqayıt adlanan yerdə dayandıq. Poçt məntəqəsi burada yerləşirdi. Biz Xəzər dənizini bir neçə saat əvvəl görmüş və yol boyu onu müşayiət etmişdik. İndi isə dəniz o qədər yaxında idi ki, ləpələrin səsi eşidilirdi. Dəniz bizdən cəmisi beşcə yüz metr aralı idi. Birqum təpəciyinin üstünə çıxaraq ulduzların işığında dənizə baxmağa başladım. Birdən gözüm bizdən bir-iki kilometr aralıda işıq gələn beş-altı çadıra sataşdı. Bu, düşərgə idi. Tez özümü faytonların yanına – poçt məntəqəsinə çatdırdım. Atları hələ faytonlardan açmamışdılar. - Moyne! Kalino! Gəlin bir az qabağa gedək. Lap yaxınlıqda azərbaycanlıların düşərgəsi var. Onlara baş çəkməyə dəyər. Bu füsunkar gecədən istifadə edib Qırğızıstanın duzlu göllərindən buraya qədər bir dəfə də olsun istifadə etmədiyimiz, lazımsız şeyə çevrilmiş çadırımızı açaq və onun içində yataq. Azərbaycanlı çadırını da öz gözlərimizlə görək. Təklifimi bəyəndilər. Şam yeməyi üçün açılmış süfrəni yığdıq və yola düşdük. Dərbənddən bura qədər xidmətimizdə duran, bizi heç bir şeydən korluq çəkməyə qoymayan azərbaycanlı bələdçimiz yanımızda idi. İnsafla demək lazımdır ki, o, üzərinə düşən məsuliyyətli işin öhdəsindən layiqincə gəlirdi. Bütün günü fəxri gözətçilər dəstəsinin önündə gedən bu adam dayanacağımız yerə təqribən üç kilometr qalmış atını dördnala çapır və gözdən itirdi. Sonra isə biz onu dayanacaqda görürdük. Biz gələn kimi yataq yerimiz və yemək hazır olurdu. “Hər şey hazırdır!” deyir və o, səhərə kimi yenidən yoxa çıxırdı. Onun harada yatdığı və nə yediyi bizim üçün sirr idi. Bir də təəccüblü o idi ki, biz yola düşər-düşməz o, hardansa peyda olurdu... On dəqiqədən sonra azərbaycanlıların düşərgəsinə çatmışdıq. Düşərgə düzənliyin ortasında Ay işığında aydın görünən böyük bir binanın xarabaları yanında salınmışdı. Hər şeydən əvvəl indi xarabazarlığa çevrilmiş bu tikinti haqqında məlumat aldıq. Məlum oldu ki, bu karvansaranı Şah Abbas tikdirib. Ona görə də karvansaraya Şah Abbas karvansarası deyillər. Ocaq işığında əyilmiş keşikçi qülləsinə bitişik böyük divar görünürdü. Divarda heroqlifli daşlar, elə oradaca üç alçaq tağ vardı. Azərbaycanlıların kiçik dəstəsi bu tağların altında quru odundan qalanmış tonqalın ətrafında oturmuşdular. İtlər bərk hay-küy salaraq kənar adamların gəldiyini bildirmişdi. “İnsanın dostu” adlandırılan bu dördayaqlılardan Əntərqalaya qısamüddətli səfərimiz zamanı Moyne elə qorxmuşdu ki, indi heç birimiz faytondan düşməyə cəsarət etmirdik. Azərbaycanlı bələdçimiz bizim dost olduğumuzu bildirdikdən sonra itləri sakitləşdirdilər. Bu uzunmüddətli səyahət zamanı yolda birinci dəfə idi ki, lüzum olmadığı halda möhkəm silahlanmışdıq. Hərə öz tüfəngini götürmüş, xəncərini belinə bağlamışdı. Dilmanc vasitəsilə soruşduq: - Burada çadır qurmağa icazə veərəsinizmi? - Harada xətriniz istəyir, orada da çadırınızı qurun. Çöl hamınındır. - İstərdik ki, sizə baş çəkək. - Buyurun, gözümüz üstündə yeriniz var. Dörd kazak bizim çadırları arabadan düşürüb yolun o tərəfində, daşları eynilə karvansaranın divarlarında gördüyümüz heroqliflərlə bəzənmiş ovdanın yanında qurana qədər, biz lap yaxındakı çadıra getdik. Divarın qalıqlarına söykənən bu çadır deyəsən azərbaycanlıların başçısınınkı idi. Çadırdakılar dairə vurub Bakıdan Qafqaz dağlarında xidmətdə olan əsgərlərə apardıqları un kisələrinin üstündə oturmuşdular. Onlara yaxınlaşanda bir nəfər (görünür o dəstənin başçısı idi) bizi qarşılayıb, qonaqpərvərlik əlaməti olaraq duz-çörək təklif etdi. Duz-çörəyi qəbul edib biz də un kisələrinin üstündə oturduq. Onlar çörək bişirməklə məşğul idilər. Bu çox tez başa gələn iş idi. Təzə yoğrulmuş xəmirdən kündə kəsir, ayaqlının üstündə yayır, sonra onu közlə qızdırılmış sacın üstünə qoyurdular. Bizim qadınlar kətə və ya müxtəlif piroqlar bişirdikləri kimi, əvvəl onun bir tərəfini bişirir, sonra çevirirdilər ki, o biri tərəfi də bişsin. Onu isti-isti yeyirdilər. Bu, formasına və dadına görə bizim kəndlərdə bayram şənlikləri zamanı satılan, yeyəndə xırtıldayan kökələrə bənzəyir. Sonra isə dəstədəki kişilərdən biri divardan asılmış ətdən bir parça kəsib xırda tikələrə bölüb, üstünə duz tökdü. Tikələri çörək bişirdikləri sacın üstünə qoydular. Ət tüstülənə-tüstülənə cızıldamağa və qızarmağa başladı. Sən demə, bunu bizim üçün bişirirlərmiş. İşarə etdilər ki, buyurun, çörək kəsin. Biz xəncərlərin qınına bağlanmış kiçik bıçaqla əla qızardılmış tikələri götürərək duz-çörəklə yeməyə başladıq. Çox vaxt təmtəraqlı stol arxasında, gözəl xidmət göstərilərək verilən yeməkdən bu, daha ləzzətli idi. Şah Abbasın tikdirdiyi karvansaranın xarabalığında, çox az ziyarət edilən, vaxtilə Klaport və Heredotun qələmə aldıqlarına baxmayaraq, Avropada bu gün də az tanınan böyük Xəzər gölü sahillərində şam etmək, quru ot kövşəyən əllidən çox dəvənin zınqırov səslərini eşitmək başqa aləm idi. Avropaya təbii olaraq düşmən kəsilən bir ölkənin tən ortasında bəlkə də birinci və axırıncı dəfə gecənin mehindən bu ucsuz-bucaqsız səhrada üstündə Fransanın üçkünc bayrağı dalğalanan, ikiçik nöqtə kimi görünən çadırlarımızı müşahidə etmək nə qədər şairanə, nə qədər təkrarolunmaz idi! Bu mənzərə yaddaşıma əbədi həkk olunmuşdur. Gözlərimi yumub fikrə gedən kimi, həmin mənzərə böyük incəsənət əsəri kimi indi də gözlərim önündə durur. Biz onların əllərini səmimiyyətlə sıxıb ayrılanda, dəstənin başçısı yenə bizəduz-çörək təklif etdi. Bu yerli xalqın adətidir. Onlar təkcə qonağın axşam yeməyinin deyil, səhər yeməyinin də qayğısına qalırlar. Mən onun adını soruşdum. Adının Əbdüləzim olduğunu bildirdi. Bakı Səhər açılar-açılmaz yuxudan oyanıb ətrafa nəzər saldıq. Nə azərbaycanlılar, nə də onların dəvələri vardı. Lələ köçüb, yurdu qalmışdı. Çöl də dəniz kimi bomboş idi. Gəmisiz dəniz nə dənizdir? Mən bundan ağır, bundan kədərli heç nə təsəvvürümə gətirə bilmirəm. Biz hələ durmamış atları hazırlamışdılar.Bircə onalrı faytonlara qoşub yola düşmək qalırdı. Ətrafı bürümüş ağımtıl duman çox yaxşı hava olacağını xəbər verirdi. Dumanın arasından bərk qaçdıqlarından sanki ayaqları yerə toxunmayan dağ keçiləri görünürdü. O qədər ürkək, o qədər qorxaq idilər ki, bir az yaxınlaşıb bircəciyini də vura bilmədim. Dağların güneyi çəhrayı, quzeyi isə bənövşəyi rəngə çalırdı. Qəribə bir mənzərə ilə qarşılaşmışdıq. Bir yanda qızıl kimi parıldayan qum səhrası, o yanda mavi Xəzər! Biz Bakıya qədər bu mavi dənizi – gəliş-gedişi az olan, unudulmuş, itirilmiş, insanlara az bəlli, ünvanına çox böhtanlar yağdırılan yazıq və məsum Xəzəri bir daha görməyəcəkdik. Əslində isə Abşeron yarımadasının elə bir nöqtəsinə çatmışdıq ki, Qızılburundan bura qədər yol Xəzər dənizinin sahili boyu uzanıb gəlirdi. Buradan yol gözlənilmədən sağa burulub çöllüyə sarı irəliləyir və sanki nizə şəkilli yarımadanı dənizdən asılı qoyurdu. Beş-altı kilometr hamar yoldan sonra enişlər, yoxuşlar gəlirdi. Hiss olunurdu ki, Qafqaz sıra dağlarının son aşırımlarını arxada qoyuruq. Bizim Burqund yaylasına bənzəyən bu yerlərdə yol boyu kiçik kəndlər vardı. Evlərin bacalarından tüstü çıxır, biçənəkdə sürülər otlayırdı. Arpa-buğda cücərib qalxmışdı. Orda-burda boz dağların döşünə elə bil qeyri-bərabər biçimdə xalılar döşənmişdi. Hər halda, bu mədəniyyət idi. Əkin-biçin, qorxusuz otlayan sürülər, evlər, sakitlik insanların dinc həyat sürdüyünə dəlalət edirdi. Dərindən nəfəs aldım. Neçə vaxt idi ki, mədəniyyət barədə heç bir söz eşitməmişdim. Özümü rahat hiss etdim. - Görəsən yolun mənzərəli və təhlükəli hisəsi birdəfəlik arxadamı qaldı? - Bəli, - deyə azərbaycanlı bələdçimiz cavab verdi. Lakin Qafqaz dağlarının o biri ətəyində biz gözəl mənzərələr və təhlükə məfhumlarının ikili xarakter daşıdığını duyub razı qaldıq. Təhlükə, qorxu yolçunun qəribə bir yol yoldaşıdır. Əvvəlcə adam çəkinir, çalışır ki, qorxuyla üz-üzə gəlməsin. Sonra ona alışır və nəhayət onun yaxında olmasını arzulayır. Bu elə bir təsiredici qüvvəyə malikdir ki, yaxında olanda insan hər şeyin qiymətini, dəyərini ikili duyur. Təhlükənin olmasına adam sevinir, o sovuşanda təəccüblənir. Hətta yolun dəyişib təhlükəli, qorxulu yolla getmək istəyir. Bəli, istəməzdik ki, onunla birdəfəlik vidalaşaq. Ona görə də “hələlik” deyirəm... Yol elə bayaqdan gəldiyimiz kimi davam edirdi. Enişlər, yoxuşlar... Birdən qarşımıza əvvəlkilərdən daha dik və çətin bir yoxuş çıxdı. Yoxuşda atların işini asanlaşdırmaq üçün yox, Bakını bizdən gizləyən bu axırıncı təpənin başına tez şatmaq üçün faytonlardan yerə tullandıq. Yoxuşun lap başına çatanda uzaqda Xəzər dənizini gördük. Bizimlə dəniz arasında bəzi yerləri çökəklikdə gizlənən Bakı şəhəri yerləşirdi. Lakin tezliklə Bakı bütün gözəlliyi ilə gözümüz önünə gəldi. Elə bil şəhərə göydən düşmüşdük. İlk baxışdan adama elə gəlirdi ki, Bakı iki hissədən ibarətdir: Ağ şəhər, Qara şəhər. Bakı Rusiyanın tərkibinə daxil olandan sonra şəhər ətrafında meydana gələn tikililər Ağ şəhəri təşkil edir. Qara şəhər isə şəhərin qədim hissəsidir. Bu şəhər də Dərbənd kimi divarlarla əhatə olunmuşdur. Dərbənd qalasının divarları qədər gözəl və mənzərəli olmasalar da, bu divarların özünəməxsus xüsusiyyətləri var. Aydın məsələdir ki, bu divarlar artileriyadan deyil, soyuq silahdan müdafiə olunmaq üçün ucaldılmışdır. Şəhərin mərkəzində nəzəri Xan sarayı cəlb edirdi. Buradan qədim məscidin əyilmiş minarəsini və ayağını Xəzərin suları yuyan Qız qalasını da görmək olur. Ucalığı və əzəməti ilə diqqəti diqqəti cəlb edən Qız qalası qeyri-adi bir əfsanə ilə bağlıdır. Bakı xanlarından birinin çox gözəl bir qızı varmış. Qədim əfsanədə atasına vurulan Mirrin əksinə olaraq burada ata öz qızına vurulur. Qız dünyaya gəlməsində günahkar olan atasının ehtirasından, çirkin əməlindən yaxa qurtarmaq üçün deyir ki, xanın sevgizinə bir şərtlə razılıq verə bilərəm: qoy xan məhəbbətini sübuta yetirmək üçün ən uca, ən möhkəm, şəhərdə tayı-bərabəri olmayan bir qala tikdirsin. Qala hazır olanda xanın arzusu yerinə yetiriləcək. Xan o saat adam toplayıb qalanı sürətlə ucaltmağa başlamış, əlindən gələni əsirgəməmişdir. Hər dəfə xan “qala hazırdır” deyəndə qız qalanın bir mərtəbə də ucaldılmasını xahiş edirdi. Bu təkidlər olmasaydı Qız qalası bu qədər ucalmazdı. Mərtəbələr biri-birini əvəz edir, qala göylərə ucalırdı. Qız qalası dəniz kənarında, yəni şəhərin aşağı hissəsində olsa da, yuxarıda yerləşən məscidlərin minarələrindən də yüksək görünürmüş. Qala hazır olanda onu çox bahalı İran xalıları və s. ilə bəzəmişlər. Axırıncı xalı döşənəndə xan qızı möhtərəm qadınların müşayiəti ilə qalanın başına çıxmış, meydançada kəlmeyi-şəhadətini oxumuş və özünü dənizə atmışdır... İsmət və bəkarət rəmzi olan Qız qalasına gəlməmişdən qabaq xəyanətdən söhbət açan başqa bir abidəyə də rast gəlmişdik. Bu, Gürcüstanın canışını general Sisiyanovun abidəsi idi. O, Bakını mühasirəyə aldıqda xan şəhəri təslim etməzdən əvvəl, guya öz şərtlərini bildirməkdən ötrü generalla görüşmək arzusunda olduğunu bildirmişdir. Ermənilər general Sisiyanovu xəbərdar etmişdilər ki, görüş zamanı onu öldürəcəklər. Sisiyanov özünü Sezar kimi cəsur göstərmiş və “Buna cürətləri çatmaz” demişdir. Xan görüşə gələn generalın başını qılıncla vurmuşdur. Bakılılar bu işə mat qalmış, şəhərin və onalrın başının üstünü alan təhlükədən qorxub xanı ruslara təslim etmək istəmişlər. Lakin xan qaçıb İranda özünə sığınacaq tapmış, şəhər isə rusların əlinə keçmişdir. İlk divarları II Abbas tərəfindən ucaldılan Bakı əsrlər boyu atəşpərəstlərin müqəddəs yeri olmuşdur. Əvvəllər müstəqil olan Bakı xanlığı sonralar İrandan asılı vəziyyətə düşmüşdür. İran onu 1723-cü ildə Rusiyaya güzəştə getmiş, 1735-ci ildə geri almış, axırıncı xanın xəyanətindən sonra isə Bakını birdəfəlik itirmişdir. General Sisiyanovun abidəsi şəhərə lap bitişikdir. Qəbri isə Tiflisdədir. Bakıya daxil olmaq orta əsrlərin alınmaz qalalarından birinə girmək təsiri bağışlayır. Divarları üçqat olan qalanın qapıları o qədər dardır ki, üç at qoşulmuş arabanı qapıdan keçirmək üçün yan atı açmalı olduq. Şəhərin Şimal qapıları yanında böyük bazar, Şərq memarlıq üslubundan daha çox qərb memarlıq üslubuna yaxın olan, daha doğrusu Avropasayağı tikilmiş binalar və sağ tərəfdə xristian kilsəsi vardır. Bizi birbaşa M. Piqulevskinin iqamətgahına apardılar. O, qapının ağzında bizi salamladı, lakin evə dəvət edə bilmədi. Çünki evində iki azərbaycanlı qadın qonağı vardı. Müsəlman dini qadınların yad kişilər yanında üzü açıq oturub söhbət etməsinə yol vermir. Bu yandan da bizə uzun səfərdən sonra yuyunub, rahatlanmaq vacib idi. Bizi öz adamlarından biri ilə yaşayacağımız “Avropa klubu”na yola salan M. Piqulevski yuyunub-rahatlandıqdan sonra onunla nahar etməyimizi xahiş etdi. Xristian kilsəsinin yanında şəhərin ən mənzərəli yerlərindən birində yerləşən bu klubun salon və otaqlarını mənim sərəncamıma vermişdilər. Göstərilən qonaqpərvərlik üçün söz tapa bilmirəm. Bircə onu deyə bilərəm ki, bütün yol boyu bizə göstərilən qonaqpərvərlik gözlədiyimizdən də üstün idi. Yuyunub-rahatlanmaq üçün M. Piqulevskinin bizə çox vaxt verməsinə ürəkdən sevinirdik. Lakin yenicə yuyunmuşduq ki, Piqulevski özü iki faytonla arxamızca gəldi. Azərbaycanlı xanımlar öz milli və dini qanunlarını pozaraq mütləq məni görmək istəyirdilər. Biz hazırlaşana qədər M. Piqulevski gözlədi. O, gözəl adam idi. Onun haqqında bir neçə kəlmə deməyə dəyər. O, Bakının həm bələdiyyə, həm polis rəisi, həm də hakimi idi. Bu ucaboy, enlikürək adamın qırx yaşı olardı. Əynində rus forması, başında azərbaycanlı papağı vardı. Xəz papağını gözlərinin üstünə elə basmışdı ki, alışıb-yanan və gülümsəyən gözlərini güclə seçmək olurdu. Gözlərindən səmimilik oxunurdu. Dolu sifəti, mirvari kimi ağ dişləri, gözəl dodaqları gözləri ilə tamamilə həmahəng idi. Fransızca bir kəlmə də bilmirdi. Rusca isə elə aydın, elə ifadəli danışırdı ki, nə demək istədiyini tamamilə başa düşürdük. Onun sifətindən xoşbəxtlik yağırdı. Elə bil Babil qülləsinin dağıldığı gündən bu günə qədər alimlərin yaratmaq arzusunda olduğu beynəlxalq əlifbanın ilk hərflərini bu xoşbəxt adam kəşf etmişdi. Faytonlara əyləşib M. Piqulevskinin iqamətgahına gəldik. Mən onun üz-gözündəki sevinci indi anladım. Onun on altı yaşında gül kimi zərif və gözəl qızı, otuz iki-otuz dörd yaşında, anadan çox öz qızının bacısına oxşayan çox cazibədar bir qadın əlimizi sıxaraq bizi salamladı. Ailənin iki-üç uşağı vardı. Heç vaxt ağrı-acı dadmamış bu ailə həyatın pillələrilə dərdsiz-qəmsiz irəliləyirdi. Səbirsizliklə gözlədiyimiz, hörmətlə qəbul olunduğumuz bu məclisdə bizi görmək istəyən iki azərbaycanlı xanım və onlardan birinin – gənc xanımın əri də iştirak edirdi. Çadra örtmüş bu xanımlardan biri Qarabağın axırıncı xanı Mehdiqulu xanın arvadı, o biri qızı idi . Anaya qırx, qızına isə iyirmi yaş vermək olardı. Hər ikisi milli geyimdə idi. Qəşənglikdən daha çox bahalı olması ilə seçilən nazik paltarda cazibədar görünən gənc xanımın yanında iki uşağı da vardı. Anası kimi milli geyimdə olan üç-dörd yaşlı qız uşağı maraq dolu, böyük, qara gözlərini bizdən çəkmirdi. Beş-altı yaşlı oğlan uşağı isə nənəsinin dizinə sıxılmış və sövqi-təbii ilə kiçik əlini belindən asılan xəncərin üstünə qoymuşdu. Mən mat qalmışdım. Bu, fransız qadının uşağın oynamasına icazə verə biləcəyi oyuncaq xəncər deyildi, oğlanın belindəki əsl iti xəncər idi. Azərbaycanlı qadınlar üçün bu birinci uşaq oyuncağı hesab olunur. Gənc xanımın həyat yoldaşı Xasay xan Usmiyev ürəyəyatan, gözəl insanlarla yolda baş çəkdiyimiz Andreyevo kəndində anadan olmuşdur. Otuz beş yaşlı Xasay xan qədd-qamətli idi. Alışıb-yanan gözlərində nəsə bir narahatlıq duyulurdu. Qapqara saqqalı onun dişlərini daha da ağ göstərirdi. Başına qıvırcıq quzu dərisindən tikilmiş gözəl papaq qoymuşdu. Uzun, qara çərkəzi çuxa geyinmişdi. Çuxaya qızılı sapla naxış vurulmuş, yaxasında ətrafı qızıl və gümüşlə haşiyələnmiş iki patrondaş, belində saf qızıldan olan gözəl kəmər vardı. Kəmərdən fil sümüyü və qızılla işlənmiş zərif bir xəncər asılmışdı. Əynindəki şalvar İran qumaşından tikilmişdi. Dağlılar arasında dəbdə olan qumaş şalvarı dizdən aşağı sıxmışdı. Fransızca parislilərdən heç də pis danışmayan Xasay xan ləyaqətli adam idi. Mən onun mədəniyyətinə, ağlına, fransızca təmiz danışmağına heyran qalmışdım. Sən demə, Xasay xan Peterburqda mənim köhnə dostum Marmye ilə tanış olubmuş. O dostumun mənim fikirləşdiyimdən də üstün olan xüsusiyyətlərindən danışdı. Xahiş etdi ki, Parisə qayıdan kimi alim və səyyah dostuma onun səmimi arzularını çatdırım, görüşlərini yada salım. İndi Marmyenin dünyanın hansı guşəsində olduğunu bilmədiyimdən (bəlkə indi o, Tancerdə, Timbuktuda, Mexikoda, Şam şəhərində və ya Maarif Nazirliyinin kitabxanasındadır) Xasay xanın səmimi salamlarını burada yazıram. Güman edirəm ki, bir gün hardasa Marmye bu sətirləri oxuyacaq və köhnə dostunu yada salacaqdır. Xanımlar əvvəlcədən nahar etmələrinə baxmayaraq, məclisi tərk etmədilər. Onlar bizim söhbətimizə diqqətlə qulaq asırdılar. Deyilənləri onlara hərdənbir Xasay xan tərcümə etsə də, nahar başlanandan qurtarana qədər dilmancımız M. Piqulevskinin gözəl qızı idi. Bakının ətraf yerləri Nahar qurtaran kimi qapıda hazır dayanmış faytonlara minib məşhur Atəşgaha getdik. Bakı Atəşgahı, az səyahət edən fransızlar istisna olmaqla, bütün aləmə bəllidir. Gecə-gündüz alovlanan bu yer – Atəşgah Bakının iyirmi altı kilometrliyindədir. Daimi alov yerin altında olan mazut və təmizlənməmiş neftdən baş alır. Bu neft təmizləndikdə durulsa da, yandırıldıqda bol tüstüsü və xoşagəlməz qoxusu olur. Bununla belə, ondan məişətdə çox istifadə edirlər. Hətta Lənkəran və Dərbənddə şərab tuluqlarını onunla yağlayırlar. Bu şəraba xüsusi dad verir və şərab biliciləri bunu çox yüksək qiymətləndirirlər. Lakin mən ona heç cür alışa bilmədim. Mazut və nefti sürtgü yağı kimi də işlədirlər. Arabaların təkərlərini bununla yağlayırlar ki, arabaçıların canı pis qoxusu olan donuz piyindən qurtarsın. Bir çox başqa müsəlman xalqları kimi azərbaycanlıların da piydən zəhləsi gedir. Daha doğrusu, piyə nifrət bəsləyirlər. Nəhayət, mazut və neftdən sement düzəldirlər. Vaxtilə Roma sementi də onun əsasında düzəldilib. Deyilənlərə görə qədimdə, yeni eradan əvvəl Babil və Neynəva şəhərləri tikilərkən də belə sement işlətmişlər. Neft yeraltı odları sayəsində bərk dağ qatranından əmələ gəlir. O, dünyanın bir çox nöqtələrində vardır. Bakı və onun ətraflarındakı qədər neft isə heç bir yerdə yoxdur. Şəhər ətrafında – Xəzər dənizinin sahili boyu dərinliyi üç metrdən iyirmi metrə qədər olan quyular qazılmışdır. Gil və əhəngdən ibarət çuxurların arasından qara və ağ neft çıxır. Hər il yüz min sentner neft çıxarılır. Çıxarılan neft İrana, Tiflisə və Həştərxana göndərilir. Xəzərin xəritəsinə nəzər salaraq, Bakıya paralel qarşı sahilə qədər bir düz xətt çəksəniz, köçəri türkmənlərin yaşadığı yerlərə yaxın Çeleken adlı bir ada – heft adası görəcəksiniz. Abşeron yarımadasının əks tərəfində beləcə bir yarımada şəkilli sahədə çoxlu neft mədənləri vardır. Abşeronun qurtaracağı boğaz şəklindədir. Orada atəşpərəstlərin də, farsların da müqəddəs hesab etdiyi bir ada var. Bu adada yanar qaz və neft quyuları olduğuna görə o müqəddəsləşdirilmişdir. Beləliklə, düşünmək olar ki, dənizin altındakı böyük neft yatağı türkmənistana qədər gedib çıxır. Hal-hazırda böyük bir şirkət neftdən şam düzəltmək fəaliyyətə hazırlaşır. Bizim ulduzlu şamlara bənzəyəcək bu şamların girvənkəsi 75 santimə başa gələcək. Tiflisdə indi şamın biri 2 franqa, Moskvada isə altmış santimə satılır. Buna görə də atəşpərəstlərin Bakını müqəddəs yer kimi seçməsi təəccüb doğurmur... ...Biz də indi atəşpərəstlərin müqəddəs məbədinə - Atəşgaha gedirdik. İki saat yol gedəndən sonra (yolun birinci hissəsi dəniz sahilinin payına düşür) bir təpənin başına çatdıq. Oradan bütün Atəşgah, onun od-alovu ovuc içi kimi aydın görünürdü. Böyüklüyü bir kvadrat lyölük düzənliyi təsəvvürünüzə gətirin! Yüzlərcə əyri-üyrü deşikdən alov lay-lay havaya püskürür, külək onu şaxələndirir, atır-tutur, əyir-düzəldir, yerlə yeksan edir, göylərə qaldırırdı. Lakin söndürə bilmirdi. Orada böyük dördkünc bina görünürdü. Bina da alovla işıqlanrılmışdı. İşıq divarlara düşdükcə əks olunur və adama elə gəlirdi ki, bina hərəkət edir. Əhənglə ağardılmış bina içində qaz alovlanan buxarıcıqlarla əhatə olunmuşdu. Qaz elə gur yanırdı ki, bu buxarıcıqların hər biri nəhəng qaz borusuna bənzəyirdi. Buxarıcıqların arxasından isə günbəz yüksəlirdi. Günbəzin hər dörd küncündə gur alov şölə saçırdı. Lakin bu alov Şərqə baxan qapının yanındakı alovdan zəif idi. Qərb tərəfdən gəldiyimizə görə Şərq tərəfdəki yeganə qapıdan içəri girmək üçün ibadətgahın başına fırlandıq. Qarşımızda qeyri-adi və çox gözəl bir mənzərə açıldı. Deyirlər ki, buralar yalnız bayram vaxtı belə çıraqban olur. Sən demə, bizim gəlişimiz barədə M. Piqulevski onlara xəbər göndərmiş, iki min ildən artıq təqiblərə məruz qalan atəşpərəstlərin bu yazıq nümayəndələri də əmrə müntəzir duraraq, əllərindən gələni etmişdilər. Məndən sonra atəşpərəstləri görmək istəyənhəmvətənlərim tələsməlidirlər. Çünki ibadətgahda yalnız bir qoca və otuz-otuz beş yaşlı iki cavan adamdan başqa atəşpərəst qalmayıb. Cavanlardan biri Hindistandan altıca ay əvvəl gəlib. Deməli, ona qədər Atəşgahda ibadət edən ikicə nəfərmiş. Biz tamamilə alova bürünmüş qapıdan həyətə girdik. Böyük dördkünc həyətin ortasında günbəzli səcdəgah ucalır, səcdəgahın tən ortasında əbədi alov şölələnir. Günbəzin hər dörd küncündə yerin altından qaz alovu püskürür. Səcdəgaha çatmaq üçün beş-altı pillə yuxarı qalxmaq lazım gəlir. Çöl divarı boyu tikilmiş iyirmiyə qədər hücrənin hamısı içəri açılır. Onlar zərdüştlüyə hazırlaşan tələblər üçün inşa edilmişdir. Hücrələrin birinin divarında taxça düzəldilib və ora iki büt qoyulub. Atəşpərəstlərdən biri kahin paltarını geydi. Başqa birisi, demək olar ki, tamamilə çılpaq olan adam əyninə köynək kimi bir şey keçirdi və ibadət başladı. İbadət səslərin qeyri-adi şəkildə dəyişməsindən, dörd-beş xromatik qamma notundan artıq olmayan sol və mi arasında təkrarlanan və tez-tez Brahmanın adı çəkilən nəğmədən ibarət idi. Hərdən kahin üzüstə yerə yıxılanda digər atəşpərəst əlində tutduğu siniləri biri-birinə vururdu. Yüksək və cingiltili səs çıxırdı. Mərasim qurtaranda kahin hərəmizə bir parça nabat uzatdı, əvəzində ona hərəmiz bir manat verdik. Sonra böyük neft quyularına baxmağa getdik. Quyuların ən dərini 18 metr idi. Bu əvvəllər şor su quyusu imiş. Bir gün su yoxa çıxdıqda lopa düzəldib quyunun dibinə baxmaq istəyirlər. Lopanın dərinliyə düşməsi ilə quyunun alovlanmağı bir olub. Deyirlər, o vaxtdan alov sönmür. Əyilib bu quyuya baxmaq çox qorxuludur. Qazın iyindən adamın başı hərlənə bilər. Baş ki, əldə olmadı, heç bir şey. Ayaqlardan yerdən üzüləcək və kəlləmayallaq olub alovun içinə düşəcəksən. Buna görə də quyunun ətrafını çəpərləyiblər. O biri quyuların üstünə elə-belə tor şəbəkələr, şəbəkələrin də üstünə daş qoyublar. Bu daşlar on iki saatın içində gipsə dönür. Daşın gipsə çevrilməsinə tamaşa etdiyimiz zaman Atəşgahın bir kilometrliyindəki Suraxanı kəndini idarə edən zabit gəlib bizi evinə, çay dəsgahına dəvət etdi. Razılaşdıq və faytonları onun dalınca sürdük. Sən demə, çay bəhanə imiş. O hazırlığı ki, orada görmüşdülər, ona çay dəsgahı demək ən azı insafsızlıq olardı. O bizi çox səliqəli bir otaqda (orada rahatca yatmaq olardı) əla Azərbaycan yeməklərinə qonaq etdi. Stolun üstündə plovdan kababdan tutmuş, armud, üzüm və qarpıza qədər hər şey vardı. Bir sözlə, Azərbaycan yeməklərindən əməlli-başlı bir süfrə açılmışdı. O, bizə evində gecələməyi təklif etdi. Mən böyük məmnuniyyətlə onun təklifini qəbul edərdim, di gəl ki, M. Piqulevskinin səhər tezdən rəsmi işi vardı. Doğrudur, o, Bakıya tək qayıtmaq istədi, ancaq bu yaxşı çıxmazdı. Odur ki gecə saat 11-də ev sahibinə təşəkkür edib çıxdıq. Neapolun Solfatara vulkanından daimi yanması ilə üstün olan Bakı Solfatarasının – Atəşgahın yanından ötüb Bakıya qayıtdıq. Səhərəsi gün saat doqquz tamamda xəbər verdilər ki, Xasay xan Usmiyev gəlmişdir. Dəqiqliyi ilə avropalılardan da üstün olan Xasay xan bizim xidmətimizdə duracağını bildirmişdi. Parislilərin hər hansı bir azərbaycanlı bəy haqqında təsəvvürləri belədir: qaba, bir və ya iki qoyun dərisindən kürk və ya arxalıq geymiş, başında motal papaq, anlaşılmaz və boğaz səsləri ilə danışan, siyasətimiz, ədəbiyyatımız, mədəniyyətimiz haqqında təsəvvürü olmayan, təpədən-dırnağa qılınc,, xəncərə, tapança və s. ilə silahlanmış bir adam! Qətiyyən belə deyilmiş. Azərbaycanlı Xasay xan Usmiyevdə də yuxarıda saydığlarımızdan əsər-əlamət yox idi. Xasay bəy, yuxarıda dediyim kimi, otuz beş yaşında, çox yaraşıqlı, üzünün cizgiləri gözəl, qaynar və ağıllı gözlərinin dərinliyində nəsə bir narahatlıq hiss olunan, sədəf kimi incə dişləri ağappaq görünən bir adam idi. Azərbaycanlıların və farsların saqqala həna qoymaq adətinə o da əməl etmişdi. Qara saqqalı bir az qırmızıya da çalırdı. Başına qıvrım quzu dərisindən tikilmiş, gürcülərin papağına oxşar ucu şiş, çox incə və gözəl bir qələmi papaq qoymuşdu. Uzun, qara çərkəzi çuxa geymişdi. Çuxaya qızılı sapla naxış vurulmuşdu. Onun yaxasında gümüş güllə ilə dolu qızılla haşiyələnmiş iki patrondaş, belində zərli kəmər vardı. Belə bir kəmər yalnız Şərqdə düzəldilə bilər. Çünki Şərqdə düzəldilən gözəl kəmərləri dünyanın heç yerində yarada bilmirlər. Kəmərdən zərif xəncər asılmışdı. Xəncərin dəstəyi fil sümüyündən idi, qını və tiyəsi isə qızılla işlənmişdi. İran qumaşından tikilmiş şalvarını dizdən aşağı sıxan – qamaşın altından onun kiçik, nazik çəkmələri görünürdü. Elə bil bu çəkmələrin içindəki ayaqlar bir dəfə də yerə toxunmamış, həmişə yəhərin üzəngisində olmuşdu. Onun uşaq ayağına bənzəyən zərif, incə ayaqları geydiyi formanı daha da yaraşıqlı göstərirdi. Xasay xan bütün şərqlilər kimi möhkəm silah həvəskarıdır. Özü də yalnız əla dəstəyi və qaralmış tiyəsi olan yerli silahların deyil, eyni zamanda bizim sadə, davamlı və hədəfi düz vuran Avropa silahlarının da pərəstişkarıdır. O, mənim dörd-beş tüfəngimə baxdı. Devim emalatxanasında düzəldilmiş tüfəngin üstündə dayandı. Həmin tüfəngin təsadüfən onların əlinə düşən başqa növlərindən fərqləndiyini bildirdi. Xahiş etdi ki, Parisə qayıdandan sonra, əgər mümkün olsa, Devim emalatxanasında istehsal olunan tapançalardan birini Bakıya – ona göndərim. Mən Parisdən səfərə çıxmağa hazırlaşanda, yuxarıda dediyim kimi, Devim mənə özünün istehsal etdiyi bir gödək lüləli tüfəng və tapança gətirmişdi. Tüfəngi Baqrationa hədiyyə etmişdim. Tapançanı qədrini bilən bir adama bağışlamaq üçün münasib məqam idi. Mən tapançanə gətirib Xasay xana bağışladım. Bir saat sonra ondan bir məktub aldım. Fransızca yazılmış məktubda heç bir səhv yox idi. O yazırdı6 “Sizin elə gözəl, elə zəngin silah kolleksiyanız var ki, ora nəsə əlavə etmək mümkün deyil. Odur ki, bu pul kisəsini və iki arxalığı qəbul etmənizi xanımım xahiş edir. Pul kisəsini xanımım öz əlləri ilə tikmişdir! Xasay xan Usmiyev.” Bu qəşəng hədiyyəni xanım Freyqangilə getmək üçün qaladan çıxanda aldım. Deməliyəm ki, admiral Maşinin gəmisi ilə Həştərxanda şahzadə Tümenin yay sarayına ziyafətə bizimlə Petreyenkova və Davıdova familli iki mehriban, cazibədar qadın, Vrubel familli cavan qız da gedirdi. Şənlik vaxtı da bu yazıq qız yas içində idi. Onun kazak qoşunları başçısı olan atası səkkiz ay bundan qabaq ölmüşdü. Dənizçi zabit arvadı xanım Petreyenkova iki il İranın Astarabad şəhərində, yarım ilə qədər isə xalis Şərq şəhəri olan Bakıda yaşamışdı. Bakıda xanım Freyqanla tanış olmuş və onun müsbət cəhətlərindən mənə çoz danışmışdı. Beləliklə, mən Bakıya gələndə xanım Freyqan ilə artıq qiyabi tanış idim. Xanım Petreyenkovadan Bakıya gəldiyimi xəbər tutan bu xanım fürsətdən istifadə edərək əri ilə - Bakı limanının rəisi kapitan Freyqanla Piqulevskigilə görüşümə gəlmişdi. Xanım Freyqan fransızca çox gözəl danışırdı. Biz onunla köhnə tanışlar kimi söhbətə girişdik. Elə oradaca şərtləşdik ki, səhərisi gün o məni öz faytonunda bazara gəzməyə aparsın. Bakının əhalisi əsasən azərbaycanlılar, farslar, ermənilərdən ibarətdir. Bu üç xalq haqqında bir neçə kəlmə demək istərdim. Farslar qarayanız, boyları uca, belləri nazik, sifətləri uzun olur. Ucu şiş qıvrım tüklü papaqları yuxarıdan, həmişə həna qoyulan saqqalları isə aşağıdan onların sifətlərini daha da uzun göstərir. Yerişləri sərbəstdir. Bəzən yavaş, bəzən iti yeriyir, lazım olanda hətta qaça-qaça gedirlər. Mən bu xüsusiyyətləri heç vaxt türklərdə müşahidə etməmişəm. Bir əsrdən artıq gah türkmənlərin, gah azərbaycanlıların, gah da rusların əsarəti altında olan Qagqaz iranlıları islam dininin təsiri altında taleləri ilə barışıblar. Onlar özlərinə əzilməyə məhkum qurbanlar kimi baxırlar. İndi əldə tarix kitabları olmadığına görə keçmiş yaddaşlarından silinmişdir. İndiki yaşayışları isə ağır və xəcalətlidir. Müqavimət göstərməyi isə ağılsız və mənasız hesab edirlər. Ona görə ki, hər dəfə etiraz səslərini ucaldanda paylarını alıblar. Şəhərləri viran, var-dövlətləri talan edilmiş, həmvətənləri qılıncdan keçirilmişdir. Həyatlarını xilas etmək, var-dövlətlərini qorumaq xatirinə hər cür vasitələrə əl atmış, hər cür əməllərdən çıxmışlar. Yəqin buna görədir ki, Həştərxan-Bakı yolunun üstündə yerləşən Şərq şəhərlərinin birincisi olan Dərbəndin Şimal qapısından girəndə və Cənub qapısından çıxanda sizə yalnız bir şey tapşıracaqlar: “İranlıya etibar etməyin. Onun nə sözünə, nə andına inanın. Şəxsi mənafeyindən asılı olaraq, o öz sözünü hər vaxt geri götürə bilər. Onun andı o vaxt dəmir kimi möhkəm olur ki, and içdiyi məsələ siyasi və iqtisadi vəziyyətini yaxşılaşdırsın. Əgər o and içib bir xəndəkdən və ya çəpərdən hoppanmalı olsa, xeyiri, gəliri yoxdursa, andının möhkəmliyi saman çöpündən fərqlənməz. Güclülər qarşısında alçalan bu adamlar zəiflərə qarşı zalım və kobud olurlar. Farslarla sövdələşəndə ehtiyatı əldən verməyin. Onun imzaladığı, təsdiq etdiyi sənəd hələ hər şey deyil. Bu hələ ehtimaldır.» Ermənilər bədən quruluşuna görə farslardan fərqlənmirlər. Lakin onlar yaşlaşdıqca farslara nisbətən tez kökəlirlər. Sifət quruluşları da iranlılar kimi mütənasibdir. Gözləri çox qəşəngdir. Bu gözlərdə ağıl da, məna da, qəm-qüssə də, mütilik də vardır. Bəzən bunların hamısı bir yerdə olur. Onlar köhnə adət-ənənələri yaşadırlar. Onlara görə guya İbrahim peyğəmbər elə dünən dünyadan köçüb. Yaqub peyğəmbər isə elə bil hələ də yaşayır. Ata evin başçısı – ağasıdır, onun sözü evdə hamı üçün qanundur. Ondan sonra ailədə hökmran böyük oğuldur. Kiçik qardaşlar, bacılar və s. böyük qardaşın sözünə tabe olurlar. Atanın rəyi ilə hamı hesablaşır, ona itaət edir. Çox nadir hallarda ata ilə bir süfrə arxasında oturub yeyirlər. Bunun üçün atanın nəinki dəvəti hətta əmranə bir səslə onları çağırması lazım gəlir. Ermənilər qonaqpərvərdirlər. Evə hörmətli qonaq gələndə qoyun kəsir, qonaqlıq verirlər. Heç vaxt dana kəsməzlər. Dana Ermənistanda nadir tapılan heyvandır. Qoyun kəsilir və bütün dostlar kef məclisinə dəvət olunur. Bir az xülyaya dalcaq düşünürlər ki, Yaqub və Rahil də onlarla stol arxasında əyləşib nişanlanmalarını bayram edəcəklər. Ermənilərin həyat tərzinin zahiri görünüşü belədir. Bununla belə haqq-hesabda ciddidirlər, qayda-qanunu sevirlər. Ağıl və dərrakə ilə ticarətlə məşğul olurlar. Həyat tərzlərinin görünməyən, kölgədə qalan tərəfi onları yəhudilərlə yaxınlaşdırır. Bu xüsusiyyəti yalnız və yalnız ardıcıl tədqiqat və yaxından tanışlıq sayəsində aşkar etmək olar. Bu yaxınlıq qədim tarixi ənənə və dəlillərə əsaslanır. Güman edirlər ki, guya yer üzərində cənnət Ermənistanda olmuşdur. Yer kürəsini suvaran ilk dörd çay da guya öz başlanğıcını orada tapmışdır. Nuhun gəmisi də Ermənistanda ən uca dağın başında dayanmışdı. Məhv olmuş dünyamız guya yenidən orada canlanmağa başlamışdı. Nəhayət, guya Nuh peyğəmbər Ermənistanda üzüm bağları salmış, ilk dəfə şərabın gücünə, təsirinə məruz qalan da o olmuşdur. Yəhudilər kimi ermənilər də bütün dünyaya deyil, yalnız Asiyaya yayılmışlar. Orada onlar həmişə qayda-qanun əvəzinə, zorakılıqla, kefi istədiyi kimi hökmranlıq edən qəddar, başqa dinə qulluq edən zalım hökmdarların hakimiyyəti altında olmuşlar. Onlar görmüşlər ki, var-dövlətləri başlarına bəla gətirir, buna görə hər vaxt təqibə məruz qalırlar. Var-dövlətlərini gizləməyə başlamışlar. Əmin olmuşlar ki, doğru söz deməyin sonu ölümə gətirib çıxarır. Nəticədə öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. Dünən onlara həyan olan, kömək edən bir adam bu gün gözdən, etibardan düşəndə ona kömək etdikdə boyunlarının vurulacağından qorxub nankora çevriliblər. Ticarətdən savayı hər şey üzlərinə bağlandığından şöhrətpərəst ola bilməyiblər. Yaxşı ticarətçi olublar. Onların sözü demək olar ki, doğru, ticarət sahəsindəki imzaları toxunulmazdı. O ki, qaldı azərbaycanlılara, biz onlar haqqında yuxarıda danışmışdıq. Qafqaz qəbilələri ilə qaynayıb-qarışması azərbaycanlıların təbiiliyini daha da artırmışdır. Bu xalq vaxtilə müzəffər olmuş, ürəyində indinin özündə də döyüşkən olaraq qalır. Bir vaxt köçəri həyat sürən azərbaycanlılar indi də, dağlarda, düzənlərdə azad yaşamağı üstün tuturlar. Onların çoxu məmnuniyyətlə atçılıqla, maldarlıqla, qoyunçuluqla məşğuldur. Yaz gələn kimi dağlara köçür, payıza qədər orada qalırlar. Qadınlar yun əyirir və xalça toxuyurlar. Onların toxuduqları Quba, Şamaxı və Nuxa xalıları rəng çalarlarına, naxışlarına və keyfiyyətlərinə görə İran xalılarından heç də geri qalmır. Əksinə, İran xalılarından bir üstünlüyü var: bu xalılar yarı qiymətinə satılır. Eləcə də azərbaycanlılar ağzı ülgüc kimi iti xəncər düzəldirlər. Qını zinətli, dəstəyi fil sümüyündən və gümüşlə işlənmiş belə bir silaha dağlıların başçısı dörd at və iki arvad verirmiş. Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı. Biz Dərbənddən başlayaraq bu üç millətin əhatəsində olmuşuq. Mən burada alicənab, vicdanlı, igid, bədxərc və mübariz gürcülər haqqında danışmadım. Çünki onlar Gürcüstandan kənarda yaşamırlar. Bakıda ticarətin əsasını ipək, xalça, şəkər, zəfəran, İran qumaşı və neft təşkil edir. Neft haqqında bayaq danışmışıq. Nuxa ipəyi ilə rəqabətə girə bilməsə də, burada ipək alveri əla gedir. İpəkdən sonra zəfəran gəlir. Zəfəranı küncüt yağı ilə qarışdırır və yastı qoğallar bişirirlər. Yola çıxanda bu qoğal adamın hayına çatır. Bakı bazarlarında həm Avropa qəndinə, həm də Mazandaranda istehsal olunan kömbə boyda kəllə qəndə təsadüf edilir. Nə gizlədim, mən ən çox xalçalar, İran qumaşı və müxtəlif silahlarla maraqlanırdım. Lakin xanım Freyqan o saat qadın olduğunu göstərdi. O, hər şeydən əvvəl məni öz ustasının yanına apardı. Bu əla zərgərin adı Yusif idi. Bir yazıçı təxəyyülü üçün bu daş-qaşdan, parçadan, xalı-xalçadan, Şərq silahlarından gözəl nə ola bilərdi! Mən nəfsimi möhkəm saxlayaraq, mərcan və əqiqdən düzülmüş bir təsbeh və mərcan boyunbağı almaqla kifayətləndim. Sonra isə arxama baxmadan qızıl çubuqlu “ovsunçudan” qaçıb aralandım. Hətta xanım Freyqanın arxamca gəlib-gəlmədiyinə belə məhəl qoymadım. Ən maraqlısı budur ki, başında şiş papaq olan bu ləl-cavahir və almaz sahibləri kiçik daxmalarda işləyirlər. Daxmaya sınıq-salxaq pilləkənlərlə gəlirlər. Külək pəncərələrin sınıb-tökülmüş yerlərindən daxmaya soxulur, metaləridən cihazları yelləyir. Xanım Freyqan qaça-qaça mənə çatdı. Ona elə gəlib ki, məni əqrəb sancıb. - Bazara, bazara gedək! Yoxsa sizin ustanızdan canımızı qurtara bilməyəcəyik, - dedim. Doğrudan da o bizə yalnız “Min bir gecə” nağıllarında görünə biləcək piyalələr göstərdi. Hələ mən qadınlar üçün baş örtüklərini, yalnız cənnət gözəllərinin – hurilərin taxa biləcəyi kəmərləri demirəm. Bütün bunlar sadə alətlərlə - çəkic, biz və qayçı ilə gözəl sənətkarlar tərəfindən düzəldilmişdir. Əlbəttə, bu incəsənət nümunələrini Janise və Lemonyenin sexlərində hazırlanan mallarla müqayisə etmək olmaz. Bununla belə, burada gördüklərim nə qədər təzə və təkrarolunmazdır! Burada hər şey biri-birinə qarışıb: bir yanda toz-torpaq, bir yanda tarakanlar, o yanda çirkab içində sürünən uşaqlar, başqa bir tərəfdə isə mis qabda dəmlənən yeməklərin ətrafa yayılan ətri. Bəli, Şərq belədir. Ətirli yeməklər, daş-qaş, silahlar, çirkab, toz-torpaq – hamısı biri-birinin yanında. Biz bazara yollandıq. Orada bir alış-veriş gedirdi ki, gəl görəsən! İran ipəkləri, türk məxmərləri, Qarabağ xalıları, Lənkəran yastığı və balışı, gürcü tikmələri, erməni yapıncısı, Tiflis baftaları, nə bilim daha nə! Hər şey adama “gəl-gəl” deyir! Hər şey adaml valeh edir. Dayanıb hər şeyə baxmaq istəyirsən. Ey mənim parisli dostlarım, mərhəmətli allahın sizə verdiyi o işıqlı gözlərlə bir Şərq parçasına baxsaydınız, bir portreti yarı qiymətə satmağa həvəslənərdiniz. Əgər mən dövlətli olsaydım, sizin emalatxanalarınızın divarlarından o qədər cavahirət asardım ki, gəl görəsən! Siz qədəmlərinizin altında möcüzələr görərdiniz. Mən Piqulevskigilə nahar vaxtı qayıda bildim. Bütün günü bərk xəzri əsmiş, Xəzər təlatümə gəlmişdi. İndi isə külək kəsmiş, dəniz sakitləşmışdı. Deməli, cənab Freyqan vəd etdiyi kimi bizə dənizdəki qəribə möcüzəni göstərə biləcəkdi. Biz bu möcüzəni görəcək, həm də Fatima məscidinə gedəcəkdik. Axşamüstü saat beşdə xəbər gəldi ki, gəmi bizi gözləyir. Biz sahilə tələsdik. Bəzi yerləri işıqkən, bəzilərini isə qaranlıq düşəndə görməli idik. Əvvəlcə bizə üç-dörd metr dərinlikdə suyun altında olan dağılımış karvansaranı göstərdilər. Karvansaranın qüllələri hava yaxşı olanda suyun səthində görünür. Qüllələri biri-biri ilə birləşdirən divar hələ də durur. Bu karvansara alimlər qarşısında həllini gözləyən qəribə bir sual qoymuşdur. Bir yandan deyirlər ki, Xəzər dənizinin səviyyəsi ildən-ilə enir (Məs., 1824-cü ildə 18-20fut, indi isə cəmi 12-15 fut), o biri yandan da suyun altında olan karvansara adamı çaşdırır. O suyun altında tikilə bilməzdi. Demək, nə vaxtsa Xəzərin səviyyəsi daha aşağı olmuş və o şəhərdən xeyli aralıda yerləşmışdır. Bəlkə dənizin səviyyəsi küləklə gətirilən qumun, Terek, Ural və Kür çaylarının suyunun və bu çayların gətirdiyi daş və lilin hesabına qalxmışdır. Belə olan halda, yeraltı kanalla Xəzərin sularının axıb Qara dənizə və İran körfəzinə axması ehtimalı da özünü doğrultmur. Hər halda, bunun mənə elə bir istiliyi-soyuqluğu yoxdur. Yazıq alimlərin halına acıyıram! Dənizçilərdən biri içinə yanacaq tökülmüş, qurğuşunla ağırlaşdırılmış bir işıqlandırıcı raketə bənzər patronu yandırıb qüllələrin birinin dibinə atdı. O saat qüllənin dibi işıqlandı və oradakı qorxmuş balıqlar haradan çıxacaqlarını bilmədiklərindən özlərini ora-bura çırpmağa başladılar. Suyun altında odun yanması mənim yadıma Juanvilin məlumatını saldı. Vuruşma zamanı türklər bu oddan Nil çayı üzərində istifadə etmişlər, düşmənlər od-alovun suda da sönmədiyini görüb dəhşətə gəlmişdilər. Yunan odu adlanan bu raketi türklər düzəltmişlər. Yeri gəlmişkən deyim ki, bizimlə olan dənizçilər, əllərindəki qarmaqla nə qədər çalışsalar da, qüllədən bir parça belə qopara bilmədilər. Kapitan Freyqanın yelkənli gəmisini sağ əldə qoyaraq, açıq dənizə tərəf irəlilədik. On dəqiqədən sonra Bayıl burnundan Şıx burnuna tərəf üzdük. Kapitan Freyqan diqqətimizi qaynayan suya cəlb etdi. Sakit və üzü güzgü kimi hamar dəniz burada yeraltı kürədən titrəyirdi. Biz Fatima məscidinin yüz addımlığında sahilə yan aldıq. Toran düşməsinə baxmayaraq biz onu minarəsindən tanımışdıq. Müəzzin mömin bəndələri namaz qılmağa səsləyirdi. Axşam düşməsinə baxmayaraq məscidin əsas qapısını bizə görə açdılar. Qədim neft çıraqlarını yandırdılar. İki dərviş bizi müşayiət edirdi. Qapının ağzında ayaqqablarımızı soyunmaq istədik. Dərbənddə olduğu kimi buna imkan vermədilər. Müqəddəs xalçanı o yana çəkdilər ki, biz gavurların ayağı onu murdarlamasın. Bizi Məhəmməd peyğəmbərin qızı Fatimanın məqbərəsinin üstünə apardılar.Yezidin təqiblərindən qaçıb bura gələn Fatima elə burada da vəfat edib. Bu məscid uşağı olmayan qadınların ziyarətgahıdır. Onlar məscidə pənah gətirir, yeddi gün burada qalır və uşaqları olacaq inamıyla evə qayıdırlar. Xasay Usmiyevin xanımı da bu müqəddəs məqbərəyə pənah gətirmiş, sonra oğlu olmuşdur. Buna görə də Xasay xan Bakıdan bu məscidə yol çəkdirmişdir. Belə qüdrətinə baxmayaraq Fatima məscidi çox kasıb idi. Yəqin bu ona görədir ki, Bakı və ətraf kəndlərdə yaşayan qadınlar ona çox nadir hallarda möhtac olurlar. Yenidən bizi gözləyən qayıqlara minib Bayıl burnuna yollandıq. Sakit və çox qaranlıq bir gecə idi. Kiçik dalğa vardı. Bu, küləyin yenidən başlayacağından və görəcəyimiz mənzərənin daha təsirli olacağından xəbər verirdi. Lakin biz tələsməliydik. Külək güclənsə, möcüzəni görmək imkanını əldən verərdik. Su qaynayan yeri axtarmağa başladılar və oranı tapmaq çox da çətin olmadı. Neft və mazutun iyi elə bil bizə yol göstərirdi. Tezliklə dənizçilərdən biri cənab Freyqana dedi: - Kapitan elə buradır. Gəlib çatmışıq. - Lap yaxşı. Məharətini göstər! Dənizçi hər əlinə bir ovuc lif alıb yoldaşlarından birinin hazır tutduğu fanarla yandırdı və gəminin hər iki tərəfinə atdı. O saat ətrafımızda 250 metrə qədər məsafəni alov bürüdü. Buradan keçən nabələd bir adam kağızla papiros yandırsa, yanan kağızı dənizə atması ilə dəniz dərhal alovlanar. Onun qorxudan düşdüyü halı gözlərim önünə gətirirəm. Biz alovun içində irəliləyirdik. Xoşbəxtlikdən alov zəif idi. Onun istiliyini zorla hiss edirdik. Bizi çulğalayan həyəcan azaldıqdan sonra bu qəribə mənzərəni daha diqqətlə müşahidə edə bildik. Dəniz talacıqlar şəklində yanırdı. Bu talacıqların bəzisi ətrafında on iki nəfər otura biləcək dəyirmi stol boyda, o birilər isə nohur boyda idi. Biz talacıqların yanından ötüb keçirdik. Lakin avarçəkənlər kapitanın əmri ilə hərdən bizi bu alov nohurunun içindən aparırdılar. Məncə bu maraqlı və sehrli mənzərəyə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Küləyin və ləpələrin get-gedə gücləndiyini duymasaydıq bəlkə də bütün gecəni burada keçirə bilərdik... Külək gücləndikcə əvvəlcə xırda alov adacıqları, sonra isə böyüklər sönməyə başladı. - Bakıya dönmək vaxtıdır, - deyə kapitan Freyqan dilləndi. – Əks təqdirdə, indicə suyun üzərində gördüyümüz sirrin səbəbini axtarmaq üçün suyun dibinə getməli olacağıq. Möcüzədən uzaqlaşmağa başladıq. Külək gəmimizi Fatima məscidinə tərəf aparmaq istəyirdi. Ancaq külək alova üstün gələrək onu söndürdüyü kimi, bizim səkkiz nəfər avar çəkənimiz də küləyə üstün gəlib, onu dəf edirdi. “Yel kimi uç, götürül, sürətlə məni apar, mənim dəlisov köhlənim!! Bil ki, sənin belində oturub səni ram edən səndən də azğındır” deyən Marlinskinin sözləri yadıma düşdü. Şairin sözlərini küləyə aid etdim. Külək axırıncı alov adalarını cilovlayıb söndürməyə cəhd göstərirdi. Biz son alovun ciddi-cəhdini izlədik. O gah dağların altında gözdən itir, gah da küləklə əlbəyaxa olub ləpələrin üstünə çıxırdı. Nəhayət ruh bədəndən çıxan kimi, dənizin üzərinə qalxıb havada yox oldu. Biz də öz növbəmizdə küləyi ram etdik. Marlinski demişdir ki: “ İnsan bütün canlıların ən amansızıdır.” Mən isə tərəddüd etmədən: “İnsan bütün təbii fəlakətlərin ən amansızıdır” deyərdim. Bakı limanına yaxınlaşanda dənizçilərin biri fitil çubuğu yandırdı. Sən demə, bu işarə imiş. O saat cənab Freyqanın gəmisi, onun arxasınca isə Bakı limanında lövbər salmış bütün hərbi gəmilər çıraqban oldu. Biz bu çıraqbandan keçib sahilə yan aldıq. Belə təmtəraqla imperatoru qarşılayarlar. Moyne ilə mən isə adicə sənətkar idik. Şübhəsiz, dünyanın ən varlı, dövlətli hökmdarı da, II Aleksandr istisna olmaqla, öz ölkəsində bizim kimi sadə sənət adamları üçün belə bir əyləncəni təşkil edə bilməzdi. Bu incəsənətin təntənəsi demək idi. Belə çıxır ki, incəsənət imperatorların şahı və şahənşahıdır. Bakı “küləklər məskəni” deməkdir. Avropada buna bənzər şəhər yoxdur. Torpağına, dənizinə, tikililərinə, istehsalına, balıqlarına, meşə heyvanlarına, həşəratlarına, sürünənlərinə, relyefinə görə Bakı Asiya şəhəridir. Birinci növbədə pələngdən danışmalıyıq. Məsəl var, deyərlər: “Hərə öz adına layiq iş görər. Pələng olan yerə şir gəlməz.” Bu iki nəhəng nadir hallarda eyni torpaqda ağalıq edir. Bakıdan başlamış qədimdə Kirus, rusların Kura, bizim Kür adlandırdığımız çayın sahillərinə qədər olan yeri pələnglər öz əraziləri hesab edirlər. Kür çayı öz mənşəyini Axaltisi dağlarından alır, Tiflisdən, Çemakidən, Axsabardan keçir, Muğan düzünün şimal hissəsində Araz çayı ilə birləşir. Muğan düzündə şaxələnir və üç qola ayrılaraq Qızılağac buxtasında Xəzər dənizi ilə qovuşur. Səlyan yaxınlığında Kür çayından bir qol da ayrılır və şərq tərəfdə dənizə tökülür. Adətən Lənkəran və ona yaxın meşələrdə məskən salan pələnglər Araz çayından keçib Qarabağa qədər gedib çıxırlar. Bəzən də Gürcüstana qədər gedirlər. Kür çayını isə nadir hallarda keçirlər. Beş-altı il bundan əvvəl Lənkəran tərəflərdə qəribə bir pələng peyda olubmuş. O adətən Xəzər sahili boyunca dağın ətəyi ilə uzanıb gedən Lənkəran-Astara yolunun üstündə uzanıb yatırmış. Bir gün Lənkərandan Astaraya gedən kazak yolun üstündə yatan bir vəhşi heyvan görür. Heyvan başını qaldırıb nərildəyəndə kazak onun pələng olduğunu anlayır, qorxudan əsir, nə edəcəyini bilmir. Birdən əlindəki çörəyi ona atır. Pələng tənbəl-tənbəl pəncəsi ilə çörəyi özünə tərəf çəkir və yeməyə başlayır. Kazak qaçıb canını qurtarır. Astarada başına gələni danışır. O birisi gün həmin yolu keçən bir tacir də həmin pələnglə rastlaşır. Pələng onun itinin üstünə atılıb parçalayanadək, tacir qaçıb canını qurtarır. Tezliklə bu “yolkəsən”, “quldur” pələngin söz-söhbəti hər yana yayılır. Elə o vaxtdan heç bir yolçu Lənkərana və ya əksinə Astaraya gedərkən əliboş getmirmiş. Ene cəhənnəmə gedərkən qapının ağzında duran əjdahalara qoğal apardığı kimi, bunlar da bir şey götürməmiş yola çıxmazmışlar. Pələng əvvəlcə çörəklə kifayətlənirmiş, sonralar isə bu, azlıq edib. O özünü acıqlı göstərir və bununla da açıqca bildirirmiş ki, çörəyin üstünə bir şey də qoysunlar. Əlbəttə, çiy ət nəzərdə tutulurmuş. Ondan sonra pələngə toyuq, hinduşka və ya bir parça ət aparırmışlar. O da yolçuları sağ-salamat buraxırmış. Bu hadisə hökumətə bəlli olanda, narazılıq sədaları eşidilib. Necə yəni, dövlətin icazəsi olmadan bir “quldur” yolu kəsib, camaatı soyur?! Pələnglə hesablaşmaq üçün ovçular göndərilib. Pələng ağlına belə gətirə bilməzdi ki, onunla haqq-hesab çürütməyə gəliblər, hər tərəfdən yağan və yanbızına dəyən güllələrin acısı onda şübhə yeri qoymayıb. Odur ki, pələng onun sakit həyat tərzini pozan bu “düşüncəsizlərin” üstünə atılıb, onlardan ikisinin işini elə oradaca bitirib. Başqa bir ovçu isə ağır yara alıb. Qazı Molla və Şamil kimi adamlarla hesablaşmayan rus dövləti bir pələngin qarşısında əsir-yesir olub qala bilməzdi. Əmr verilib ki, pələngin üstünə həvəskar ovçular yox, bir əsgər bölüyü yerisin, onu mühasirəyə alıb öldürsünlər. Belə də ediblər. Bu qeyri-bərabər döyüşdə doqquz güllə yarası almış pələng beş nəfəri də parçalamışdır. Pələngə doqquzuncu gülləni vuran kazak qaçıb bir budağa çıxmış, lakin son anlarını yaşayan pələng bütün gücünü toplayıb, son sıçrayışla onun bağırsaqlarını yerə tökmüşdür. Bu bədbəxt hadisə hələ yaddan çıxmamış, on iki ovçunun və böyük bir əsgər bölüyünün güclə gördüyü işi dörd il sonra tək bir qadın, özü də bircə zərbə ilə görüb. Bu, meşənin ortasında yerləşən Cemqamiran kəndində baş vermişdir. Bu kiçik rus kəndinin və ya ruslaşmış kəndin hamamı varmış. Rus nə qədər kasıb olursa olsun, iki şeysiz keçinə bilməz: gün ərzində o iki dəfə çay içməli, həftədə bir dəfə hamama getməlidir. Bir kişi öz arvadı ilə kəndin qurtaracağında, meşənin içində olan ictimai hamamda işləyirlərmiş. Hamam günü, yəni şənbə günü imiş. Kəndli ər-arvad odun yarıb hamamı qızdırmaqla məşğul imişlər. Birdən onlar bir pələngin asta addımlarla, gücünə arxalanaraq, özündən razı halda gəlib hamama girdiyini görüblər. O, gedib ən isti pillələrin birinin üstündə uzanıb. Demək lazımdır ki, pələnglər istini çox xoşlayırlar. Hamamçı hamamı onun üçün qızdırmamışdı. Kişi pələngi qovmaq fikri ilə hamama girib, içəridəkinin pişik deyil, pələng olduğunu unudub. Hamamçı vedrəni qaynar su ilə doldurub pələngin başına töküb: pələnglər istidən xoşhal olsalar da, qaynar su xoşlamırlar. Hirslənmiş pələng onun üstünə yeriyib. Xoşbəxtlikdən əlibaltalı arvad kişinin dalınca gəlirmiş. Pələngin ərinin üstünə tullanmağa hazırlaşdığını görüb qeyri-ixtiyari olaraq var gücü ilə baltanı onun başına endirib. Balta pələngin başını alma kimi iki yerə bölmüş, beynini zədələmişdir. Zərbədən səndələyərək ər-arvadı da yıxan pələng ölmüş, ər-arvad isə azca zədə almışlar. O vaxt Qafqaz canişini olan knyaz Vorontsov pələng öldürən bu cürətli qadını Tiflisə çağırtdırıbmış. Həmin arvadı əvvəlcə xanım Vorontsovanın yanına gətirirlər. Xanım üzünü turşudaraq guya çox acıqlanmış bir tərzdə deyir: - Bu nə işdir tutmusan? Bədbəxt qadın, sən nə cürətlə padşahın pələngini öldürmüsən? - Xanım, allaha and olsun ki, mən onun padşahın olduğunu bilməmişəm! Xanım Vorontsova qəhqəhə çəkib gülür. Ürəkdən gələn bu gülüş yazıq arvadı bir az sakitləşdirir. Elə bu dəm içəri girən knyaz Vorontsov onu tamamilə arxayınlaşdırır. Cürətli hərəkətinə görə knyaz ona min manat pul və medal verir. Qadın həmin medalı əsgər kimi döşündə gəzdirir. Pələnglə olan hadisəni də igid arvad özü bizə danışdı. O dedi ki: - Camaatın təəccübü və qayğısı məni yaman çaşdırıb. Ərim pələngin başına qaynar su tökəndə, pələng də onun üstünə atılmağa hazırlaşanda və mən balta ilə pələngin başına zərbə endirəndə heç bu qədər həyəcanlanmamışdım. Bu hadisədən ibrət dərsi alan pələnglər bir daha rus hamamına gəlməmişlər. Şanaka kəndində baş verən hadisə də maraqladır. Evin yüz metrliyində olan bulağın başında bir qadın paltar yuyurmuş. On dörd-on beş aylıq uşağı da yanında imiş. Arvadın sabunu qurtarır və evə sabun dalınca gedir. Uşağı isə bulağın başında çəmənlikdə qoyur. Sabun götürüb qayıdarkən o, dəhşətli bir mənzərənin şahidi olur. Meşədən bir pələng çıxaraq yolu keçir, uşağın yanına gəlir və pəncəsini uşağın sinəsinə qoyur. Qadın heykəl kimi donur, qar kimi ağappaq olur. Şəksiz, uşaq pələngi itə oxşadır, əllərini uzadıb pələngin qulağını dartışdırır, onunla oynamağa başlayır. Pələng də uşaqdan geri qalmır. Kefi kök, şən xasiyyətli pələng uşaqla oynamağa başlayır. Bu dəhşətli oyun on dəqiqəyə qədər çəkibmiş. Sonra pələng yenidən yolu adlayıb meşəyə gedib. Ana özünü itirmiş halda uşağın üstünə atılır. Uşağı sağ-salamat və üzügülər görür. Sizə nəql etdiyim bu üç hadisə Qafqazda o qədər məşhurdur ki, onu Romada baş verən “Androklz və şir” əhvalatı ilə yanaşı qoymaq olar. Kür çayının sahillərində bəbirlər də çox yayılmışlar. Onlar qamışlıqlarda, kolluqlarda, cəngəlliklərdə yaşayır və suyu içməyə gələn qoyun, vəhşi keçi və hətta öküzlərə hücum edirlər. İnsanlar hazırda qızıl quşları əhliləşdirdikləri kimi, bir vaxtlar bəbirləri də əhliləşdirirlərmiş. Şahini qolları və ya çiyinləri üstündə tutub qırqovul ovladıqları kimi, bəbiri də yəhərin qaşına bağlayıb ceyran ovuna çıxarmışlar. Gürcüstanın Cənub tərəfində İran hakimiyyəti zəiflədikdən sonra və müxtəlif xanlıqların tədricən Rusiyanın tərkibinə keçməsi xanların əyləncəsi olan bəbirlə ov etməyin dəbdən düşərək aradan çıxmasına gətirib çıxardı. Tiflis gömrükxanasının müdiri M. Çelayev danışırdı ki, cavan vaxtı Qarabağ xanı ilə belə bir ovda olduğu yadına gəlir. Sonralar da o iki-üç dəfə bəbirlə ova çıxıb. Bu ovların birində ovçu güllə ilə ona tərəf gələn başqa bir vəhşi bəbiri vurub yaralasa da, ikinci gülləni atmağa macal tapmayıb. Bəbir bir sıçrayışla ona elə bir pəncə ilişdirib ki, az qalıb başı bədənindən ayrılsın. Burada çaqqallar da çoxdur. Adətən onlar dağa yaxın kəndlərin ətrafında məskən salırlar. Bəzən o qədər çox olurlar ki, vaqqıltılarından və ulaşmalarından camaat yata bilmir. Bu vəhşi heyvan nəinki adama xəsarət yetirmir, hətta çox qorxaqdır. Ancaq vaqqıltısı adamın tükünü ürpəşdirir. İstər yırtıcı, istərsə başqa vəhşi heyvan olsun, onların səsi adamda qorxu əhval-ruhiyyəsi yaradır. Bu, yadıma Olearüsün danışdığı əhvalatı salır. Qraf Holsten tərəfindən İran şahının yanına göndərilən bir hörmətli almanın gəmisi Dağıstan yaxınlığında qəzaya uğrayır. Bu hörmətli adamın köməkçisi meşəyə bitkilərdən kolleksiya düzəltməyə gedir və orada azır. Vəhşi heyvanların onu parçalamasından qorxaraq bir ağaca çıxır və gecəni orada keçirir. Səhər onu axtarmağa başlayırlar və özünü itirmiş bir vəziyyətdə ağacın başında tapırlar. Onun ağacın başında oturub qalmasının səbəbkarı çaqqallar imiş. Gecə çaqqallar ağacın dibinə toplaşaraq vaqqıldamış, ulaşmış, onu vahiməyə salmışlar. İlanlara isə Bakı ətrafında hər addımbaşı rast gəlinir. Muğan düzündə isə Bakı ətrafında olduğundan daha çox ilan vardır. Mənim köhnə dostlarımdan biri Tiflisdə Fransanın konsulu olan baron Fino kazakların müşayiəti ilə Muğan düzündən keçərkən yüzlərcə ilan görüb. Kazakların biri çox yaraşıqlı qızılı rəngli bir ilanı öldürüb nizəsinə keçiribmiş. İlanların əksəriyyəti qara və yaşıl rəngdə olurlar. 1800-cü ildə səhradan yalnız Kür çayı ilə ayrılan Səlyanı mühasirəyə alan qraf Zubov qışı Muğan düzündə keçirməyi qərara alıbmış. Onun əsgərləri çadır qurmaq, düşərgə salmaq üçün yeri qazarkən, yerin altından minlərlə donmuş ilan çıxır. Qədim mənbələr də belə şeyin mümkün olduğunu təsdiq edir. Budur, Plutarkın yazdıqları: “Abbas çayının yanındakı son son vuruşdan sonra Pompey İrkani ölkəsinə daxil olmaq və Xəzər dənizinə çatmaq üçün irəlilədi. Lakin öz planından əl çəkərək geri qayıtmalı oldu. Üç günə yaxın bir müddətdə gördüyü külli miqdarda ilanlara görə o, fikrindən daşındı.” Zəhər qanla axsa, yaranın üstünə yağ və ya piy çəkilsə xoşbəxtlikdən bu ilanların sancması öldürücü olmur. İlanlarla əlaqədar adamı mat qoyan bir hadisə də baş verir. Yaz gələndə ilan dəstələri İran tərəfdən Araz çayını keçib Muğan düzünə yürüş edirlər. Onları bura çəkib gətirən nədir? Nifrət ya məhəbbət? İlanların məhəbbəti daha çox nifrətə oxşayır. Məsələ burasındadır ki, bir-iki ay ərzində bu səhranı ilanların mələməsi və fir çalması başına alır. Bu səslər Evmenidanın səsinə oxşayır. Bu düzlərdəki qızılı və ya zümrüd rəngli ilanlar böyük dəstələrlə bir yerə toplaşır, təpəlikdə rəqs edirlər. Sonra quyruqları üzərinə qalxır, qara və ya od rəngli üçhaça dillərini biri-birinə toxundururlar. Belə məqamda kimsə cürət edib Muğan düzünə ayaq basa bilməz. Çünki bu vaxt ilan çalan adamı ölümdən xilas etmək mümkün olmur. İndi isə oxucuların inana bilməyəcəyi bir məsələdən söhbət açmaq istəyirəm. Bəzi ailələrdə, gürcü knyazları və eləcə də Bakı, Quba, Qarabağ xanlarının nəslindən olan ailələrdə misli görünməmiş məşhur hind bezoarına bənzəyən daş vardır. Bu, ataların var-dövlətlərindən uşaqlarına verdikləri daş-qaşın ən qiymətlisidir. Adamı hər hansı zəhərli bir həşərat - əqrəb, qırxayaq və ya gürzə çalanda həmin daşı yaranın üstünə sürtmək kifayətdir. O zəhəri maqnit dəmiri çəkən kimi çəkir. İlan vurmuş və ya əqrəb sancmış adam sağalır. Tiflisdə xanım Orbemani ilə evlənmiş, Fransada xanım Qramonla qohum olan polkovnik Davıdovda belə bir daş vardı. O, deşik-deşik, mavi rəngə çalan, bəzi yeri qaralmış, dadsız, bişmiş lobyaya bənzər, qaratoyuq yumurtası boyda bir daşdır. Kimi ilan vursa, gəlib möcüzəli daşı aparır, yaranın üstünə qoyurlar. Daş yaranın üstündə olan vaxt rəngini dəyişir – bozumtul rəng alır. Sonra onu südün içinə atırlar. Daşda olan zəhər südə qarışır və daş əvvəlki rəngini alır. Mən polkovnik Davıdova məsləhət gördüm ki, əgər Parisə gələcək olsa, özü ilə bu daşı gətirsin, alimlər onun tərkibini yoxlasınlar. Başqalarını bilmirəm, mən bunun təbii bir daş olmasına inanmıram. Belə hesab edirəm ki, bu daş insan əli qədim İran təbibləri tərəfindən zəhərə qarşı düzəldilmişdir. Bayaq dediyimiz kimi bu da. əqrəb və bövlərin sancmasında da zəhərə qarşı işlədilir. İndi isə bu iki dəhşətli həşərat haqqında. Bövə Bakı və onun ətraf yerlərində çox təsadüf edilir. Əcaib xarici görkəmi var. İlk baxışdan hiss olunur ki, təbiət öz kəramətini ondan əsirgəmiş, səfil bir şey yaratmışdır. Onun baş barmaq yoğunluğunda olan bədəni çox qısa ayaqları üstündə yerləşir. Bununla belə böv çox sürətlə qaçır. Uzun boğazı, öz ovunu təsəvvürə gəlməz bir cəldliklə tutan kəlbətinə bənzər dişləri vardır. Hücum edərkən çox qəzəbli olur. Necə deyərlər: allah dağına baxıb qarını verər. Onun görkəminə uyğun da xasiyyəti vardır. Bu mənim tanıdığım zəhərli həşəratlardan ən nacinsi, ən xəbisidir. Bir yerə salınmış iki böv o saat biri-birinə hücum edir, hansısa o birini öldürməyincə, parça-parça etməyincə ürəyi soyumur. Əgər bövü əqrablə də bir yerə salsan, yenə həmin hadisənin şahidi olacaqsan. Burada da böv o dəqiqə hücuma keçir. Əqrəb nə qədər ölüm-dirim mübarizəsi aparsa da, axırda məğlub olur. Qafqaz əqrəbləri Avropa əqrəblərinin eynidir. Bir şey var ki, qırmızı rəngli əqrəblər sarı rənglilərdən daha qorxulu, qara rəngli əqrəblər isə qırmızı rəngli əqrəblərlə müqayisədə dəhşətlidirlər. Biz Bakıya noyabr ayında gəlmişdik. Deməli, havalar nisbətən soyuq idi. Bununla belə qala divarlarının cənub tərəfində daşların altında əqrəb tapmaq mümkün idi. Ancaq havada və ya çadırlarda yatmağa məcbur olan səyahətçilərin əqrəb, böv və ilanlardan qorunması üçün ən etibarlı vasitə qoyun dərisinin üstündə yatmaqdır. Çünki qoyunlar onların ən qatı düşmənləridirlər. Qoyunlar əqrəb və bövü həddən artıq xoşlayır və otlaqda onu görən kimi tutub yeyirlər. Nə qədər çox olsalar, hamısını tutub axırına çıxırlar. Yayda bəzən otlaqlarda qoyunların qabağında otların tərpəndiyini görmək, xışıldadığını eşitmək olur. Buna səbəb ölümdən canını qurtarmaq üçün qaçan böv və əqrəblərdir. Adamı cana gətirən, dözülməz bir həşərat da var ki, ondan can qurtarmaq üçün etibarlı əlac tapmaq çətindir. Bu da ağcaqanaddır. Mayın əvvəlindən sentyabrın axırına kimi beş ay ərzində Qazandan Astarabada kimi ətraf mühit ağcaqanadların ixtiyarında olur. Gözlə yaxşı görünməyən, ələ gəlməyən bu həşəratlar neştərlərini ən sıx toxunulmuş qumaşdan belə keçirirlər. İnsanın bədəninə vicvicə salırlar, adamın bədəni elə ayışır ki, elə bil yanıq acısıdır. Onların sancması ilə dərinin üstündə su çiçəyinə bənzər yaralar əmələ gəlir və bu yaralar üç-dörd ay qalır. Deyirlər: Miyana adlı fars kəndində əcnəbi səyahətçilər heç vaxt gecələmirlər. Çünki o kənddə nədən əmələ gəldiyi məlum olmayan taxtabitilər var. Onların əcnəbiləri dişləməsi ölümlə nəticələnir. Təəccüblüdür ki, bu taxtabitilər yerli adamların səhhəti üçün o qədər təhlükəli olmur. İndi isə bir neçə kəlmə Misirin axırıncı – yeddinci bəlası çəyirtkə haqqında. Çəyirtkələr Gürcüstana və İrana sözün həqiqi mənasında yürüş edirlər. Bir göz qırpımında üfüqdə açıq səmada bir “qara bulud” peyda olur... Adama elə gəlir ki, bu tufandır. Bu “qara bulud” çox tez yaxınlaşır. Təəccüblənirsən ki, ən sərt əsən küləklə belə, bulud bu cür sürətlə hərəkət edə bilməz. Yaxınlaşdıqca göy rəngə çalır və məlum olur ki, bu “bulud” milyardlarla çəyirtkədir. Bu qarşısıalınmaz bir bəladır. Hara düşsə əkin-biçindən əsər-əlamət qalmır. Zəmilərdə bir dənə də dən qoymurlar. Meşələrdə isə ağaclar yarpaqsız qalır. Xoşbəxtlikdən çəyirtkə dəstəsi nə qədər böyük olsa da, tezliklə pərən-pərən düşür, canlarını ölümdən qurtarmaq üçün dağılırlar. Məsələ burasındadır ki, yerli camaatın tarbi adlandıqdığı quşlar çəyirtkələri izləyirlər. Hollandiyalılar hacıleyləyə, misirlilər qara leyləklərə sitayiş etdikləri kimi, iranlılar və gürcülər də tarbiya sitayiş edirlər. Təəssüf ki, bu quşlar indi muzeylərimizin qəmgin cənnət quşuna çevriliblər. Nəhayət, onu da deyək ki, bəzən heyvanların özləri də insanların məruz qaldıqları bədbəxtliyə düçar olurlar. İki dəniz arasındakı ərazidə atların qənimi olan bir növ yovşan bitir. Bəzən əlli-yüz atdan ibarət ilxı bu yovşanlıqda otlayandan sonra məhv olur. Yuxarıda faciəli ölümündən söz açdığımız general Sisiyanov da bir dəfə bu yovşandan yeyən artilleriya atlarını itirmişdi. Qoyun və öküzlər isə bu yovşandan yeyəndə onlara heç nə olmur. Qanalma, qatıq, yağ bu zəhərlənməyə qarşı ən yaxşı vasitə olsa da, hər vaxt müsbət nəticə vermir. Bizdən sonra bizim keçdiyimiz yollarla səyahətə çıxanlara məsləhət görürük ki, Peterburqdan və ya Moskvadan bir kisə İran birəotu tozu götürsünlər. Birəotu tozunu ətrafa səpəndə yuxarıda haqqında danışdığımız zəhlətökən həşəratlar adama yaxın düşə bilmirlər. Mən həmin tozdan bir torba Parisə aparıram. Qoy onun tərkibini öyrənsinlər. Mənim bitkilər haqqında zəif biliyim nəsə mənə imkan verir ki, bu tozun tərkibinin sadəcə olaraq çobanyastığı bitkisinin çiçəklərindən düzəldildiyinə inanım. Əlvida, Xəzər dənizi! Bakıda iki görməli yerimiz qalırdı. Biri Xan sarayı, o biri isə şəhər kənarındakı “Qurd keçidi” idi. Xan sarayı təqribən 1650-ci ildə Şərq memarlıq üslubunda Şah Abbasın oğlu II Abbas tərəfindən tikilmişdir. O, Qəndəharı fəth edəndən sonra otuz altı yaşında vəfat etmişdir. Şarden və Tavarniye onun haqqında yazmasaydılar, bu hökmdar haqqında heç bir məlumatımız olmazdı. İndi tərk edilmiş Xan sarayının adamı məftun edən dəhlizi və izahata ehtiyacı olan bir salonu vardır. Bu divanxanadır. Onun tən ortasında gizli zindana giriş vardır. Bu giriş sütunla örtülübmüş. Lazım olanda kənara çəkərmişlər. Siyasi səbəblərdən gizli ölüm hökmləri burada yerinə yetirilərmiş. Deyirlər ki, zindan yeraltı keçidlə Fatima məscidi ilə birləşdirilibmiş. “Qurd keçidi”nə gəldikdə isə deməliyəm ki, bu da başqa bir aləmdir. Bu qəribə kaha Bakıdan beş kilometr aralıda bir qayanın döşündə yerləşir. Yönü Etna vulkanının xarabazara çevirdiyi Siciliya çökəkliyinə çox oxşayan bir dərəyə baxır. Təkcə Etna ətrafa yayılan lavaları ilə bu qəmgin, ürəksıxıcı mənzərəni andıra bilər: boz və çılpaq torpaq, durğun su gölməçələri, iki uca dağ arasında vadi, uçurum, heç bir bitki izi görünməyən yerlər. Budur “Qurd keçidi”nin başından görünən mənzərə! Bu gəzintiyə getmək üçün at gətirmişdilər. Atların biri ağ, ikisi isə kürən idi. Ağ atın rəngi məni valeh etdi. Mən onu seçdim. Lakin belinə minməyimlə yazıq heyvanın səndələməyi bir oldu. Ağırlığıma tab gətirmədi. Atdan düşüb onu M. Piqulevskinin yasovulunun atı ilə dəyişdim. Bu at ağırlığıma yaxşı davam gətirdi. “Qurd keçidi”ni adlayıb aşağı enəndə ağ at büdrədi və yasovulu on metr qabağa atdı. Azərbaycanlılar çox çevikdirlər. Bu mahir süvari cəld ayağa qalxdı. Ağrı hiss etmirdi. Bu kiçik səyahətdən sonra Bakı ilə vidalaşmağa hazırlaşdıq. Axırıncı dəfə M. Piqulevskinin iqamətgahına gəldik. Nahar etdik. Üç gün ərzində tanış olduğumuz, bizi yola salmağa toplaşan tanışlarla vidalaşıb yola düzəldik. Faytonlarımız get-gedə şəhərdən və dənizdən aralanırdı. Bir yüksəklikdə dönüb axırıncı dəfə Xəzəri seyr etdik. Bu dənizi qədim tarixçilərin hamısından yaxşı təsvir edən Herodotun, sonra isə Strabon, Ptolomey, Marko Polo, Jenkinson, Şarden və Strui kimi qədim müəlliflərin əsərlərini oxuyarkən onu görəcəyimi ağlıma belə gətirməmişdim. İnanmazdım ki, dənizdən ayrıldığıma görə belə dərindən təəssüflənə bilərəm. Ümumiyyətlə, dəniz mənim üçün nəhayətsiz cazibəyə malikdir. O, məni öz dalğalarının təbəssümü və mavi sularının şəffaflığı ilə cəzb edir. Mən tez-tez dənizin coşduğunu da, şıltaqlığını da görmüşəm. Bəlkə elə buna görə də o mənə həmişəkindən daha gözəl görünmüş, tərslik edən sevimli qadının üzünə gülümsədiyim kimi ona gülümsəmiş, ona heç vaxt acıqlanmamışam. Əgər mən şahənşah olmuş olsaydım və o mənim bütün donanmamı sulara qərq etmiş olsaydı, yenə də acıqlanmazdım. Mən ona ürəkdən vurulmuşam. İnanıram ki, dəniz mənim bu məhəbbətimdən heç vaxt üz döndərməyəcəkdir. Məgər bütün dalilalar başlarını onların dizləri üstünə qoyub yuxuya getmiş sevgililərinin saçlarını kəsirlər? Başqaları cürət edib onun sularında üzmək istədikdə əvvəlcə Levyatanı köməyə çağırdığı halda, mən Arion birinci gələn delfinin belinə tullandığı kimi, özümü onun dalğalarının ağuşuna atardım. Neçə dəfə dənizlə mənim aramda ayaqlarımı dayadığım taxtadan başqa bir şey olmayıb. Nadir hallar nəzərə alınmazsa, həmişə məni onun ucsuz-bucaqsız və təlatümlü qoynunda aparan gəmidən aşağı əyilərək, onun şahanə dalğalarının başını əllərimlə sığallamışam. Siciliya, Kalabr, Afrika, Elba adası, Piyanoza, Monte-Kristo, Korsika, Toskan arxipelaqı, bütövlükdə Liparyot arxipelaqları qayıqla onların sahillərinə gəldiyimin şahidi olublar. Məni qarşılayanlar əvvəlcə gəmidə gəldiyimi, sonra qayıqla sahilə yan aldığımı zənn edirdilər. Sonra isə boş dənizə nəzər salıb təəccüblə deyirdilər: “Axı siz hansı gəmi ilə gəlmişsiniz?” Mən dalğaların üstündə atılıb-düşən zərif “dəniz quşu”mu – qayığımı göstərdikdə, hamı deyirdi: “Siz çox ehtiyatsız və ağılsız adamsınız.” Görünür onlar bilmirlər ki, təbiətdə tam ağılsızlıq mövcud deyildir. Duyğu və ehtirasları tərənnüm edən qədim yunan şairləri Nimfanı məcbur edib Qelini oğurladanda və eləcə də Febi hər axşam Anfitridin Sədəf sarayına enməyə təhrik edəndə bunu çox yaxşı duymuşlar. Nə isə... Çətinliklə əldə edilən hər şey daha əziz olur. Bəli, Xəzər mənim çox çətinliklə qazandığım yeni dostum idi. Biz bir aya yaxın vaxtı birgə keçirmişdik. Mənə ancaq onun fırtına və tufanlarından danışmışdılar. O isə əksinə, məni öz təbəssümləri ilə qarşıladı. Ancaq tək bircə dəfə Dərbənddə işvəkarcasına qaşlarını oynadan gözəl kimi geniş sinəsini qabardaraq, üzünü bozartdı. Lakin ertəsi gün o daha gözəl, daha cazibədar, daha sakit, daha şəffaf və daha təmiz, aydın olmuşdu. Səni çox az şairlər görə bilmişdir, ey sirli, sehrli dəniz! Orfey ancaq Kolxidaya qədər gəldi; Homer sənin görüşünə gəlib çata bilmədi; Apollon Rodosski heç Lesbonu keçə bilmədi; Esxil öz Prometeyini Qafqaz qayalarında zəncirlədi. Virgili Dardanel boğazının girəcəyində dayandı. Horasiy qaçıb canını qurtararaq qalxanını tulladı, sonra isə ən qısa yolla Avqust və Meseni tərənnüm etmək üçün Romaya qayıtdı; Ovidi sürgündə Evksin Pontu elə ancaq görə bildi; Dante, Aristo, Tass, Ropsar, Kornelin sənin haqqında heç təsəvvürləri belə yox idi. Rasin Avliddə öz İfigenindən mehrab düzəldir, Gimon döla Tuş isə Tavriddə özünə məqbərə düzəltdirir; Bayron öz lövbərini Konstantinopolda salır; Şatobrian müqəddəs Lüdviqin axırıncı varisinin yuyunması üçün İordaniyadan su gətirir. Lamartin öz səyahətini Asiya sahillərində əzab-əziyyətlə başa vurur; qaya kimi sakit və güclü Hüqo dalğaların qoynunda üzür, lakin o da yolunun üstündə qabağına çıxan birinci adada dayanır. Səni birinci dəfə görən və sevən, vətəndən sürgün olmuş şair Marlinski olmuşdur; sən onun üçün Baykal gölünün buzlaqlarından püskürən bir alov idin. O da mənim kimi, bax, beləcə, səndən ayrılanda heyfsilənir və göz yaşları axıdırdı; sənin sahilin ona çox qonaqpərvərlik göstərmişdi; sənin sahillərində o həm sevmiş, həm də əzab çəkmişdi. O səni, gözlərinin yaşını sel kimi axıda-axıda, Olqa Nestersovanın qəbrinin üstündən seyr etmişdir; səni tərk edərkən, o da mənim kimi, səninlə əbədi olaraq vidalaşırdı. Kim bilir, o, bəlkə də ölümə gedirdi. Ola bilsin ki, öz günahını yumaq üçün o, özünü Adler meşələrində məhv etmişdir. Hətta onun meyidini belə tapmadılar. Ey Atillanın, Çingiz xanın, Teymurləngin, böyük Pyotrun və nəhayət, Nadir şahın dənizi, sən onun vidalarından nə isə bir şeyi yaddaşında hifz edib saxlaya bilmisənmi? Mən bu saat sənin çox nadir hallarda eşitdiyin bir dildə onları sənə nəql edəcəyəm. Bəli, mən onları sənə təkrar edirəm. Ona görə ki, onlar bizdə - Fransada tanınmayan bir şairin sözləridir. Halal olsun ona! O, rus xalqının elə böyük yaradıcılarından idi ki, əlində eyni zamanda həm qələm, həm də qılınc tutmuş, həyatını siyasi məsələlərdə və döyüşlərdə keçirmişdi. O, bu günləri arzulayırdı. Yalnız otuz il gecikmiş bu günləri. Budur onun sözləri: “Atımın şıltaqlıqlarına baxmayaraq sahil boyu şapırdım. Özü də yel kimi. Yol verin! Yol verin! Qığılcımlar qalxır, toz göyə yüksəlir, ətraf görünməz olur. Deyirəm adamın quş kimi qanadları olsaydı, nə yaxşı olardı, onda adam xəyaldan da bərk gedərdi! Vaxtı qabaqlayıb, səmanın dərinliklərinə uçduqca adam necə də yüngül nəfəs alardı! Sürətlə getməyin nə gözəl romantikası varmış! Bütün yaranmışlar gözünün qabağından yoxa çıxır. Məhəbbətdən vəcdə gələndə olduğu kimi, havamız çatmayanda ehtirasa bax! Sürət – bu güc, qüvvət deməkdir, bütün əsrlərdə mexaniki güc, bizim mənəvi sərvətimiz olmuşdur. Elə isə irəli, irəli mənim gözəl Qarabağ kəhərim!.. ...Aha! Bəlkə sən mənim əlimdən canını qurtarmaq istəyirsən! Aha! Sən məni aparırsan! Yüyəni gəmir, qalx dal ayaqlarının üstə, atıl-düş; sən nə qədər çılğın olursan ol, sənin cilovunu asanlıqla yığacaq səndən daha güclü bir canlı tapılar. Külək üzümə çırpa-çırpa, gözlərim od saça-saça, canımı dişimə tutub, atımın başını dənizə tərəf çevirdim. Siz haçansa dağların qoynuna ildırımın düşdüyünü görmüsünüzmü? Mənim atım da onun kimi şığıdı və birdən dayandı, mən deyərdim ki, dalğaların tən ortasında, onların şahı qalxmasından qorxub dayandı. Dalğalar saça bənzər köpüklərini küləklərə verib, bir sürü vəhşi at kimi onun üstünə cumurdular və sonra yenə hürkmüş kimi geriyə çəkilir, uzaqlaşırdılar. O isə özünün od saçan təəccüblü, utancaq və şübhəli, iri, qara gözləri ilə onların yaxınlaşmasına və uzaqlaşmasına tamaşa edirdi; o buğlanan burun deşiklərini açır, bu tanış olmayan vəhşi atların nəfəsini udur və hər dəfə dalğa gəlib mənim sinəmə çırpılıb sınanda, o başını aşağı əyirdi ki, qulaqlarından və uzun yalından sel kimi axan köpük damcılarından canını qurtarsın. O, dəmir nallı ayaqlarını qumun üstünə çırpır, dişlərini qıcayır, sanki ona düşmən kəsilən dalğaları qapmağa haxırlaşırdı. Mən isə onun boynunu sığallayırdım. O yavaş-yavaş sakitləşir, eyni zamanda hər dəfə dalğaların zərbələri ona dəyəndə titrəyirdi. Güclü şimal küləyi qartal qu quşunun üstünə şığıyan kimi şiddətlənir, dalğaları sahilə tərəf qovurdu; göyün üzünü bulud almışdı. Günəşin şüaları vaxtaşırı küləyin o tərəf-bu tərəfə qovduğu buludların arasından boylanır və bəzən də öz yatağından göyə sovrulan suyu işıqlandırırdı; mən isə başımı onun qarşısında əyir və küləyin mənim Vətənimdəm gətirdiyi bu havadan sinə dolusu alırdım. Mənə elə gəlirdi ki, küləyin ahəngdar vıyıltısından lap çoxdan bəri görmədiyim, çox sevimli, mənim ürəyimə yaxın bir adamın səsini eşidirəm. Hər şey öz yerində idi; aləmə səs salan kilsə zəngləri də, Volqa sahillərində otlayan heyvanların səsləri də. Mənə elə gəlirdi ki, o, çox sevdiyim qarlı çöllərin sərin, təmiz havasını və mənim yağışlı-nəmişli Rusiyamın gül-çiçəklərinin ətrini gətirirdi. Gənclik xatirələri məni çulğalamışdı. Nəsə, ürəyim hafizəmdən silinmiş bütün olub-keçənləri yada salmaq istəyirdi. Bütün bu azmış xəyalların ən qəmgini dodaqlardakı təbəssümlər, ən sevindiricisi isə leysan kimi tökülən göz yaşları idi. Olub-keçənlər qaranquşlar kimi uçub gəlir, ulduzlar kimi parıldayır, güllər, çiçəklər kimi başlarını əyirdilər. Bu doğrudanmı siz idiniz, alovlu hisslərim, parlaq röyalarım, varlığımın işıq saçan hissəcikləri, keçmişimin sehrli şamları? Mən sizinlə bir neçə anlığa ona görə sevindim ki, sizi həmişəlik itirim. Bu doğrudanmı siz idiniz? Mən sizi yaman arzuladım və uzun zaman gözlədim. Nəhayət, bu da siz! Dayanın, bircə anlığa yanımda, ətrafımında dayanın. Gecələr uçan ruhlar kimi yerinizə qayıtmağa tələsməyin. Görürsünüzmü, mən sizin üçün qollarımı necə də açmışam, mənim gözə görünməz qonşularım! Yalvarıram! Hələ məndən qaçmayın! Amandır! Belə tez ötüb keçməyin! Mənə imkan verin, sizinlə vidalaşım! Hər şey yox oldu. Tufan başlayır, dalğalar şahə qalxır, dəniz təlatümə gəlir. Lakin yenə də, axı nədir bu xatirələr, küləyin dalğaları təsəvvürümüzdən silib aparmasımı? Gənclikdə arzuları puça çıxmamış özü üçün Simurq quşunun lələyindən qoparan adam xoşbəxtdir. İndinin unudulması mənim ürəyim üçün bir bayram idi. Bənövşənin təpəciklərin arasında birdiyi kimi, bu acı xatirələrimdə dolaşan şirin təəssüratlar idi. Tərk edəcəyim Xəzər dənizini axırıncı dəfə seyr edirdim. Sabah mən ona axırıncı dəfə “Əlvida, Xəzər!” deyəcəyəm. Ey qonaqsevməz tənha və dərdli Xəzər! Səni təəssüflə tərk edirəm. Sən fikir və düşüncələrimin sadiq həmdəmi, hissləriminin yaxın və inanılmış sirdaşı idin. Sahilində olarkən sənin dalğaların göz yaşlarımı alıb hara isə aparırdı. Mən adamlardan uzaqlaşmaq istəyəndə, xüsusilə, qəhərlənəndə sənə pənah gətirirdim. Ürəyimdə qopan tufanı yalnız sənin fırtınalarının səsi sakitləşdirə bilirdi. Bəli, insan təbiətin əzəmətli səsi qarşısında susur. Bu səs həm tanış, həm də anlaşılmazdır. Yox, yox, mən burada Xəzər haqqında küfr danışdım. Lap pisi odur ki, bayağılığa uyuram. Mən səni çox gözəl başa düşürdüm, çox vaxt qəlbim sənin sularına baş vurur, sən isə onu nəvazışlə, ana kimi ağuşuna alıb uyudurdun. Qulağıma qədim əfsanələr pıçıldayırdın. Gözlərim sularının dərinliyində sənin gizli sirlərini axtarırdı. Ləpələrin qumlu sahillərində və qayalarında yazdığı heroqlifləri çox rəvan oxuyurdum. Çox tərifli, lakin əbəs fikirlərimin, qürurumun baharı Xəzər! Səni müfəssəl öyrənməyib, fikirlərimi pünhan saxladım, sirlərini açmadan səni tərk edirəm. Sən ürəyini heç bir kəsə açmamısan. Sənin sirlərini öyrənmək istəyənlər mavi sularının dərinliklərində qərq olurlar. Göylər kimi, sən də elm aləmində öyrənilməmiş qalırsan. Onun kimi səni də bizi tez-tez çaşdıran və hərdən bizə xəyanət eləyən idrakımız vasitəsilə öyrənə bilərdik. İnsan yer kürəsini öyrəndi və gözlərini teleskopla silahlandıraraq, fəzada kəhkəşanları tədqiq etdi. Nəhəng Saturn planetinin parlaq hissəsini görə bildi. Bəs hansı göz, ey dəniz, sənin dərinliklərinə baxa bilib? Sənin ismət çadranı qaldıran olubmu? Yazıq insan, bədbəxt və zəif məxluq, sən dəniz sahilindən balıqqulağı yığır, mirvari və kəhrəba tapmaq üçün baş sındırmalı olursan. Nə isə, hər yerdə, həmişə mən dənizi sevmişəm; onun sakitliyini, ulduzlu səmaları güzgü kimi əks etdirən ləpələrini sevmişəm. Mən sevirəm onun mavi sularının dərinliklərində həyat uğrunda gedən mübarizəni, onun hər şeyi cana gətirən, təmizləyən təlatümünü; mən sevirəm onun göylərdən yerə enən və orada öz acısını, kədərini unudan dumanı, çənini. Lakin onun fırtınasını, tufanını daha çox sevirəm. Mən Günəşin qara buludları parçalayıb, çilçırağa qərq etdiyi, nəm sahillərə qaçan və oradan döyüşüb yorulmuş kimi, acığından və ya hirsindən qızaran, alışıb yanan və od götürmüş saçlarını söndürmək üçün sənin dalğalarına baş vurmasını sevirəm. Dağ böyüklükdə olan bəzi dalğaların delfinləri keçməyə çalışır, qaranquşlar kimi qanadlanırlar. Elə dalğalar da var ki, torpaqdan ayrılıb gələn, suları yarıb keçən gəmilərə paxıllıqdan qığılcım topası kimi hücum edir. Məğrur və nəhəng gəmi cəsarətlə irəliləyərək, dalğaları kəsir, sındırır, yox edir. Belə hallarda yaxınlaşan əzəmətli gəminin qorxusundan dalğalar ram olur, gülümsəyir və öz qalibinin ayaqları altında toz kimi dağılır. Mən həmçinin tufanı, Ay buludların arasından görünən gecəni sevirəm. Bu vaxt Osyan qəhrəmanları özlərinin alınları almaz kimi parıldayan ağ və boz atlarının üstündə dəstə ilə dayandıqları kimi, dalğalar şahə qalxırlar. Onlar ölüm-dirim döyüşünə girir, biri-birini izləyir, birləşir, biri-birinin üstünə qalaqlanır, od saçır və qarşılarına çıxan başqa dalğalara dəyib parçalnırlar. Bu dalğaların ortasından birdən-birə burulğan qalxır. Buluda bürünmüş bu dəhşətli təbii fəlakət dənizi ağ köpüklərə qərq edir. Sanki daha bir həmlə olsa fəlakətə uğrayacaqdır. Lakin sıx buludların arasında ildırım çaxır, göy guruldayır və bu maye nəhəng zərbədən iki yerə bölünür, sakitləşir və əvvəlki yerinə qayıdır. Mən öz sahəsini genişləndirməyə ona mane olan sahil qayalarına qarşi dənizin acizanə acıqlanmasını da sevirəm; qayalara qarşı fışqırıqlı ilanlar kimi başlarını qaldıran dalğalar it kimi onların yamaclarını yalayaraq geriyə çəkilirlər. Lakin az keçmir ki, onlar daha qeyzlə qayaların üstünə yenidən hücum çəkirlər: ulayaraq, pələng kimi nərə çəkərəkonları parçalamaq istəyirlər. Sonra isə riyakar adam kimi, onu dağıdıb, parçalaya bilmədiklərini görüb, qayaları yuyub təmizləməyə başlayırlar; qoparıb, tökür, yonur, zamanın qayalarda açdığı yaraları bu dalğalar yenidən təzələyirlər. Dalğalar yorulmaq bilməyən bir qoç kimi arası kəsilmədən zərbələr endirir, Nuh əyyamında olduğu kimi, yer kürəsini mümkün qədər çox su altında saxlamağa çalışırlar. Dayan, əl saxla, Saturn! Sən öz doğma balanı məhv etməyəcəksən ki? Sən ona ancaq bədən vermisın. Yaradan isə ona can vermişdir, deməli o, insandır. Bundan sonra o dönüb yenidən sənin qurbanın ola bilərmi? Bəli, mən dünyaya göz açandan çox dənizlər görmüşəm; onların hamısını sevmişəm və heyran olmuşam. Lakin səni, ərköyün Xəzər, mən səni onların hamısından daha artıq bir məhəbbətlə sevəcəyəm. Pis günümdə mənim yeganə sirdaşım sən oldun; sən mənim həyatımı və canımı qorudun. Sən olmasaydın mən qəzaya uğramış gəmi kimi, heç kəsə gərək olmayan bir şey kimi insan ayağı dəyməyən sahillərə atılıb qalardım. Kimsəsiz, gərəksiz tərkolunmuş bir adam kimi düşünərdim ki, meşələrdə ov eləmək və ya biçinə getmək mənə bir daha müyəssər olmayacaq. Ey dəniz! Mən buraya sənin inci və mirvarilərini axtarmağa gəlməmişdim. Mən sənin sahillərinə nə xəzinə xatirinə, nə də susuzluğumu söndürmək xatirinə gəlmişdim. Əsla yox! Mən səndən həyatı öyrənmək üçün məsləhət almağa, sahilində hisslərimi sakitləşdirməyə gəlmişdim. Mən, ümumiyyətlə, səni fəth etməyi yox, sənə yaxınlaşmağı arzulayırdım. Sən mənə elə şirin və böyük göründün ki, elə bil torpaq oğlu Ürək göylər qızı Xəyal ilə indicə birləşmişdir. Sənin sahillərində insan oğlu öz aləmimə qapılmağıma mane ola bilmir... Sən mənim ruhumu oxşayırdın, ürəyimdə xüsusi yerin vardı. Mən sənin sevinclərlə dolu sularına baxdıqca xəyala dalırdım. Səninlə mənim aramdakı məsafə yox olurdu; həyatın şirin və təbii sevincləri arasında mən özümü unutduqca dəqiqələr saata dönürdü. Həm də hiss edirdim ki, biz talelərimizə görə də biri-birimizə yaxınıq; sənin suların başqa okeanların suyundan daha acı və təlatümlüdür. Ey qəfəsə salınmış quş kimi çırpınan Xəzər! Sən başqa dənizlərlə birləşə bilmədiyinə görə heyfslənir, köksünü ötürürsən; sən çəkilmə və qabarmanın nə olduğunu bilmirsən; ən güclü həmlələrinlə belə yeraltı qayalarını dəf edib, köpüklərini əsrlərin səni saldığı çərçivədən kənara ata bilmirsən; bir allah bilir, qarnına axan bu qədər çayların suyunu neyləyirsən? Əvəzində havaya az miqdarda od və palçıq atırsan. Bunlar heç vaxt qayıdıb sənin yeraltı vulkanlarına daxil ola bilmirlər; kim deyə bilər ki, adları belə unudulmuş neçə-neçə xalq sənin sahillərinə gəlməmiş və onu qarış-qarış gəzməmişdir? Neçə-neçə insanı öz qoynuna alıb onların izlərindən isə heç bir əsər-əlamət saxlamamısan; təkcə hərdənbir dalğaların sahillərinə atdığı şeylərdən bilmək olar ki, sənin qoynunda nə qədər qiymətli sərvətlər gizlənmişdir. Ey dəniz, sənin alnındakı qırışlar qətiyyən əsrlərin qırışları deyil. Bunlar ilahi hisslərin təlatümləridir. Tufan başlayanda sən qaynayır, daşır və dəhşətli olursan; lakin hərdənbir sən də sakitləşirsən. Belə hallarda Günəşin şüalarına və insan baxışlarına öz sularında çimməyə, ləpələrinin pıçıltıları altında, ana öz körpəsinə layla çalan körpə uyuduğu kimi yuxuya getməyə imkan verirsən... Bəli, qəmgin dəniz! Mənim də bir çox xasiyyətlərim səninkinə oxşayır, elə sənin də mənimlə uyğun cəhətlərin vardır. Lakin sənin nə azad istiqamətin, nə də əşyalar haqqında təsəvvürün vardır. Sən necə varsan, elə olmalısan, başqa cür də ola bilməzsən. Lakin mən olduğum kimi yox, dönüb başqa cür də ola bilərəm. Bayronun təbirincə desək: “Topladığım böyürtkənlərin hamısını mən öz əlimlə yetişdirmişəm. Onları yığarkən, əkdiyim böyürtkənlər əllərimi yaralayır və qanımı axıdır. Mən əvvəlcədən bilirdim ki, əkdiyim bu ağac hansı meyvəni verəcək.” Ulduzların cazibədarlığı onların parlaqlığındadır. Dəfinə ağacı şərəf, palıd ağacı məğrurluq, gül-çiçəklər isə ətir saçmaq rəmzidir. Təkcə mən bilirəm ki, kol-kosun bəhrəsi, böyertkənin çələngi nədir. Di yaxşı, əlvida, Xəzər dənizi! Bir daha əlvida! Mən səni görməyi o qədər arzulamışdım ki! Nəhayət istəyimə nail oldum. Səni təəssüflə tərk edirəm və səni bir daha ancaq və ancaq sahillərini genişləndirib, mənim vətənimə qədər uzananda görmək istərdim! Mən axırıncı dəfə sənin özündən çıxmağını, təlatümlərini və dəhşətli mənzərəni gördüm. Gücünə heyran oldum. Sənin dalğaların şahə qalxıb, böyük və geniş axınla sahilə yuvarlanırdı, divarlara və sahil qayalarına çırpılır, sahil qumlarını yuxarı qaldırırdı. Küləklərlə göyə sovrulan sənin o gözə görünməz zərrəciklərin sıx parıldayan dumana çevrilərək dənizin üzərinə qalxır, bulud kimi rəngdən-rəngə düşür, gah yaşıl, gah mavi, gah da parıldayıb tutqunlaşırdı. Mən axır ki, səni tərk etməyə özümdə qüvvə tapa bildim, ey dəniz! Mənə elə gəldi ki, sənin pıçıltıların küləyin səsi ilə birləşib mənə öz şikayətini ifadə edirdi; elə bil sənin dalğaların körpə qardaşlar kimi xahiş edirdilər ki, onları tərkimə alıb özümlə aparım. Atın cilovunu buraxan kimi o, məni bir sıçrayışla sahilə çıxartdı. Ey dəniz, mən İskəndər və Xosrovun şəhərinə daxil olanda sifətim tutqun idi, lakin onun tutqunluğu sənə görə deyildi!” Görəsən bu sətirlərin Bayron tərəfindən yazıldığını deməyəcəklərmi? Lakin bu sətirləri yazan adamın adı bizdə heç məlum deyil! Haqqında ədalətsizlik edilib, yaddan çıxarılmış bu adamı tanıtmaq üçün mən əlimdən gələni edəcəyəm. O buna layiqdir. O, Bestujev-Marlinskidir. Şamaxı Yadımdadır, biz Bakıdan yola düşəndə rusların təqvimi ilə noyabrın 11-i, bizim fransız təqvimi ilə noyabrın 23-ü idi. Bakıdan səkkiz kilometr aralanmışdıq ki, faytonda arxaya boylanıb son dəfə Xəzərlə vidalaşdıq. Bakıdan Şamaxıya məsafə yetmiş mildən artıqdır. Yol rahat olmadığına görə bir gündə əlli mil qət etmək böyük iş sayılır. Yolun təqribən yarısını getmişdik ki, Şamaxı valisi müavininin (vali Tiflisdə idi) bir zabitin rəhbərliyi ilə bizi qarşılamaq üçün göndərdiyi bötük bir atlı dəstəsi ilə rastlaşdıq. Hiss olunurdu ki, bu zabit çox hörmətli adamdır. Bu külli-ixtiyar sahibinin əmri ilə lazım olan kimi bizim atları dəyişdirirdilər. O olmasaydı, axşam saat altıda günü başa vurub, yolda gecəməli idik. Onun sayəsində heç yerdə ləngimədən elə həmin gün axşamdan xeyli keçmiş Şamaxıya çatdıq. Bizim üçün qonaq evi hazırlamış, buxarıda yaxşı pcaq qalamışdılar. Evdə şam və çıraqlar yanır, xalı-xalça otağı bəzəyirdi. Şərəfimizə yaxşı stol açmışdılar. Yeməkdən sonra mənim üçün ayrılan otağa getdim. Stolun üstündə yazmaq üçün kağız, qələm və qələm qəddəmək üçün ağzı açıq bıçaq qoyulmuşdu. Mənim zövqümə iyirmi ildən artıq bələd olan dostlarım da bundan gözəl bir iş tuta bilməzdilər. Otağımı üç portret bəzəyirdi: Fontenblonun “Vida”, Jaffanın “Taun xəstəliyinə tutulmuşlar”, monteronun “Döyüş” portretləri. Dundukov və Baqrationgildə olduğu kimi mən çarpayıda deyil, çox yumşaq bir xalçanın üstündə salınmış yataqda rahatca yatdım. Ertəsi gün səhər tezdən polis rəisi görüşümüzə gəldi, qulluğumuzda hazır olduğunu elan etdi. Əvvəldən bildirim ki, Şamaxı maraqlı şəhərdir. Polis rəisindən xahiş etdim ki, bizə şəhəri göstərsin. Beləliklə, polis rəisinin müşayiəti ilə şəhərə çıxdıq. Dağın döşündə bir evin üstündə bir neçə qoyunun otladığı diqqətimi cəlb etdi və məni təəccübləndirdi. Burada evlərin üstü də dağ döşü kimi otlaq idi. Evlərin üstündəki otlaqlar Versal küçələri boyu uxanan çəmənlikləri aandırırdı. Qoyunların evin damına haradan çıxdıqlarını, oradan necə düşəcəyini ağlıma sığışdıra bilmirəm. Şamaxı aşağı və yuxarı şəhər olmaqla iki yerə bölünür. Bunun kimi başı bəlalı şəhərlər azdır. Çünki aşağı hissədə adamlar ilin üç ayını tüğyan edən dəhşətli qızdırmadan, yuxarı hissədə isə zəlzələdən tələf olurlar. Qızdırma ilə zəlzələ arasında bircə fərq vardır: qızdırma müəyyən fasilələrlə başlayır və qurtarır. Zəlzələ isə hər vaxt ola bilər. Odur ki, bugünkü Şamaxının sabah mövcud olub-olmayacağı bilinmir. Lakin Şamaxının əsas düşmənləri qızdırma və zəlzələ deyildir. İnsanlar bu təbii fəlakətlərdən daha betər, daha dəhşətlidir. Bir vaxt Şamaxı Şirvan xanlığının paytaxtı olmuşdur. Xanlığın hər il gəliri milyonlarla hesablanırmış. İndiki on min əvəzinə bu varlı xanlığın əhalisi yüz min nəfərmiş. Əlcəzairdə qəbilələr arasında öz müdrikliyi ilə məşhur olan qəbilə başçısı Əl-Mükranidən bir dəfə soruşdum: - Qranit daşlardan və tuncdan tikilmiş qədim və firavan Suyuz, Persipolis, Babil, Menfis, Baalbək və Palmir şəhərlərindən yaddaşınızda nə qalıb? - Ay rəhmətliyin oğlu, sən məndən soruş ki, bu kəndirlər nə üçündür? Mən də deyim ki, çadırımı möhkəm saxlamaq üçün. Bu mənim yadımdan çıxmaz. O ki, qaldı o dediyin şəhərlərə, onlar yerlə yeksan olaraq yaddan çıxmışlar... Göz önünə Şamaxı gəlir. Onun keçmişi barədə düşünürəm. Orta səviyyəli tarixçi Volter az elmi əhəmiyyətli “Böyük Pyotrun tarixi” adlı əsərində göstərir ki, Şamaxı Midiya dövlətinin paytaxtı, Kambis və Mandananın oğlu Kirin iqamətgahı olmuşdur. Kir İrana istiqlaliyyət gətirmək və hakimiyyətə gəlmək naminə midiyalılarla – öz babası Astiaqla ölüm-dirim müharibəsinə girişmiş, müharibədən qalib çıxmışdır. Onlar Kiri özlərinin şahı elan etmək məcburiyyətində qalmışlar. Kir və onun varisləri o qədər güclü, o qədər ötkəm olublar ki, onlara “Böyük Xaqan” adı verilib. Bu böyük hökmdar Babilistan, Suriya, Midiya, Kiçik Asiya və İranı bir bayraq altında birləşdirmişdi. Bu fatehin taleyi, aqibəti necə olmuşdur? Bu məğlubedilməz Xaqan həyatdan necə köçmüşdür? Ksenofanın yazdığına görə o həddən artıq ömür sürmüş, uşaqlarının qolu üstündə yuxuya gedərək dünyadan köçmüşdür. Əfsanələr oğlu, tarixin atası Herodot isə əksinə olaraq göstərir ki, Kir Tomris dövlətini fəth etmək üçün hücuma keçəndə massagetlərin qadın hökmdarı Tomrisin oğlunu öldürmüş, lakin özü də əsir düşmüşdür. Hökmdar onun başını kəsdirmiş, kəsilmiş başı öz əlləri ilə qanla dolu qaba ataraq demişdir: “Ömrün boyu axıtdığın qandan, buyur, doyunca iç, qoy gözlərin doysun.” Əgər bu, qədim tarixçilərin Kür çayına verdiyi Kiros adıdırsa, onda bu Volterin dediklərinə tarixi bir sübutdur. Fəlsəfə lüğətinin çüəllifindən daha dərin biliyə malik, elmi faktlara əsaslanmaqda Herodotdan üstün olan Danvil belə hesab edir ki, həm coğrafi mövqeyinə və həm də adının mənasına görə Şamaxı Ptolomeydə rast gəlinən qədim Mamaşya sözündəndir. Bu, xalis azərbaycanlı sözüdür. 1645-ci ildə Olearus Şamaxıya gəlmişdir. Söhbət, yuxarıda göstərdiyimiz kimi, köməkçisinin gecə meşədə çaqqalların qorxusundan nitqi tutulan, dəli olmaq dərəcəsinə gəlib çatan qraf Holstenin ləyaqətli elçisindən gedir. O vaxt Şamaxının çiçəklənmə dövrü idi. Karvan yolunun üstündə olan bu şəhər Qərb, Şərq və Cənubu birləşdirən bir mərkəz idi. Təəssüf ki, bir qalmaqalın nəticəsində burada rus tacirləri öldürüldü və İran-Rus müharibəsinə səbəb oldu. Böyük Pyotr Şamaxə üzərinə yeridi, Şamaxını və onun ətrafını xarabazara çevirdi. Sonra isə daxili çəkişmələr, taun xəstəliyi və s. şəhərdə əhalinin sürətlə azalmasına gətirib çıxartdı. Beləliklə, 1815-1816-cı illərdə bu qədim və çiçəklənən şəhərdə cəmisi 25-30 minə yaxın əhali qalmışdı. Tez-tez təkrar olunan zəlzələ və geniş yayılmış qızdırmada şəhərin belə sürətlə boşalmasının səbəblərindən idi. Buna görə də Şamaxı xanı əhalini Nadir şahın tikdirdiyi, heç bir düşmənin əl uzada bilmədiyi Fit qalasına köçməyə məcbur edirdi. 1817-ci ildə cəngavər Qamba buraya gələndə Birinci Pyotrun gördüyü yüz min adamdan birinə də Şamaxıda rast gəlmədi. Bomboş qalan şəhərdə dəhşətli sükut hökm sürürdü. Qambanın adamları orada bir qoyun kəsiblər. Onu da şəhərin səkkiz kilometrliyindən dörd franka alıblarmış. Şamaxı xanı Fit qalasından Rusiyanı narahat edirdi. O, 1819-cu ildə Rusiyaya qarşı gizli bir qəsdin təşkilatçısı kimi təqsirləndirildi. General Yermolov izahat üçün onu Tiflisə dəvət etdi. Ya izahat verməyi mənliyinə sığışdırmadığından, ya da günahkar olduğunu bildiyindən xan İrana pənah apardı. General Yermolov Şamaxı əhlinə öz doğma yurdlarına dönməyə icazə verdi. Hamı evinə qayıtdı. Lakin şəhər pis vəziyyətdə idi. Almaniyalı Quldentştetin öz gözləri ilə gördüyü və təsvir etdiyi salxımlarla dolu üzüm bağları da pis kökə düşmüşdü. Bir vaxt cah-calallı Şamaxıda üzüm tənəklərinin sarmaşması üçün demək olar ki, ağac qalmamışdı. Lakin şəhərin ətrafınadakı münbit torpaqlarda əkilən tut ağaclarının yarpaqları ilə barama qurdlarını yemləyirlər. Təsadüfi deyildir ki, Şamaxıda ticarətin əsasını ipəkçilik təşkil edir. Biz bazara gedəndə bir daha bunun şahidi olduq. Orada bütöv bir küçədə cürbəcür xalçalarla bərabər qalaq-qalaq sadə, lakin yaraşıqlı, xoşa gələn Şamaxı ipəyi yığılmışdı. Az qala yadımdan çıxmışdı. Yuxarı hissədəki bulaq başında Moyne şəhərin mənzərəsini çəkərkən komendant bizə yaxınlaşdı. O, bizi evinə dəvət etmək üçün gəlmişdi. Bildirdi ki, onun arvadı və bacısı bizi görmək arzusundadırlar. Altmış yaşı olmasına baxmayaraq şəhər komendantı Oşişinski gümrah və şən bir adam idi. Şamaxıda olduğumuz müddətdə o həmişə bizimlə gəzirdi. Komendantın arvadı və bacısının xahişini nəzərə alaraq saat üçdə onlara getdik. Onun arvadı cavan və gözəl idi. Ortayaşlı bacısı fransızca əla danışırdı. İşə bax! Parisdən çox-çox uzaqlarda, Şamaxıda Monteronun, Jaffanın, Fontelblonun çəkdikləri portretlər, fransızca danışan adamlar! Bütün bunlar adama qeyri-adi təsir bağışlayır... Hələ bazarda gəzərkən bir dəvətnamə aldıq. Şamaxının ən varlı adamlarından biri olan Mahmud bəy bizi həmin gün qonaq çağırırdı. Şərqsayağı qonaqlıqda musiqi və rəqs olacağını deyirdilər. Təkcə Şirvanda deyil, bütün Qafqazda məşhur olan Şamaxı rəqqasələri haqqında bizə çox danışmışdılar. Knyaz Dundukov bizə demişdi: “Şamaxı rəqqasələrinin oyununa tamaşa etməyi yaddan çıxarmayın!” – Baqration tapşırmışdı: “Şamaxıda rəqqasələrə baxmağı unutmayın!” – Bakıda da təkrar etmişdilər. Bu rəqqasələr xanlıqlar dövründən qalmadır. Onlar saray rəqqasələri olmuşdular. Bir bədbəxtlik üzündən rəqqasələrin biri yox idi. İndi dəstə iki rəqqasə qızdan və bir balaca oğlandan ibarət idi. Həddindən artıq gözəl olan üçüncü qız Şamaxıya səs salan axmaq bir hadisənin ucbatından baş götürüb bu diyardan getmişdi. Onun adı Sona idi. Martın birindən ikisinə keçən axşam – gecənin bir aləmində ləzgilər gözəl Sonanın qiymətli əşyalarını oğurlamaq üçün onun mənzilinə soxulurlar. Deyirlər ki, o öz sənətinin vurğunu olan gözəl bir qızdır. O, yatmamış, gecə yarıdan keçmiş olsa da, çox sevdiyi və adamları heyran qoyan bir rəqsi təkrar edirmiş. Onun məşqçisi əmisi oğlu Nəcib İsmayıl oğlu idi. Onlar rəqsin incə xallarını təkrar etdikləri vaxt birdən qonşu otaqda qeyri-adi səs eşitmişlər. Nəcib çox igidmiş. O, əlində xəncər səs gələn otağa atılmışdır. Sona çox vahiməli bir səs eşidib həmin otağa qaçmışdır. Nəcidin meydinə ilişib, dörd ləzginin qolları arasına yıxılmışdır. Ləzgilərdən birini Nəcib ağır yaralayıbmış. Onlar Sonanın nəinki qiymətli daş-qaşlarını və dəyərli ev əşyalarını, hətta onun əynindəki paltarlarını da soyundurub aparmışdılar. Sonaya əynindəki alt paltarlarından başqa heç nə qoymamışdılar. Ertəsi gün rəqqasənin qapısı açılmamışdı. Gözəl Sonanın evindəki səs-küyü və hətta qışqırığı qonşular eşitmişdilər. Bəzən səhərə qədər onun mənzilində rəqs edildiyindən qonşular bu səs-küyə məhəl qoymamışdılar. Bununla belə, onun qapısının saat on birə qədər bağlı qalması onları təəccübləndirmişdi. Gedib polisə xəbər veriblər. Polislər qapını açmış, birinci otaqda xəncərlə üç yerdən vurulub öldürülmüş Nəcibin meydini, ikinci otaqda isə əli-qolu bağlı, özündən getmiş halda çarpayısında uzanmış Sonanı görüblər. Nəcibin sağ əlinin kəsilməsindən bu zərbələrin ləzgilər tərəfindən vurulduğunu o saat müəyyənləşdiriblər. Adətlərinə görə, onlar çeçenlərdən və çərkəzlərdən fərqli olaraq, adamın başını deyil, ancaq əlini kəsirlər. Bu onun üçündür ki, baş tez gözə çarpır, adamları şübhələndirir, əli isə asanlıqla cibə qoymaq olur. Biz, ləzgilərin bütün Dağıstana yayılmış bu xüsusiyyətindən danışacağıq. Sona hadisə haqqında məlumat verib qurtaran kimi, polislər pəncərədən qışqırıblar: - Ləzgilərin dalınca! Ləzgilərin arxasınca! Bir göz qırpımında azərbaycanlı polislər hazır olmuş, qılınc, xəncər və tüfəng götürüb atların belinə sıçramışlar. Ac qurd kimi qanlı düşmənin izinə düşüb onları şəhərin yaxınlığında Dağkəsən dağında bir kahada tapıblar. İzin Tapılmasına səbəb Nəcibin yaraladığı quldur olmuşdur. Quldurlar var gücləri ilə vuruşur, müdafiə olunurmuşlar. Onlar əvvəlcə möhkəm hücuma keçsələr də, sonra bir çıxış yolu tapıb, şəhərin üç kilometrliyində olan Qızqala kahasına çəkiliblər. Burada ölüm-dirim mübarizəsi başlanmış, çarpışma altı saat davam etmişdir. On-on iki polis ölmüş və ya yaralanmış, nəhayət, ləzgilərin güllələri tükənmişdir. Onlar soyuq silahla öz axırıncı həmlələrini etsələr də, tutulmuş və təslim olmuşlar. Bütün qarət etdikləri qiymətli şeylər onların üstündən və birinci kahadan tapılmışdır. Əfsuslar olsun ki, bu hadisənin dildən-dilə düşməsi gözəl Sonanın mövqeyinə xələl gətirmişdir. Əmisi oğlunun gecə yarısı onun evində öldürülməsi camaatda şübhə doğurmuşdur. Onların arasında yazıq Nəcibə çox baha oturmuş bir intim münasibətin olması barədə söz-söhbət başlamışdır. Öz təmiz adını itirmiş gözəl Sona baş götürüb Şamaxıdan getməyə məcbur olmuşdur. Gözəl səhərlərin birində onun qapısı yenə günortaya qədər açılmadıqda polis gəlib evi bomboş görmüşdür. Heç kim bilmir ki, Sonanın başına nə gəlmiş və o hara getmişdir. Lakin rəqs dəstəsi üçlükdən – üç qadından ibarət olmalı idi. Üç rəqəmi, xüsusilə, şərq oyun havalarında müqəddəs və sirli hesab olunur. Odur ki, gözəl Sonanı qız paltarı geyinmiş balaca bir oğlan əvəz etmişdir. Maraqlıdır ki, bu əvəzetmə rəqsin bədii və estetik məzmununa xələl gətirmək əvəzinə, onu daha da canlandırmışdır. Azərbaycanlıların qədd-qaməti çox gözəldir! Gözəl qədd-qamət yalnız onların payına düşmüşdür. Ziyafət axşam saat səkkizə təyin olunmuşdu. M. Oşişinskigildə boynumuza qoymuşdular ki, ziyafət qurtaran kimi, gəlib gecəni qalada keçirək. Burada bal olacaqdı, özü də şərqsayağı yox, fransızsayağı. Madam Oşişinski “Qızlar məktəbi”nin fəxri direktoru kimi, bizim gəlişimiz münasibətilə pansionatın bütün üzvlərinə dəvətnamə vermiş, on beş yaşlı məsum qızlar üçün bal gecəsi təşkil etmişdi ki, mənim təəssüratım daha canlı və yadda qalan olsun. Mənə böyük hörmət əlaməti olaraq pansionatın bütün üzvlərinə bayram etmək üçün vaxt da ayırmışdılar. Mahmud bəyin evi Dərbənddən Tiflisə qədər gördüyüm evlərin ən gözəli idi. O, Şərq memarlıq üslubunda tikilmiş qiyamət bir imarət idi. Biz adamı valeh edən, gözəlliyini sözlə ifadə etmək, qələmlə təsvir etmək mümkün olmayan çox zəngin, şərqsayağı bəzədilmiş bir salona daxil olduq. Qonaqlar qızılı haşiyəli dpşəkçələrin üstündə oturmuş, al-əlvan, qumaş mütəkkələrə dirsəklənmişdilər. Salonun o başında incə naxışlarla bəzədilmiş, şəbəkəli, böyük və hündür pəncərənin yanında üç rəqqasə və beş çalğıçı vardı. Bir azdan sazəndələr məharətlərini göstərməyə başladılar. Onlar milli musiqi alətlərində çalırdılar. Dəmir ayaqcıqlar üzərində yerləşdirilmiş nəhəng yumurtanın yarısına bənzər təbil, bizim fleytanı andıran qədim şəkilli nəfəsli musiqi aləti – tütək, üstündə mis simlər olan və mizrabla çalınan, bizim mandalinaya oxşar tar və nəhayət qonçuraya bənzər dəmir dayaqlı, bir növ musiqi aləri – kamança. Bu musiqi alətinin sol tərəfində bir dəstək vardır. Simlər bu dəstəyə dolanmışdır. Onu kaman yayı ilə çalırdılar. Orkestr böyük səs-küylə çalsa da, rəqqasələrin diqqətlə izlədiyi və ona uyğun oynadığı müəyyən bir ritm aydın duyulurdu. Rəqqasə qadınların birinə o qədər də gözəl deməl olmazdı. Digərinin isə cavanlıqda çox gözəl olduğu hiss edilirdi. Lakin yaş öz işini görmüşdü. İndi onun gözəlliyini payız günəşi ilə müqayisə etmək olardı. Parıldasa da, odlayıb yandıra bilmirdi. O mənə 1826-cı və ya1827-ci ildə tanış olduğum madmazel Jorju xatırladırdı. Jorj da çox gözəl idi. Lakin müqayisədə üstünlüyü Jorja verəsi olacağam. Əgər Nisə bir qəlbi ovlamış, ona hakim olmuşdusa, Jorj iki qəlbi ram etmişdi. Başqa bir tərəfdən də Jorj məclislər görmüş, çox ölkələr gəzmişdi. Gözəl Nisə isə bütün ömrü boyu Şamaxıdan bir yana çıxmamışdı. Bütün şərqli qadınlar kimi Nisə özünə xüsusi sığal verərək, bəzənib-düzənmişdi. Onun cazibədar qara gözləri, kamana bənzər qara çatma qaşları, hind fındığına bənzər burnu və püstə ağzı vardı. Məftunedici, mərcan kimi qırmızı, ehtiraslı dodaqları hərdən açılır və mirvariyə bənzər ağappaq dişləri görünürdü. Onun gur, qara saçları kiçik məxmər araqçının altından çiyinlərinə tökülürdü. Nisə oynadıqca saysız-hesabsız xırda pul – Azərbaycan pulu yağış kimi onun başına səpilirdi. Əynində qızılı xətlərlə işlənmiş dar məxmər arxalıq vardı. Duvağı tüldən idi. Üzərində palma budaqlarının şəkli həkk olunmuş donu döşəməyə toxunduğundan ayaqları görünmürdü. Nisbətən gənc olan rəqqasənin geyimi də özü kimi o qədər qəşəng deyildi. Vaxtında xəbər verməsəydilər, üçüncü rəqqasın da qız olduğunu güman edərdim. Çünki bu gənc oğlan çox gözəl idi. Oyuna oğlan başladı. Onun barmaqları arasında mis şaxşax vardı.Onu gurultulu alğışlarla qarşıladılar. Sonra o, gənc rəqqasə ilə oynadı. Nəhayət, Nisə də onlara qoşuldu. Şərq rəqsləri hər yerdə biri-birinə bənzəyir. Mən bu rəqsləri Əlcəzairdə, Konstantinopolda, Tunisdə, Tripolidə və Şamaxıda görmüşəm. Bu rəqsləri ifa edərkən, ayaqları gah iti, gah da yavaş hərəkət etdirir, bədəni və ombaları da buna uyğun oynadırlar. Nisənin rəqsi doğrudan da valehedici idi. Mən “Arılar” rəqsini ifa etmələrini xahiş etdim. Dedilər ki, bu rəqs kiçik məclislərdə ifa olunur. Nisənin rəqsindən böyük ləzzət almış bu adamların yanında az əhəmiyyətli görünən təklifimi geri götürdüm. Rəqs başa çatdıqdan sonra şam yeməyinə dəvət olunduq. Xörəklərin ən əlası – yanında nardança və yağ olan beçə ətindən turşulu-döşəməli plov idi. Fransız mətbəxindən başqa bütün mətbəxlərin çatışmayan cəhəti ondan ibarətdir ki, stolun üstünə gələn yeməklər əvvəlcədən düşünülüb hazırlanmır. Fransızlarda isə hər şey ölçülüb-biçilib qaydaya salınmışdır. Xörəklərin də özünə məxsus ümumi qayda-qanunu və musiqidaki kimi harmoniyası olmalıdır. Mənim fikrimcə, ən çox ipə-sapa yatmayan musiqi kalmıkların musiqisidir. Ən dəhşətli mətbəx isə ruslarınkıdır. Ona görə ki, rus mətbəxinin çatışmayan cəhətləri çoxdur. Burada xörəklər nəinki qabaqcadan düşünülmür, həm də bişirildikdən sonra saxlanılıb eybəcər hala salınır. Ət yeyəndə elə bil balıq yeyirsən, balıq yeyəndə isə elə bil sıyıq və ya qaymaq yeyirsən. Dilçi alim Qreç rus dilinə aid bir qrammatika kitabı yazmışdır. Qreç bu kitabı yazana qədər ruslar qrammatikasız keçinirdilər. Mən istərdim ki, mətbəxdən başı çıxan bir adam Qreçdən nümunə götürüb, rus mətbəxinə dair kitab yazsın. Süfrəyə hər cür şərab qoyulmuşdu, lakin ev sahibi və bir neçə Məhəmməd hümməti sudan başqa heç nə içmədi. Yeməkdən sonra yenə rəqs başladı. Qeyd etməyə dəyər ki, bu rəqs axşamı həddini aşmadı. Mən Parisdə çox bal gecələri görmüşəm ki, oradan adamlar səhər saat 3-də dağılışırlar. Parisdə hamı, hətta qadınlar da qonaqlıqda şərab içdikləri halda, burada, bayaq dediyim kimi, kişilərin də çoxu şərab içmirdi. Bundan başqa, Parisdəkindən fərqli olaraq Şamaxıda rəqqasələrin iştirakı ilə keçirilən bu qonaqlıq nisbətən tez qurtardı. Biz buradan Şamaxı qalasına – bizim üçün təşkil edilmiş bala təşrif gətirdik. Balın şirin vaxtı olmalı idi. Lakin bal o qədər də maraqlı deyildi. Çünki burada qızlarla oynayacaq bığ yeri tərləməmiş iki oğlandan başqa kişi xaylağı yox idi. Qızlar biri-biri ilə oynamaq məcburiyyətində qalmışdılar. Biz özümüzlə qızlarla oynayacaq beş-altı nəfər gətirə bilmişdik. Səhər saat üç radələrində salondan aynabəndə, oradan da sivişib küçəyə çıxdım. Otağıma çatana qədər qaçdım ki, birdən dalımca gəlib məni bala qaytararlar. Lap çoxdan idi ki, baldan belə gec qayıtmamışdım. Şamaxıya gəldikdə isə, güman edirəm ki, bu şəhər bir avropalının onun küçələri ilə gecə saat üçdə baldan qayıtdığının ilk dəfə şahidi olurdu. Siz gözəl başa düşürsünüz ki, belə tez çıxıb getməklə mən böyük hörmətlə qəbul edildiyim və bütün qonaqlarına dərin hörmət bəslədiyim bir evdən qaçmırdım, səyyahlar qrupunun rəhbəri kimi sabahkı gün haqqında düşünürdüm. Səhər tezdən yola düşsək və faytonçularımız atları sürətlə sürüb, bütün əllərindən gələni etsələr, biz gecənin yarısında da olsa Nuxaya çata bilərdik. Atalar yaxşı deyib: “Sən saydığını say, gör fələk nə sayır.” Elə yenicə gəlib otağıma girmişdim ki, qapı döyüldü. Sizdən nə gizlədim, o saat gözümün qabağına Sonanın evini qarət etmiş ləzgilər gəldi. Düşündüm ki, ey dili qafil, birdən gecənin bu çağında mənim otağımın qapısını döyən, mənə baş çəkməyə gələnlər də belələrindən olar. Hər ehtimala qarşı xəncərimi götürdüm, karabinimə nəzər salaraq gözləməyə başladım. Əbəs yerə. Bu komendant imiş. O, məni qonaqların arasında görməyib ardımca gəlmişdi. Arvadının və bacısının adından məndən xahiş etdi ki, səhər onlarla yemək yeməmiş yola düşməyim. Mən isə sabah, yəni elə bu gün axşama qədər Nuxaya çatmaq arzusunda olduğumu bildirdim. Lakin, o təntənəli tərzdə: - Mən istərdim ki, dağlılara əsir düşmüş. Şamili şəxsən görmüş və onun haqqında sizə dəqiq, təkzibedilməz faktlar danışa biləcək bir zabitlə səhər yeməyi zamanı görüşəsiniz, - dedi. Adamı cəlb edən belə bir təklifə güzəştə getməmək mümkün deyildi. Hələ bundan əlavə, başqa bir şey də ortaya çıxırdı: mən o gün Mahmud bəylə söhbət əsnasında şahinlə ov etməyi xoşladığımı deyəndə, o yavaşcadan rəisin qulağına demişdi ki, səhərisi gün özünün ən yaxşı iki şahin gəzdirənini və ən yaxşı şahinini bizim ixtiyarımıza verəcək. Şamaxının iyirmi kilometrliyində yol kənarında bütün vilayətdə dovşan, kəklik və qırqovulla məşhur olan bir sahə var. Bizim orada dayanaraq iki saat ərzində ov edəcəyimiz nəzərdə tutulmuşdu. Ləyaqətli və əla insan olan komendant bizi bir gün də olsa artıq saxlamaq üçün bilmirdi ki, daha nələr uydursun. Lakin mən başqa əsaslı bir səbəb irəli sürdüm. Bu da ondan ibarət idi ki, Moyne təcili surətdə Tiflisdə olmalı idi. Ancaq komendant o saat bu məsələnin artıq Moyne ilə razılaşdırıldığını bildirdi. Bütün bunlardan sonra məni mənim etiraz etməyə heç bir əsasım qalmadı. Belə qərarlaçdıq ki, saat 9-da səhər yeməyini yeyəcək, 11-də yola düşəcək və saat 1-dən 3-ə kimi ov edəcəyik. Həmin gün isə biz heç olmasa Girdmançayın üstündə gecələməyə çalışmalıyıq. Ertəsi gün səhər saat doqquzda biz komendantın evində idik. Bizim görmək istədiyimiz həmin rus zabiti də orada idi. Bu, fransız dilində çox gözəl və sərbəst danışan 40-45 yaşlarında bir kişi idi. Quba tərəflərdə ələ keçən zabiti dağlara aparıb, Şamilə təqdim ediblərmiş. Onun azad olunması üçün əvvəl 12 min manat istəyiblər, sonra yeddi min manata razılaşıblar. Zabitin ailəsi və dostları yalnız üç min beş yüz manat düzəldə biliblər. Qalanını isə o vaxt Qafqazın canişini olan qraf Vorontsov əlavə edibmiş. Beş ay ərzində dağlıların əlində qalan zabit həftədə bir-iki dəfə Şamili görürmüş. Zabit Şamil haqqında aşağıdakıları danışdı: Şamil indi 56-58 yaşında olar. Müsəlman ölkələrində adamların yaşını müəyyənləşdirən dövlət qeydiyyat kitabçası yoxdur. Onlar öz yaşlarını həyatda baş vermiş əsas hadisələrin köməyi ilə təxmini hesablayırlar. Şamil də öz yaşını dürüst bilmir. Görkəmindən isə ona güclə 40 yaş vermək olur. O, ucaboylu, suyuşirin, sakit, zəhmli, xasiyyətcə melanxolik bir adamdır. Şərqlilərə məxsus qara-qonur, yarı-açıq gözləri şir gözlərinə oxşayır. Çəhrayı dodaqlarının kənarında açıq yer, qayğı ilə sığallanmış sarımtıl saqqalı, mirvari kimi sıralanmış dişləri vardır. Yerişi asta və əzəmətlidir. İlk görüşdən adam onu əmr vermək üçün yaranmış bir şəxsiyyət kimi qəbul edir. Əyninə ləzgi qumaşından tikilmiş çox sadə, yaşıl və ya ağ çərkəzi çuxa geyir, başına qar kimi ağ qoyun dərisindən tikilmiş papaq qoyur. Papağına dolanmış çalmanın ucları arxaya sallanır. Papağın günlüyü qara qırçınları olan qırməzə drapdan tikilib. Qıçlarına dar boğazlıqlar geyir. Ayaqqabıları sarı və ya qırmızı tumacdandır. Havalar soyuyanda, o bu paltarın üstündən qara qoyun dərisindən kürk keçirir. Şamilin üç arvadı var. Deyilənə görə Zahidə Şamili böyüdüb, boya-başa çatdıran, ona böyük rəğbət bəsləyən Cəmaləddin adlı bir azərbaycanlının qızı idi. Şamil bu adı sonralar öz sevimli oğluna vermişdi. Zahidənin 29 yaşı vardı. Patimat öləndən sonra arvadlar arasında birincilik ona nəsib oldu. Bütün uşaqlar və Şamilin qulluqçuları ona Şamilin özünə olduğu qədər hörmət edirdilər. Açar-qıfıl da onun əlindədir, yemək-içməyi geyim-kecimi və yaşayış üçün lazım olan şeyləri də o bölüşdürür. 36 yaşlı Şuanet Şamilin ikinci arvadıdır: o, çox gözəl, ortaboylu bir qadındır. Onun xoşa gələn ağzı, çox zərif, ipək kimi saçları, ağ bədəni var, lakin ayaqları və əlləri böyükdür. O, varlı bir mozdoklu erməninin qızıdır. İyirmi ilə yaxındır ki, Şamilin arvadıdır. Çavçavadze və Orbeianın arvadları Şamilin əlində əsirlikdə olduqları vaxt Şuanet onlara çox kömək etmişdir. Əminət Şamilin üçüncü arvadıdır. O, 25 yaşına çatsa da, uşağı olmur. Bu, yazıq qadın üçün böyük bədbəxtlikdir. Ancaq o çox gözəl və cavan olduğuna görə o biri arvadlar onu qısqanır, paxıllığını çəkirlər. Xüsusilə Zahidə bu zavallı qadının Şamilə qarşı məhəbbətinə şübhə oyadır, uşağının olmamasını tez-tez onun başına qaxınc edir. Onun gözəl, yumru sifəti, ağzında inci kimi qəşəng dişləri, yanaqlarında və çənəsinin üstündə XVIII əsr şairlərindən birinin məhəbbət yuvası adlandırdığı zənəxdan sifətinə və yuxarı dartılmış dik burnuna daha artıq şuxluq verir. Əminət azərbaycanlıdır. O, beş yaşında ikən əsir düşmüş, əsir düşdükdən sonra anası pul verib, onu əsirlikdən xilas edə bilməmişdir. Sonralar özü də qızının yanına gəlmişdir. Şamilin evində Bako adlı bir qarı da vardı. O, Şamilin bu günlərdə itirdiyi oğlu Cəmaləddinin nənəsi və Patimatın anasıdır. Onun ayrıca otağı, əti, düyüsü, yağı və s. azuqəsi var. O, ayrıca yeyib-içir və ayrıca da da yatır. Başqaları isə bir süfrədə yeyirlər. Şamilin arvadları biri-birindən, hətta nökər-nayiblərin arvadlarından da heç nə ilə fərqlənmirlər. Onların bircə hüququ, üstünlükləri var ki, o da Şamil dua edəndə və ya öz müridlərilə məsləhətləşəndə içəri girə bilmələridir. Şamilin hər üç arvadının öz sahibinə məhəbbəti (bu söz bütün Şərqdə ər kimi daha yaxşı səslənir) tükənməzdir. Lakin onlar biri-birinə bənzəmirlər.Zahidə avropalılar kimi qısqancdır; o heç vaxt məhəbbətini bölüşməyə adət edə bilməmişdir. İnanın ki, əgər Şamil ona ədalətlə nəzarət etməsə və ya ona məhəbbəti olmasa, o, günülərini pis günə qoyar. Şamil Əmanətdən düz otuz beş il böyükdür. Əmanətin belə gənc və gözəl olması Zahidənin qısqanclığını daha da artırır. Uşağı olmadığı üçün Zahidə onu çox qorxudur, tələb edir ki, o özü xoşu ilə boşansın. Əmanət çoxdan adət etdiyi bu hədə-qorxuya məhəl qoymur. Şamilin oğlu Hacı Məhəmməd iki ildir ki, xoşuna gələn cazibədar bir qızla evlənmişdir. Bu Daniyel bəyin qızıdır. (Onun bacısı oğlunu biz Nuxada görəcəyik.) Hacı Məhəmməd Qafqazda ən gözəl və ən mahir at sürənlərdəndir. Hətta belə söhbər gəzir ki, o, Şamilin özünə bərabər at sürür. Lakin Şamil elə Şamildir. Danışırlar ki, Şamil atlanıb səfərə çıxanda qəribə bir aləm yaranır. Kəndin üçqat müdafiə səddi, hər səddin də bir kiçik keçid qapısı vardır. Bu qapılardan atlının başını əymədən keçməsi mümkün olmur. Şamil isə öz atının yalına yatıb, onu dörd nala çaparaq maneələri asanlıqla keçir. O, hər dəfə bu qapıların birindən keçəndə, atın yalına yatır, qapıdan keçən kimi qəddini düzəldir. Beləliklə o, bir göz qırpımında Vedendən uzaqlarda olur. Hər dəfə Hacı Məhəmməd atasına baş çəkməyə gələndə vedenin bütün igidləri onun başına yığılır. Həmişə olduğu kimi, qarşılama mərasimi kəndin lap yaxınlığındakı düzənlikdə olur. Orada Şərqin uydurduğu bütün valehedici, incə, çətin, qeyri-mümkün olan hərəkətlər böyük bacarıq və cəldliklə yerinə yetirilir. Çərkəz, çeçen və ləzgi igidlərinin göstərdikləri bu şücaətə Fransanın ən mahir sirk ustalarının özləri belə heyran qalar. Həsəd aparardılar. Belə Bayramlar iki və ya üç gün davam edir; ən mürəkkəb, çətin sınaqlardan çıxmış igidlərə gözəl bir silah, məşhur bir at və ya qiymətli yəhər mükafat verilir. Hacı Məhəmməd istəsə bütün mükafatlar ona çatar. Lakin o, öz açıq ürəkliyi ilə bu mükafatları ən mahir, layiqli yoldaşlarına güzəştə gedir. Pulun həddindən artıq az olmasına və ehtiyatın çox məhdudluğuna baxmayaraq, belə bayramlarda heç vaxt gülləyə, barıta qənaət etmirlər. Şamilin arvadlarına yaxın cavan qızlardan birinin ailə qurması təkcə Şamilin ailəsi üçün deyil, bütün kənd üçün bayrama çevrilir. Evin bütün qadınlarına bu münasibətlə sırğa, mərcan və ya bilərzik, muncuq, yaxud da bir dəst paltar və s. alırlar. Evlənmə mərasiminə gəldikdə isə, zabit özünün iki dəfə iştirak etdiyi toy haqqında belə deyirdi: “Gəlinə təzə çaxçur, köynək, duvaq, ayağına qırmızı corab, nəleyin geydirirlər. Sonra yemək verilir. Lakin gəlin orada iştirak etmir. Gəlin bir xalçanın arxasında gizlənir, o həm öz yerinə, həm də ərinin yerinə üç gün ac oturmalıdır. Xalçaların üstündə oturmuş qonaqlara kabab verilir.” Kabab mənim səyahət boyu rast gəldiyim ən ləzzətli yeməkdir. Onu Fransada məşhur olan yeməklərin siyahısına daxil etmək olar. Xüsusilə, ovçular üçün kabab ən əlverişli yeməkdir. İndi də azərbaycanlıların toy mərasimi haqqında. Bütün Şimali-Şərqdə olduğu kimi, Cənubi-Şərqdə də belə bir adət var ki, xörəyi hamı əl ilə yeyir. Yemək axşam saat 6-ya yaxın başlayır. Saat 10-da qadınlar qalxırlar. Gəlinin rəfiqələri kişinin hədiyyələrini qəbul etmək üçün irəliləyirlər. Bu, bir səhəng, bir ləyən , quzu dərisindən bir döşəkçə, dağlarda düzəldilmiş bir sandıqdan ibarətdir. Bu sandıq iri, qırmızı güllərlə bəzədilir, cilalanmış dəmirlə örtülmüş olur. Bu əşyalara adətən bir yorğan üzü, bir güzgü, iki və ya üç saxsı fincan, parça tikmək və toxumaq üçün ipək iplik də əlavə edilir. Gəlini ata mindirirlər, qadınlar şamlarla yolu işıqlandırır və onu ər evinə yola salırlar. Qapının ağzında əri onu gözləyir və qəbul edir. Ərə gedən qız adətən ümumi ata-ana varidatından onun payına düşən cehizi almaq üçün böyük səy göstərir. Şamaxı-Nuxa Düz gündüz saat 12-də, əvvəlcədən qərara alındığı kimi, şəhər komendantı və onun ailəsi ilə vidalaşdıq. Bizi Nuxaya qədər müşayiət etmək üçün o, ən cəsur yasovulu Nurmat-Matın başçılığı ilə 12 nəfərlik bir dəstə ayırmışdı. Camaat arasında söhbət gedirdi ki, ləzgilər arana eniblər, mal-qaranı və adamları oğurlayıb, dağlara aparırlar. Odur ki, Nurmat-Matın məsuliyyəti daha da artırdı. Bizim təhlükəsizliyimizə o, başı ilə cavabdeh idi. Şamaxı ilə vidalaşmağımız orta əsrlərin vidalaşmağına bənzəyirdi. XIX əsrin 30-cu illərinə qədər Fransada dəbdə olan bir mənzərə ilə qarşılaşdıq. Mahmud bəy özünün iki nəfər ən mahir ovçusunu göndərmişdi ki, Şamaxı ilə Ağsu (Yeni Şamaxı) arasındakı dərələrdən birində şahinlə ov ovlamağı bizə göstərsinlər. Qabaqda qollarının üstündə şahin olan ovçular, arxada isə biz Şamaxını tərk etdik. Şamaxıdan Ağsuya gedən yol yaxşı idi. Bakıdan Şamaxıya qədər bir ağac belə görməmişdim. Burada isə üstündə hələ də yarpaq olan hər cür ağac və kol-kos vardı. Yol boyu murdarça ağaclarına tez-tez rrast gəlirdik. Hava mülayim, səma aydın idi. Saat yarım içində ov edəcəyimiz yerlə Şamaxı arasındakı iyirmi kilometrlik yolu qət etdik. Biz oranı hələ uzaqdan tanımışdıq. Çünki orada bizi Mahmud bəyin adamlarından daha ikisi gözləyirdi. Onların yanında üç ov tulası və bizim istifadəmiz üçün iki əlavə at vardı. Faytonlardan yerə tökülüşdük. Bütün yol boyu mən dovşanların oynaşdıqlarını görmüşdüm. Odur ki, yerə düşən kimi özümü sıx kol-kosun içinə verdim və mənim üçün atı hazır saxlayan azərbaycanlıdan xahiş etdim ki, dalımca gəlsin. Moyne də mənim kimi etdi. Heç yüz metr getməmişdik ki, adama bir dovşan vurduq. Bundan başqa mən bir qırqovul uçurtmuşdum, onun kolluğa düşməyini gözləyirdim. Bir azdan qırqovul uzaqda yerə endi. Mən ata minib ovçuları şahinlərlə ova dəvət etdim. Ovçular tez bizim yanımıza gəldilər. Onlara qırqovul düşən səmti göstərdim. Tulaların başını açıb buraxdıq və həmin səmtə tərəf getməyə başladıq. Mənim göstərdiyim yerə gəlib çatanda başqa bir aləmlə qarşılaşdıq. Ətrafımızda dəstə-dəstə kəklik və qırqovul uçuşurdu. Biz onları izlədik. İki yüz addım atmamış artıq quş şahinimizin çaynağında idi. Onu diri-diri tutmaq üçün özümü lap vaxtında çatdırmışdım. Bu gözəl bir qırqovul idi, təkcə başından – bircə yerdən yarası vardı. Bizim şahingəzdirən öz dəri çantasından bir tikə qanlı ət çıxarıb, mükafat olaraq quşa verdi. Heç şübhəsiz ki, quşu bu adam uçurtmuşdu. Biz faytonlarımızın yanına qayıtdıq. Moyne də elə mənim kimi xoşbəxt idi. Çünki onun əlində diri, lakin daha pis hala salınmış çox gözəl bir qırqovul vardı. Quşun başını bir anda üzüb, faytonun dalındakı iki dovşanın yanına qoydular. Sonra isə Moyne ilə bir yüksəkliyə qalxdıq. Buradan ətraf ovuc içi kimi görünürdü. Atların üstündə heykəl kimi dayanıb şahinlə ova tamaşa etdik. Əllərində şahin olan ovçular kol-kosların arası ilə irəli cuman tazıların ardınca gedirdilər. Bir qırqovul havaya qalxdı. Şahinlərdən birini o saat onun dalınca uçurtdular. Lakin qırqovul uçub canını qurtardı. Bu vaxt tazıların önündən başqa bir qırqovul pırıltı ilə uçdu. İkinci şahin havaya qalxdı. Şahin üç-dörd dəfə caynaq atmaqla qırqovulu haldan saldı. Az vaxt içində ovçuların çantaları, demək olar ki, dolmaq üzrə idi. Şahinlər nəinki qırqovul, kəklik, torağay və başqa quşları, hətta dovşanları belə ovlayırdılar. Qəribə bir hadisənin şahidi olduq: Bizə tərəf uçan qırqovulu haqlamaqda olan şahin birdən güllə kimi kolluğa endi. Başımı qaldıranda bir göz qırpımında baş verən bu hadisənin səbəbi aydınlaşdı. Yüz metr aralıda böyük bir qartal səmada qıy vururdu. Şahinin dalınca qaçdım və onu çox böyük çətinlikdən sonra tapa bildim. Özünü sıx kolluğa soxmuş quşun bütün bədəni qorxudan əsim-əsim əsirdi... Cidd-cəhdinə baxmayaraq, onu gizləndiyi yerdən ehmalca dartıb çıxartdım. Heyvancığazın ayaqları elə tutulmuşdu ki, nə çiynimdə, nə də əlimdə dayana bilirdi. Lakin onun qorxusu əbəs yerə idi. Qartal artıq uzaqlaşmış və səma göz işlədikcə bomboş idi. Elə bu vaxt ovçu da gəlib çıxdı. O, quşcuğazı mənim əlimdən alıb, sığallayaraq cürətləndirməyə başladı. Amma onun yenidən ov dalınca uçması o gün mümkün deyildi. Müşahidə edə bildiyim bu görünməmiş hadisə mənim üçün həm təəccüblü, həm maraqlı və həm də xoş idi. Vaxt keçirdi. Üstündə gecələyimiz Girdmançaya çatmaq üçün gün batmamış nəhəng bir dağ aşırımını keçməli, otuz kilometr yol qət etməliyik. Odur ki, ovu qurtardıq. Ovçular Mahmud bəyin göstərişini yerinə yetirib, ovun hamısını bizə verdilər. Biz də əvəzində ovçulara pul verib uzaqlaşdıq. Dəstəmiz təzələnsə də, Nurmat-Mat yenə bizimlə idi. O, 12 nəfər polisdən iki nəfərinə qabaqda, iki nəfərinə isə ortada getməyə göstəriş verib, qalan 8 nəfərlə bizim faytonların ətarafında çapmağa başladı. Bütün bunlar ehtiyat üçün idi. Çünki yollar tam təhlükəsiz deyildi. Nəhayət, biz xeyli vaxtdan bəri karımıza gəlməyən, birini Baqrationa, digərini Xasay xan Usmiyevə bağışladığımız silahlara bənzər karabin və tapançaların güllələrini yoxlayıb, onları əlimizdə hazır saxlayaraq yolumuza davam etdik. Faytonlar yoxuşu asta qalxırdı. Fürsətdən istifadə edib, tüfəngləri ayağa çəkib, iki polisin müşayiəti ilə yolun hər iki tərəfi ilə piyada getməyə başladıq. Tezliklə bir qırqovul və bir turac vurduq. Naməlum yerdən atılan, ayaqlarımızın altını yalayıb keçən güllə faytonlara minməyə və ehtiyarlı olmağa məcbur etdi. Biz ağır-ağır dağın zirvəsinə doğru irəlilədik. Xeyli keçdi, lakin heç bir şey görünmədi. Dağın zirvəsinə çatmaq üçün bir saata qədər yol getdik. Elə bil ki, bu dağ əyri-üyrü təpələrə bölünmüşdü. Bəzən Söni dağlarında olduğu kimi, qıvrılmış nəhəng ilana bənzər yol birdən enişə əyilir və biz dolana-dolana aşağı enirdik. Yol çoz təhlükəli idi. Bəzi yerlərdə o elə daralırdı ki, ancaq iki faytonun keçməsi mümkün olurdu. Lakin adamın gözləri qarşısında sehrli bir mənzərə açılırdı. Bu, təkrarolunmaz, gözəl və füsunkar mənzərələr fikrimizi yoldan yayındırırdı. Qafqazın iki dağ silsiləsinin arası ilə aşağı enirdik. Sağda yaxası meşəlik, ortası çılpaq və susuz, başı qarlı, solda lap alçaq, ətəkləri mavi dağ silsilələrinin arası ilə ucsuz-bucaqsız vadi və ya daha doğrusu, düzənlik uzanıb gedirdi. Bütün bunlar necə də gözəl idi! Düz aşağı baxanda və bu düzənliklərlə bizi ayıran məsafəni təsəvvürümə gətirəndə, damarlarımda qanım donurdu. Bu qorxu hissindən heç cür azad ola bilmirdim. Bizim faytonçunun canında isə elə bil şeytan gizlənmişdi. Enişi düşməyə başlayan dəqiqədən məharətini göstərmək üçün sürəti artırmış, atəş səsi eşitdikdən sonra isə atları dördnala çapırdı. Bizi arxadan mühafizə edən poıislər uzaqda, yanımızca gedənlər isə arxada qalmışdılar. Bizdən qabaqda gedənlərə çatmış və onları ötmüşdük. Qışqırdıq ki, öz yaman dəymişlərini sakitləşdirsin. O isə bizə nəinki cavab vermir, əksinə atların sürətini daha da artırırdı. Ədalət naminə demək lazımdır ki, o atları riyazi bir dəqiqliklə Neron kimi idarə edirdi. Faytonu tam arxayınlıqla idarə edən sürücü bizi bir dəfə, özünü on dəfə öldürürdü. Tez-tez qorxulu vəziyyət yaranırdı. İki saata düşməli olduğumuz bu dəhşətli enişi 50 dəqiqəyə qət etdik. Təsəvvürə gəlməyən bir sürətlə düzənliyə yaxınlaşırdıq. Nəhayət, indicə arxada qoyduğumuz əyri-üyrü yolları və yöndəmsiz döngələri keçib, demək olar ki, axırıncı enişlə irəliləyirdik. Qabaqda Ağsuyun birinci evləri görünürdü. Bütün çətinliklərin arxada qaldığını düşünürdük. Birdən faytonçu öz yanında əyləşmiş Kalinoya qışqırdı: Yüyəni götürün, atları idarə edin. Mənim başım gicəllənir! Biz faytonçunun dediklərindən heç bir şey anlaya bilmirdik. Bircə onun həddindən artıq qeyri-adi hərəkətlərini görürdük. Atlarımız qabaqdakı yöndəmsiz döngənin sağ tərəfi ilə getmək əvəzinə, çəpinə - dərin bir xəndəyə sarı çapırdılar. Kalino yüyəni faytonçunun əlindən aldı. Lakin çox gec idi. Kalino da bu vəziyyətdən başını itirən kimi oldu. Faytonun ağırlığı öz işini görür, atlar daha da bərk qaçırdılar. Hər şey bir göz qırpımında baş verdi. Əvvəlcə faytonçu yox oldu. O, atların arasına düşdü, daha doğrusu, atların arasında yoxa çıxdı. Kalino isə elə bil göyə tullandı. Fayton qayaya dəyərək aşmışdı. Lakin allahdan olan kimi, kiçik arxın üstündəki gözəl otluğa düşmüşdü. Mənimsə bəxtim gətirmişdi. Xəncər qınından çıxan kimi mən də faytondan çıxıb iki əlli bir ağacın budağından yapışmışdım. Budaq mənim ağırlığımdan əyilmişdi. Yerlə mənim aramdakı məsafə cəmisi bir addım idi. Odur ki, budağı buraxıb özümü yerə atdım, vəssalam. Moyne artıq ayağa durmuşdu. Onunla mən zədə almamışdıq. Faytonçu atların ayaqları altında qalmışdı, başı və əlləri qan içində idi. Kalino şumlanmış yerə düşdüyündən çox da bərk zədələnməmişdi. Ancaq dizə qədər palçığa batmışdı. O, təkcə bir şeydən ehtiyat edirdi. Axı, mənim saatımı – Rudolf firmasının istehsalı olan çox qiymətli saatımı o saxlayırdı. Onun ən ümdə vəzifəsi vaxtı bizə demək idi. Lovğalığından saatımın zəncirini jiletinin yox, uzun pencəyinin düyməsinə bağlamışdı. Gözlənilməz zərbə onu faytondan kənara atanda, yekə bir budaq saatın zəncirinə ilişərək, onu cibcikdən çıxarmış və bir allahın özü bilir ki, haraya tolazlamışdı. Qırılmış zəncirin bir hissəsi düymədə qalmışdı. Saatdan isə əsər-əlamət yox idi. Kalino çox pərt halda saatı axtarırdı. - Gəlin əvvəl faytonçumuza köməklik göstərək, - deyə mən ona müraciət etdim. - Saatla sonra məşğul ola bilərik. Kalino isə anlaya bilmirdi ki, faytonçu saatdan irəlidir. Onun üçün bu tamam əksinə idi: əvvəl saat, sonra adam. Mən israr etdim. Moyne artıq açmaqda olduğu atların yüyənlərindən tutmuşdu. Lakin Qafqazda atlar faytona tamam başqa cür qoşulur. Bizdə qayışdır, onlarda isə kəndir. Biz tapqırı bənd edirik, onlar isə bağlayırlar. Mən xəncərimi çıxarıb dartı iplərini kəsdim. Elə bu vaxt Nurmat-Mat dəstəsi ilə gəlib çatdı. Onlar bizim təlaş içində olduğumuzu və var-gəl etdiyimizi uzaqdan görmüş, nə ilə məşğul olduğumuzu başa düşməsələr də, qaçıb köməyə gəlmişdilər. Lap vaxtında gəlib çıxmışdılar. Onların köməyinə bizim böyük ehtiyacımız vardı. Atları çəkib bir ağaca bağladıq. Faytonçu başından və əlindən yaralanmışdı. Onun yaralarını bulaq suyu ilə yuyub, cib dəsmallarımızla bağlayan vaxt özünə gəldi. Yaralar o qədər də qorxulu deyildi. Mən faytonçunun yaralarını sarıyanda Kalino hələ də saatı axtarırdı. Ancaq əbəs yerə. Saat yağlı əppək olub göyə çıxmışdı. Faytonçuya yardım göstərəndən sonra ağlıma gəldi ki, bir ondan soruşum, görüm axı, onu hansı həşərat sancmışdı, faytonu niyə belə bərk sürürdü? Onu sorğu-suala tutdum. O, bizi inandırdı ki, başı fırlanmağa başlayıb və qeyri-ixtiyari olaraq atları özbaşına buraxmışdır. Yəqin pərvərdigarın özünün nəzəri bizim üstümüzdə olub ki, dağın aşağısına qədər sağ-salamat gəlib çıxa bilmişik. Lakin buraya çatanda, artıq cidd-cəhdi tamam tükəndiyini görüb Kalinodan atların yüyənini tutmağı xahiş edib. Faytonçunun izahatı səmimi və inandırıcı idi. Bizə göstərdiyi bu yaxşılıqların əvəzində, o gözəgörünməzə təşəkkür etməkdən başqa çarəmiz qalmadı. Qurbanolduğum yalnız Kalinonun pərtliyinə son qoymadı, görünür belə də lazımmış. On iki nəfər polisin bircə dəfə faytonun ətrafına dövrə vurması, onu qaldırmağa kifayət etdi. Fayton qəzaya heyranolunacaq dərəcədə davam gətirmişdi. Atları yenidən qoşub faytonu yolun tən ortasına çəkdilər. Yerimizi rahatladıq. Kalino ilə faytonçu qabaq oturacaqda əyləşdilər. Lakin biri-birilə yerlərini dəyişdilər ki, Kalino atları sürə bilsin. Çünki faytonçunun halı yox idi. Biz saatımı qoynunda yadigar saxlayan yeri tərk edib irəlilədik. On beş dəqiqədən sonra Ağsuda – Yeni Şamaxıda idik. Ağsuda qabaqlar 35-40 min əhali varmış. Bu gün isə burada üç və ya dörd min adam yaşayır. Çox dayanmadıq, təkcə atları və faytonçunu dəyişib yolumuza davam etdik. Axşam saat səkkiz radələrində Girdmançay poçt məntəqəsinə çatdıq. Poçt zabitinin çarpayısının üstündən asılmış xalça marağımıza səbəb oldu. Gecəni orada qaldıq. Səhər saat 7-də isə artıq yolda idik. Noyabr ayı olmasına baxmayaraq, hava mülayim idi. Günəş bizi öz şüaları ilə isindirirdi. Ətrafda müxtəlif bitkilərin cücərdiyi gözə çarpırdı. Bütün günü dayanmadan yol getdik. Gözəl bir payız günündə ən cazibədar və maraqlı yollardan biri ilə irəliləyərək çaylar, meşələr, bağlar, kəndlər keçdik. Sağ və solumuzda evlər, dəyirmanlar, fabriklər gördük. Axşam saat 11-də bir poçt məntəqəsinə yetişdik. Ya burada qalıb səhər yola çıxmalı, ya da Nuxaya gedib Tarkanovun malikanəsində gecələməli idik. Mən gedib Nuxada gecələməyi təklif etdim. Çox gec olduğuna baxmayaraq faytonçulara göstəriş verdim ki, yolumuza davam edib, birbaşa polkovnik Tarkanovun malikanəsinə gedək. Xeyli yol gedəndən sonra ətrafı hasarlı, işıqları söndürülmüş, darvazası bağlı olan bir binanın qarşısında dayandıq. Bu qonaqpərvərlik əlaməti deyildi. Faytonçu gəldiyimizi bildirmək və gecələcəyimiz yerin açarlarını almaq üçün içəri keçdi. Mənim adımı deməyi qadağan etmişdim. Ehtiyat edirdim ki, knyazın evində gecənin bu vaxtı narahat olarlar. Faytonçu knyazın qulluqçusu ilə qayıtdı. Qulluqçu yatmayıbmış. Onun sifətində əsl gecə gözətçisinin əlamətləri vardı. Tamam yaraqlı-yasaqlı idi. Sol böyründən qılınc və xəncər, sağ tərəfindən tapança asılmışdı. O, bizdən nəyə ehtiyacımız olduğunu soruşdu. Acından qarnımız fit çaldığından üçümüz də birdən cavab cavab verdik. O, yemək dalınca getdi. Bu vaxt ərzində biz beş-altı gözdən ibarət olan təzə mənzilimizi gəzdik. Bu otaqlarda iki dayaq üstünə qoyulmuş üç taxtadan başqa heç bir mebel yox idi. Bunun əvəzində divarlarda çoxlu rəflər vardı. Mən birinci dəfə idi ki, evlərdə belə memarlıq üslubuna rast gəlirdim. Bir həkim haqqında söz düşərkən Dandre mənə bu memarlıq üslubu haqqında məlumat vermişdi. O, danışırdı ki, guya həkim xəstəxanadan qayıdanda bu rəflərə baş çəkər və onalrın hərəsindən bir stəkan punş götürüb içərmiş. Bədbəxtlikdən bizim rəflərin heç birində punşa bənzər bir şey gözə dəymirdi. Üçümüz də oturacağa oxşar çarpayılardan birinin üstündə əyləşdik və gözləməyə başladıq. Özümüzə söz verdik ki, səhər tezdən knyaza baş çəkən kimi çıxıb gedəcəyik. Qulluqçu və ya nökər (bu iki ifadə arasında böyük fərq var) əlində quru balıq, ət xörəyi, şərab və araq içəri daxil oldu. Soyuqdan əsə-əsə yeməyə girişdik və eyni zamanda gündüzdən doğranmış, yanmaq bilməyən yaş odunları peçə doldurduq. Hansı vəziyyətdə olursa olsun, o yerə ki, insan ayaq qoydu, bütün çətinliklər baş qoyub gedir. Bu vaxt ərzində samovar da öz növbəsində qaynayır, isti nəfəslə otağımızı isindirir, boş və kimsəsiz otaqlar get-gedə canlanırdı. Aclığı, yorğunluğu və soyuğu yaxşı yemək-içmək, istirahət, hərarət əvəz edəndə adamın əhval-ruhiyyəsi həmişə yaxşılaşır. Deyib-gülməyə, zarafata keçdik. Çay... Bu qaynar içki növünü Rusiyada hamı içir. Və elə bil bu, ancaq Şimal xalqlarının bədən üzvlərinin yorğunluğunu çıxarmaq və onların kalorisini artırmaq məqsədilə Şərqdən buralara gətirilmişdi. Çay bizim fiziki və ümumi ovqatımıza çox gözəl təsir göstərdi. Bizdən asılı olmayaraq “Ah! Ah! Eh! Eh!” nidalarını təkrar etməyə başladıq. Bu insanın daxilindən gələn elə səslərdir ki, onları adam ancaq özünü sakit və şən hiss edəndə tələffüz edir: - Ax!.. Nə canımıza yayıldı! Hərə öz otağına daxil olub, çarpayılar üstündə yun yorğanları, divar rəflərində şamları və eyni zamanda sobaların xırda ağızlığından yayılan işıq və istiliyi görəndə hər şey gözəlləşdi. Yalnız bundan sonra xəyalımızda buraya gələrkən qaranlıqlar arasında sezə bildiyimiz – sız yaşıllıqlara qərq olmuş binalar, hər iki tərəfi gözəl ağaclarla əhatə olunmuş yolların ətrafında şırıltı ilə axan sular canlandı. Mən çəkinmədən dedim: - Hər halda Nuxa gözəl yer olmalıdır. - Bəli, yay vaxtı, - deyə Moyne cavab verdi. Bu soyuğa davamsız olan adamın etirazə idi, həm də o, mənzərə ustası kimi danışırdı. Moyne Peterburqdan çıxandan sonra üç-dörd dəfə qızdırmaya tutulmuşdu. Buna görə də yol boyu ucsuz-bucaqsız yaşıllıqları görə bilmədiyinə heyfsilənir və təəssüf hissi keçirirdi. Bunu ona bağışlamaq olardı. Belə bivaxt, gecənin bir aləmində gəlməyimizə baxmayaraq, bizə hər cür qayğıkeşlik və qonaqpərvərlik göstərmiş qulluqçu otağa girib hər şeyin qaydasında olub-olmadığını soruşdu. - Hər şey əladır, - deyə mən cavab verdim. – Biz burada özümüzü Mahmud bəyin sarayında olduğumuz kimi hiss edirdik. - Bircə rəqqasələrimiz çatmır, - Moyne zarafatla əlavə etdi. Biz ürəkdən güldük və öz otağımıza getdik. Moyne ilə Kalino ən böyük otaqda, mən isə nisbətən balaca otaqda yatdım. Ay yenicə doğmuşdu. Onun zərif nuru otağımın pəncərələrini işıqlandırırdı. Evin dörd tərəfi böyük eyvanla əhatə olunmuşdu. Çalışıb bir şey görmək və səhər yoldaşlarıma danışmaq üçün eyvana çıxdım. Hər şeydən əvvəl nəzərimi cəlb edən və məni bərk təəccübləndirən pəncərələrimin altında gəzən gözətçi oldu. O burada nə edirdi? Yoxsa bizim şeyləri gözləyirdi. Çünki bütün şeylərimiz içəri yığışdırılmışdı. Bu, mənim rütbəmə görə də ola bilməzdi. Doğrudur, mənim padorojnim mənə general imtiyazı verirdi, ancaq Nuxada mənim padorojnimi heç kəs görməyib. Öz-özümdən soruşdum: “Yəni mən dustağam, həbsdəyəm?” Bu da həqiqətdən çox uzaq idi. Suallar qəlbimi deşə-deşə otağıma qayıtdım. İşığı söndürüb yatağıma uzandım. Nə vaxt yuxuya getdiyimdən xəbərim olmadı. Birdən xoruz səsinə yuxudan ayıldım. Əgər xoruzun səsi çox yaxından gəlməsəydi, buna qeyri-adi bir şey kimi baxmazdım. Mənə elə gəldi ki, xoruz gəlib çarpayımın başı söykənən divardakı rəfə soxulub. Diqqətlə otağın hər tərəfinə baxdım. Müqəddəs Pyerin başına gətirdiklərini mənim də başıma gətirməyə ixtiyarı olmayan bu zəhlətökən qonşunu zor-xoş qovub çıxarmaq üçün ayın işığında otağa mümkün qədər diqqətlə baxdım. Otaq bomboş idi. Əgər bu rəflərin yerində şkaf olsaydı, elə fikirləşərdim ki, yoldaşlarımdan biri xoruzu onda gizlətməklə mənimlə zarafat etmək istəmişdir. Lakin bu mülahizəm həqiqətdən uzaq idi. Elə bu vaxt xoruz yenidən banladı. Səs ölçüyəgəlməz bir məsafədə əks-səda verib, yox oldu. Səs bayıran gəlirdi. Özü də elə bil ki, xoruz lap pəncərəmin altında idi. Bəlkə sonsuzluğun dərinliyində itən bu qışqırıq mənim keşikçimin öz vəzifə borcunu yerinə yetirmək üçün verdiyi möhkəm sınaq imtahanı idi? Bəlkə bu səs onun yoldaşlarının cavabı idi ki, onlar xoruzu sayıqlıq simvolu hesab etdiklərindən, biri-birinə onun səsilə xəbərdarlıq edirdilər? Mənim mülahizələrimin hər biri yavaş-yavaş mümkün ola bilmək ehtimalından uzaqlaşırdı. Artıq xülya ümmanında üzürdüm, yəni ağlıma gələni uydururdum. İnsan həyatında elə anlar, elə dəqiqələr, elə hallar olur ki, adam heç bir şeyi öz həqiqi cildində görə bilmir. Bax, mən də hal-hazırda belə anlardan, belə dəqiqələrdən birini keçirirdim. Bu dəfə məsələnin axırına çıxmaq qərarına gəldim. Belə yatmaqdansa, heç olmasa, bu mülahizələri aydınlaşdırmaq məqsədilə yataqdan qalxdım, geyinib eyvana çıxdım. Kürkə bürünmüş, papağını qulaqlarının dibinə qədər basmış keşikçi ağaca söykənmişdi. Lakin bu adam xoruzu təqlid edənə qətiyyən oxşamırdı. Bundan başqa bu “mahnı” mənim yatdığım yerin yuxarısından eşidilirdi. Başımı qaldırıb binaya söykənmiş ağaca baxanda bütün sirlər mənə aydın oldu. Gur və qalın səsi olan “müğənni” özünün bütün “hərəmləri” ilə birlikdə bu ağacın budağında yatır, daha doğrusu, keşik çəkirdi. Ürəyimdə özümlə zarafat etdim: “Deyəsən Nuxada hələlik toyuq damı “icad” olunmayıb, ona görə də hər bir xoruz binanın yanındakı baöçanın evlərə yaxın olan ağaclarından birini seçir və öz toyuqları ilə çıxıb orada yatır, bir də səhər açılanda oradan düşürlər.” Müqəddəs Martən küçəsinin və Müqəddəs Döni şəhər ətrafının sakinləri faytonların səsinə adət etdikləri kimi, nuxalılar da məni yuxudan oyadan bu səsə yəqin ki, alışıblar. Mən də bu yolu seçib yenidən yerimə girdim. Belə bir qərar qəbul etdiyim üçünmü, yoxsa nədənsə, deyə bilmərəm, bir daha xoruzların səsini eşitmədim. Bir də gözlərimi səhər açdım. Elə o saat da yataqdan qalxdım. Burada su problem deyil. Bulaqlardan nə qədər desən su axır. Lakin Moskvadan çıxandan sonra bu gözəl nemətin olmaması üzündən yataq otaqları adamda nifrət hissi oyadırdı. Moskvadan Potiyə qədər, bir neçə evi çıxmaq şərtilə, məni ən çox yoran, həmişə ən çox məyus edən, hövsələdən çıxaran, canımı boğazıma yığan su problemi idi. Bizim mədəniyyətimizdən tamamilə bixəbər olan Rusiyanı, əlbəttə, bir neçə böyük şəhərlər müstəsna olmaqla, haçansa mənim kimi səyahət etmək fikrinə düşəcək oxucularımın mənim çəkdiklərimi çəkməməsi üçün yuxarıda indicə dediklərimə bir daha qayıdacağam. İspaniyada olarkən ispanca lüğətim vardı. Mətbəxlərdə axtarıb tapmadığım şiş sözünü oradan axtarıb tapdım. Bu bir həqiqətdir ki, çətbəxlərdə mən söz deyil, şey axtarırdım. Rus dilində isə lüğətim yox idi. Odur ki, ləyən sözünü dili biləndən öyrəndim. Əgər səyahət zamanı sizə ağırlıq etməsə mütləq ləyən götürün. Mən ondan birini səyahət zamanı şahzadə Tümengildə görmüşdüm. Aftafa-ləyən gümüşdən idi. Onları gizlədikləri yerdən çıxarıb, böyük qayğıkeşliklə stolumun üstünə qoydular. Lakin aftafanın suyu yox idi. Axşam yatmaq ərəfəsində onlardan su istədim, özlərini elə göstərdilər ki, guya başa düşmürlər. Ertəsi gün səhər-səhər israr etdim, bir kalmık aftafanı götürüb onu Volqa çayından doldurmağa getdi. On dəqiqədən sonra düz bir aftafa suyum vardı. Bacardıqca suya qənaət edirdim ki, üç-dörd dəfə dörd-beş yüz metrlik yolu gedib-gəlməsin. Bunu sırğa edib qulağınızdan asın: Rusiyada su yalnız və yalnız çaylarda olur. Moskvanı və Peterburqu müstəsna sayıram. Yetmiş iki qolu, üç, dörd, beş kilometr eni, üç min altı yüz kilometr uzunluğu olan məşhur Volqa çayı haqqında nə desəm, yaxşıca yadda saxlayın. Bu çox aldadıcı çaydır. Heç kəs lilə batıb boğulmaq qorxusundan gecə onu keçməyə cürət etmir. Suyun dərinliyini hər saniyə ölçmək lazımdır. Onun yetmiş iki qolunun heç biri ilə Həştərxandan Xəzər dənizinə qədər altı yüz ton su tutumu olan gəmi gedb çıxa bilməz. Rusiya düzənlikdən başqa bir şey deyildir. Ola bilsin ki, ruslar torpaqla insanları qarışıq salırlar. Yəqin deyəcəklər ki, mən nə qədər nankor bir adamam ki, məni çox böyük bir mehribanlıqla qarşılayan bir xalq haqqında bu cür danışıram. Belə düşünənlərə cavab verərdim ki, məni hörmətlə qarşılayan ölkə deyil, insanlar oldu. Mən onun üçün Rusiyaya yox, ruslara minnətdaram. Biz o şərəfli adamları qeyd etmək istəyirik ki, onlar bizim burada sadaladığımız həqiqəti bütün dərinliyi ilə başa düşür, tərbiyənin, təmizliyin, rahatlığın əlifbasını öyrənmək ehtiyacı üzündən öz təhsillərini xaricdə almağa gedirlər. Yəqin ki, bütün poçt məntəqələrində iki taxta divan, bir stol, iki kətil və bir saat, eyni zamanda bir ləyən və içi su ilə dolu aftafa qoymaq üçün rus dövləti əmr vermiş olsaydı, bu ona çox baha başa gəlməzdi. Beş və ya altı il sonra buraya əl-üz dəsmalı qoymaq da yadlarına düşərdi. Birdən-birə çox şey tələb etmək də lazım deyil. Nə isə... Bir həqiqəti söyləməliyəm ki, öz vəzifəsini vicdanla yerinə yetirən qulluqçu axşam saat 11-də olduğu kimi, səhər saat 6-da da bircə işarə ilə qəşəng formalı, lakin güclə dörd və ya beş stəkan su tutan mis qabı götürüb su gətirməyə getdi. Bundan istifadə etmək üçün sadəcə olaraq əlini bu qaba uzadıb, işarə edirsən, qulluqçu suyu əlinizə tökür və siz yuyunursunuz. Əgər yaylığınız varsa, əllərinizi öz yaylığınızla silirsiniz, yoxdursa, onda gözləyirsiniz, öz-özünə təbii surətdə quruyur. Siz məndən soruşa bilərsiniz ki, bəs üzünüzü yuyanda necə edirsiniz? Baxın, görün yerli camaat – sadə adamlar bunu necə edir. Onlar suyu ağızlarına doldurur, oradan əllərinə tökür, sonra isə üzlərini yuyurlar. Bu minvalla su ağızlarından qurtarana kimi beləcə üzlərini yuyurlar. Silinməyə gəldikdə isə, onlar bunun fikrini çəkmirlər, hava onların üzünü qurudur. Bax, yerli camaat belə edir. Mənim elə bir fransız oxucum olmaz ki, onun çarpayısının başında dolabça olmasın. Təəssüf ki, buna da Rusiyada təsadüf edilmir. Deyəsən, mətləbdən uzaqlaşdıq. Mən Nuxa haqqında, burada gördüklərim haqqında hər şeyi danışmasam, ən azı ədalətsizlik olar. Qulluqçu dedi ki, knyaz Tarkanov biz gələn zaman, onu oyatmadığı üçün və gecəni canişinliyin binasında keçirdiyimiz üçün təəssüflənir. O istəyir ki, elə bu dəqiqə bizim şeylər onlara daşınsın və onun iqamətgahında qalaq. Polkovnik bizi səhər yeməyinə dəvət edirdi. Knyaz Tarkanovun iqamətgahı hökumət evinin qarşısında idi. Bizim oraya yığışmağımız o qədər də çətin və uzun çəkmədi. Əvvəl özümüz getdik, şeyləri aprmağı isə qulluqçulara həvalə etmişdilər. Knyaz Tarkanovun imarətinin darvazası qəribə idi. Yaxşı müdafiə olunmaq üçün çəpəki qurulmuş bu böyük darvazanın ortasındakı bala qapıdan yalnız bircə adam keçə bilərdi. Bu, hər hansı bir naqəfil hücumdan ehtiyat üçün belə düzəldilmişdi. Böyük darvaza əzəmətli çinarların əhatə etdiyi geniş bir həyətə açılırdı. Ağacların hər birinin altında yəhərli, yüyənli, cilovunu gəmirəm, döyüşə hazır vəziyyətdə iki və ya üç at vardı. İyirmiyə yaxın başı şiş papaqlı, çiyni yapıncılı, xəncər, qılınc və tapançalı əsgər atların arasında o tərəf, bu tərəfə gedib-gəlirdi. Dəstənin başçısı ortaboylu, lakin möhkəm bədənli qırx yaşlarında bir kişi idi. O, əyninə çərkəzi çuxa geymiş, belinə xəncər bağlamış, 10-12 yaşlı bir uşaqla söhbət edirdi. Uşaq çox suyu şirin idi. Məni görən kimi düz üstümə yeridi. - Siz Aleksandr Dümasınız, elə deyilmi? – Uşaq səlis fransız dilində mənə müraciət etdi. - Bəli, - deyə cavab verdim. – Siz isə İvan Tarkanovsunuz, elə deyilmi? Baqratiounu təsvir etdiyi əlamətlərə görə mən onu görən kimi tanıdım. O, yasovulların başçısına tərəf dönüb onunla tez-tez nə isə danışdı. - Knyaz, soruşa bilərəmmi ki,bu zabitə nə deyirdiniz? - Əlbəttə, mən ona dedim ki, sizi eşitdiyim əlamətlərinizə görə o saat tanıdım. Bu gün səhər tezdən bizə xəbər verəndə ki, qonaq evində səyahətçilər var, mən atama dedim: Bu mütləq Aleksandr Düma olmalıdır. Sizin gəlməyinizi bizə qabaqcadan xəbər vermişdilər. Lakin çox ləngidiyiniz üçün qorxduq ki, yəqin Yelizavetpol yolu ilə çıxıb gedibsiniz. – Sonra isə evlərinə tərəf dönərək: Ata, ata! – deyə rus polkovniki forması geymiş, möhkəm bədənli, əlli yaşlarında olan bir kişiyə müraciətlə qışqırdı: - Atacan! Aleksandr Düma gəlib! Zabit başı ilə işarə edib, həyətə düşən pilləkənlərə tərəf gəlməyə başladı. İvan sevincindən əllərini göyə qaldırıb, biri-birinə vura-vura, tullana-tullana atasının qabağına qaçdı: Gördün, mən sənə deyirdim ki, bu, Aleksandr Dümadır! Bu odur; o, səkkiz gün bizimlə bir yerdə olacaq. Uşaq bu axırıncı sözləri mənə tərcümə etdi. Mən gülümsədim: - Biz bu axşam yola düşürük və ya ən geci sabah səhər, - deyə ona cavab verdim. - Əgər mümkünsə, bu axşam, - deyə Moyne dilləndi. - Əvvəla, biz sizi bu axşam yola düşməyə qoymayacağıq, sonrası da istəməzdik ki, sizin başınıxa yolda bir hadisə gəlsin. Sabahın söhbətinə isə hələ sabah baxarıq. Mən gənc oğlanın atasını salamladım. O, rusca xoş sözlər dedi. Uşaq: - Mənim atam fransızca bilmir, - dedi. - Lakin mən sizin dilmancınız olacağam. Atam deyir ki: siz bizim evimizə xoş gəlmisiniz. Mən də ona cavab verdim ki, siz onun qonaqpərvərlik iltifatını qəbul edirsiniz. Deyirlər sizin çox gözəl silahlarınız var. Mən silahları çox sevirəm. Siz onları mənə göstərəcəksiniz, elə deyilmi? - Çox böyük məmnuniyyətlə, mənim knyazım. - Gedək, yuxarı qalxaq. Atam deyir ki, çay dəmlənib, bizi gözləyir. Biz pilləkənin yanına çatdıq. Pilləkənin sağında və solunda açıq aynabənd vardı. - Bax, bu otaq sizin adamlar üçün hazırlanıb. Sizinki isə oradadır. Sizi narahat etməsin deyə şeylərinizi üçüncü bir otağa yığacaqlar. Buyurun, siz keçin, mənim atam heç vaxt sizdən qabağa keçməz. Mən pilləkənlərlə eyvana çıxdım. Otağın qapısını açmaq üçün uşaq bizdən qabağa qaçdı. Bizi salamlayaraq dedi: - Siz öz evinizdəsiniz! Bütün bunları burada, Parisdən çox-çox uzaqlarda, Şirvan torpağında anadan olmuş, öz doğma ölkəsindən heç vaxt kənara ayaq basmamış, təsəvvürəgəlməz dərəcədə səlis fransız dilində bülbül kimi ötən, bəzən cümlə və ifadələrini izləyə bilmədiyim bir uşağın dilindən eşidirdim. Buna heyran qalmışdım və həqiqətən də bu bir möcüzə idi. Biz üstündə samovar buğlanan bir stolun arxasında əyləşdik. Çay stəkanlarımızı əlimizə götürən kimi, yadıma düşdü ki, Rusiyada və eyni zamanda Rusiyadan asılı olan bütün ölkələrdə çay stəkanlarda içilir, fincanlarda isə ancaq qadınlar çay içə bilərlər. Çay içməyə başlayarkən mən knyaza öz təşəkkürümü bildirib, ədəb-ərkan xatirinə ona bir neçə sual verdim. Ağzımdan söz və ifadələr çıxar-çıxmaz, uşaq onları adamı heyran edən bir cəldliklə tərcümə edirdi. Elə bil o, bütün ömrü boyu dilmanc işləmişdi. Birdən yadıma gecə küşikçisi düşdü. İvana üz tutdum: - Yaxşı yadıma düşdü. – Bu gecə bizim qapının ağzında keşikçi ona görəmi qoyulmuşdu ki, birdən çıxıb gedərik? - Xeyr, deyə gənc oğlan gülümsədi. – (Mən onu artıq uşaq adlandırmağa cürət etmirəm) – Xeyr, bu sizin əmin-amanlığınız üçün idi. Həm də bizə xəbərdarlıq etmişdilər ki, ləzgilər Nuxanın ipək fabrikinə basqın etmək istəyirlər və onu əlavə etmişdilər ki, məni... Gənc knyazın sözünü kəsdim: - Axı, kim xəbərdarlıq etmişdi? - Bizim casuslar. Onların bizim aramızda casusları olduğu kimi, bizimkilər də onların arasındadır. - Bəs sonra? – Məsələnin ardı ilə maraqlandım. - Dedilər ki, onlar məni də oğurlamaq niyyətindədirlər. Çünki atam onlara çox pisliklər etmişdir. Atam öz əli ilə onlardan 30 nəfərinin başını kəsmişdir. İyirmi ikincisinin başı kəsiləndən sonra imperator Nikolay atama bir üzük göndərib. Ata, üzüyünü göstər, cənab Düma da görsün. Polkovnik gülümsəyərək ayağa qalxdı və çıxdı. Ağzından süd iyi gələn gənc oğlunun əmrini yerinə yetirdiyi bu zəhmli “qoca şir” özünü çox xoşbəxt hiss edirdi. - Necə yəni? Bu quldurlar sənidəmi oğurlamaq istəyirlər, əziz knyaz? - Belə görünür, - deyə uşaq cavab verdi. - Eh! Başqasının günahına görə bu gözəl başı kəsməkmi olar? Mən uşağın boynunu qucaqlayaraq, onu bağrıma basdım. Bu barədə düşünərkən, əsməyə başladım. - Aha! Mənim başımı kəsmək?! Yox, onlar o qədər də axmaq deyillər. Böyük məbləğdə pulu daha üstün tuturlar. Atamın məni nə qədər sevdiyini yaxşı bilirlər. Bilirlər ki, əgər məni aparsalar, atam dəridən-dırnaqdan çıxacaq, öz paltarının axırıncı düyməsini satmalı olsa belə, məni onlardan alacaq. Bundan başqa ləzgilər adamın başını kəsmirlər, bunu ancaq çeçenlər edirlər. - Bəs ləzgilər nə edirlər? – deyə maraqla soruşdum. - Adamın sağ əlini kəsirlər. - Belə de. Bəs bu kəsdikləri əlləri neynirlər, axı? - Öz qapılarına mıxlayırlar. Kimin ki, qapısının üstündə daha çox əl var, deməli, o öz aulunda tanınmış adamdır. Polkovnik əlində üzük içəri daxil oldu. Bu, ortasında imperatorun nişanı olan dörd çox qiymətli yaqutun birləşməsindən ibarət qiymətli bir üzük idi. - Mən də üç baş kəsəndə, atam onu mənə verəcəyini vəd edib. - Əzizim, siz səbr edin, iyirmi iki baş kəsəndən sonra, hökmdar Aleksandra yazarsınzı! O da sizə Nikolayın atanıza göndərdiyi üzükdən göndərər. Bir ailədə iki hökmdar üzüyü olar. - Eh! Kim bilir, - deyə İvan əvvəlki laqeydliklə dilləndi. – Kim bilir... Görəsən mən də bu şərəfə nail olacağammı? Bu məsələ günü-gündən çətinləşir, kəndlərin çoxu döyüşsüz təslim olur. Görünür, mən elə üç başla kifayətlənəcəyəm. - Baş kəsməsəniz olmazmı? - Kim baş kəsməyir ki? - Məsələn, mən, əziz knyaz. - Siz bu ölkədən deyilsiniz, bunu sizə aid etmək olmaz. Siz həyətə girəndə mənim kiminlə danışdığımı gördünüzmü? Bax, o, on bir baş kəsib və belə hesab edir ki, əgər bizim casuslar bizi aldatmamışsa, iki-üç günə burada on ikinci başı da kəsəcəkdir. Onun da müqəddəs Georgi xaç ordeni var. Bir gün gələcək, mənim də müqəddəs Georgi xaş ordenim olacaq! Bu sözləri deyərkən uşağın gözləri alov saçdı. Bu balaca knyazın yanında, hər an quldurlar tərəfindən oğurlanmaq qorxusu altında dünyada ən ağır bir şey olan baş kəsməkdən danışmaq nə qədər doğrudur? Bu yaşda olan bizim uşaqlar isə adi və qayğısız oyunbazlardır. Onlara deyəndə ki, xortdan gəldi, o saat qaçıb analarına qısılırlar. Bu bir həqiqətdir ki, burada bu yaşda uşaqların belinə xəncər bağlayırlar. Bizdə isə çörəyi kəsib uşaqların boşqabının yanına qoyur, bıçağı götürürlər ki, uşaqlar toxunmasınlar. Mən knyaz Melikovun oğlunun başında özündən yekə ağ papaq, əynində gözəl çərkəzi çuxa, sinəsində patronlarla dolu qatar, belində almaz kimi iti xəncər olduğunu öz gözlərimlə görmüşdüm. O, hələ lap uşaq idi. Lakin xəncərinin ağzını göstərmək üçün onu qınından çıxarırdı. O, adını qürurla çəkdiyi məşhur usta Murtazalın üstündə möhürü olan xəncər gəzdirirdi. Fransız qadını hələ “ata”, “ana” sözünü güclə deyən bir körpənin əlində bu cür silah görsəydi, huşunu itirərdi. Knyaz Melikov isə gülümsəyir və ona hamıdan əvvəl deyirdi: - Göstər xəncərini, Yorqi. Odur ki, bu uşaqlar on yaşında olanda özlərini kişi kimi aparırlar. Mən yenə də ləzgilərin üstünə qayıdıram. Bu əlkəsmə məsələsi mənim üçün yeni bir şey idi. Knyaz mənə dedi ki, Nuxada sağ əli kəsilmiş 12-dən çox adam var. “Min bir gecə nağılları”nda üç korun üçünün də sağ gözü olmadığı kimi, bunların da sağ əli yoxdur. Ləzgilər Şilda kəndinə basqın edərkən kəndin başçısı Dodayevin evinə soxulurlar. Bu adamın Yefrem Sukyazov adlı bir erməni katibi varmış. Döyüşün şiddətli yerində o xilas olmaq arzusu ilə özünü ölülüyə vurub yerə yıxılır. Ləzgilərdən biri ona ilişir və onun sol qolunu kəsir. Erməni qorxusundan cınqırını da çıxarmır. Ləzgi çölə çıxarkən səhvini başa düşür, sol əli kəsdiyi üçün xəcalət çəkir. Qayıdıb onun sağ əlini də kəsir. Gənc knyaz bu hadisəni mənə danışıb qurtarar-qurtarmaz sarıbəniz, arıq və uzun bir adam içəri daxil oldu. Knyaz Tarkanov onur gülər üzlə, ev adamı kimi qarşıladı. Mən başımla İvana bir sualedici işarə etdim və o, nə demək istədimi gözəl başa düşdü. - Bu Mirzə Əlidir. Atamın azərbaycanlı tərcüməçisi, - deyə o, cavab verdi. – Siz hadisələri sevirsiniz, elə deyilmi? - Xüsusilə siz danışan hadisələri, əziz knyaz. - Yaxşı, onda soruşun görək, Mirzə Əlinin əlləri nə üçün titrəyir? Həqiqətən də mən Mirzə Əliyə əl verəndə onun əllərinin necə titrədiyini hiss etmişdim. Marağım artdı. Mirzə Əlinin əllərinin niyə əsdiyinin səbəbini soruşdum. - Yaxşı, onda kağız-qələminizi hazırlayın, - deyə İvan şəstlə dilləndi. - Bəyəm, bu bir roman-zaddır? - Yox, bu bir hadisədir, elə deyilmi, Mirzə Əli? Mirzə Əli bir qəmli təbəssümlə uşağa baxdı. Sual vermədən, danışmadan baş əydi və sözə başladı. O, ftansızca bilmirdi. Görək Mirzə Əlinin əlləri nə üçün titrəyirmiş? General Rozen Şamilin vətəni Gimrini mühasirəyə alır. Hekayətimizin əvvəlində biz bu şəhərin mühasirədə saxlanılmasından danışmışdıq. Baron Rozenin 36 min əsgəri, Qazı Mollanın isə cəmi dörd yüz nəfər adamı varmış. Üç həftə çəkən mühasirə zamanı Qazı Molla və onun dörd yüz adamı öldürülür. Təkcə Şamil sehrkarcasına qaçıb canını qurtarır. Elə buradan da Şamilin bütün dağlılar arasında təsiri özünü göstərməyə başlayır... Lakin hələ Gimri fəth olunmamışdı. Onu ancaq mühasirəyə almışdılar. Zarafatcıl adam olan Qazı Molla ölüm ayağında da zarafatından əl çəkmir. O, general Rozenin yanına adam göndərir ki, icazə versin, gedib əhd elədiyi Məkkəni ziyarət etsin. General cavab verir ki, o belə bir icazəni verməyi heç vaxt öz üzərinə götürə bilməz, ancaq bu arzunu Qafqaz canişininə çatdıra bilər. Ertəsi gün Qazı Molla yeni bir tələb irəli sürür. Bu dəfə soruşur ki, əgər ona ziyarətə getmək üçün icazə verilsə, onda onu müşayiət etmək üçün dəstə götürə bilərmi? O birisi gün üçüncü bir xahiş. Bu dəfə o xahiş edir ki, işdi, bu dəstə 50 min nəfərə qədər olsa, onu rus dövlətinin hesabına yemək və yatacaqla təmin etmək mümkün olacaqmı? General Rozen Qazı Mollanın məqsədini və zarafatının incəliyini anlamır. Lakin Qazı Mollanın onu ələ saldığını duyur. Odur ki, Qazı Mollanın nə arzu etdiyini dürüst bilmək üçün öz tərcüməçisi Mirzə Əlini onun yanına göndərir. Mirzə Əlini Qazı Mollanın hüzuruna aparırlar. O, generalın fikrini Qazı Mollaya çatdırır. Qazı Molla ona heç bir cavab vermədən iki əli balralı cəllad çağırtdırır. Onların biri Mirzə Əlinin sağında, digəri solunda durur. Sonra isə Qazı Molla “Quranı” açır və ona “bir müsəlman başqa bir müsəlmana qarşı silah işlətsə, o ancaq və ancaq ölüm cəzasına məhkum olunmalıdır” kəlamı ilə başlayan surəni oxutdurur. Oxunan sözlər daha çox Mirzə Əliyə aid idi. Çünki o, xristian generalı Rozenin başçılığı ilə Qazı Mollaya qarşı vuruşurdu. Onun canına qorxu düşür və xilas olmaq üçün cürbəcür bəhanələr gətirir. O yalvararaq deyir: “Mən kasıb bir adamam, onlara öz xoşumla xidmət göstərmirəm, məni onların əlinə tale salıb. Məni onlara xidmət etməyə məcbur etmişlər.” Qazı Molla heç nə demir. Şübhəsiz, bütün bu dəlillər ona gülməli görünür. Tez-tez çatılan qaşları Mirzə Əlinin titrəməsini daha da artırır. Mirzə Əli yalvarıb aman istəyir. Onun yalvarışları xeyli çəkir. Qazı Molla düşünür ki, Mirzə Əlinin on beş dəqiqə ərzində çəkdiyi ona bəs edər. Ona görə də yazıq tərcüməçiyə elan edir: - Bu dəfə səni əgv edirəm. Çalış ki, bir də heç vaxt mənim qarşıma çıxmayasan. Mirzə Əli oradan böyük qorxu altında çıxır. Lakin Qafqaz Yupiterinin qaşlarının dəhşətli surətdə çatılması, üz-gözünün vahiməsi Mirzə Əlini elə qorxutmuşdu ki, əllərinin əsməsi yəqin ki, ölənə qədər qalacaqdır. Ona öz başına gələnləri danışdırması, o danışdıqca keçirdiyi qorxu hisslərini yenidən yaşaması və eləcə də yazıq Mirzə Əlinin əllərinin əsməsinin birə-beş artmasını görmək İvana ləzzət verirdi... Çayı içib qurtarmışdıq. Hələlik iki hadisə danışılmışdı. Mən tayı-bərabəri olmayan tərcüməçinin borcundan çıxmalı idim. Yalnız silahlarımı göstərməklə kifayətlənməyib, həm də onları sınaqdan keçirməyi ona təklif etdim. Bu təklifdən sonra o yenə də bir uşağa çevrildi, sevincindən atılıb-düşdü. Əllərini biri-birinə vura-vura, qaça-qaça pilləkənləri enib birinci mərtəbəyə, ordan da həyətə endi. Özümlə gətirdiyim altı silahdan mənə dördü qalmışdı. İkisini hədiyyə etmişdim. Bunlardan ikisi sadə qoşalülə - biri Marselin Zaus, digəri isə Perən Löpaj firmalarının, ikisi isə Devim firmasının yüksək qiymətli silahlarından idi. Bu axırıncı silahlardan birini iyirmi ildən artıqdır ki, saxlayıram. Digəri isə “Ovçular qəzeti”nin şir öldürən Jerora verdiyi tüfəngə bənzər bir karabin idi. Karabin uzağı çox yaxşı vururdu. Adi ikiatılan, karabin və silahları gənc knyaz tanıyırdı. Onun tanımadığı, ancaq çox xoşuna gələn və təəccübünə səbəb xəzinəsindən öz-özünə avtomatik doldurulan silah oldu. Maraqlı burasıdır ki, mənim bütün izahatlarıma o həyətdə bağlanmış böyük bir marala söykənərək qulaq asırdı. Maral elə bil İvanın ona söykənməsindən xoşhal olurdu. Maraldan dörd addım o tərəfə nəhəng bir qara qoç yatmışdı. Sanki bizim danışığımıza və bizə məhəl qoymur, hərdənbir özündən razı halda başını qaldırır, laqeydliklə bizi süzürdü. Mən həyətin bizə əks qurtaracağında bir taxta, daha doğrusu, bir nişangah düzəltdim. Tüfəngin hər iki gözünə patron qoyub bağladım, gözümün ucu ilə maral və qara qoça tərəfə bir nəzər saldım ki, görüm tüfəng açılanda nə edəcəklər. Hər iki patronu boşaltdım. Lap mat qalmışdım. Çünki maral və qoç heç tüklərini də tərpətmədilər. Bizim yarmarkadakı dovşanlar nağara və tapança atəşinin səsinə öyrəndikləri kimi, onların da hər ikisi tüfəng atəşinin səsinə adət etmişdilər. Mən bu iki heyvanın təmkininə heyranlıqla tamaşa elədiyim vaxt İvan sevincindən qışqırdı. O, nişangahın yanına qaçıbmış. Güllələrdən biri nişangahın qırağını yalayıb keçmiş, digəri isə düz ortasına dəymişdi. Ay can! Mənim növbəmdir, indi mən atıram! – deyə o qışqırdı. Patronları ona verdim ki, tüfəngi özü doldursun. O, bunu çaşmadan, çevikliklə etdi. Bircə dəfə baxmaqla mənim göstərdiklərimi yadda saxlamışdı. Tüfəngi doldurandan sonra o, bir istinadgah axtardı. Onu çox dilə tutdum ki, mənim kimi ayaqüstə atsın. Lakin o, razılaşmaq istəmədi. Şərqlilər yaxşı atəş açırlar. Lakin bir şeyə dirsəklənməsələr sərrast ata bilmirlər. O, bir çəllək tapdı. Əyilərək qollarını ona dayadı və atəş açdı. Güllələr nişangahı işıqlandırsa da, ona toxunmadı. Biri sağdan, digəri isə soldan keçdi. O, utandığından qızardı. - Bir dəfə də ata bilərəmmi? – deyə mənə müraciət etdi. - Əlbəttə! Nə qədər istəyirsiniz atın, güllələr və tüfəng sizin ixtiyarınızdadır. Bircə icazə verin, hədəfi nişanlama ortacığını sizə göstərim, siz onu görməmisiniz, ona görə də düz nişan ala bilməyibsiniz. - Olsun! Siz məni ovundurmaq üçün belə deyirsiniz. - Xeyr, mən bunu ona görə deyirəm ki, belə olmalıdır. - Bəs siz heç bir istinadgahsız hədəfi necə vurdunuz? - Ona görə ki, mən onu düz nişan almışdım. - Nəyi? - Sizin çətinliklə gördüyünüz mismarı. - Mən də onu görürəm. - Lap yaxşı, bu mismarın üstünə bu saat bir parça kağız yapışdıracağam və sizi inandırıram ki, bu dəfə gülləni nişangahın ortasına vuracaqsınız. O, bir atıcı kimi başını yellədi. Çünki birinci səyinin boşa çıxması onun inamını azaltmışdı. O, boş gilizləri çıxarıb, tüfəngə təzə güllələri dolduranda mən nişangahın üstünə əl içi boyda dəyirmi kağız parçası yapışdırdım. Sonra isə bir on metr aralanaraq ona dedim: - Atın! O, yenidən dizi üstə çöküb, ikinci dəfə çəlləyə söykəndi. Diqqətlə nişan alıb, atəş açdı. Güllə düz nişangahın sağ tərəfindən, kağızdan altı barmaq aşağı dəydi. - Bərəkallah! Yaşa – deyə onu ruhlandırdım. – Lakin siz çaxmağı çəkərkən onu bir azca tərpətdiniz, bu, güllənin aşağı dəyməsinə səbəb oldu. - Doğrudur, - o, cavab verdi. – Bu dəfə buna yaxşı fikir verəcəyəm. O, ikinci atəşi açdı. Güllə düz kağızın ortasına dəydi. - Əla! Gördünüzmü, sizə dedimmi?! – Mən qışqırdım. - Hədəfi vura bilmişəmmi? - O, ümidsizliklə soruşdu. - Tən ortasına! Gəlon! Baxın! O, tüfəngi atıb, mənim yanıma qaçdı. Qürurdan işıq saçan, birdən-birə kişilik ifadəsi alan bu gözəl uşaq sifətini mən heç vaxt unutmayacağam. O, eyvandan bu səhnəni əvvəldən axıra qədər izləyən atasına tərəf çevrildi, ucadan: - Yaxşı, ata, - dedi, - sən məni özünlə yürüşə getməyə qoyacaqsanmı? Axı, indi mən silahdan atəş açmağı bacarıram! Mən ona dedim: - Bu gündən üç və ya dörd ay sonra, mənim əziz knyazım, Siz Parisdən mənim tüfəngim kimi bir tüfəng alacaqsınız. Bu, Sizin gələcək silahlarınızdan birincisi olacaq. Uşaq əlini mənə uzatdı: - Mənə dedikləriniz həqiqətdirmi? - Mən Sizə kişi kimi söz verirəm. O, mənim boynuma sarıldı. “Yazıq uçaq! Sənin mütləq silahən olacaq, lakin bu silah sənə xoşbəxtlik gətirəcəkmi?” deyə ürəyimdən keçdi. Nuxa, Küçələr, bazar, zərgərlər, sərraclar, Xan sarayı Səhər yeməyindən sonra gənc knyazdan soruşdum ki, mənə şəhəri və bazarı göstərə bilərmi? O, bircə baxışla atasından icazə istədi. Ata da başı ilə ona razılıq işarəsi verdi. Hiss olunurdu ki, onlar biri-birinin ürəyindən keçəni bir baxışla oxuyurlar. Lakin ata gənc knyazın əsas keşikçisi Nikolaya əmr etdi ki, bizi müşayiət etsin. Nikolaydan başqa dörd qulluqçu da kəmərlərini bərkidib, xəncər bağlayıb, papaqlarını başlarınabasdılar və bizi müşayiət etməyə hazır dayandılar. Balaca knyaz xəncərdən əlavə bir tapança götürdü və hər şeyin qaydasında olub-olmadığını yoxlayıb, onu belinə bağladı. On iki-on beş yasovul başçıları Bədridze ilə öz aralarında bir neçə kəlmə danışdılar. Bədridze knyaz Tarkanova dedi ki, heç bir təhlükə ola bilməz. O, öz adamları ilə iki gün Nuxanın ətrafındakı meşələrdə pusquda durmuş, heç bir şey görməmişdi. Bundan başqa, adamın ağlına gəlmirdi ki, ləzgilər günün günortaçağı on iki-on dörd min əhalisi olan bir şəhərə basqın etsinlər. Biz şəhərə çıxdıq. On addım qabaqda Nikolay, onun dalınca biz – İvan, Moyne, Kalino və mən gedirdik. Dəstəmiz, göstərdiyim kimi, dörd qulluqçunun əlavə olunması ilə möhkəmləndirilmişdi. Hər hansı bir təsadüfə qarşı dörd tərəfdən öz adamlarımızla əhatə olunmuşduq. Təhlükəsizliyimizi təmin edən bu strateji imkanımız bütün şəhəri istədiyimiz kimi gəzməyə şərait yaradırdı. İki-üç saata hər tərəfini gəzmək mümkün olan bu şəhər çox səfalıdır. Şəhərin mərkəzi və ticarət nöqtələri olan küçələrlə yanaşı, hər bir evin füsunkar həyatyanı baxçası, ağacları, özünün bulağı vardı. Bu bulaqların çoxu həyətlərin sıx yaşıl çəpərlərindən kənara çıxaraq yolu keçib, köpüklənə-köpüklənə axıb gedirdi. Polkovnik Tarkanovun iqamətgahı şəhərin kənarında olduğundan, biz mərkəzi küçəyə gəlib çatana qədər xeyli yol qət etdik. Küçənin ortası ilə çınqıllı kiçik bir çay axırdı. Çayın bir sahilində evlər, o biri sahilində isə dükanlar cərgə ilə düzülmüşdü. Mağazaların önü seyrəngah idi. Küçənin hər iki tərəfindən ucalan ağaclar biri-birinə qovuşaraq köpüklənən suyun üzərində həm ürək oxşayan kölgəlik əmələ gətirmiş, həm də dağın ətəyində şairanə bir mənzərə yaratmışdı. Adamlar çayın bu sahilindən o sahilinə taxta körpülərlə və ya kökü bu sahildə, başı isə o biri sahildə yerlə birləşən ağac gövdələrinin üstündən keçirdilər. Hərəkəti çətinləşdirən budaqlar kəsilsə də, qalan budaqlar ağacın yaşamasına və köklərini yerin dərinliklərinə işlətməsinə imkan verirdi. Bir az aralıda başı buludlara dəyən, şairanə və səfalı dağlar elə gözəl mənzərələr yaradırdı ki, bu mənzərələri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Ucsuz-bucaqsız sahəsinə görə bir balaca Qızlara bənzəyən belə ecazkar mənzərəli yeri mən heç vaxt görməmişəm. Nəhayət, biz heç bir faytonun heç vaxt keçmədiyi, birdən-birə sola burulan cığırla yoxuşa qalxdıq və dağın döşündəki bazara çatdıq. Orada insan əlindən tərpənmək olmurdu. Elə belə gəzən kim, alan kim, satan kim. Bir basabas vardı ki, gəl görəsən. İynə atsaydın, yerə düşməzdi. Küçənin hər iki tərəfini əhatə edən dükanlardakı tacirlərdən başqa, kasıb, lakin Şərq axar-baxarlığı ilə seçilən balaca dükanlarda hərə yalnız və yalnız bir şey satırdı. Bəziləri qılınc və xəncər, bəziləri tapança və Quba silahları, digərləri Şamaxı xalıları, ipək və s. satırdılar. Bu sehrkar tacirlərin arasında heybələri arvadlarının toxuduqları qalın parça ilə dolu olan ləzgilər də gəzirdilər. Ağ, açıq sarı və ya sarımtıl rəngdə olan bu mahud kol-kosa davamlı olduğundan və uzun zaman dağılmadığından Qafqazda çox işlənir. Bu parçadan adi adam üçün bir çərkəzi çuxa və bir şalvar çıxır, keyfiyyətindən asılı olaraq ona altı manatdan on iki manata qədər qiymət qoyulur. Yumşaqlığına baxmayaraq, bu parça suyu keçirmir və çitdən çox yun parçaya oxşayır. Ona ləzfi mahudu deyirlər. Mən bu parçadan ikisini aldım. Bəlkə bizim Luvye və Elböfun təcrübəli tacirləri onların sirrini öyrənməklə bir şeyə nail ola bildilər. Asanlıqla əldə olunan bu ucuz malların müqabilində sakitcə, məğrur oturub, alıcı gözləyən tacirlər elə şeylər düzəldirlər ki, onları satmaq üçün heç bir səy göstərmirlər. Adama məhəl qoymayan bu tacirlər özlərini elə göstərirlər ki, guya mallarını satmaya da bilərlər. “Malım budur! Xoşunuza gəlir, buyurun, pulunu verin, alın, götürmürsünüz, xoş gəldiniz. Mən sizsiz də keçinə bilərəm və istəsəm heç satmaram. Açaram dükanımın ağzını, oturaram içində, odlayaram qəlyanımı, tüstüsünü havaya buraxa-buraxa gəlib-gedənlərə tamaşa edərəm.” Mən deyənləri adamın düz gözünün içinə demirlər. Lakin bütün bunlar sanki sözbəsöz onların üzündə yazılıb. Orada nə desən düzəldirlər. Bazarda can dərmanı desən, onu da satırlar. Gördüyüm külli miqdarda bazarların içərisində üçü mənim ən çox xoşuma gəlib və mən Tiflisin bazarını da müstəsna etmirəm. Bunlardan biri Dərbənd, biri Bakı və biri də Nuxa bazarıdır. Mən deyəndə ki, orada hər şey istehsal edir və nə desən satırlar, bunu belə başa düşmək lazımdır: Yəni orada nədən desən, nə desən düzəldir və onu heç vaxt avropalaşa bilməyəcək Şərq bazarlarına məxsus bir qayda-qanunla xırıd edirlər. Orada cürbəcür xalılar, silahlar, yəhərlər, patronlar, üstündə yazı olan şəkillər, balınclar, süfrələr, papaqlar, çərkəzi çuxalar, dağlı səndəllərindən tutmuş gürcü uzunboğaz tumaş çəkmələrinə qədər hər cür başmaqlar düzəldir və satırlar. Orada növbənöv üzüklər, qolbağlar, bir, iki və üç sıra qızıl azərbaycanlı pulu düzülmüş boyunbağılar, bizim qaraçı artistlərinin həsəd apara biləcəkləri və hətta Şamaxı rəqqasəsi, gğzəl Nisəyə paltar tikməyə bəs edə bilən baş örtükləri, sırğalar, yaxasında qızıl və ya gümüşdən meyvə şəkilləri toxunmuş koftalar düzəldilir və satılır. Belə koftalar burda çox dəbdədir. Bütün bunlar göz qamaşdırır, işıq saçır, adama “gəl-gəl” deyir. Səs-küydən qulaq tutulur. Dalaşan kim, qırmanc vuran kim, qışqıran, qorxuzan, söyüşən kim, biri-birinə uzaqdan salamməleyk deyən, əlini sinəsində çarpazlayaraq salamlaşan, qucaqlaşan kim, sövdələşən, mübahisə edən, höcətləşən, and içən kim və s. Birən qışqırıq səsləri eşitdik. Gördük ki, öz əşyalarını satmağa gətirmiş üç və ya dörd ləzgi bir cavan oğlanın atının yüyənindən tutub saxlayıblar. Onlar bu adamdan nə istəyirdilər, axı? Bu barədə heç nə bilmirəm. Cavan oğlan onlara nə etmişdi? Deyə bilmərəm. Onu qorxuzur, qışqırırdılar. Cavan oğlan tatarısını ləzgilərdən birinin başına ilişdirməklə ləzginin yıxılması bir oldu. Onun atı büdrədi və o insan axını içərisində itdi. Elə bu vaxt onun nökərlərindən biri yaxınlaşdı və işə qarışdı. O hər dəfə bir yumruq ilişdirəndə bir adam yerə yıxılırdı. Həmin gənc yenidən atın üstündə göründü. Öz zəncir kimi dəhşətli tatarısı ilə sağa vurdu, sola vurdu, adamlar onun qarşısından çəkildilər. Onun köməkçisi atın tərkinə tullandı və onların hər ikisi iki-üç ləzgini qan içində, ölümcül vəziyyətdə qoyub, atı dördnala çaparaq uzaqlaşdılar. - Bu adam kimdir və ləzgilər ondan nə istəyirdilər? – deyə mən gənc knyaza sual verdim. - Mən bunlar haqqında heç bir şey bilmirəm. - Bəs siz onu bilmək də istəmirsiniz? - Nəyimə lazımdır ki? Belə şeylər buralarda çox olur. Ləzgilər onu təhqir etdilər, o da onları əzişdirdi. İndi də qoy o özünü möhkəm saxlasın. Bircə dəfə şəhərdən kənara çıxsa, xəncər və silah davası başlayacaq. - Bəs şəhərdə onlar silahlarından istifadə etmirlər? - Siz nə danışırsınız? Xeyr, onlar çox gözəl bilirlər ki, kim Nuxada birinin üstünə bıçaq çəksə və ya silah çıxartsa, atam onu güllələtdirər. - Yaxşı, əgər bir adam tatarı zərbəsi ilə başqa bir nəfəri öldürsə və ya ölümcül yaralasa7 - Təbiət kimə qüvvətli qol veribsə, o, bundan istifadə edir. Ona heç nə demirlər. Bir baxın, görün nə gözəl yəhərdir! Əgər onlardan alacaqsınızsa, elə buradan alın. Başqa yerlərdə yəhər bahadır, burada daha ucuz qiymətə ala bilərsiniz. Mən 24 manata iki bəzəkli yəhər aldım. Bunları Fransada 200 franka və ya heç ala bilməzdik. Elə bu vaxt əyninə çərkəzi çuxa geymiş qəşəng bir zabit bizim yanımıza gəldi. O, İvana bir neçə tərifli söz dedi. Balaca knyaz mən tərəfə döndü və ona mənə təqdim etdi: - Məhəmməd xandır. Bu, mənə onun haqqında hələ heç nə demirdi. Mən salam verdim. Cavan zabitin müqəddəs Georgi xaç ordeni və çox gözəl silahı vardı. Müqəddəs Georgi xaç ordenini hər adama hər hansı bir təsadüf və ya kiminsə məsləhəti ilə vermirlər. - Siz mənə deyəcəksinizmi, bu Məhəmməd xan kimdir, knyaz? – deyə mən İvana müraciət etdim. - Əlbəttə, elə bu saat. O bir neçə kəlmə Məhəmməd xanla nə barədəsə danışdı. Belə başa düşdüm ki, ona mənim silahlarım haqqında nəsə deyirdi. Sonra o mənim yanıma gəldi. Məhəmməd xan da onun dalınca. - Mənim silahlarım barədə danışırdınız, elə deyilmi? - Bəli, onun bu silahları istehsal edən firmalar haqqında məlumatı var. Hörmətli bir adamdır. İcazə verərsinizmi, o sizin silahlara baxsın. - Böyük məmnuniyyətlə. - İndi qulaq asın, sizə deyim bu Məhəmməd xan kimdir. Hər şeydən əvvəl, bu adam Nuxanın axırıncı xanının nəvəsidir. İşdir, əgər bu şəhər və ya bütün əyalət rusların olmasaydı, onunku olmalı idi. Ona ayrıca mülk verilmişdir. O, mayordur... Bu rütbəni öz ləyaqəti ilə almışdır. Bu, məşhur Daniyel bəyin bacısı oğludur. - Nə danışırsınız? O Daniyel bəy ki, Şamilin naibidir və onun oğlu Hacı Məhəmmədin qayınatasıdır? - Lap düz tapmısınız. - Bu necə ola bilər, dayı Şamilə, bacıoğlu isə ruslara xidmət edir? - Burada bir anlaşılmazlıq olmuşdur. İlisulu xan kimi Daniyel bəy də ruslara xidmət etmişdir. O vaxt Ləzgistana komandanlıq edən general Şvarts ona qarşı bir balaca düz hərəkət etmir. Daniyel bəy hamı eşidə-eşidə şikayətlənir və ona hədə-qorxu gəlir. Adam çox vaxt müəyyənləşdirə bilmir ki, bir işin axırı necə qurtaracaq. Daniyel bəyin bir erməni katibi varmış. Bu erməni katibi general Şvartsa yazır ki, Daniyel bəy Şamilin tərəfinə keçmək istəyir. Məktub göndərilən yerə çatmaq əvəzinə, gəlib çıxır Daniyel bəyin öz əlinə. O öz katibini bir xəncər zərbəsilə öldürür və atlanaraq doğrudan da Şamilin tərəfinə keçir. Bu hadisə 1845-ci ildə olmuşdur. Əgər deyilənlərə inansaq, Şamil onu qəbul etmir. Belə olanda, Tiflisə gedib xahiş edir ki, imperatorun özü ilə danışmaq üçün ona icazə versinlər. Onun bu xahişini də rədd edirlər, ona bir müşayiətçi dəstəsi qoşurlar. Bu hörmət əlaməti yox, onu izləmək üçün idi. O, Qarne Maqaliyə gəlir. Orada Baron Vrangelin vasitəsilə knyaz Vorontsovdan xahiş edir ki, yenidən rus dövlətində işə girsin. Lakin bir şərtlə ki, Maqalidə qalsın. O, Şamilə çox yaxın olar və onunla əlaqələri bərpa edə bilərdi. Ona deyirlər ki, Tiflisdə və ya Qarabağda yaşamaq şərtilə rütbəsini özünə qaytarırlar. O, bu təklifi rədd edir və yenidən Şamilin yanına qayıdır. Elə o vaxtdan bəri o, şamilin bütün yürüşlərinin başında durur və bizə çox zitan vurur. - Elə bir təsadüf olubmu ki, dayı ilə bacıoğlu hər hansı bir döyüş zamanı üzbəüz gəlsinlər? - İki dəfə. - Bəs belə hallarda onlar necə hərəkət edirlər? - Onlar biri-birini salamlayır və hərəsi çıxıb öz yolu ilə gedir. Mən indi bu 28-30 yaşlı yaraşıqlı və cavan oğlana yeni bir maraqla baxırdım. O mənə Bestujev-Marlinskinin Amalat bəyini, ən azı onun hamıya məlum olan cinayətini xatırladırdı. O, yalnız 1828-ci ildən rus dövlətinin ixtiyarında olan, bizim baxacağımız Xan sarayında anadan olmuşdur. Mən Məhəmməd xanın qəlbindəki köhnə qəmli xatirələri təzələməmək xatirinə gənc knyaza təklif etdim ki, saraya baxmağı başqa vaxta saxlayaq. İvan mənim dediklərimi ona çatdırdı. Məhəmməd xan baş əyərək dedi: - Böyük imperatorluğun ixtiyarına keçəndən sonra mən orada olmuşam. Biz yolumuzu davam etdik. Xan sarayı, şəhərin ən yüksək bir nöqtəsində, başqa tarixi binalardan fərqli olaraq müasir memarlıq üslubunda tikilmişdir. 1792-ci ildə Məhəmmədhəsən xanın tikdirdiyi Xan sarayı valehedici və insana “gəl-gəl” deyən bir imarətdir. Məhəmmədhəsən xanın mənsub olduğu xanədan 1710-cu ildən başlamışdır. Onun əsasını bu sülalənin ən hörmətli və məşhur adamı Hacı Çələbi xan qoymuşdur. 1735-ci ildən 1740-cı ilə qədər o, Nadir şaha qarşı çox döyüşlərdə iştirak etmiş, bütün Şirvanı azad etmiş, Tiflisə qədər gedib çıxmışdı. Çar ordusu 1828-ci ildə Nuxanı tutanda Xan sarayı dağıdılmışdı. Xan sarayı elə füsunkar gözəlliyə malik abidədir ki, yalnız memar fırçası onun necə birləşdirildiyi məlum olmayan saysız-hesabsız şəbəkə və naxışlarını yenidən canlandıra bilər. Doğrudur, adlı-sanlı adamların, knyazların burada gecələməsi üçün Xan sarayı bərpa olunmağa başlamış, lakin bərpa işləri yalnız birinci mərtəbədə aparılmışdır. Bu füsunkar sənət abidəsinin tam bərpasını davam etdirmək əvəzinə, onu başlı-başına buraxmışlar. Nuxanın çox da böyük olmayan Xan sarayından ayrılanda, ürəyimdən istər-istəməz bir fikir keçdi: “Xudaya, sən özün bu gözəl və tarixi abidəni yadellilərdən qoru!” Biz polkovnik Tarkanovun malikanəsinə dönmək üçün ya şəhərin ətrafını dolanmalı, ya da yenidən bazardan keçməli idik. Başqa yol yox idi. Biz gəldiyimiz rahat yolla qayıtdıq. Məhəmməd xan bizi knyaz Tarkanovun evinə qədər ötürdü. Axı, İvan mənim silahlarım haqqında ona demişdi. O da fikrində yəqin ki, elə bu barədə düşünürmüş. Odur ki, gəlib evə çatanda elə birinci soruşduğu bu oldu. Yeni və maraqlı fikir mübadiləsinə səbəb olan silahları gətirdilər. Gənc knyazda bizim uçurdub göydə vurma qaydaları haqqında təsəvvür yaratmaq üçün tüfəngimi götürüb havaya bir qəpiklik atdım və onu qırma ilə beş-altı yerdən vurdum. İvan bunu bir təsadüf saydı, məndən təkrar atmağı xahiş etdi. Bu dəfə mən iki dənə bir qəpiklik götürüb, hər ikisini birdən havaya ataraq, iki atəşlə onların ikisini də vurdum. Məsum uşaq çaş-baş qalmışdı. O, az qala inanmışdı ki, mənim silahım Astolf qılıncı kimi sehrlidir və hədəfi düz vurmaq onu atandan deyil, tüfəngin özündən asılıdır. O, dil boğaza salmadan elə hey təkrar edirdi: - Mənim də belə silahım olacaqmı? Mənim də sizinki kimi tüfəngim olacaqmı? - Bəli, əziz knyaz, sakit olun, - gülərək ona cavab verdim. Bu Məhəmməd xanı ürəkləndirdi. O, İvanı yanına çağırdı və yavaşca ona bir neçə söz dedi. İvan mənim yanıma qayıtdı. - Məhəməd xan şox istərdi ki, onun bir cüt tapançası olsun, özü də Devim firmasının tapançasından. O soruşur ki, bunu necə əldə edə bilər? - Bu çox asan bir şeydir, əziz knyaz. Məhəmməd xan mənə yalnız arzusunu bildirsin, mən onları ona göndərərəm. Məhəmməd xan mənə yaxınlaşdı və məni narahat etdiyi üçün üzr istədi. Sonra o, məndən soruşdu ki, bir cüt Devim tapançası neçəyə başa gələr? Dedim ki, bu barədə heç narahat olmasın, çünki, bu mənim işimdi. Təki onlar gəlib sizə çatsın. Elə ki, fransız tapançalarını aldınız, onda mənə bir Qafqaz silahı göndərərsiniz. O hörmət əlaməti olaraq baş əydi və qılıncını belindən açdı, tapançasını çıxartdı və onların hər ikisini mənə təqdim etdi, eyni zamanda, hələ bir üzr də istədi ki, xəncəri verə bilmir, çünki kiminsə yadigarıdır. Bu mübadilə o qədər qiymətli idi ki, razılaşa bilmirdim. Lakin İvan mənə dedi ki, əgər onları götürməsəm, Məhəmməd xanın ürəyinə dəymiş olaram. Mən də öz növbəmdə baş əyib qılıncı və tapançanı götürdüm. Bu silahların hər ikisi çox zövqlə düzəldilmişdi. Bundan əlavə qılınc hər yerdə tanınırdı. Onu belinə bağlayan dəqiqədən Tiflisə qədər yol uzunu, onu görən azərbaycanlı zabitlər dönüb baxmağa məcbur olurdular. Qılıncın belə məşhurluğu onun sahibinin böyük hörmətinə dəlalət edirmiş. Udinlər... Qoç döyüşü... Azərbaycan rəqsi və güləş... Səhər yeməyi zamanı udinlərdən söhbət düşdü. Siz məndən soruşa bilərsiniz ki, axı, bu udinlər kimlərdir və nə olan millətdir? Elə mənim özüm də bunu təfərrüatı ilə bilmək istərdim. Udinlər Qafqazda yaşayan tayfalardandır. Lakin bu ləhcədə danışan adamlar çox azdır. Mən onların müxtəlif millətlərin siyahısına düşməsinə şübhə edirəm. Ancaq bununla belə, onların tayfası başqalarından heç də az maraqlı deyil. Udinlərin haradan gəldiyini heç kim bilmir. Onlar heç kimin başa düşmədiyi, heç bir dilə uyuğunluğu olmayan bir dildə danışırlar. Hətta onların özləri də öz mənşələri haqqında ətraflarında gedən qaranlıq söhbətlərin içində itib-batmışlar. Tək halda onlara udi, cəm halda isə udyox deyirlər. Moiz Xorexadze özünün “Gürcülərin tarixi” adlı kitabında udinlərdən danışır. Lakin onların mənşəyini qarışıq salır və bilmir ki, bu dildə danışanları hansı millətə aid etsin. Çamçyans adlı bir erməni taciri Venada nəşr olunmuş “Ermənistanın tarixi” adlı əsərində onların adını çəkir. Və nəhayət, keçən il Rusiya Elmlər Akademiyasının üzvlərindən biri udin dilinə aid bütün abidələri və bu dildə oxunan bütün mahnıları mümkün qədər toplayıb aparmaq üçün Peterburqdan Qafqaza göndərilmişdi. Bu adam orada nəinki öz latın dilini, hətta rus dilini belə unudaraq, heç bir şey əldə etmədən Peterburqa əliboş qayıtmışdır. Udinlər sayca cəmisi üç minə yaxın olar. Onların heç biri saylarının nə vaxtsa çox və ya az olduğunu bilmir. Bu tayfa iki kənddə yaşayır. Bunlardan biri Nuxanın 40 kilometrliyində yerləşən Vartaşen (indiki – Qəbələ) kəndidir. İkincisi isə Qəbələnin 30 kilometrliyində Şamaxı istiqamətindədir. Udinlərin bir qismi yunan, digər qismi isə islam dininə etiqad bəsləyir. Mən bu udinlərdən heç olmasa bir nəfərini görmək arzusunda olduğumu bildirdim. Knyaz Tarkanov dərhal bu işlə məşğul oldu və tezliklə bir nəfər udin gəldi. Bu, itibaxışlı, qarasaqqallı, otuz yaşlarında qarabuğdayı bir adam idi. O, Nuxa məktəblərindən birində müəllimdir. Mən ondan öz dilləri və millətləri haqqında bildiyini danışmağı xahiş etdim. O mənə cavab verdi ki, onlar dünyanı su basandan sonra Nuh peyğəmbərin oğlan nəvələrindən birinin nəslindən əmələ gəlmişdir və onların danışdığı dil də müasir adamlara ona görə tanış deyil. Həqiqətən o, çox qədimdir və bu qəbilə başçılarından ən hörmətlisinin dilidir. Mənimlə bu söhbəti edənudinin adı Georgi Bejanov idi. Mən ondan xahiş etdim ki, udin dilində mənə bütün dillərdə işlənən və ya qonşu xalqların dilində işlənən bir neçə sadə söz desin. Birinci allah sözündən başladım. Mən allah sözünün udincə orfoqrafiyasını deyil, tələffüzünü yazdım. Allaha - bixacux, çörəyə - şum, suya – xe, torpağa – qul, ulduza – xabum, günəşə - bex, Aya isə xaş deyirlər. Onlarda səma sözü – yoxdur; ona görə də Azərbaycan dilindəki göy sözünü işlədirlər. Kişi – işqar, qadın – çuşbux, kişilər sözü “adamlar”, qadınlar sözü isə “çebux” şəklində işlənir. Mən udini nahara qədər saxladım. Lakin yuxarıda dediklərimdən əlavə ondan heç bir şey öyrənə bilmədim. Beləliklə, öz “xam işimi” görüb qurtardım, yəni mən qabıqlı, qərzəkli qozları yığdım. Onları qərzəkdən təmizləmək və ləpələmək isə mənim alim dostum Solsinin işidir. İki-üç dəfə knyazın yanına məşvərətə gələn atlılara görə yarımçıq qalan nahardan sonra bir daha bazarı fırlanmaq istədik. Lakin knyaz xahiş etdi ki, bazara baş çəkəsi olsaq, onun oğlunu özümüzlə aparmayaq. Bundan əlavə, o bizə məsləhət gördü ki, deyiləsi mümkün olmayan min cür başqa səbəblərə görə bu gəzintini sabah səhərə saxlayaq. - Mən sizə tamamilə azərbaycanlısayağı bir qəbul düzəltmişəm, - deyə o, sözünü bitirdi. Biz bu gələnlərin ləzgilərdən təzə bir xəbər gətirdiyindən şübhələndiyimizə görə daha danışmadıq. Naharın axırına yaxın Bədridze də gəlib çıxdı. Təhər-tövründən görünürdü ki, onun kefi kökdür və elə hey əllərini ovuşdururdu. O, knyaz Tarkanovla qonşu otağa keçdi. Polkovnik tək qayıdıb gəldi. Bədridze isə otağın eyvana açılan başqa bir qapısından çıxıb getmişdi. Stoldan qalxıb qəhvə içmək üçün eyvana keçdik. Həyətin ortasında – yanında nəhəng qonur qoç olan bir kişi dayanmışdı. Onun ətrafında isə polkovnikin sanki qonur qoçu döyüşə çağıran qara qoçu hərlənirdi. Azərbaycanlıların bayramı qoç döyüşü ilə başlanacaqdı. Atasının sirrini açan İvan bizə xəbər verdi ki, axşam qoç döyüşündən sonra Azərbaycan milli rəqsləri və güləş olmalıdır. Bütün bunlardan sonra isə içəridə rəqs olacaq. Bu rəqsə şəhərin ən məşhur rəqqasları dəvət olunublar. Onlar “Ləzgihəngi” oynayacaqlar. Qonaqlar yavaş-yavaş gəlməyə başladılar. Yaxında olanlar piyada, bir neçə nəfər faytonla, beş-altı adam isə atla gəldi. Onlar knyaz Tarkanovun iqamətgahından çox da uzaqda yaşamırdılar. Lakin şərqlilər mümkün qədər ancaq atla gəzirlər. Bütün kişi və qadın qonaqlar adətləri üzrə salamlaşır və get-gedə teatr qalereyasını xatırladan eyvanda öz yerlərini tuturdular. Axşam saat 6-ya yaxın artıq hamı yığışmışdı. Daha sonra qırx nəfər polis də gəldi. Bunlar hər axşam knyaz Tarkanovun iqamətgahını, onun həyət qapısını qoruyan keşikçilər idilər. Keşikçilər təyin olundu. Qalan polislər isə yanında qoç olan adamın ətrafında dövrə vurdular. Tamaşaçılardan xahiş etdilər ki, geri dursunlar, qoçların döyüşü üçün yer qalsın. Uşaqlar başlarını polislərin qıçlarının arasından çıxararaq, qoçlara baxırdılar. Tamaşanın başlanmasına işarə edildi və qoçları meydana çəkdilər. Gənc knyazın şəxsi keşikçisi, onu heç vaxt tək qoymayan, bütün gecəni qapısının ağzında yatan, səhərdən axşama kimi onu gözdən qoymayan Nikolay qara qoçun buynuzundan tutub qonur qoçun on addımlığına – yaxın bir məsafəyə itələdi. Öz növbəsində qonur qoçun sahibi qoçunu tumarlayıb-sığalladı. Boynunu qucaqlayıb, onu qara qoçun bərabərinə gətirdi. Bu yerdə hər iki qoçu adamların qışqırığı, hay-küyü qızışdırmağa başladı. Əslində onların heç birinin bu adamların köməyinə ehtiyacı yox idi. Onların hər ikisi azad olar-olmaz, iki düşmən süvari kimi biri-birinə cumdular. Onlar kəllə-kəlləyə gələndə şaqqıltıdan qulaq tutulurdu. Bu səsin əks-sədası bütün həyəti başına götürmüşdü. Qoçlar bir müddət dal ayaqlarını bərk-bərk yerə basıb, biri-birinə güc gələrək, rəqibini geri çəkilməyə məcbur etmək istəyirdilər. Onları aralayıb yenidən buraxdılar. Qoçlar yenə də güllə kimi biri-birinin üstünə cumdular. Dəhşətli və cingiltili zərbələr qulaqbatırıcı idi. Bu dəfəki zərbədən sonra qonur qoçun qulağının yanında qan göründü. Bir daha onları aralamadılar. Hiss olunurdu ki, qara qoç rəqibini üstələyib. Belə də oldu. Bir az sonra qonur qoç döyüşdən yayındı. Qara qoş qalib gəldiyinə elə bil özü də heyran idi. Başını yuxarı tutub, fınxıra-fınxıra meydanda dövrə vururdu. Qonur qoçun qulaqları sallanmışdı. Hamı qonur qoçun sahibinə lağ edib gülürdü. Qonur qoçun qulaqlarının sallanması tamaşaçılara yaxşı heç bir şey vəd etmirdi. Biz eyvanda dayanmışdıq. Oradan həyətdə baş verən hər şey çox gözəl görünürdü. Həyət elə hey adamla dolurdu. Tamaşaya gələnlərin içərisində yanında üç dəvəsi olan bir dəvəçi də vardı. Dəvələr, heç şübhəsiz, karvansaraya gəldiklərini yəqin edib, boyunlarını uzadaraq yatmış, onların sahibi dəvələrdən birinin belinə çıxmış, pulsuz tamaşaya baxmaq üçün özünə ən gözəl yer seçmişdi. Yol keçən başqa atlılar həyətə daxil olmuş, knyazı salamladıqdan sonra elə atın üstündəcə tamaşanı yaxşı görmək üçün üzəngidə ayaq üstə duraraq, boyunlarını qabağa uzatmışdılar. Azərbaycanlı qadınlar öz dördkünc çarşablarında, erməni qadınları öz uzun, ağ paltarlarında ayaq üstə heykəl kimi sakitcə dayanmışdılar. Orada yüzdən çox tamaşaçı olardı. Elə bil onların hamısı buraya qalibi ruhlandırmaq, məğluba lağ etmək üçün yığışmışdılar. Mən qalib deyəndə qara qoçu nəzərdə tuturam. Qonur qoç qələbədən çox uzaqda idi. Düzü, onun yerinə başqa bir qoç olsaydı, qulaqlarını daha pis sallayardı. Məğlubiyyətin dadını, az da olsa, hiss etdiyindən sahibi onu camaatın hay-küyü içərisində çox çətinliklə saxlayırdı. Sanki onun ürəyinə dammışdı ki, artıq hamı onun qələbəsinə şübhə edir. Əvvəlkindən daha dəhşətli döyüş başlandı. Qonur qoç aldığı zərbədən dal ayaqları üstə qıvrıldı və yenidən özünü düzəldib, bir addım geri çəkildi. Artıq qara qoçun üstünlüyü açıq-aydın hiss olunurdu. İndi qonur qoçun başı da aşağı əyilmişdi. Qara qoç rəqibinə özünü düzəltməyə imkan vermir, amansızcasına onun üstünə cumur, arxadan, başından və haradan gəldi vurduğu hər zərbə ilə onu yıxırdı. İnamını itirmiş yazıq qonur qoç artıq özünü ayaq üstə saxlaya bilmirdi. O hara gəldi qaçıb canını qurtarmaq istəyirdi. Lakin dairə vuran camaatın arasından özünə yol aça bilmirdi. Buna qara qoçun özü də imkan vermirdi. Qara qoç onun dalınca qaçır, bütün tamaşaçılar isə alqışlarla onu ruhlandırırdı. Beləliklə, döyüşə və ya sadəcə olaraq, qalibin qonur qoçu hara gəldi qovmasına tamaşa edən camaat artıq həyəti bürüməkdə olan qaranlıqda qaynaşırdı. Nəhayət, qonur qoç qaçıb özünü bir arabanın altına soxdu. Tamamilə basılmış yazıq heyvan öz rəqibindən aman diləyirdi. Elə bu vaxt uzaqdan nağara və zurna səsi eşidildi. Camaatın arasına sakitlik çökdü. Musiqi sədalarının getdikcə yaxınlaşdığına əmin olduqdan sonra hamı küçə qapısına tərəf qaçmağa başladı. Bir anın içində həyət tamam boşaldı. Lakin bir az keçmiş həyətə bayaqkından daha çox adam doldu. Qapının ağzında iki məşəlçi göründü. Onların arxasınca dörd musiqiçi, daha iki məşəlçi və üç rəqqas gəlirdi. İnsan axını həyəti başına götürmüşdü. Onlar təkcə bayaq qoç döyüşünə tamaşa edənlər deyildi. Onlara həm də şəhərin bütün küçələrindən keçib, knyazın evinə qədər rəqqasları izləyən, onların dalınca tökülüşüb gələn adamlar da əlavə olunmuşdu. Elə bil bütün Nuxa əhli buraya gəlmişdi. Rəqqaslar düz eyvana qədər gəlib knyazı salamladılar. Adamlar “ura” qışqıraraq dairə vurdular. Məşəlçilərin dördü də elə yer seçdilər ki, rəqs edənlərin oynadıqları meydançanı daha yaxşı işıqlandıra bilsinlər. Rəqqaslardan ikisi əllərində toppuza oxşar qısa, ağır şeylər tutmuşdular. Üçüncüsü isə əlindəki yarımçevrəyə bənzər, dəmir həlqələrlə bəzənmiş qavalı titrədərək çalğıçıları müşayiət edirdi. Musiqiçilərdən ikisi nağara, ikisi isə zurna çalırdı. Deyəndə ki, iki musiqiçi zurna çalırdı mən səhv edirəm, düzdü hər ikisi çalırdı, lakin növbə ilə çalırdılar. Bu tipli musiqi alətində çalmaq çox yorucu olur. Axı bunun üçün içəridən nəfəs almağı bacarmaq lazımdır. Azərbaycanlıların sinəsi nə qədər möhkəm olsa da, nəfəsləri çatmadığından, onlar zurna çalarkən biri=-birini əvəz etməyə məcbur olurdular. Musiqi sədaları altında get-gedə qızışan rəqs birdən yaxın məsafədə eşidilən qızğın atışma səsinə dayandırılвж. Rəqqaslar dayandılar, zurna çalanların nəfəsi kəsildi, nağara çalanların əlləri havada qaldı. Polislər silahlara cumdular. Yasovullar hazır dayanmış atların belinə sıçradılar. Həyətdəki bütün tamaşaçılar isə sualedici nəzərlərlə biri-birinin üzünə baxırdılar. - Elə bir şey yoxdur, camaat, elə bir şey yoxdur! – deyə knyaz Tarkanov ucadan dedi. – Narahat olmayın, bu Bədridzenin işidir. Öz adamları ilə məşq edir, onlara düz atmağı öyrədir. Başlayın, rəqsə başlayın! - Olmaya bunlar ləzgilərdi? – deyə mən İvandan soruşdum. - Ola bilər, lakin bir halda ki, Bədridze oradadır, deməli, narahat olmağa dəyməz. – Sonra isə öz növbəsində o da çalğıçı və rəqqasalara bir neçə ruhlandırıcı söz dedi. Zurnaçılar öz zurnalarını püləməyə, nağaraçılar nağaralarını döyəcləməyə, rəqqaslar rəqs eləməyə başladılar. Yavaş-yavaş hərə öz yerini tutdu. Ara-sıra tüfəng səsləri eşidilsə də, heç kəs buna əhəmiyyət vermədi. Həqiqətən də, bu rəqs çox gözəl idi. Onun bu qədər maraqlı olması onu göstərirdi ki, rəqqaslar çox məşq etmişdilər. Əllərində ağırlıq daşı tutmuş iki nəfər bir dairəni9n iki tərəfində, qavalçalan isə ortada dayanmışdı. Onlar bacarıqla və cəldliklə hərəkət edirdilər. Onları bizim Şan-Elize çöllərindəki toppuzlarını başlarının üstündə fırladanlarla, bir əlindən digərinə və ayaqlarının arasından keçirən ağac oynadanlarla müqayisə etmək olmaz. Üçüncü rəqqas qavalın dəmir həlqəciklərini cingildədərək, musiqini gücləndirir, eyni zamanda füsunkar musiqinin müşayiəti ilə çox qəribə hərəkətlər edirdi. Çalğıçılar biri-birini əvəz edir, zurnanı elə çəharətlə çalırdılar ki, musiqi rəqqasların qüvvəsini birə-beş artırır və onları insanın edə biləcəyindən daha artıq hərəkətlər etməyə ruhlandırırdı. Bu hərəkətlərə bizim aramızda ən bacarıqlı adam iki-üç dəqiqə güclə davam gətirər, bunlar isə on beş dəqiqədən çox oynadılar. Mən deyə bilmərəm ki, bu vərdiş və ya çeviklikdir. Bir onu bilirəm ki, rəqqasların heç biri yorulana oxşamırdı. Nəhayət, musiqiçilər də, rəqqaslar da dayandılar. Bundan sonra pəhləvanlar məharətlərini göstərdilər. Bu dala, qabağa gedilən hərəkətlərdən ibarət idi. Onlar daşlarla oynayırdılar. Hərəkətlərin yerinə yetirilməsində qollar, ümumiyyətlə, ayaqlardan daha çox rol oynayır. Rəqsdən sonra güləş başladı. Rəqqaslardan ikisi üst paltarlarını çıxartdı. Əyinlərində enli şalvardan başqa heç nə qalmadı. Onlar knyaz Tarkanovu salamladılar və əllərini toza batırıb ovxalamağa başladılar. Sonra isə biri-birinin üstünə cummaq istəyən iki vəhşi heyvan kimi qarşı-qarşıya dayandılar. Güləş, ümumiyyətlə, bütün tamaşaların ən sadəsidir. Kim heç vaxt arxası yerə dəyməmiş Matves və Rabasonu görmüşsə, deməli, Azərbaycan pəhləvanlarını da görmüşdür. Elə təsəvvür etsin ki, elə Krotonlu Alsidamas və Milonu da görmüşdür. Əgər bir hadisə baş verməsəydi, bu tamaşa bəlkə də yadda qalmazdı. Bu, silahsız-filansız mübarizə bizə o qədər də maraqlı gəlmirdi. Güləşin lap qızğın çağında, camaatın gərginliklə irəli cumaraq, güləşçilərə baxmaq üçün başlarını qabağa uzatdığı bir vaxtda, birdən həyətin dərinliyindən, qaranlığın içərisində bir adamın gəldiyini gördük. O, yaxınlaşdıqca həyətin hər tərəfinə şam və məşəllərdən yayılan işıqda bir başı da ayırd etmək olurdu. Bədənsiz irəliləyən bu baş tək-tənha camaata yaxınlaşırdı. Sanki o da bu tamaşaya baxmaq, ondan ləzzət almaq istəyirdi. Yeni gələn adam gətirdiyi “qəniməti” unudaraq irəli əyilib güləşənlərə baxmaq istəyəndə onun üzünə işıq düşdü. İndi artıq hər şeyi açıq-aydın görürdük. O, tamam qana bələnmişdi. Əlində isə ağzı əyilmiş, gözləri açıq, ağacın bir ucuna taxılmış, təzəcə kəsilmiş bir insan başı tutmuşdu. Kəlləsinin qırxıqlığından bildik ki, bu ləzgi başıdır. Başın ortasında böyük bir kəsik vardı. Moyne heç bir şey demədən mənə bir dürtmə vurub, başı göstərdi. - Lənət şeytana, mən onu yaxşı görürəm, - deyə astadan cavab verdim. Mən də öz növbəmdə gənc knyazın əlinə toxundum. - Bu nədir belə? – soruşdum. - A-a-a! – deyə o, cavab verdi. – Bu Bədridzenin bizə qulluqçusu Həlimlə göndərdiyi icazə vərəqəsidir. – Bu bir neçə kəlmə deyilib qurtarana kimi, artıq hamı başı görmüşdü. Qadınlar bir addım dala çəkilmiş, kişilər isə bir addım qabağa yerimişdilər. - Bərəkallah, Həlim! – Knyaz Tarkanov Azərbaycan dilində ucadan dedi. – Siz bizə nə gətirmisiniz, mənim balam? Həlim başı qaldırıb tən ortaya gəldi: - Bu, həmin o ləzgi quldurların başçısının başıdır. Bunu Bədridze sizə göndərib. Özü gələ bilmədiyi üçün üzr istəyir. Lakin o, bir azdan burada olacaq. Orada “hava çox isti” idi. Ona görə də o köynəyini dəyişməyə getdi. Gənc knyaz: - Mən sizə demirdimmi ki, o, on ikinci başı kəsməyi çox da gecikdirməyəcək, - dedi. - O, aldığı ağır zərbədən keçinəndən sonra, başını mən kəsdiyim üçün Bədridze onu mənə vermişdir, - Həlim sözünə davam etdi. – Knyaz, indi siz on manatı ancaq mənə verməlisiniz. - Çox yaxşı, çox da pakizə, elə bil ki, sən onu bu axşamlıq mənə borc vermisən, - deyə knyaz cavab verdi. – Lakin götür, o başı elə yerdə gizlə ki, itlər onu yeməsinlər. Onu sabah bazarda nümayiş etdirmək lazımdır. Həlim: - Baş üstə - deyib, balkona çıxan pilləkənlərdə gözdən itdi.Bir azdan onu eyvanda gördük. O, başı aparıb gizlətmişdi. Tezliklə Bədridze özü də səliqəli geyimdə gəlib çıxdı. Ləzgilər onun qurduğu tələyə düşmüşdülər. Nəticədə qaçaqların başçısı da daxil olmaqla, üç ləzgi öldürülmüşdü. Onların başçısını Bədridze bir xəncər zərbəsi ilə öldürmüşdü. Zərbə onun başını ikiyə bölmüşdü. Başçılarının öldürüldüyünü görən ləzgilər dağlara tərəf qaçmağa üz qoymuşdular. Knyaz Tarkanov deyilənlərə diqqətlə qulaq asaraq: - Çox gözəl, onlar bu axşam daha bizi narahat etməyəcəklər. İndi də gəlin salona gedək. Güman edirəm ki, “Ləzgihəngi” rəqsi Aleksandr Düma cənablarının xoşuna gələcəkdir – dedi. Bir azdan rəqs başlandı. “Ləzgihəngi” rəqsini doğrudan da gözəl ifa etdilər. Bayram axşamı pis təəssürat bağışlamadı. Lakin axşam saat 11-ə yaxın bir hadisə də baş verdi. Biz Həlimin çox narahat halda ora-bura vurnuxduğunu gördük. Çox güman ki, itirdiyinə bərk heyfsiləndiyi qiymətli bir şeyi axtarırdı. - Axı bu Həlim nə axtarır? – deyə mən gənc knyaza müraciət etdim. O, qulluqçudan Həlimin nə axtardığını soruşdu və gülə-gülə qayıdıb gəldi. - Həlim başı harada gizlətdiyini yadından çıxarıb. Güman edir ki, onu oğurlayıblar, - deyə o, cavab verdi. Sonra o, Həlimə sarı dönərək istehza ilə dedi: - Axtar, Həlim! Axtar! Həqiqətən də, Həlim onu axtarmaq üçün çıxdı. Xeyli axtarandan sonra axır ki, tapdı. Sən demə o, öz “qənimətini” aynabənddə, qaranlıq bir küncdə kürsünün üstündə gizlədibmiş. Bayrama dəvət olunmuş qonaqlar başı görməmiş, öz paltarlarını çıxarıb kürsünün üstünə atmış, baş isə paltarların altında qalıbmış. Qonaqlar çıxıb gedəndə öz paltarlarını götürmüşdülər. Nəhayət, Həlim axırıncı paltonun altından “öz başını” tapmışdı. - Əyləncə pis olmadı, elə deyilmi? – Məni öz otağıma ötürən İvan soruşdu. - Ağlagəlməz dərəcədə, mənim knyazım, - mən cavab verdim. Nuxadan ayrılarkən Əvvəldə dediyimiz kimi Nuxa olduqca cazibədar, adamı heyran qoyan bir şəhərdir. Daha doğrusu, bura bütövlükdə istirahət yeridir. Aprel ayından başlayaraq ta oktyabra kimi burada 12 mindən 60 minə qədər adam yaşayır. Görəsən, onun sərin kölgəliklərində dincəlmək, adamın ruhunu oxşayan bulaqlarının başında oturmaq xoşbəxtliyi kimə nəsib olacaq? Nuxanın əsas ticarətini ipək təşkil edir. Onun bir fabriki var. O, toxuculuq fabriki deyil, əyrici fabrikidir. Bu fabrik hər il altı milyonluq xammal ixrac edir. Şəhərin evlərini kölgələrə qərq edən gözəl ağacların bir hissəsi tut ağaclarıdır. Onların atlas kimi yarpaqları ölkənin var-dövlətini təşkil edən milyardlarla barama qurdlarını yemləyir. İtaliyanın cənubunda Pyemon və Milan vialyətlərinin barama qurdlarının dörddə üç hissəsi epidemiya nəticəsində məhv olduğundan, bir il üç ay bundan əvvəl, iki-üç italiyalı tacir Nuxaya barama qurdlarının toxumundan almağa gəliblər. Lakin Nuxada bu toxumu satmaqdan imtina ediblər. Bu, rəqabətlə əlaqədar idi. Belə olan halda, onlar ləzgilərin yanına getməyə məcbur olmuşlar. Demək olar, bütün Qafaqaz dillərinin hamısında danışa bilən, Tiflis teatrının bədii tərtibatçısı, Ferati adlı bir cavan bu çətin vəzifəni öz üzərinə götürür. O, dağlılar kimi geyinib-kecinir, iki yüz min qızıl və gümüş pul götürüb yola düşür. Ləzgilər heç kəsə baş əymədikləri kimi, qızıl və gümüşdən başqa heç bir şeyə məhəl qoymur, kağız pulu isə heç pul saymırlar. Onun sövdası baş tutur və italiyalılar nəinki kifayət qədər barama toxumu ilə Qafqazı tərk edir, həm də Avropada düşdükləri zərərin də əvəzini çıxırlar. Nuxaya öz toxuduqları müxtəlif geyim, parça, ipək və öz qoyunlarını satmağa gətirən itaətkar ləzgilərin içərisinə asanlıqla soxula bilən qeyri-itaətkar ləzgilər də gəlirlər. Onların içərisində yaylaqlardan və dağlardan gələn adamlar o saat tanınırlar. Qeyri-itaətkar ləzgilər buraya yol kəsməyə, oğurluq etməyə, araya nifaq salmağa, qol kəsməyə və yaxud bəzən də şəhərə basqın etməyə, bizim şahidi olduğumuz kimi hadisələr törətməyə gəlirlər. Səhəri günü ləzgilərin başçısının başı bazarda “nümayiş” etdirilirdi. Nuxa meydanında nümayiş etdirilən bu baş bir il ərzində kəsilmiş beşinci baş idi. Bədbəxtlikdən ləzgilər müsəlmandır və buna görə də qəzavü-qədərə, taleyə inanırlar. Sizin fikrinizcə, kəsilmiş bir baş bu cür taleyə inanan adamlara necə təsir göstərə bilər? - Taleyin yazısı belə imiş! – deyirlər və bununla da hər şey qurtarıb gedir. Səhərisi gün biz bazara gəzməyə çıxanda, camaat axşam kəsilmiş başa, demək olar ki, heç nəzər də salmırdı. Bu, oğlunun təhlükəsizliyi üçün Tarkanovun ləzgilərə verdiyi “dərs”dir. Doğrudan da, bizim gördüyümüz kimi, süni surətdə təşkil edilən böyük dava-dalaş, vaxtında görünməmiş basabas zamanı güclü bir kişi İvanı qəflətən götürüb atın üstünə qoyar və dördnala çaparaq çıxıb gedə bilər. Uşağın qiyməti yuz min manatdır və ləzgi qaçaqları yüz min manatlıq bir şey üçün həyatlarını təhlükə altında qoyurlar. Nə isə... Nuxa küçələrindəki balaca dükanların içərisində cızbız satılan dükanları az qala unutmuşdum. Bunlar bir növ bizim qızardılmış kartof satan ticarət nöqtələrinə bənzəyirlər. Yaxşı olar ki, onu evdə bişirəsən. (Mən qızardılmış kartofu nəzərdə tuturam). Lakin nə qədər səylə hazırlasan da, bu heç vaxt təzə körpünün üstündə satılan kartofun dadını vermir. Bax, Nuxanın küçələrində satılan cızbız da belədir. Bu zəhrimar cızbızın gözəl iyi və dadı var. Mən nə qədər çalışdım, özümü saxlaya bilmədim və knyazdan xahiş etdim ki, ondan yeməyə mənə icazə versin. Ey Nuxadan keçən səyyahlar, ancaq havada dayanıb mütləq cızbız yeyin! Ümumiyyətlə, Qafqazda adam o qədər də yaxşı yeyə bilmir. Lakin mən sizə məsləhət görürəm: belə təsadüfi əldən verməyin, mütləq cızbız yeyin! Artıq qərara almışdım ki, biz günorta saat birdə yola düşək. Biz istəsək də, həmin gün Tiflisdə çata bilməzdik. Bir-iki dayanacaq yol gedib, səhərisi gün Tiflisə çatmaq üçün axırıncı dayanacaqda – Sarskoye Kolotzedədəyata bilərdik. Buna bizim hələ vaxtımız vardı. Bazarı və şəhəri xeyli gəzdik. Elə bil ürəyimizə dammışdı ki, daha Nuxadan gözəl bir yer görə bilməyəcəyik. Bazardan stolun üstü üçün süfrə və ya xalça almaq istərdim, İvan buna imkan vermədi. - Atam sizin üçün onun əlasını alıb, - dedi. Bilirdim ki, bazardan qayıdandan sonra məni çox gözəl bir xalça gözləyir. Doğrudan da, çarpayımın üstündə həddindən artıq gözəl bir xalça və onun yanında tayı-bərabəri olmayan bir Azərbaycan tüfəngi vardı. Tamamilə ispanların əksinə olaraq, qafqazlılarbir şeyi təklif edəndə, bilin ki, onlara heç cür etiraz edə bilməzsiniz. Etiraz etmək, onları təhqir etmək deməkdir. Mümkün olsaydı da, mən knyaz Tarkanovun verdiyi xalça və silahı qaytarmaq fikrində olmazdım. Çünki bu təmiz ürəklə bağışlanan töhfə idi. Biz nahar etdik. Heyf ki, vaxt sürətlə ötüb keçirdi. Saat on iki idi. Biz saat birdə yola düşməli idik. Knyaz bizi bir gün də saxlamaq üçün nələr təklif etmir, nələr vəd etmirdi. Lakin gördüklərimiz də kifayət idi. İndi Peterburq və Moskva haqqında təəssüratımız artıq maraqsız id. Knyaz Tarkanovun nahar məclisi eyni zamanda vida məclisi idi. Bu haqda düşündükcə, bikef olurdum. Ancaq nə edəsən ki, vaxt çatmışdı. Yaxşılığa yamanlıq olaraq adını unutduğum cavan, suyuşirin həkim və Devim silahı əldə etmək üçün mənə müraciət edən zabit və s. daxil olmaqla, şəhərin görkəmli adamları məclisdə idi. Əgər mənim bütün Qafqazda məşhurluğuna qibtə edə biləcəyim bir adam varsa, o da Devim silahını istehsal edən firmanın sahibi, mənim çox sevdiyim Devimdir. Mən çox istərdim ki, Qafqaza bir də gəlim. Əgər buraya bir də qayıdıb gəlmək mənə qismət olsaydı, onda Devim silahından başqa heç nə götürməzdim və Fransaya bir milyonçu kimi qayıdardım. Biz stoldan qalxdıq. Atlar faytonlara qoşulmuşdu. Bizim faytonlardan əlavə, knyaz Tarkanovun da faytonu hazır idi. İvan ata minməyə etiraz edir, bir qədər mənimlə olmaq istəyirdi. Bu istiqanlı uşaqda mənə qarşı çox böyük dostluq hissləri yaranmışdı. Doğrusu, mən də onu çox istəyirdim. Bütün yasovullar, nökər-naiblər, bir sözlə, hamı ayaq üstə idi. Bədridze on beş polislə bizi qarşıdakı dayanacağa qədər müşayiət etməli idi. Knyaz Tarkanov və İvanla birgə balaca faytona mindim. Moyne, Kalino və cavan həkim başqa bir faytona, qalan bütün adamlar atlara mindilər. Yola düşdük. Bizim fayton tezliklə yükü ağır faytonları keçib yola düzəldi və dəstəyə başçılıq etdi. Biz Nuxanın yolumuzun üstündə olan, Kintaq adlanan hissəsinə gəlib çatdıq. Ləzgilərlə vuruş burada olmuşdu. Bir müddət təəccüblə arxaya baxdım. Bizim faytonun gəldiyini görmürdüm. Narahat olduğumu İvana bildirdim. O da Nikolaya nə isə dedi. Nikolay atını dördnala çapıb getdi və beş dəqiqə keçməmiş gəlib dedi ki, təkərin biri sındığından onlar yolda qalmışdır. Bu vaxt biz Moyne ilə Kalinonu atın üstündə gələn gördük. Xoşbəxtlikdən nə olmuşdusa, faytona olmuşdu. Təkəri düzəltmək üçün bir gün vaxt lazım idi. Bizim daha bir gün qalacağımız üçün İvan şadlığından yerə-göyə sığmırdı. Planlarım pozulduğundan bərk pərt olmuşdum. Moyne isə ümidsizlik içində idi. Knyaz Tarkanov bizim halımızı görüb, Nikolaya yavaşca nəsə dedi və o da atını çapıb getdi. Sonra hamı yığışdı, balaca faytondan şampan şüşələrini və stəkanları çıxartdıq. Şüşələr şampan şərabı ilə dolu idi. Rusiyada olduğu kimi, Qafqazda da adamı yola salarkən, yaxşı yol arzularını və səfərdən qayıdanın gəlişini qeyd etmək üçün ancaq şampan şərabı içirlər. Doğru və ya yalan olduğunu bilmirəm, deyirlər Rusiyada işlədilən şampan şərabının sayı-hesabı yoxdur. Əgər bu deyilənlər düzdürsə, onda bütün Fransa üzüm bağlarına çevrilib, şampan istehsal etsə, yenə də çatmaz. İçdik, söhbət etdik, beləliklə yarım saat keçdi. Bir də gördük ki, faytonumuz gəlir, özü də nə gəlir! Görəsən, o hansı bir möcüzənin sayəsində düzəldilmişdi? Məlum oldu ki, sadəcə olaraq knyaz Tarkanov öz faytonunun təkərini çıxartdırıb bizimkinə saldırmışdır. Ağır dəqiqələr gəlib çatmışdı. Mən hər iki əlimi balaca knyaza uzatdım. O, göz yaşları içində boğulurdu. Atası ona baxır və halına acıyırdı. - Mən bir tərəfə gedəndə o, heç mənim üçün bu qədər ağlamır, - dedi. - Mən bunu çox yaxşı başa düşürəm, - uşaq dilləndi. – Səni... mən bilirəm ki, səni yenə də görəcəyəm, sən məni heç vaxt tərk etməyəcəksən! Lakin cənab Düma... Göz yaşları onu boğdu, sözünü tamamlamağa qoymadı. Mən öz oğlum kimi onu qucağıma götürüb, bağrıma basdım. Ah! Yazıq uşaq, görəsən mən səni bir də görəcəyəmmi? Onda mən yenə səni bağrıma basıb, bərk-bərk qucaqlayardım. Sonra biz knyaz Tarkanov, Bədridze və başqaları ilə qucaqlaşıb ayrıldıq və faytona minib yola düşdük. Vətəndən uzaqlarda gəzdiyim çox uzun müddətdə cəmisi iki dəfə ayrılıq dəqiqələrində ağır sarsıntı keçirmişəm. Keçirdiyim bu iki sarsıntılı ayrılıq dəqiqələrindən biri xatirimdə dərin iz buraxan, mənim əziz, balaca dostumun payına düşür. Biz gözdən itənə qədər biri-birimizə əl elədik. Mən bir müddət yol gedə-gedə yeni tanışlar haqqında düşündüm. Nuxadan knyaz Tarkanovun bir tüfəngini və bir xalçasını, Məhəmməd xanın bir qılıncını və bir tapançasını, bir xurcun və bir çarpayı örtüyü aparırdım. Nəhayət, mən Bədridzenin şalvarını və gənc həkimin toqqasını aparırdım. Bu axırıncıların haqqında sizə danışmaq istəyirəm, çünki çox maraqlıdır. Bizdə bədxərc adam haqqında deyirlər: “O şalvarını da bağışlayardı”. Lakin bu məcazi mənada deyilir. Mənim bildiyimə görə, fransız olan müqəddəs Marten öz paltosunun yarısını bir kasıba kəsib verdiyi üçün müqəddəsləşdirilmişdir. Bu o qədər də böyük səxavət olmadığı halda fırça ustaları onu paltoda geyinmiş kimi təqdim edirlər. Fransızların məcazi mənada işlətdikləri bu misal Nuxada öz həqiqi mənasını tapır. Mən artıq demişəm ki, Nuxada iki parça ləzgi mahudu almışdım. Nəzərdə tutmuşdum ki, bu mahudlardan Fransaya gedib çatandan sonra, özümə şalvar tikdirəcəyəm. Çərkəzi çuxa və başmaq haqqında narahat olmurdum. Çünki Baqration mənə söz vermişdi ki, onları alıb Tiflisə göndərəcək. Lakin biz onunla şalvar haqqında danışmamışdıq. Axı heç bir modeli olmayan bir şalvarı Parisdə necə tikdirə bilərəm? Bu fikir məni narahat edirdi. - Bədridzedən xahiş edin, icazə versin, onun şalvarına baxım, - deyə İvana müraciət etdim. – Fransaya qayıdandan sonra özümə belə bir şalvar tikdirmək istəyirəm. Elə bunun üçün də baxmalıyam görüm, yadda saxlaya bilərəmmi ki, onu necə tikiblər? Balac knyaz mənim fikrimi Bədridzeyə çatdırdı. O saat Bədridze şalvarının qayışını açdı. Sağ ayağının üstə qalxıb, sol ayağını çıxartdı, sol ayağının üstə qalxıb şalvarın sağ ayağını tamamilə çıxartdı. Sonra isə yəhərin üstündən götürüb onu mənə təqdim etdi. Mən çox təəccüblə onun hərəkətlərini izləyirdim. - Axı, o, nə etmək istəyir? – deyə gənc knyazdan soruşdum. - Onu sizə bağışlayır. - O, öz şalvarını mənə bağışlayır? - Bəli, siz onu görməyi arzu etdiniz. - Mən ona ancaq baxmaq istəyirdim. - Madam ki, o təklif edir, götürün. - Canım, yox, bu ola bilməz. Mənim knyazım, mən onun şalvarını götürə bilmərəm. - Başa düşün. Əgər şalvarı götürməsəniz, siz onun xətrinə çox bərk dəyə bilərsiniz. - Xeyr, bu mümkün olan iş deyil, mən onun şalvarını götürə bilmərəm. Bədridze öz çərkəzi çuxasını yenidən bərkitmiş və onu öz yəhərinin üstünə salaraq qılçalarını gizlətmişdi. Sonra o, mübahisəyə müdaxilə edib, nəsə dedi. - O nə deyir? – soruşdum. - O deyir ki, bu tamamilə təzə şalvardır, arvadı tikdiribdir. Bu gün səhər birinci dəfədir ki, əyninə geyib. Bircə onun fikrini çəkir ki, kəməri köhnədir. - Əşi, siz nə danışırsınız! Bunun fikrini çəkməyə dəyməz – deyə cavan həkim dilləndi, - mənimki təptəzədir, özü də bazardan dünən almışam. - Götürün, götürün! Siz onu incidirsiniz! – deyə İvan mənə müraciət etdi. Doğrudan da, Bədridzenin sir-sifəti dəyişmişdi. - Aman, allah! – Mən öz-özümə qışqırdım. – Axı, başa düşün, o, şalvarsız buradan Nuxaya qayıda bilməz. Bu uzunboğaz çəkmələrdə və bu çərkəzi çuxanın altında kim onun qıçların görə bilər, axı?! – knyaz dedi. Mən yenə etiraz edirdim. - Yəqin mən onu geydiyim üçün cənab Düma götürmək istəmir, - Bədridze dərindən köksünü ötürərək dilləndi. – Cənab Dümaya deyin ki, bizdə dostun piyaləsindən badə içmək xoşbəxtlikdir. - Yaxşı, olsun, - deyə mən razılaşdım. – Mən sənin piyaləndə badə içəcəyəm. Bax, beləcə, Bədridzenin şalvarını və gənc həkimin kəmərini götürüb yola düşdüm. Ancaq mən onu geymək istəyəndə dar oldu. Bədridzenin piyaləsindən “badəni” mənim əvəzimə Kalino içdi. Biz Nuxadan uzaqlaşdıqca onun görünüşü daha da gözəlləşir və bütün füsunkarlığı ilə gözümüzün qabağında canlanırdı. Bərqərar olduğu Qafqaz sıra dağlarının dilbər bir guşəsinə qısılmış Nuxa, onu yaşıllığa qərq edən, qoynunda gizlədən ağacların arasından güclə görünürdü. Zirvəsi qarla örtülmüş bu dağların əzəmətli və adamı heyran edən görünüşü vardı. Qafqaz sıra dağlarının tayı-bərabəri olmayan Alazan vadisi ilə irəliləyirdik.Bir məntəqədə dayandıq. Buradan Nuxa o qədər gözəl görünürdü ki, Moyne dayanıb onun mənzərəsini çəkdi. Həmin tablo hal-hazırda Qafqaz canişini Baryatinskidədir. Xoşbəxtlikdən bizim yeməyimiz vardı. Çünki Şamaxıda ovladığımız qırqovul və kəklikləri qızardıb yolumuza qoymuşdular. Axırıncı dəfə Azərbaycan yeməklərindən yeyib xoş xatirələrlə yolumuza davam etdik...