Rəsul Rza. Qızılgül olmayaydı…
Rəsul Rza 1910-cu il may ayının 19-da Göyçayda anadan olmuşdur. 1927-1937 illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumuşdur.
Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-75), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən), olmuşdur.
1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır.
Rəsul Rzanın "Bu gün” adlı ilk şeri 1927-ci ildə "Qığılcım” almanaxında (Tiflis) dərc olunmuşdur. İlk şerlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdir.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı ("Vətən” (1942), "İntiqam! İntiqam…” (1943) şer kitabları, "Ölməz qəhrəmanlar” (1942), "Qəzəb və məhəbbət” (1943) hekayə və oçerk topluları, "Vəfa” (1943) pyesi və s).
60-cı illərdə Rəsul Rza, yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi ("Şerlər” (1959), "Pəncərəmə düşən işıq” (1962), "Duyğular, düşüncələr” (1964), "Dözüm” (1965) şer kitabları). "Qızıl gül olmayaydı” (1958-61), "Bir gün də insan ömrüdür”, "Xalq həkimi” (1961) poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur. "Rənglər” (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da ("Dünən, bu gün, sabah” (1973), "Güneylər, quzeylər” (1977), "Üzü küləyə” (1979) kitabları) əsas mövzusudur.
QIZILGÜL OLMAYAYDI
Gecə qapım döyüldü.
Görəsən, kimdir gələn!
- Kimsən?
- Mən!
Açdım qapını.
Baxdım.
Baxdım.
Yox, tanımadım.
Vahimədən qorxan körpə kimi
çəkildim addım-addım
Bəlkə də işıq azdı.
İllərin o tayından
gələn yorğun yolçunu
belə adi işıqda
tanımaq da olmazdı.
Başını qaldıranda,
gözlərim bircə anlıq
gözlərinə sataşdı.
Elə bil, kimsə birdən
köhnə, tanış kitabın
səhifəsini açdı.
Yenə qapandı kitab,
İndi qoçaqsan, buyur,
min bir varaq içindən
o bir səhifəni tap!
- Salam!
- Salam, buyurun!
Əynində nimdaş palto,
başında bir nimdaş şal,
nə ipəkdi, nə də yun.
Saçları ağ -
illərlə bağlı qalıb,
şəfəqini itirmiş
adicə gümüş kimi.
Gözlər - cüt qara ulduz;
quyuya düşmüş kimi.
Məlumdur ki, ağ saçlar
insanları ayıran
əlamət, nişan deyil.
Nə ipək, nə yun olan
qara bir şal, həmçinin.
Dalğaların köpüyü,
gecələrin örtüyü
bir əlamət olarmı
yollarında gəmiçinin?!
- İzin verin, mən asım.
- Yox, yox!
Özüm asaram.
Özü asdı paltonu.
Sonra da aram-aram
otağa göz gəzdirdi.
Birdən üzümə baxdı.
Dodaqları titrədi.
Elə bil,
oyuncağı qırılmış
uşaq kimi
hıçqırıb
için-için,
indi ağlayacaqdı.
Bir az keçdi, toxtadı.
Xəfif, kövrək təbəssüm
qondu dodaqlarına.
Bu zaman xatiratın
dolaşıq yollarında
bir fanar yandı-söndü.
Bir anlığa nə isə,
bu aydınlıq içindən
mənə tanış göründü
mənə əziz göründü.
Mümkündürmü bir ağır
qəbir daşı altından
insanı qaldıralar,
bu günə gətirələr?
Uzaq Nisyan çayının
soyuq dalğalarından
çıxdı,
gəldi,
dayandı
qarşımda xatirələr.
İllər qanrıldı geri.
Xatirələr illərin
ardından aşdı gəldi.
Yaddaşımın yolunu
gəzib dolaşdı gəldi…
… Qara saçlar,
həzin, qəmli baxışlar,
bir də…
o saçların kölgəsində titrəyən
səni oxşayan,
sənə sevgi dastanı deyən əllər.
Onun əlləri.
Bir uşaq kimi kövrək
o bədbəxtin əlləri…
- Tanıdınızmı? - dedin.
- Tanıdım…
Bu, sən idin!
Onun, onun Dilbəri…
Baxdım sənə,
bilmirəm, bir saat,
ya da bir an.
Həyəcanla,
heyran-heyran.
Elə bil ki,
bu qarşımda canlanan
insan deyil, surətdi.
Çəkilmiş bir surətdi
qara bir dairədə.
Səsimizi eşitdi
tez gəldi şairə də.
Görəndə səni, birdən
yerində dondu qaldı.
Sonra da qollarını
sınıq bir budaq kimi
sənin boynuna saldı.
Üzünü tutdu yana.
Bütün vücudu əsdi.
Sən də qoşuldun ona.
Elə bil göz yaşları
sözün yolunu kəsdi.
Töküldü damla-damla…
Dərd nələr, nələr etmir
adamla!...
handan-hana
elə bil
nitqi özünə gəldi.
Xeyli baxdı gözünə.
- Xoş gördük, Dilbər! - dedi.
Axı o da,
o sərt boranda, qarda,
yollarına əbədi
hicran kölgəsi düşmüş
o kədərli, qorxulu,
ümidli uzaqlarda
bizimlə həmsevincdi,
həmkədər,
həmsöhbətdi…
- Gəl, əzizim, - dedi, - gəl!
Ömrün vəfası budur!
Gəl! Otur!
Çökdü aralığa
dərin bir sükut.
Aciz bir düşmən kimi
mərhəmətsiz, amansız
bir sükut.
Nəhayətsiz, zamansız
bir sükut.
Ax!..
Bu sükutun dili yansın!
Yandırır bir köz kimi.
Yandırır
bir nadan ağzından çıxan
söz kimi!
Əlimi oda tutub mən
saxlaya bilərəm
bir neçə an.
Çəkmərəm əlimi qızmar alovdan.
Dişlərimi qıcayaram.
Nə qədər göynəsə yaram,
nə qədər bərk ağrısa, yenə
bir-iki saniyə
qısıb nəfəsimi,
çıxarmaram səsimi.
Lakin belə sükuta
nə tabım var,
nə tavanım,
nə qərarım!
Elə bil ki, dil-dil ötür
hər hüceyrəmdə
göz-göz açılmış yaralarım.
Bir söz de!
Heç olmasa
məni məzəmmət elə!
Danla!
Qurtar nigaranlıqdan.
Mərhəmət elə.
Gözlərində nifrət görüm.
Sözlərində hiddət görüm.
Dayanma belə məlul,
ümidsiz yollara
göz dikən kimi.
Qəzəbini yığ, yumrula,
bük ən acı, ən amansız sözlərə,
At üstümə
bir daş kimi,
Sanc bağrıma,
tikan kimi!
Bir şillə kimi vur!
At üstümə qom-qom,
dəstə-dəstə.
Ancaq bu sükutu, kəs!
Bir az keçdi, toxtadı.
Xəfif, kövrək təbəssüm
qondu dodaqlarına.
Bu zaman xatiratın
dolaşıq yollarında
bir fanar yandı-söndü.
Bir anlığa nə isə,
bu aydınlıq içindən
mənə tanış göründü
mənə əziz göründü.
Mümkündürmü bir ağır
qəbir daşı altından
insanı qaldıralar,
bu günə gətirələr?
Uzaq Nisyan çayının
soyuq dalğalarından
çıxdı,
gəldi,
dayandı
qarşımda xatirələr.
İllər qanrıldı geri.
Xatirələr illərin
ardından aşdı gəldi.
Yaddaşımın yolunu
gəzib dolaşdı gəldi…
… Qara saçlar,
həzin, qəmli baxışlar,
bir də…
o saçların kölgəsində titrəyən
səni oxşayan,
sənə sevgi dastanı deyən əllər.
Onun əlləri.
Bir uşaq kimi kövrək
o bədbəxtin əlləri…
De!..
Susur otaq -
Susur hava.
Susur divar,
Susur tavan.
Susursan sən də!..
Dərdini mən bilirəm,
dilinlə deməsən də.
İztirabı təbəssümünə büküb,
bu uzun illər boyu
sən də gözləmisən…
Bəlkə qorxursan, sözlər
dilini kül eləyər,
bütün olub-keçəni
xatırlasan, söyləsən…
Bircə kəlmə xəbər al!
Bircə din!
Yoxsa nadir hədiyyən
bu yanıqlı sükutdur?
Budur qəmli yollardan
keçirib gətirdiyin?
Yoxsa da dönə-dönə
göy-qara qançır olmuş
o dodaqlarınla sən
illərin ağrısını,
bu daş kimi sükutun
dalında gizlətmisən?!
Göz yaşına
həsrət qalandan bəri
o gileyli gözlərin,
fəryad alovlarında
yanıb külə dönmüşdür
arzuların,
ümidlərin,
sözlərin!..
Nə olar
bircə sorsan?..
Yox.
Susursan…
Onda mənə qulaq as!
Qınama, gəl, söhbətim
dağınıq… olsa bir az.
Bakıya yeni gəlmişdim.
Yenicə işə düzəlmişdim.
Başımda kənd havası,
bir də hər riyadan uzaq
gənclik sevdası.
Həm sadəlövh idim,
həm yekəxana.
Şübhə ilə baxırdım
hər qısa tuman qıza,
saçı uzun oğlana.
Biz onunla tanış olduq
bir yaz səhəri
"Gənc işçi"də.
Tez məhrəm oldu
biri-birinə
könlümüzün gözü də,
qəlbimizin içi də.
Mən təshih edirdim, -
rəngim təlx olar, deyə,
aylarla çay içməyən,
kor əlifi beydən seçməyən,
dəymədüşər makinəçi xanımın
korladığı varaqları.
Çöldə mülayim günəş,
ağaclara çiçək-çiçək,
yarpaq-yarpaq
paylayırdı baharı.
Masamın yanına gəldi,
Əlini uzatdı:
- Mikayıl Müşfiq.
Sonra əlavə etdi:
- Qoçaqsan
qafiyə tapsan!
Dedim: - Ağır olar bu yük!
- Afərin, afərin! - deyə,
uğundu getdi
bu qəribə, gözlənilməz qafiyəyə.
Sonra yoldaşlarına qoşuldu getdi.
Dostluğumuz
belə başladı.
Sonra da illər boyu
bu dostluğu
şerin səsi,
şerin nəfəsi,
şerin duzu bərkitdi.
Ayrılmadıq
bahar oldu, qış oldu,
gün oldu, yağış oldu.
O gün,
tanış olanda biz,
orda
bir taleyi kür
şair də vardı.
Tez qızar, tez soyuyardı.
İndi yoxdur o da.
Fırtınalı illər onu
yaralı ov kimi
qabağına qatdı.
Ömrünü parça-parça,
tikə-tikə qopartdı.
Vətən xaini dedilər adına.
Min bir ləkə yaxdılar
özünə,
əcdadına.
O, cavan ömrünü
qurban verdi
Vətən yolunda;
güllü bir bahar axşamı.
Kaş onun tək
Vətənə
sadiq olaydı hamı!
Onu uddu cəbhədə
odlar-alovlar.
Bəli, həyatın belə
qəmli hekayəti var.
Dostlar, tanışlar az deyildi.
Yaxşısı da vardı,
pisi də.
Ağır olur yaxşı dostun
ayrılığı da, itkisi də.
Dostlarımızdan biri də
məzəli bir oğlandı.
İddiasız-ədasız.
Üzü güləş,
qəlbi təmiz.
Şərhlər